Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan zadəganlığı və ya əsilzadəliyi — azərbaycanlılar və azərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsil

Azərbaycan zadəganlığı

Azərbaycan zadəganlığı və ya əsilzadəliyiazərbaycanlılar və azərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə.

Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, Cavanşirlər sülaləsinin nümayəndəsi Xurşidbanu Natəvan, onun qumuq əsilzadəsi Xasay xan Usmiyevdən olan övladları Mehdiqulu xan Vəfa və Xanbikə xanım.

Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Çar Rusiyası dövründə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər, Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi.

Tarixi arxa plan

Azərbaycandilli sülalələr

XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi.

XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur. Bu imperiyada Azərbaycan feodalları üstünlük təşkil edirdi. Azərbaycanlılar dövlətin əsas dəstəyi idi, dövləti idarə edirdilər və hərbi zadəganlıq onlar arasından təyin edilirdi. Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi. Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvinİsfahan) bu dilin istifadəsi təşviq edilirdi. Saray mərasimləri də Azərbaycan dilində aparılırdı. Səfəvi tacının seçilməsi qarabağlılar kimi xüsusi baş geyimi olan müəyyən qrupların ənənəsinin bir hissəsi idi. Səfəvilər dövründən başlayaraq Azərbaycan dili talış dilini daha güclü şəkildə sıxışdırmağa başladı və talış aristokratiyası Azərbaycan dilinin yayılmasına və tədrisinə dəstək verdi.

Qacarlar dövləti dövründə Azərbaycan dili sarayın və Azərbaycan tayfalarından təşkil edilmiş ordunun dili idi, fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı. Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər. Bunlardan biri olan Məhəmməd şah Qacar Fars və Şirazda "Əlahəzret Məhəmməd Şah-ı Türk-i Azərbaycan" adlandırılırdı.

Xanlıqlar və sultanlıqlar

1796-cı ildə Qasım xanın rus korpusu komandanı qraf Zubovun tabeliliyinə keçməsi

XVIII əsrdə Əfşar imperiyasının parçalanmasından sonra türk mənşəli sülalələrin idarə etdiyi Azərbaycan xanlıqlarının dövrü yarıməsrlik Azərbaycan müstəqilliyi dövrü (Əfşar, Zənd və Qacarlardan asılılığın olmaması və ya qismi asılılığın olması) olmuşdur. Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Xanlıqlar dövrünün sülalələri daha əvvəllər qızılbaşlıq dini-siyasi ideologiyası ətrafında Səfəvilər imperiyasının qurulmasında və idarə olunmasında birbaşa iştirak etmişdilər.

Qarabağ xanlığında bəylər 3 qrupa bölünürdü. Birinci qrupa birbaşa xan ailəsinin üzvləri (xanın qardaşları və onların uşaqları, xanın öz uşaqları və s.) daxil idi. İkinci qrupa Qarabağ xanlarının fərmanları ilə kənd, mahal, məliklik əldə edən şəxslər daxil idi. Birinci və ikinci qrup iyerarxiya baxımından üçüncu qrupdan yuxarıda idi. Azərbaycan xanlıqlarında bəylər, xüsusilə bəy nəslindən gələnlər sosial-iqtisadi həyatda mühüm rol oynayır, xanın xəzinəsindən və ya onlara verilmiş xan torpağından gəlir əldə edirdilər. Onlar xana vergi vermədən torpaq ala, ticarətlə, kənd təsərrüfatı və başqa sahələrlə məşğul ola bilərdi. Bəylərin vəzifəsi həmişə xanların xidmətində olmaq idi.

Şahlar tərəfindən İlisu hökmdarlarına verilmiş sultan titulu Azərbaycan iyerarxiyasında xanla bəyin arasında yerləşirdi. Sultandan iyerarxiya baxımından aşağıda sultan ailəsinin nümayəndəsi olan bəylər, digər ailələrdən irsi bəylər, zadəgan irsi daşımadan bəy adlandırılanlar var idi. Sultan və bəylər qismən saxur, qismən türk-azərbaycan mənşəli idi.

XVIII əsrdə Dizaq mahalını idarə etmiş Məlik-Avanyanlar daha sonra İslamı qəbul etmiş və azərbaycanlılaşmışdır. XIX əsrin sonlarında bu nəsil xəttindən azərbaycanlılaşmış sülalələr — Məlikyeqanovlar, Məlikaslanovlar, Məlikabbasovlar gəlmişdir.

Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfaları
Sülalə Tayfa İdarə edilən ərazilər
Ziyadoğlular sülaləsi Bayat boyundan qacarlar
İrəvan Qacarları
Şahsevənlər Cavad xanlığı
Naxçıvanskilər Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər Naxçıvan xanlığı
Cavanşirlər Əfşarlar Qarabağ xanlığı
Sərkərlər Xançobanlı eli Şirvan xanlığı
Müqəddəmlər Bayat boyundan müqəddəmlər Marağa xanlığı
Şıxlinskilər Qazax sultanlığı
Zülqədərovlar zülqədərlər Şəmşəddil sultanlığı
Qutqaşınlılar Qutqaşen sultanlığı

Tarixi

Çar Rusiyası

Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra rus idarəçilərin Azərbaycan əsilzadə ailələrinə marağı artmışdır. I Nikolay 1846-cı ilin dekabrında müsəlman əsilzadələrin titul torpaqlar üzərində tamhüquqlu sahiblik səlahiyyətini təsdiq edən qərarnamə qəbul etmişdir. Beləliklə, bəy və ağa statusları çar Rusiyası tərəfindən rəsmi olaraq tanınmış, əsilzadə övladlarına isə dövlət qurumlarında işləməyə icazə verilmişdir. Beləliklə, Səfəvi, Əfşar və xanlıqlar dövründə dövlət tərəfindən əsilzadələrə müvəqqəti verilən dövlət torpağı (tiyul) çarlıq Rusiyası dövründə əsilzadələrin şəxsi mülkiyyətinə çevrilmişdir.

Azərbaycan xan və bəy ailələri SSRİ dövründə qədər Azərbaycanda elit təbəqəni təşkil etmişdir. Maddi və intelektual resursları əllərində cəmləşdirən bu zadəgan ailələri Çar Rusiyasına tabe olmuş və resurslarını onlarla bölüşmüşdür.

Keçmiş Azərbaycan xanlıqlarının əsilzadələrinin övladları Azərbaycanda rus dilini ilk öyrənənlər olmuş, Rusiya imperiyası ilə əlaqə qurmuş və çara sədaqət andı içmişdilər. Onlar Azərbaycanın yeni kimliyə keçməsinə bələdçilik etmiş, köhnə Azərbaycan ilə yeni rus imperiyası reallığı arasında körpü rolunu oynamışdılar. Bu elita XIX əsrin ortalarında intelektual mübadiləyə və istehsala səbəb olan ədəbi məclisləri formalaşdırmış və onlarda iştirak etmişdir. Bu dövrdə Azərbaycan zadəganı və ziyalısı Abbasqulu ağa Bakıxanov bəylərin və xanların silk imtiyazlarını müdafiə edirdi.

Bəy-torpaq mülkiyyət formasının davam etdiyi dövrdə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin (indiki Füzuli rayonu) qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər böyük torpaq sahibləri idi. Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi. Azərbaycan tarixçisi Fərhad Nağdəliyev hesab edir ki, Rusiya imperatoru Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir.

Azərbaycan zadəgan ailələrinin nümayəndələri XIX əsrin ortalarından başlayaraq, Çar Rusiyasının ordusunda yüksəkrütbəli zabitlər kimi xidmət etmişdir. Çar hökuməti həm də zadəganların övladlarını Tiflis və Peterburqda olan hərbi məktəblərə göndərmişdir. Bu ailələrin nümayəndələri Çar Rusiyasının İran və Osmanlı ilə döyüşlərində "qəhrəmanlıq" göstərərək öz sadiqliklərini sübut etmiş və əvəzində yüksək rütbələrə, mükafatlara layiq bilinmişdir.

Çarlıq dövründə Qarabağ xanının qızı Xurşidbanu Natəvan qumuq əsilli, Dağıstan zadəganı Xasay xan Usmiyevlə siyasi məqsədlərlə evlənməyə məcbur edilmişdir. Mixail Vorontsov Azərbaycanda üsyanların çıxmasından qorxduğu üçün hər yerə müşahidəçilər qoyurdu və buna görə də Natəvanı öz yavəri Xasay xanla evlənməyə məcbur etmişdi. Natəvan onu sevməmiş və illər boyunca məcburi olaraq onunla yaşamışdır. Xurşidbanu Natəvan Xasay xanın ölümündən sonra yoxsul bir şuşalı ilə evlənmişdir. Onun birinci ailəsindən olan oğlu Mehdiqulu xan Vəfa rəiyyətlə evləndiyi üçün anasından çox narazı qalmışdır.

1897-ci ildə Rusiya imperiyasında əhalinin siyahıya alınması nəticələrinə görə, əhaliyə düşən zadəgan sayına görə, gürcülər, polyaklar, litvalılar və tatarlardan sonra azərbaycanlılar gəlirdi. Təhkimçilik hüququ ləğv edildikdən sonra, Finlandiya istisna olmaqla, digər qeyri-rus zadəganları öz xüsusi statuslarını itirdilər.

AXC və sovet dövrü

Gəncə hökmdarı Cavad xanın (h.i. 1786–1804) qəbri

1918-ci ildə İstiqlal Bəyannaməsini qəbul edən Azərbaycan Milli Şurasının üzvlərindən (26 nəfər) 1-i xan, 15-i bəy, 1-i ağa, 1-i isə məlik nəslindən idi. Daha sonra qurulan hökumətin başçısı olan Fətəli xan Xoyski Təbriz, Xoy və Şəki xanlıqlarını idarə etmiş Cəfərqulu xan Xoyskinin nəslindən idi, Daxili İşlər naziri Behbud xan Cavanşir isə Qarabağı idarə etmiş Cavanşirlər sülaləsindən idi. AXC naziri Xudadat bəy Məlik-Aslanov və Lənkəran qubernatoru Cavad bəy Məlik-Yeqanov Qarabağın Dizaq mahalını idarə etmiş məlik nəslinin müvafiq olaraq, Məlik-Aslanovlar və Məlik-Yeqanovlar qollarından idi.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti İrana elçi olaraq iki yerli Qacar zadəganını göndərmişdir. Qacarların Bu dövrdə İranın özü də Qacarlar tərəfindən idarə edildiyi üçün görüşdə iştirak edəcək hər iki tərəfin nümayəndəsi (Azərbaycan Xalq Cümhuriyyəti və Qacar İranı) eyni tayfasülaləyə mənsub idi. Azərbaycan nümayəndəsi İsmayıl xan Ziyadxanov ata tərəfdən Gəncə Qacarlarının (Cavad xanın nəsli), ana tərəfdən isə Qacar şahzadəsi Bəhmən mirzə Qovanlı-Qacarın nəslindən gəlirdi. Görüşün məqsədi Azərbaycan Qacarlarının İran Qacarlarına rəsmi olaraq, Azərbaycanın yaranmasını bildirməsi idi.

Ruslara qarşı sonuna qədər döyüşmüş Cavad xanın nəşinin qalıqları sovet dövründə tapılmış və onların yığışdırılması əmr edilmişdir. Bunun səbəbi o idi ki, "öz xoşu ilə Azərbaycanın Rusiyaya birləşməsi"nə müqavimət göstərən hər kəs "Azərbaycanın maraqlarına xəyanət və satqınlıq edən" şəxs hesab edilirdi. Bundan fərqli olaraq, Azərbaycanda Rusiyanın maraqları üçün müttəfiq və bələdçi sayılan Qubalı Fətəli xan dərsliklərdə və monoqrafiyalarda qəhrəman kimi göstərilmiş, onun haqqında 1947-ci ildə bədii film çəkilmişdir. Cavad xanın sovet dövründə sevilməməsinin ikinci səbəbi isə düşmən sinfinə aid olan, həlak olmuş, əsilzadə və cəngavər xanın təriflənməsinin SSRİ ideologiyasına zidd olması idi. Müstəqillik dövründə Cavad xana göstərilən münasibət dəyişmiş, onun məzarı üzərində türbə tikilmişdir. Hər 4 yanvar (Cavad xanın öldürüldüyü gün) Gəncə şəhər əhalisi onun türbəsinə yürüş təşkil edir və xanlığın şəhid hesab edilən, son hökmdarının qəbrinə çiçək qoyur.

Müasir Azərbaycan

200x
Uzun illər Əsilzadələr Məclisinə rəhbərlik etmiş Maqsud İbrahimbəyovun xatirə lövhəsi

Azərbaycanın müstəqilliyi dövründə zadəgan nəslindən gələnlərin şəcərəsini tanıda bilmək və yaddaşlarda saxlamaq məqsədilə Əsilzadələr Məclisi yaradılmışdır. Bu ictimai təşkilata Maqsud İbrahimbəyov sədrlik etmiş, Heydər Əliyevin təşkilatın yaradılmasında rolu olmuşdur.

1992–2008-ci illərdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasına rəhbərlik etmiş Nizami Bəhmənov vaxtilə Qarabağda yaşamış, Qacar şahzadəsi Bəhmən mirzə Qovanlı-Qacarın nəslindən idi. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi dövründə baş verən Şuşanın azad edilməsi döyüşündə XVIII əsrdə bu şəhəri tikmiş Pənahəli xanın nəslindən gələn, xüsusi təyinatlıların general-mayoru Zaur Cavanşir iştirak etmişdir. Döyüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Zaur Cavanşirlə telefon vasitəsilə danışaraq onun ata-baba yurdu olan Şuşanın azad edilməsində rolu olduğunu bildiyini və onu Şuşanın ilk komendantı təyin etdiyini bildirmişdir. 2020-ci il Bakı Qələbə Paradında Zaur Cavanşirin rəhbərlik etdiyi döyüş bayraqdarları qrupu qələbənin qazanılmasında xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirmişdir.

2024-cü ildə Bakıda keçirilən "Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda ikinci beynəlxalq konfranda İrəvan xanlarının nəslindən gələn Əmir Əli Sərdari İrəvani və Turhan Turqut iştirak etmiş, onlar Ermənistandakı ata-baba yurdlarını görmək istədiklərini bildirmişdir. Hüseynəli xanın nəslinin nümayəndəsi olan Əmir Əli Sərdar İrəvani Qərbi Azərbaycan İcmasına fəxri üzv seçilmişdir. Bundan başqa, Qarabağın Cavanşirlər sülaləsindən olan Zaur Cavanşir Ermənistan azərbaycanlılarının icmasının "Qərbi Azərbaycan TV" YouTube verilişlərinin iştirakçısıdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə keçirdiyi müşavirədə Rusiya ilə birləşməklə bağlı müqavilə imzalayan Qarabağ xanı İbrahimxəlil xanın qətlə yetirilməsini çar hakimiyyətinin cinayəti olaraq qeyd etmişdir: Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir.

9 dekabr 2025-ci ildə Azərbaycanda Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr edilən "Azərbaycanın ictimai-siyasi və elmi-mədəni gerçəkliyində Bakıxanovlar sülaləsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans çərçivəsində "Soyunun və soyadının layiqli təmsilçisi Tofiq Bakıxanov", "Abbasqulu ağa Bakıxanov: həyatı, ədəbi-bədii mühiti və elmi irsi", "Abbasqulu ağa Bakıxanov obrazı yaddaşlarda və təsviri sənətdə" adlı məruzə və çıxışlar təqdim edilmişdir, Tofiq Bakıxanovun əsərlərindən musiqi nümunələri ifa edilmişdir. Həmin ilin 22 dekabrında "Tofiq Bakıxanov. Biblioqrafiya" kitabının və "Milli Kitabxananın qızıl fondundan" layihəsi üzrə nəşr edilən, Tofiq Bakıxanovun not məcmuələrinin təqdimatı keçirilmiş, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov Bakıxanovu "şanlı sülalənin şərəfli övladı" adlandırmışdır.

2026-cı ilin 24 fevralında Pakistandan Azərbaycana gəlmiş, əslən Qarabağın Cavanşirlər nəslindən olan Əşrəf Şad və xanımı Fatimə Şad Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmiş, Cavanşirlər sülaləsiQarabağ xanlığı ilə əlaqədar eksponatlarla tanış olmuşdur. Əşrəf Şad Qarabağ xanı Pənahəli xanın gülləbatmaz köynəyini, XVIII əsr Qarabağ xanlarının fərmanlarını görmüş və onlardan təsirlənmişdir.

İdarəçilik və titul adları

Fərhad bəy Məlik-Aslanov
Naxçıvan azərbaycanlısı olan zadəgan qadın (bəyim)

XVI əsrdə İranda azərbaycandilli sülalələrin və hərbçilərin hakimiyyətinin başlaması səbəbi ilə fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlər daxil olmuşdur. İdarəçilik sahəsində Azərbaycan mənşəli sözlərə yüzbaşı, minbaşı, bəylərbəyi misal göstərilə bilər.

"Dəstur əl-Müluk" (Hökmdarların nizamnamələri) və "Təzkirat əl-Müluk" (Hökmdarların xatirəsi) əsərləri İranda idarəçilik strukturu və sosial vəziyyət haqqında məlumat verir. "Dəstur əl-Müluk" Səfəvi dövrünün sonunda yazılsa da, XVI əsrə aid məlumatlar da ona daxildir. "Dəstur əl-Müluk" əsəri "Təzkirat əl-Müluk"dan daha çox təfərrüata malikdir, aşağı rütbəlilər (məsələn, saraya təminat gətirənlər) haqqında da məlumat verir. Bu əsərlər digər dillərlə birlikdə türk dilindəki texniki idarəçilik terminlərini də istifadə edir. Bu əsərlərdə texniki idarəçilik terminologiyasının tətbiqi 4 dilə (fars, ərəb, türk, monqol) əsaslanır, Azərbaycan türkcəsinin Səfəvi dövrünün sonuna qədər istifadəsi ilə əlaqəlidir.

Tarixən Azərbaycan adlarında mənsəblərdən (titullardan) istifadə edilirdi (məs., Cəfərqulu xan Naxçıvanski, Xudadat bəy Məlik-Aslanov). Zadəgan soyadlarında əcdadın peşəsinin istifadə edildiyini nümunələr Mehmandarovlar (İbrahimxəlil xan Cavanşirin dövründə mehmandar olmuş Mirzə Əli bəyin nəsli), Topçubaşovlar (Çar II İrakli dövründə topçubaşı olmuş Ələkbər bəyin nəsli), Sərkərlər (sərkər "vergi yığan" mənasındadır) və s.-dir.

Əsas titulların siyahısı

  • Xan. Orta əsrlərdə feodal hakimlərin tituludur. Məs: Adil xan Ziyadxanov.
    • Xanım. Əsilzadə qadınların tituludur. Xan titulundan törəmişdir. Məs: Heyran xanım.
  • Sultan. Orta əsrlərdə hökmdarların tituludur. XVIII əsrdə Azərbaycanda sultanlıqlar mövcud olmuşdur. Məs: Hüseyn sultan Kəngərlinski.
  • Bəy. Azərbaycan xanlıqları dövründə hakim, yəni xan mülk sahibi olmaq hüququna malik olan zadəgan mülkədarlarına bu titulu verirdi. Şərqi Zaqafqaziya Rusiyaya birləşdikdən sonra torpaq sahibi olan azərbaycanlı mülkədarlar bəy adlandırılmağa başladı. Məs: Qasım bəy Zakir. 1846-cı il qərarnaməsi ilə rəsmi olaraq tanınmışdır.
    • Bəyim. Əsilzadə qadınların tituludur. Bəy titulundan törəmişdir. Məs: Qəmər bəyim Şeyda.
    • Bəyzadə. Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına bəyzadə deyilirdi.
  • Məlik. Monqollor, Səfəvilər və xanlıqlar dövründə Azərbaycan və Ermənistan ərazisində yerli, qədim müsəlman və xristian zadəgan ailələrinin törümələri olan feodalların titulu idi.
  • Ağa. Hakim, istismarçı siniflərə mənsub adamın (mülkədar, bəy, zadəgan) tituludur. Məs: Gövhər ağa. 1846-cı il qərarnaməsi ilə rəsmi olaraq tanınmışdır.
    • Ağalar. Səfəvilər dövründə tayfa başçılarının və feodalların cəm şəklində adlandırılması fars dilində ağayan, azərbaycan dilində ağalar idi.
    • Tarxan. Məaflar əvvəlcə tarxan, daha sonra ağa adlandırılmışdır. Çar Rusiyası dövründə məaflar "nəsillikcə ağa olmayanlar" kateqoriyasında idi.
  • İlbəy. Azərbaycanlıların etnoqrafik qrupu olan şahsevənlərin başçılarına verilən titul. İlbək asayişin qorunmasına və vergilərin yığılmasına cavabdehdir. Bundan əlavə, tayfanın yerli idarəsinə ilbəylər tərəfindən təyin edilmiş bir bəy rəhbərlik edir.
  • Ağsaqqal. Köçəri zadəganları arasında tayfanın ayrı-ayrı hissələrinin böyükləri belə adlandırılırdı. Fars dilində sinonimi riş-i səfiddir. Şahsevənlərdə ağsaqqallar isə siyasi, iqtisadi, dini və sosial elitanın təcəssümüdür.
  • Nökər. Tarixən monqol dövlətlərində əsilzadə sinfi nümayəndələri üçün istifadə edilib. Azərbaycanda da mövcud olub. Müasir Azərbaycan dilində isə kişi qulluqçuya verilən addır. Övliya Çələbi Bakı, Gəncə və İrəvan xanlıqlarının müəyyən sayda nökərə sahib olduğunu qeyd edir. Rusiya çarlığı dövrü Kəngərli süvariləri hərbi birləşməsində bəylər, naiblər və vəkillərdən sonra əsgərlər və nökərlər gəlirdi. Kəngərli süvarilərinin nökərlərinin yaxasında xüsusi işarə olurdu.

Soy iddiaları

Oğuz xan soyu

XIII–XIV əsr Elxani tarixçisi Fəzlullah Rəşidəddin tərəfindən "Cəmi ət-Təvarix" əsəri yazılarkən, türk xalqlarının və tayfalarının tarixini yazmaq üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur. Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır. XV əsr Azərbaycanında türkmənlər oğuz hekayəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Bunlara misal olaraq, Qaraqoyunlu Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın oğlu Gün xanın oğlu Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları göstərilə bilər.

Ağqoyunlu hökmdarı Uzun Həsən Oğuz xanın və onun nəvəsi Bayandur xanın soyundan gəldiyini iddia edirdi. O, Bayandur tamğasının (möhürünün) Ağqoyunlu imperiyasında dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır. Ağqoyunlu sultanları dövründə yazıya alındığı düşünülən "Kitabi-Dədə Qorqud" dastanında Bayandur xanın nəsli Oğuz xanın oğlu Göy xandan yox, başqa yerlərdə adı keçməyən Qam xandan gəlir. Uzun Həsənin əmri ilə yazılmış "Kitabi-Diyarbəkriyyə"də isə Ağqoyunluların əcdadlarının adları olaraq Oğuz əfsanəsi və hökmdarlarına aid adlar istifadə olunur.

Zadəgan ailə Tayfa İlkin tayfa əcdadı
Ziyadoğlular, Bəhmənilər, İrəvanskilər, Ziyadxanovlar Bayat boyundan qacarlar Gün xan (Oğuz xan oğlu)
Kəngərlilər, Naxçıvanskilər, Kəlbəlixanovlar, Zülfüqarxanovlar Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər Ulduz xan (Oğuz xan oğlu)
Cavanşirlər, Vəzirovlar, Aşurbəyovlar, Behbudovlar Əfşarlar Ulduz xan (Oğuz xan oğlu)
Müqəddəmlər Bayat boyundan müqəddəmlər Gün xan (Oğuz xan oğlu)

Çingiz xan soyu

Azərbaycan maarifçisi Həmidə Məmmədquluzadə. Cavanşirlər sülaləsi nümayəndəsi

Ali Monqol Xaqanlığının keçmiş ərazisində hakimiyyətə gəlmək istəyən sülalələr öz iddialarını Çingiz xan soyu ilə əsaslandırırdılar. Buna görə də Qaraqoyunlu Qara Yusif öz oğlu Pirbudağı monqol Cəlairi sülaləsindən olan Sultan Əhmədə oğulluğa vermişdir. Qara Yusif daha sonra hakimiyyətə gələndə sultan taxtına özü yox, oğlu çıxmışdır. İranın Qacarları sülalələrinin başlanğıcının monqol komandirinin oğlu Qacar Noyondan gəldiyini iddia edir və Çingiz xanın Qacar stilində paltarlarda çəkilmiş rəsmlərini saraylarında asırdılar.

1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli bəy süvari tərəfdarları ilə birlikdə Qarabağa gələrək özünü xan elan etdi. O, özünü xan elan etməsini Çingizli Hülakülər sülaləsindən olan Arqun xanın nəslindən gəlməsi ilə əsaslandırırdı. Əhməd bəy Cavanşir "Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərində Cavanşirlər sülaləsinin mənşəyini və hakimiyyətə gəlməsini belə izah edirdi:

" Nəhayət, 1747-ci ildə Nadir şahın öz qohumları tərəfindən öldürülməsi xəbəri hər tərəfə yayıldıqda, Pənahəli özünün 200-ə qədər qoçaq atlısı ilə birlikdə Qarabağa gəldi və özünü müstəqil xan elan etdi. Onun ilk nəzərdə cəsarətli görünən bu təşəbbüsü Şərqdə bu cür hallarda çox mötəbər sayılan aşağıdakı rəvayətlərə əsaslanırdı. O, Hülakü xanın nəvələrindən biri olan Arqun şahın nəslindəndir. "

Əhməd bəy Cavanşirin Qarabağ xanlığının hakim sülaləsinin Hülakü xanın nəslindən gəlməsi ilə bağlı iddiaları mənbələrdə təsdiqini tapmır. Ancaq cavanşirlər tayfası Hülakü xanın ordusunda Azərbaycana gəlmişdir. Əhməd bəy Cavanşir Pənahəli xanı idealizə edərək Çingiz xanın nəsli ilə müqayisə edir. Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərində isə belə qeyd edilir:

" Amma Mirzə Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavanini-Gəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş. "

Buna görə də Cavanşir-Sarıcalı nəslinin nümayəndələri olan Cahid Camal və oğlu Heydərin Hülakü xanın (Arqun xanın babası) nəslindən gəldiyinə inanılır. Cahid Camal uzun müddət Azərbaycan, Rusiya və Monqolustanda fəaliyyət göstərmiş, Monqolustana və onun köçəri xalqlarına bir çox əsər həsr etmişdir. Cahid Camal həm Azərbaycan, həm Monqolustan Rəssamlar Birliyinin üzvü olmuşdur. Heydər Camalın ana tərəfdən nəsli rus Şepelev zadəgan ailəsindən gəlir.

Zadəgan həyatı

Mehmandarovların evində "Maral və nar ağacı" rəsmi. Usta Qənbər Qarabaği

Azərbaycanda qidalanma mədəniyyətinin formalaşmasında varlı zümrələrin böyük rolu olmuşdur. Əsilzadələr və bəy-xan zümrəsi çöl heyvanlarının və quşlarının ətindən qidalanmada yaxşı istifadə edir, əyləncəyə çevirdikləri ov vasitəsilə öz süfrələrini doldururdular. Varlı əsilzadə ailələrinin süfrəsində balıq kababı xüsusilə fərqlənir, əsasən ziyad, qızılbalıq və xəşəmdən şişə keçirilməklə pişirilirdi.

Əsilzadə qadınların başlarına "nimtac" və ya "tiyar" adlandırılan üçbucaqlı tac qoyulurdu və onun ətrafı lentlə bağlanırdı. Keçmişdə zadəgan qadınları küçəyə çıxdıqda üzlərini kişilərdən gizlətməli idi. Buna görə də onlar üzlərinə toxunma niqab örtürdülər. Kişilərin istifadə etdiyi, qaragül dərisinin rənginə müvafiq olaraq hazırlanan buxara papaqlar qara, çal, qızılı və ya gümüşü kimi adlarla fərqləndirilirdi. Belə papaqlar bəylər, əsilzadələr, varlı tacirlər, qoçular tərəfindən taxılırdı. XIX əsr—XX əsrin əvvəllərində varlı şəhər qadınları (bəylərin, zadəganların qadınları) bəzən xalxaldan istifadə edirdilər. Bu, qızıldan düzəldilirdi və ayağa bağlanırdı. Zadəgan qadınları üçün hazırlanan "zənənə başmağı"nın üzəri məxmərdən hazırlanır, başmağın üzlüyü isə güləbətin sapla bəzənirdi. Zadəganlar üçün minik yəhərinin üzərində qacarı və ya zimpuş qoyulurdu.

Keçmişdə Azərbaycanda xan, bəy və əsilzadə ailələri üçün, sifarişlə, sənətkarlar tərəfindən xüsusi beşiklər hazırlanırdı. XVIII əsrə aid, Şəki xanı Məhəmmədhəsən xanın beşiyi buna bir nümunədir. XIX əsrdə Şuşada Mirzə Məhəmmədkərim bəy Kəbirli, Mirzə Hüseyn bəy Salar, Həsənəli xan Qaradaği kimi xəttatlar yaşayırdı. Azərbaycan ornamentalist rəssamı Qənbər Qarabaği Şəki xan sarayının interierində, həmçinin Şuşadakı Rüstəmov və Mehmandarov evlərində yumurta temperası ilə dekorativ rəsmlər çəkmişdir. Xurşidbanu Natəvanın Əlyazmalar İnstitutunda saxlanılan "Gül dəftəri" onun rəssam-miniatürçü olduğunun, gözəl əl qabiliyyətinə malik olduğunun bir sübutudur. Albomdakı şeirlər məzmunla bağlı mənzərələrlə, quş, heyvan, gül və digər təbii təsvirlərlə birlikdə verilmişdir.

Zülqədərovların, Usmiyevlərin, Ədil xanın və digərlərinin at zavodlarında DilbozQarabağ atları ingilis atları, Ahaltəkə və ərəb atları ilə cütləşdirilir, bu cinslər yaxşılaşdırılırdı. Burada məqsəd ordu üçün orta boylu atlar əldə etmək, cıdır və sərgi üçün idman atı hazırlamaq istəyi idi. Zülqədərovlar cins yetişdirmə işləri ilə Şəmkirdə məşğul olmuş, Usmiyevlər isə Qarabağ atını təkmilləşdirmişdir. Dilbaz atının inkişafında Xanlıqlardan Dilbazilər nəslinin, Allahyar bəy Zülqədərlinin nəslinin nümayəndələrinin rolu olmuşdur.

Keçmiş Azərbaycan xanlıqlarının əsilzadələrinin övladları XIX əsrin ortalarında ədəbi məclislərin formalaşdırılmasında rol oynamış və bu məclislərdə iştirakçı olmuşdur. Abbasqulu ağa Bakıxanov tərəfindən "Gülüstan" məclisi, Xurşidbanu Natəvan tərəfindən "Məclisi-üns" ("Dostlar məclisi") formalaşdırılmışdır.

XIX əsrin I yarısı üçün xarakterik olan saray tarixçiliyinə zadəgan-mülkədar sinfi tərəfindən peyğəmbərlər, hökmdarlar, övliyalar, filosoflar və alimlərin həyatının xronoloji bir ardıcıllıqla salnaməyə çevrilməsi metodu daxil idi. XIX əsr Azərbaycan tarixşünaslığının nümunələri Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm", bir qismi zadəganlar tərəfindən yazılmış "Qarabağnamə"lər, İsgəndər bəy Hacınskinin "Qubalı Fətəli xanın həyatı", Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsilləri", Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi", Səidəli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran", Seyid Əzim Şirvaninin "Şirvan xanlığının tarixi" və "Şirvan diyarının qədim abidələri" əsərləridir. XIX əsrin II yarısının zədəgan-mülkədar tarixçiliyinə Rzaqulu bəy, Həsənəli xan Qaradaği (1850–1929), Mir Mehdi Xəzani (1811–1893), Bəhmən mirzə Qovanlı-Qacar, Əbdül Lətif Əfəndi və Hacı Seyid Əbdülhəmidin yaradıcılığı daxildir.

Mədəniyyətdə zadəganların təsviri

Erkən dövrün təsiri

"Kitabi-Dədə Qorqud" dastanında oğuz bəylərinin həyatı və fəaliyyəti təsvir edilmişdir. Dastanın əsas qəhrəmanlarından olan Qazan xan IX–X əsrlərdə "kafir" peçeneqlərlə mübarizə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə baş verməsə də, dövr keçdikcə Qazan xan oğuz–peçeneq mübarizəsi dövrünün ümumi bir qəhrəmanına çevrilmişdir. Qafqaza gələn səyyahlar "Kitabi-Dədə Qorqud" qəhrəmanları ilə bağlı məlumatlar vermişdir. 1638-ci ildə alman səyyahı və şərqşünası Adam Oleari Dərbənddə olarkən Dədə Qorqud hekayələrini eşitmiş və burada Qazan xanın həyat yoldaşı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün qəbirlərinin olduğunu qeyd etmişdir. XVI əsr Koroğlu dastanında isə eyniadlı xalq qəhrəmanı camaata zülm edən bəylərə, paşalara qarşı mübarizə aparır.

Azərbaycanlı zadəganının xristian qızla eşq yaşaması mövzusu Azərbaycan ədəbiyyatında mövcuddur. XVI əsr "Əsli və Kərəm" dastanı, 1937-ci ilə aid "Əli və Nino" əsəri bu qəbildəndir. Xristian qızlara aşiq olan Azərbaycan ədəbi qəhrəmanlarının adları Əli xan Ziyadoğlu ("Əsli və Kərəm"in Azərbaycan versiyasında Kərəmin həqiqi adı) və Əli xan Şirvanşirdir ("Əli və Nino" qəhrəmanı). Xristian qıza aşıq olmuş, Ziyadoğlu sülaləsinə məxsus Mahmud xan obrazı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanında və ona əsaslanan eyniadlı filmdə təqdim edilmişdir. Filmdə Mahmud xan obrazını türk aktyoru Aras Bulut İynəmli oynamışdır.

XVII–XVIII əsrlərə aid "Şəhriyar" dastanında isə Kirman bəylərbəyi Cahangir xan qızını əsilzadə olmayan, "gədəzadə" adlandırdığı sövdagər oğluna ərə vermək üçün Səfəvi hökmdarından icazə istəyir.

Çar Rusiyasından müasir dövrə qədərki vaxtın təsviri

"Fətəli xan" filmi. 1947-ci il
Hamamda dava səhnəsi. "O olmasın, bu olsun" operettası

İsmayıl bəy Qutqaşınlı Şəki və Qəbələ xanlarının nəslindən gələn gənclərin sevgisi ilə bağlı "Rəşid bəy və Səadət xanım" əsərini yazmışdır. Qutqaşınlı özü də Qutqaşen sultanlığının (Qəbələ) son hökmdarının ailəsindəndir. Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri rus hakimiyyətinin başlanmasından əvvəlki dövrdə, Azərbaycan xanlıqlarının hakimiyyət dövrünü tənqid edir. Lənkəran xanının vəziri zalım hakim olaraq göstərilir. Əsər həm də xanın qohumu olan Teymur ağanın saray və ailə çəkişmələrinə baxmarayaraq, bəslədiyi fədakar məhəbbəti göstərir. Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" əsərinin əsas zadəgan qəhrəmanı isə təkəli-muğanlı olan Hətəmxan ağadır. "Dərviş Parisi partladır" filmində Hətəmxan ağa rolunu Adil İsgəndərov oynamışdır.

1840-cı illərdə Azərbaycanda qəbul edilmiş Çar Rusiyası qərarlarına görə, mülkədarların kəndlilər və torpaqlar üzərindəki imtiyazları ləğv edilmişdi. Yaranan narazılıqlara görə, bu qərarın özü ləğv edilmişdir. Beləliklə, 1846–1847-ci illərdə bəylərin imtiyazları özlərinə qaytarılmışdır. Yeni qanun nəticəsində bəy titulu almaq istəyən şəxslərin sayı artmışdı. Bu, əvvəlcə "Əkinçi" qəzetində tənqid edilmiş, daha sonra Seyid Əzim Şirvani bu mövzuya müraciət etmişdir. Onun bu mövzuda yazdığı "Şirvanın təzə bəyləri haqqında" və "Şamaxının təzə bəylərini həcv" şeirləri Seyid Əzim Şirvaninin ən kəskin satiralarıdır. Satiradan bəlli olur ki, Seyid Əzim ancaq həqiqətən bəy soyundan gələnlərin bu adı almasının tərəfdarı idi. Sonradan fırıldaqçılıq və ya pul gücünə bəylik titulu alanlara qarşı idi.

Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsində rus məmurlara yaltaqlıq edən bir bəy obrazı yaradılmışdır. Qurbanəli bəy ona xidmət edən, aşağı təbəqənin insanları ilə isə kobud rəftar edir. Əsərdə ən vacib səhnələrdən biri də rus məmurları əyləndirmək üçün, kəndlilərin qamçılanaraq yallı getməyə məcbur edilməsidir. "Qurbanəli bəy" obrazını eyniadlı filmdə Yaşar Nuri oynamışdır.

Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" operettasında müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulun gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. Əsərdə göstərilir ki, zadəganlar (bəylər) son günlərini yaşayır, cəmiyyətdəki nüfuzlarını itirir, müxtəlif üsullarla tacirlərlə və dükançılarla ilə qohumluq əlaqəsi qurmağa çalışırdılar. Tək qızını qoca müstəbid Məşədi İbada "satmaq" qərarına gələn Rüstəm bəy ədəbsizliyi, veylliyi və qaçınılmaz ölümə qarşı olan qorxunu səciyyələndirir.

Rusiyanın Azərbaycan xanlıqlarını işğal etdiyi dövrlə bağlı "Fətəli xan (Quba xanı)", "Cavad xan" (Gəncə xanı), "Hökmdarın taleyi" (Qarabağ xanı) filmləri çəkilmişdir. Ruslarla yaxşı münasibəti olan Qubalı Fətəli xan sovet dövründə çəkilmiş filmdə müsbət şəkildə göstərilmişdir. "Axırıncı aşırım" filmi isə torpaqların birləşdirilərək kolxozun yaradılması üçün mübarizəni təsvir edir. Burada Kərbəlayı İsmayıl ilə Abbasqulu bəy Şadlinski arasındakı dialoq zadəganlıq elementləri ilə zəngindir. Axırda öldürülən Abbasqulu bəy ona hörmət göstərən rəiyyət tərəfindən dəfn edilir.

Qalereya

Xəritələr

Həmçinin bax

  • Qarabağ bəylərinin siyahısı
  • Naxçıvan bəyləri
  • Şəki bəyləri
  • Şirvan bəyləri

Ədəbiyyat

  • Mostashari, Firouzeh, On the religious frontier: Tsarist Russia and Islam in the Caucasus, New York, 2006
  • Tapper R. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press; 1997.
  • Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013.
  • Rəhimov, Ə.C. 1920-Cİ İLDƏ AZƏRBAYCANDA MÜLKƏDAR TORPAQ SAHİBLİYİNİN LƏĞVİ. Bakı: AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASI NƏŞRİYYAT. 1962. səh. 148.
  • Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 səh.
  • Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh.
  • Mustafayev, Shahin. GENEALOGICAL LEGENDS AS A REFLECTION OF THE HISTORICAL MEMORY OF THE ANCIENT OGHUZES. НАРОДЫ И РЕЛИГИИ ЕВРАЗИИ. Том 26, №1. 2021. səh. 82-96. 25 mart 2024 tarixində . İstifadə tarixi: 25 mart 2024.
  • Sibgatullina, G., & Kemper, M. (2018). Between Salafism and Eurasianism: Geidar Dzhemal and the Global Islamic Revolution in Russia. In A. K. Bustanov, & M. Kemper (Eds.), Russia's Islam and Orthodoxy beyond the Institutions: Languages of Conversion, Competition and Convergence (pp. 91–108). Routledge. https://doi.org/10.4324/9781351022422, https://doi.org/10.1080/09596410.2017.1287485
  • Xurşidbanu Natəvan (Xurşidbanu Natəvan Mehdiqulu xan qızı Cavanşir): biblioqrafiya / Tərt. ed. M. Vəliyeva, G. Quliyeva; elmi red. K. Tahirov; ön söz. müəl. P. Əlioğlu; red. X. Abbasova. – Bakı, 2022. – 256 s.
  • Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations.
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T.M.Nağıyev. 2007. 884 səh. ISBN 978-9952-441-01-7.
  • Bournoutian, George. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh. Mazda Publishers. 1994. ISBN 978-1-56859-011-0.
  • HACISALİHOĞLU, FUAT. Azerbaycan'da tarihçilik. Ankara Üniversitesi. 2012. səh. 378. 22 mart 2024 tarixində . İstifadə tarixi: 22 mart 2024.
  • Hewsen, Robert H. "Review: George A. Bournoutian, A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh". Journal of the Society for Armenian Studies. Society for Armenian Studies. 6. 1995.
  • Karamustafa, Ali. (2021). Reading Nineteenth-Century Persian Histories from the Caucasus. 10.30687/978-88-6969-550-6/005.
  • Сумбатзаде А. Азербайджанская историография XIX–XX вв.. — Б., 1987. — С. 18–20:.
  • Boratov, Pertev Naili. Halk hikâyeleri ve halk hikâyeciliği. İstanbul: Numune Matbaası. 2002. səh. 264. ISBN 975-7306-93-2.
  • Boratav, P. (2010). DEDE KORKUT HİKÂYELERİNDEKİ TARİHİ OLAYLAR VE KİTABIN TELİF TARİHİ. Journal of Turkology, 13, 31–62. https://doi.org/10.18345/tm.18399
  • Китаби-Дәдә Горгуд (aз) // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Баку: Главная редакция Азербайджанской советской энциклопедии, 1981. — Т. V. — С. 408.
  • Nəsrəddin Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri. — Bakı: Nurlan, 2012. — S. 325.
  • Cəmil Həsənli. Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı, 2013. 588 s.
  • Mustafazadə, Tofiq. Quba xanlığı (az.). Bakı: Elm. 2005. 480 səh.
  • Soltanova, Həbibə. Azərbaycan Respublikasında turizm və onun inkişafı (az.). Bakı: Elm. 2015. 476 səh.
  • Emin, Joseph. Apcar, Amy (redaktor). Life and Adventures of Emin Joseph Emin 1726–1809, Written by Himself (Second). Calcutta: Baptist Mission Press. 1918.
  • Maghalyan, Artak. "The Origin of the Khanate of Karabakh". Journal of the Society for Armenian Studies. 29 (1–12). 27 fevral 2024: 1–12. doi:10.1163/26670038-12342801. eISSN 2667-0038.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə I cild. (az.). Şərq-Qərb. 2007. ISBN 978-9952-448-04-7.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild. (az.). Şərq-Qərb. 2007. ISBN 5-17-033764-7.
  • Нагдалиев, Фархад. Ханы Нахичеванские в Российской Империи (PDF). Moskva: Новый Аргумен. 2006. səh. 432. ISBN 5-903224-01-6. 5 iyul 2022 tarixində (PDF).
  • Teymur Bünyadov, Bəhmən Əliyev. Azərbaycanda atçılığın tarixi (tarixietnoloji tədqiqat), Bakı, "Nəşriyyat" şöbəsi, 2025, −400 s.
  • Yarməmmədov, Nazim, XIX əsr Azərbaycan əlyazma kitabı, Bakı: Nurlan, 2009, 152
  • Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.
  • Mətanət Vahid. "XIX əsr Azərbaycan bədii-estetik gülüşünün inkişafında Seyid Əzim Şirvaninin rolu" (PDF). AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 2024. 12 dekabr 2025 tarixində (PDF). İstifadə tarixi: 14 noyabr 2025.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan zadəganlığı haqqında məlumat. Azərbaycan zadəganlığı nədir? Azərbaycan zadəganlığı nə deməkdir?

Üst