Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan mədəni mühiti və ya Azərbaycan dünyası — azərbaycanlıların və azərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dili və mədə

Azərbaycan mühiti

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan mühiti

Azərbaycan mədəni mühiti və ya Azərbaycan dünyası — azərbaycanlıların və azərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dili və mədəniyyətinin mövcud olduğu ərazi siyasi hadisələrlə bağlı olaraq daim dəyişikliyə məruz qalmışdır. Mühitin mədəni təsiri azərbaycanlılarla birlikdə yaşayan və ya onlarla əlaqələrə malik icmalarda hiss edilir.

Azərbaycan mədəni mühiti
Azərbaycan dilinin danışıldığı ərazilər (2023-cü il Qarabağ döyüşlərindən sonrakı dövr)
YerlərCənubi Qafqaz, tarixi Azərbaycan, Şərqi Anadolu, Dağıstan
TəsirlənibTürk dünyası
Təsir edibQafqaz, Orta Şərq və s.

XIII–XIV əsrlərdə Azərbaycan dili sadəcə Azərbaycanın yox, İran, İraq və qismən Şərqi Anadolunun türklərinin ədəbi dili idi. Mehmed Fuad Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. Azərbaycan dilinin adlandırılması məsələsində belə bir fikir irəli sürülmüşdür ki, "Azərbaycan dili" adı bu dilin tarixi yayılma arealını əhatə etmir. Bu dil təkcə tarixi Azərbaycan ərazisində yox, Mərkəzi və Şərqi Anadolu, İran, İraq, Xorasan və digər ölkələrdə də mövcud olmuşdur.

Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir. XV əsrin əvvəllərində Yavuz Sultan Səlimin Şah İsmayıl Xətai üzərində qələbəsindən sonra Kiçik Asiyanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Ancaq Osmanlı ədəbi dilinin Şərqi Anadoluda yayılması əsrlər boyunca davam edən bir proses olmuş, bu regionun şairləri Azərbaycan dilində əsərlər yaratmağa davam etmişdir. Eynən İraqda da əvvəlcə ədəbi türk dili Azərbaycan dili olmuş, Osmanlı fəthindən sonra isə bu dil Osmanlı türkcəsi ilə əvəzlənmişdir.

Azərbaycan dili tarixən Cənubi Dağıstanda ikinci dil və linqva franka kimi istifadə edilmişdir. Ancaq 1929-cu ildə Dağıstanda təhsil Azərbaycan dili yerinə yerli dillərdə və rus dilində aparılmağa başlanmışdır. 1950-ci illərdən etibarən rus dili ilə rəqabətə dözə bilmədiyi üçün Dağıstanda Azərbaycan dilinin istifadəsi geriləmişdir.

Sovet dövrü deportasiyaları ilə Ermənistanda azərbaycanlılarının sayı azalmış, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan, Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmışdır. 2020–2023-cü illərdə keçirilən hərbi əməliyyatlardan sonra azərbaycanlıların Dağlıq Qarabağ və ətraf 7 rayonda yenidən məskunlaşdırılmasına başlanmış, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər, Ağdam və Xocavənd şəhərlərində azərbaycanlıların ilkin olaraq məskunlaşdırılması təmin edilmişdir. Ermənistan azərbaycanlıları isə Qərbi Azərbaycan İcması quraraq "Ermənistana qayıdış konsepsiyası" irəli sürmüşdür.

Mündəricat

Adlandırılması nümunələri

Təsvir etmək üçün istifadə edilən ad Azərbaycan dilində ad Nəzərdə tutulan ərazi və ya mövzu
rus. ...азербайджанскую языковую и культурно-бытовую атмосферу Azərbaycan linqvistik və mədəni-məişət mühiti Dərbənd
ing. The world of the Azeri Turkic tradition Azərbaycan türk ənənəsi sferası Ümumi Azərbaycan ədəbiyyatı ənənəsi
ing. Cultural-linguistic extension of Azerbaijan Azərbaycanın mədəni-linqvistik davamı Şərqi Türkiyə
ing. Azeri sphere Azərbaycan sferası
türk. Azerbaycan Türk kültür sahası Azərbaycan türk mədəni mühiti Ümumi
azərb. Azərbaycan dünyası‎
Azərbaycan diasporu

Ərazi

Azərbaycan mühitinin beynəlxalq mövqeyi

Azərbaycan türk mədəni mühiti ərazisinə görə Türk dünyasının mərkəzi mövqeyindədir. Azərbaycan dili türkmən və Türkiyə türkcəsi ilə birlikdə qərb oğuzcasına aid edilir. Nikolay Baskakov Azərbaycan dilini Türkiyə türkcəsi, urumca və Krım türkcəsi ilə bir yerdə, türk dillərinin qərbi hun budağının oğuz qrupunun oğuz-səlcuq alt qrupuna aid edirdi. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə, Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında, qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır. Son forması Azərbaycanda tamamlanmış və yazıya köçürülmüş "Kitabi-Dədə Qorqud" dastanı Ağqoyunlulardan daha qədim tarixə malik olsa da, şimal-şərqdə Xorasan, şimalda Qafqaz, gürcü və abxaz dövlətləri, Trabzon imperiyası, cənubda Fərat hövzəsi, Mardin, Diyarbəkiri əhatə etməklə Ümman dənizinə qədər yayılmış bu imperiyanın və oğuz-türkmən ulusunun dastanı hesab edilir. Azəri türk ənənəsi sferasına zərdüştçülük ideyaları, qədim türk, ərəb və fars əfsanələri, hətta qədim Mesopotamiya miflərinin də daxil olduğu sosial və tarixi mühit təsir etmişdir.

1920–1930-cu illərdə Bakı şəhəri bütün türk xalqlarının mədəni həyatının mərkəzinə çevrilmişdir. Burada Tatarıstan, Özbəkistan, türkdilli Krım, Türkiyə və s. yerlərin görkəmli ziyalıları yaşayır və fəaliyyət göstərirdilər. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirilmişdir. Azərbaycanın Şəki (2016) və Şuşa (2023) şəhərləri Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir.

Bakıda 2017 İslam Həmrəyliyi Oyunları keçirilmiş, Azərbaycanın Naxçıvan (2018) və Şuşa (2024) şəhərləri "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Azərbaycanda 2012 Avroviziya Mahnı Müsabiqəsi və 2015 Avropa Oyunları keçirilmiş, Gəncə şəhəri 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilmişdir. Laçın şəhəri 2025-ci il üçün "MDB-nin mədəniyyət paytaxtı" elan edilmişdir.

2024-cü ildə Azərbaycan və Özbəkistan müttəfiq olmuş, iki ölkənin mədəniyyət nazirlikləri mədəni-humanitar əməkdaşlıq üzrə yol xəritəsini imzalamışdır. Müttəfiqlik müqaviləsində hər iki tərəf "yaradıcı ittifaqlar və birliklər, mədəniyyət, ədəbiyyat, elm, təhsil və incəsənət xadimləri arasında tarixən yaranmış əlaqələr və təmaslar əsasında ümumi mədəni-humanitar məkanın qorunub saxlanması və möhkəmləndirilməsi üçün şərait təmin edilməsi"ni öhdəlik kimi öz üzərilərinə götürüblər.

Azərbaycanlı əhalinin məskunlaşma əraziləri

Qafqazın etnik xəritəsi 2014-cü ildə.
Dağıstanda Azərbaycan dilinin Aşağı Qatrux ləhcəsində "Ziyaratlar, siz bizim Vetene olmusiz dayağ" şeiri

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda azərbaycanlılar İran Azərbaycanından başqa Həmədan və Kürdüstan vilayətlərində, həmçinin Qəzvin vilayətinin şimal hissələrində yaşayırlar. Rusiyada azərbaycanlılar ənənəvi olaraq Cənubi Dağıstanda yaşamışdır.

Azərbaycanlıların yaşadığı bölgələrdə türkləşmənin ilk mərhələsi XI əsrdə şimalda (Şirvan istisna olmaqla) Səlcuqların uc torpaqlarında, XII əsrdə isə cənubda (İran Azərbaycanında) başlamışdır. XII–XV əsrlərdə xüsusilə Arranın ətəkləri türk köçəri tayfalarının intensiv şəkildə məskunlaşdığı yerlər olmuşdur. Bunun nəticəsində region tədricən türk-iran mənşəli toponim olan "Qarabağ" ilə adlandırılmışdır. XIV–XV əsrlərdə Qarabağın düzlük hissəsi demək olar ki, tamamilə türkləşmişdi.

Əsrlər boyunca davam edən dini və siyasi ziddiyyətlərə görə, azərbaycanlılar Türkiyə türklərindən etnik baxımdan ayrılmışdır. Osmanlı türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd XVI əsrdə mövcud idi, ancaq tam müəyyən edilməmişdi. Səfəvi İranı və Osmanlı imperiyasının müəyyən edilmiş sərhədləri demək olar ki, azərbaycanlılarla Osmanlı türklərinin etnik sərhədini əks etdirir.

XI əsr Səlcuq yürüşlərindən başlayaraq, müxtəlif köçəri türk tayfaları Ermənistan ərazisində yerləşmişdir. Bu, monqol dövründə də davam etmiş, Teymurilər dövründə (1386—XV əsrin əvvəlləri) isə Ermənistanda türk tayfaları geniş bir şəkildə yerləşmiş, İslam dominant din olmuşdur. Qacar tayfası Teymurilərin dövründə İrəvan bölgəsində yerləşdirilmişdir. XIV əsrin əvvəllərində Konya sultanlığının süqutundan sonra ayrımlı, saatlı və seyidli-axsaxlı adlı üç hissəyə bölünən tayfa Ermənistana köçmüşdür. Səfəvi dövründə də qızılbaş tayfaları Ermənistanda yerləşdirilmişdir. XIX əsrin əvvəllərində azərbaycanlıların Pəmbək və Şörəyeldə yerləşdirilməsi davam etmişdir.

1480-ci illərdə Qazax, Pəmbək və Şörəyeldən olan azərbaycanlı qruplar Ağstafa və Dəbəd çaylarının sahillərinin daha çox hissəsində məskunlaşmışdır. XVI əsrdən başlayaraq qızılbaş tayfaları Aşağı Kartlidə Kür çayının hər iki sahilində, Algeti və Ktsia vadilərində, Dabnisi dərəsində və Somxitidə məskunlaşmağa başladılar. XVII əsrin əvvəllərində onlar şərqə doğru, Qarayazının (indiki Qardabani Bələdiyyəsi) münbit torpaqlarına yayıldılar və qərbdə Şulaveri və Dmanisi dərəsinə çatdılar. I Abbas tərəfindən Kaxetidə yerləşdirilən 15 min türkdilli ailə on il sonra demək olar ki, tamamilə məhv edildi. Azərbaycanlıların yaşadığı ərazi XVIII əsrdə Tsalka yaylasına, XIX əsrin əvvəllərində isə qərbdə Başkeçidə çatmışdır. Hal-hazırda Gürcüstanda azərbaycanlılar Kvemo-Kartlinin 4 bələdiyyəsində (Marneuli, Dmanisi, Bolnisi and Qardabani) yaşayırlar. Bundan başqa Kvemo-Kartlidə ayrıca 6 azərbaycanlı anklavı mövcuddur. Msxeta-Mtianetində 1, Kaxetiyada 2 azərbaycanlı anklavı vardır.

Sovet dövrü deportasiyaları ilə Ermənistanda azərbaycanlılarının sayı azalmış, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan, Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmışdır. 2020–2023-cü illərdə keçirilən hərbi əməliyyatlardan sonra azərbaycanlıların Dağlıq Qarabağ və ətraf 7 rayonda yenidən məskunlaşdırılmasına başlanmışdır. Azərbaycanlıların ilk qayıtdığı yer Zəngilanın Ağalı kəndi olmuş, azərbaycanlılar Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər, Ağdam və Xocavənd şəhərlərinə qayıtmışdır. Ermənistan azərbaycanlıları isə Qərbi Azərbaycan İcması quraraq "Ermənistana qayıdış konsepsiyası" irəli sürmüşdür.

Azərbaycan dili və ədəbiyyatının tarixən əhatə etdiyi ərazi

I Şah İsmayıl. Teodor de Bray tərəfindən 1590-cı illərdə çəkilmiş qravür.

XIII–XIV əsrlərdə Azərbaycan dili sadəcə Azərbaycanın yox, İran, İraq və qismən Şərqi Anadolunun türklərinin ədəbi dili idi. Mehmed Fuad Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır.

Əsrlər boyunca Azərbaycan dili linqva franka kimi ticarət və etniklər arası qarşılıqlı münasibətdə bütün Persiyada, Qafqazda və cənub-şərqi Dağıstanda istifadə edilirdi. Onun trans-regional təsiri ən azı XVIII əsrə qədər davam edib. S. A. Raevski 1837-ci ildə öz məktubunda yazırdı: "Tatarca (azərbaycanca) öyrənməyə başladım, dil, hansı ki, burada ümumiyyətlə bütün Asiyada, Avropada fransızcanın olduğu qədər lazımdır."

Klassik Azərbaycan türkcəsinin coğrafi sərhədləri müxtəlif alimlərə görə fərqlidir. Vladimir Minorski üçün bu dil şimal-qərbi Persiya və şimal-şərqi Zaqafqaziyaya aid idi. Elias Con Uoilkinson Gibb Azərbaycan türkcəsini Türkiyə və İran sərhədlərində yerləşən Azərbaycanın dili hesab edir, Mehmed Fuad Köprülü isə onun Bağdad, Mosul, Diyarbəkir, Şərqi Anadolu, Qafqaz və İran Azərbaycanında danışıldığını qeyd edir. Yavuz Akpınarın fikrincə, Azərbaycan türk ədəbiyyatı Qafqaz, İran, İraq və Şərqi Anadoluda formalaşmışdır. Akpınar yazılı ədəbi ənənənin yaranmasında Təbrizin rolunu vurğulayır. Aydındır ki, Azərbaycan ədəbiyyatının sərhədləri və onun Osmanlı və Çağatay kimi digər türk ədəbiyyatlarına təsiri Azərbaycanın hüdudlarını aşaraq Suriya, İraq, Anadolu, Orta Asiya kimi ərazilərə qədər uzanır. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin dövründə Azərbaycan dili həm kəndlərdə, həm də Təbriz, Həmədan və Şiraz kimi mədəni mərkəzlərdə danışıq dili kimi inkişaf etmişdir. Azərbaycan dili və ənənəsinin ərazisi həmçinin cənubi Aralıq dənizi bölgəsinə və Orta Asiyaya qədər uzanmış, Avropada Bosniya və Albaniya qədərki ərazilərə çatmışdı.

Əsrlər boyu Azərbaycan dili Cənubi Dağıstanın linqva frankası olmuşdur. XVI əsrdə Azərbaycan dili Samur vadisində geniş yayılmış, XIX əsrdə isə bu dil Dağıstanın bütün dağətəyi və aran rayonlarına yayılmış, qumuq və avar dilləri ilə birlikdə ticarət və millətlərarası ünsiyyətin dillərindən biri olmuşdur. Bu dil həm azərbaycanlılarla, həm də dilləri bir-birinə bağlı olmayan və ya anlaşılmaz hesab edilən dağlılarla ünsiyyətdə istifadə olunurdu. Azərbaycan dili Dağıstanda ilkin sovet hakimiyyəti dövründə təhsil dili kimi istifadə edilmiş, ancaq 1929-cu ildə yerli dillər və rus dili ilə əvəzlənmişdir. 1950-ci illərdən etibarən Azərbaycan dilinin Dağıstanda ikinci dil və linqva franka statusu dil rus dili ilə rəqabətə dözə bilmədiyi üçün geriləmişdir.

Azərbaycan dilinin adlandırılması məsələsində belə bir fikir irəli sürülmüşdür ki, "Azərbaycan dili" adı bu dilin tarixi yayılma arealını əhatə etmir. Bu dil təkcə tarixi Azərbaycan ərazisində yox, Mərkəzi və Şərqi Anadolu, İran, İraq, Xorasan və digər ölkələrdə də mövcud olmuşdur. Buna görə də Azərbaycan dili üçün "Əcəmi türkcəsi" adı təklif edilir. "Əcəmi türkcəsi" adı ilk dəfə 1660-cı ildə fransız səyyahı Rafael du Mans tərəfindən təklif edilmişdir. Osmanlı dəftərdarı Seyfi Çələbi də Azərbaycan dilinin Fəratdan Amudəryaya qədər Əcəmin geniş ərazisində yayıldığını qeyd etmişdir.

14 yanvar 2026-cı ildə Azərbaycan Respublikasında təsdiq edilən "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına görə, Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi üçün tədbirlər görülməsi planlaşdırılır.

Şərqi Anadolu

Türkiyə türkcəsi və Azərbaycan dili siyasi mənada ayrı-ayrı dillər olsa da, bu dillərin standart olmayan formaları quruluş baxımından bir-birinə oxşardır və ya bir-biri ilə birləşir. Şərqi Anadoluda ərazi boyunca Türkiyə türkcəsindən Azərbaycan dilinə keçid ardıcıl olmaqla, dəqiq ayrılan linqvistik sərhədlər olmadan baş verir. Türkiyədə Fərat çayının şərqindəki ərazilərdə danışılan dialektlər Azərbaycan dilinə yaxındır və ya Azərbaycan dilinin dialekti hesab edilə bilər.

Azərbaycanın qərb dialektləri ilə Ərzurum və Diyarbəkirdən şərqdə yerləşən Şərqi Anadolu dialektləri arasında aydın sərhəd təyin etmək çətindir. Ərzincan, Malatya və Elazığ kimi keçid dialektləri Türkiyə türkcəsinin mərkəzi dialektlərinə aiddir.

Osmanlı imperiyasının yaranmasına görə, Azərbaycan və Anadolu türklərinin yaşayış sərhədləri arasında, linqvistik baxımdan demarkasiya prosesi başlamışdır. Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir. Dil nöqteyi-nəzərindən baxıldığı zaman İldırım Bəyazid ilə Qazi Bürhanəddin, Fateh Sultan Mehmet ilə Uzun Həsən, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətai arasında münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir. XV əsrin əvvəllərində Yavuz Sultan Səlimin Şah İsmayıl Xətai üzərində qələbəsindən sonra Kiçik Asiyanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Ancaq Osmanlı ədəbi dilinin Şərqi Anadoluda yayılması əsrlər boyunca davam edən bir proses olmuş, bu regionun şairləri Azərbaycan dilində əsərlər yaratmağa davam etmişdir.

İraq və Suriya

Eynən İraqda da əvvəlcə ədəbi türk dili Azərbaycan dili olmuş, Osmanlı işğalından sonra isə bu dil Osmanlı türkcəsi ilə əvəzlənmişdir. İraq türkmənlərinin bir çoxu bölgəyə köçmüş İran mənşəli azərbaycandilli qrupların və ya Anadolu mənşəli Osmanlı türklərinin davamçılarıdır. Suriya türkmənlərinin dilinin bəzi çeşidləri Azərbaycan dilinə yaxındır.

XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının bir hissəsi Bağdad ədəbi mühitində ərsəyə gəlmişdir. XVI əsrdə Bağdadda münbit ədəbi mühit yetişmiş, Azərbaycan şairləri də bu mühitdə iştirak etmişdir. Bu mühitdə Məhəmməd Füzuli yetişmiş, Əhdi Bağdadi 1563-cü ildə «Gülşənüş-şüəra» təzkirəsini yazmışdır. Məhəmməd Füzulinin oğlu olan Fəzli də üç dildə (azərbaycanca, farsca və ərəbcə) əsərlər yazmışdır. Ruhi Bağdadi tərəfindən isə azərbaycandilli divan yazılmışdır. O, Füzuli məktəbinin yetirmələrindəndir.

İran

İranda Azərbaycan dilinin əsas dialekt bölgələri

İranda danışılan müxtəlif türk dili formaları bir-birinə yaxındır və Azərbaycan dili üslubu xüsusiyyətləri daşıyır. Mərkəzi və cənubi oğuzca, Azərbaycan dili və onun dialektləri, həmçinin Şərqi Anadolu və Şimali İraqda danışılan dil formaları oğuzcanın içində olmaqla, vahid bir linqvistik ərazi əmələ gətirir.

1590-cı ilə qədər qızılbaşların Azərbaycandan kənarda bir sıra vilayətləri idarə etməsi (Şirazda dülqədr, Yezddə əfşar, Heratda şamlı) Azərbaycan dilinin yayılmasına təsir edib, deməli, şimali-qərbi İrandan kənardakı qruplar Azərbaycan dilində danışıb. Laristan, Şiraz, Kaşan və Qumda Azərbaycan dilində danışıldığı ilə bağlı tarixi məlumatlar vardır. XVII əsrdə Şiraz və Kaşanda türk dilinin danışılmaması qızılbaşların bu ərazilərdə hakimiyyətdə olmaması ilə izah edilə bilər. Müasir dövrdə İranda bir çox türkləşmiş kürd qrupları və az miqdarda, mənşəcə monqol olan qruplar Azərbaycan dilinin müxtəlif çeşidlərini danışır.

İranda Xəzərin cənub-şərqində yerləşən Gəlucah Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi adlandırılır. Gəlucah dili mərkəzi oğuz qrupuna aiddir və Azərbaycan dilinə çox yaxındır. Ancaq Azərbaycan dili ilə fərqli xüsusiyyətlərə də malikdir. Azərbaycan dilinin arealı Gəlucahdan da şərqə gedir. Şimali Xorasanda 2 azərbaycandilli anklav (Dərəgəz və Lüftabad) mövcuddur.

Encyclopædia Iranicaya görə, Xorasan-türk dilinin Azərbaycan dilinin dialekti adlandırılması çox da səhv olmazdı. Çünki Xorasan türkcəsi Azərbaycan dili (mərkəzi oğuzca) ilə türkməncə arasında keçid dilidir, ancaq türkmən dilindən daha çox Azərbaycan dilinə yaxındır.

Qaşqay və Aynallu dilləri Azərbaycan dilinə yaxın dialektlər hesab edilir. Qaşqay və Aynallu dilinin Osmanlı dilinə yaxın olması ilə bağlı fikir də mövcuddur. Əhməd Cəfəroğlu və Gerhard Dörfer xüsusilə azərbaycancadan sapmalara istinad edərək, Qaşqay və Aynallu dillərinin Osmanlı türkcəsinə yaxınlığı haqqında fərziyyəni rədd etmişdir. Aynallu və həmçinin Sonqur dialekti Xorasan türkcəsi ilə Azərbaycan dili arasında keçid dili rolu oynayır.

Ümum-Azərbaycan mədəniyyətinin inkişaf etdiyi və yayıldığı ərazi

XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: tarixi Azərbaycan və Aşağı Qarabağ. XVI–XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XVIII əsrdə Azərbaycanda türk mənşəli sülalələrin idarə etdiyi xanlıqlar əmələ gəlmişdir. Bunlardan biri olan Qarabağ xanlığının təsir dairəsinə Dağıstan, Şərqi Gürcüstan, Şəki, Şirvan, Qarabağ, Gəncə və Bakı daxil idi. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği "Qarabağ tarixi" əsərində İraqın şimal sərhədlərindən Dağıstanın cənubuna qədər uzanan bir gücə malik dövləti (Qarabağ xanlığı) təsvir edərək, regional tayfa ittifaqlarına əsaslanmaqla, Qarabağ xanlarının özünəməxsus coğrafi iddialarını göstərirdi.

XIX əsrin ortalarında Azərbaycan mədəniyyətinin inkişafı artıq mövcud olmayan Azərbaycan xanlıqlarının təsiri ilə baş verirdi. Şirvan, Qarabağ və Gəncə xanlıqlarının keçmiş paytaxtları olan Şamaxı, Şuşa və Gəncə XIX əsrdə əsas Azərbaycan mədəniyyət institutlarının olduğu yerlər idi. Bu şəhərlərin Azərbaycan mədəniyyətindəki rolu bir çox səbəblərlə izah edilə bilər. Başlıca səbəb odur ki, bu şəhərlər XVIII əsrdə mövcud olmuş ən güclü xanlıqların paytaxtları idi. Şamaxının yerləşdiyi Şirvan bölgəsi Abbasqulu ağa Bakıxanova görə, əsrlər boyunca alim və şairlərin yetişdiyi yer olmuşdur. IX əsrdən XVI əsrdə qədər Şirvanşahlar sülaləsinin Şirvanda hakimiyyətdə qalması, sülalənin incəsənətə hamilik etməsi və Şirvanşahlar dövlətinin daha balaca olan Şirvan xanlığı şəklində davam etməsi nəticəsində bu bölgə tarix boyunca oynadığı şair və musiqiçilərin məkanı rolunu qorumuşdur. Gəncə şəhəri isə coğrafi olaraq yaxın olduğu Tiflislə tarixən daha çox mədəni mübadilə etmə şansını əldə etmiş, Gəncə xanlığının süqutundan sonra da böyük savadlı əhaliyə malik şəhər statusunu qorumuşdur. Şuşa şəhəri mədəniyyəti Şamaxı və Gəncənin mədəniyyətindən daha cavandır, şəhərin zəngin mədəni həyatı Qarabağın XVIII əsrdə hakim sülaləsi olan Cavanşirlər tərəfindən himayə edilmişdir. Cavanşirlər sülaləsi mədəniyyət və təhsil sahəsində iştirak edir və bu sahələrə hamilik edirdilər. Ailənin bir çox üzvü görkəmli alim və şair idi. Belələrinə misal olaraq, Cəfərqulu xan Cavanşir, Xurşidbanu Natəvan, Mehdiqulu xan Vəfa, Mir Həsən Ağa Mir göstərilə bilər. Beləliklə, Şuşa şəhəri XIX əsrdə quberniya mərkəzi olmasa da, varlı bir şəhər olaraq, bir çox azərbaycanlı yazıçı və musiqiçinin yetişdiyi yer olmuşdur.

Azərbaycandakı musiqi formaları cənubda Kürdistan, şərqdə Zəncan və Qəzvinə qədər uzanan ərazidə mövcuddur. Mərkəzi Asiya musiqisindən sürətli ritmi ilə fərqlənən Azərbaycan şəhər musiqisi Xivəyə (Xarəzm) qədər yayılmış, Buxara və Daşkəndə qədərə çatmışdır. Sadıqcanın Azərbaycan tarını yaratmasından sonra, tez bir zamanda bu musiqi aləti İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir qədər sonra isə Dağıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Türkiyədə məşhurlaşdı. Müasir dövrdə Mavəraünnəhrdə uyğur rəvabı və özbək rübabı Azərbaycan tarı ilə əvəz edilmişdir. Azərbaycan tarına Özbəkistanda heç bir dəyişiklik edilməmişdir, bunun səbəbi tarın ola biləcəyi ən yaxşı səviyyədə olmasıdır.

İranika ensiklopediyasına görə Azərbaycan musiqi sənəti Qafqazın digər regionlarında, xüsusilə muğam sistemini və tar və kamança kimi simli musiqi alətlərini mənimsəyən ermənilər arasında ifa edilirdi. Cənubi Dağıstanda musiqi Azərbaycan musiqi alətləri, tar və kamança vasitəsilə ifa edilirdi və muğam Cənubi Dağıstan xalqları arasında məşhurlaşmışdır. Anadolu aşıq sənətinə daxil olan Ərzurum və Qars aşıq mühitləri tarixi baxış bucağına görə, keçid-körpü rolunu oynamış, bu mühitlərdə həm Azərbaycan, həm Anadolu aşıq sənətinin xüsusiyyətləri birləşdirilmişdir. Azərbaycan aşıq sənətinin Çıldır və Urmiya mühitlərində də, çox qabarıq olmasa da, Azərbaycan və Anadolu aşıq sənətinin xüsusiyyətlərinin birləşdirilməsi müşahidə edilir.

Azərbaycan və Ermənistan mifoloji mühitləri Cənubi Qafqaz mifoloji mühitini əmələ gətirir, Gürcüstan bura yox, Kartveliya mifoloji mühitinə aiddir.

Tarixi icmal

Xalqın və mədəniyyətin formalaşması

XVI əsr Azərbaycan şairi Məhəmməd Füzuli

Azərbaycana türklərin gəlişi hunların dövründə başlamış və daha sonra davam etmişdir. Türk köçərilərinin daimi olaraq bölgəyə girişi Xəzər xaqanlığı dövrü üçün xarakterik idi, baxmayaraq ki, o dövrdə salınmış daimi türk məskənləri haqqında dəqiq məlumatlar yoxdur. XI–XIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir.

Azərbaycanlıların formalaşmasında oğuz dili əsas rol oynamışdır və Azərbaycan dili oğuz dilidir. Qıpçaq elementləri əvvəlcə qulam (kölə) şəklində mövcud olmuş, daha sonra isə böyük miqdarda olmaqla oğuzlarla birlikdə mövcud idi. Azərbaycanlılar Qafqaz, türk və İran elementləri daşıyan irsə malikdirlər. Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş, bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir. Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.

Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XIII əsr monqol işğalından sonra Elxanilərin bölgədə hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmış, qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Mərkəzi Təbriz olan Qaraqoyunlular dövləti dövründə Azərbaycan dili ədəbi dil olaraq möhkəmlənmişdir. Hələ XV əsrdə Azərbaycan ədiblərinin bir qismi Orta Asiyada Əlişir Nəvai Çağatay məktəbinin şagirdləri olmuş, Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz yurdlarına qayıdaraq təhsil gördükləri Çağatay məktəbinin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi. Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü inkişafın bu mərhələsində Azərbaycan türk dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir.

Azərbaycanlılarda şəhər əhalisinin ənənəvi məşğuliyyətləri xalçaçılıq, qızıl işləmə və zərgərlik, ağac və daş oyma sənətidir. Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir.

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir.) Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.

Mədəni təsir

Sayat Novanın gürcü əlifbası ilə Azərbaycan dilində yazdığı şeiri

XIV əsrdən etibarən İran Azərbaycanından və İrandan başqa Cənubi Qafqaz, Şərqi Anadolu və İraqın bəzi hissələrində də Azərbaycan dilində ədəbiyyat yüksək səviyyədə inkişaf etmişdir. XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu.

Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir. Azərbaycan poeziyası kənar bölgələrə təkcə dil xüsusiyyətlərini deyil, həm də hürufilik, işrakiyyə, şiə-ələvilik anlayışları və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.

Məmlük sultanları və əmirləri dövründə digər türk bölgələri ilə yanaşı Azərbaycanla da intelektə əsaslanan əlaqə var idi. Burci Məmlükləri dövründə (1382–1517) Azərbaycan ədibləri iş və hami axtarışı məqsədilə Məmlük sultanlığına gəlirdilər. Azərbaycanlılar və türkdilli Məmlüklər arasındakı ədəbi mübadilə hələ də alimlər üçün maraqlı tədqiqat mövzusu olaraq qalır. Buna misallardan biri İzzəddin Həsənoğlunun qədim Azərbaycan ədəbiyyatı nümunəsi olan şeirinin Məmlük əlyazmasında tapılmasıdır.

Azəri-türkmən şair, nəqqaş, münşi (bürokrat), sufi şeyx və qələndərlər Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Xoylu Abdal Musa, Şair Nəsimi, Həbibi, Füzuli, Ruhi, İdris Bitlisi, Nəqqaş Osman və Loğman kimi ustadlar vardır. Azərbaycanlı-türkmənlər həm İran fars dili və mədəniyyətində, həm də dil və mənşə baxımından bağlı olduqları Osmanlı türk mədəniyyətində dominant olduqları üçün iki mədəniyyət arasında elçi rolunu oynamış, xüsusilə Osmanlı ali saray mədəniyyətinin yaranmasına rəhbərlik etmişdir. Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi. Osmanlı sultanı I Səlim dövründə Təbrizdən bir çox azəri sənət ərbabı (müsəvvir, nəqqaş, oymaçı, çini qab düzəldən və başqaları) gətirilmişdir. Osmanlı paytaxtı İstanbulda azəri-türkmənlər məşhur idilər və onların sənət üslubu şəhərdə yayılmışdı.

Elize Reklü Cənubi Qafqaz türklərinin dilinin Qafqazda mədəniləşdirici ünsür vəzifəsini yerinə yetirdiyini qeyd edirdi. XIX əsrin sonu — XX əsrin əvvəlləri Azərbaycan milli oyanışı — mədəni Renessans dövründə Bakı mərkəzli Azərbaycan ziyalıları yaratdıqları "mədəniyyət məhsulları"nın Mərkəzi Asiya çöllərindən İstanbula, tatarların vətəni Mərkəzi Volqadan İrana qədər yayılması potensialını görürdülər. Azərbaycanlılar aktiv şəkildə Rusiya imperiyası, İran və Osmanlıda baş verən inqilabları və daha sonra baş verən islahatları izləyir, şərh edir və bu inqilab və islahatlarda aktiv iştirak edirdilər. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.

Regional müxtəlifliklər

Xalça mərkəzləri

Səfəvilər dövründə mövcud olmuş tayfalar arasında qızılbaşlar xüsusi imtiyazlar əldə edir, ən yaxşı otlaqlara sahib olurdular. Bunlara İrəvan əyalətində qacar-axçalı, ustaclu, bayat, Naxçıvanda ustaclı-kəngərli, Azərbaycan əyalətində (Azərbaycan Respublikasının bəzi cənub rayonları və İran Azərbaycanı) türkmən, şamlı, qaradağlı, Urmiyada əfşarlar (XVII əsrin əvvəllərindən etibarən), Qarabağda qacar-ziyadlı və digər oymaqlar, şəmsəddinli (Şəmsədil), qazaxlı, Şirvan əyalətində rumlu, alpaut, bayat və s. daxildir.

Tarixi-coğrafi prinsip əsasında Azərbaycan dili dialekt və şivələri 4 qrupda cəmləşdirilir: Şərq (Quba, Bakı, Şamaxı dialektləri, Muğan, Lənkəran şivələri), Qərb (Qazax, Qarabağ, Gəncə dialektləri, Ayrım şivəsi), Şimal (Şəki dialekti, Zaqatala-Qax şivəsi), Cənub (Naxçıvan, Ordubad, Təbriz dialektləri, İrəvan şivəsi). Bundan başqa səlcuq, qaşqay, əfşar, sonqur (Kirmanşahda), aynallu, gəlucah (Mazandaranda), Diyarbəkir türkcəsi, İraq türkmancası, Əfqanıstan qızılbaşlarının şivəsi azərbaycan dilinin dialekti hesab edilir.

Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra Azərbaycan ədəbi dili iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi.

Tarixən Azərbaycanda Novruz bayramının böyük həvəslə qeyd edildiyi yerlərdə Xıdır Nəbi bayramı ya qeyd edilməmiş, ya da zəif qeyd edilmişdir. Eyni zamanda Xıdır Nəbi bayramının yaxşı qeyd edildiyi yerlərdə Novruz bayramı vacib bir şəkildə qeyd edilməmişdir. Azərbaycan Respublikasının cənub bölgəsində və Şirvan ərazisinin düzənlik yerlərində Xıdır Nəbi bayramı qeyd edilmir.

Azərbaycan mədəniyyətində bir-birinə qarşılıqlı təsir göstərən və bir-birini zənginləşdirən yerli xalçaçılıq məktəbləri mövcud olmuşdur. Hazırda bədii və texniki xüsusiyyətlərinə görə yeddi tanınmış xalça məktəbi var: Abşeron (Bakı), Gəncə, Qazax, Şirvan, Qarabağ, Quba, Təbriz. Borçalı xalçaları Qazax məktəbinə, Ərdəbil xalçaları Təbriz məktəbinə aid edilir.

  • Bakı geyimi. XIX əsrə əsasən
    Bakı geyimi. XIX əsrə əsasən
  • Qarabağ (Şuşa) geyimi. XIX əsrə əsasən
    Qarabağ (Şuşa) geyimi. XIX əsrə əsasən
  • Naxçıvan geyimi. XIX əsrə əsasən
    Naxçıvan geyimi. XIX əsrə əsasən
  • Şamaxı geyimi. XIX əsrə əsasən
    Şamaxı geyimi. XIX əsrə əsasən

Aşıq mühitinin regional bölgüsü

Aşıq musiqisi Azərbaycan Respublikasının Gəncə, Qarabağ və Naxçıvan, həmçinin Salyan ərazilərində, Cənubi Azərbaycanın Təbriz, Qaradağ, Marağa, Xoy və Urmiya ərazilərində yayılıb. Tariyel Məmmədov isə 11 aşıq məktəbinin adını çəkirː Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd. Məhərrəm Qasımlı isə aşıq mədəniyyətinin inkişafında vacib rol oynayan 16 mühitin adını çəkir: Gəncəbasar, Borçalı, Göyçə, Dərələyəz, İrəvan, Çıldır, Şirvan, Dərbənd, Qarabağ, Naxçıvan, Qaradağ-Təbriz, Urmiya, Zəncan, Xorasan, Save, Qaşqay. Ermənistan ərazisinə düşən Azərbaycan aşıq məktəbləri (İrəvan, Göyçə, Çıldır) artıq mövcud deyil.

Digər bir bölgüyə görə isə, Azərbaycan aşıq sənətinin məktəbləri birləşdirilərək 3 istiqamət təyin edilirː Qərb, Şirvan və Təbriz aşıq mühiti. Qərb bölgəsində saza bağlılıq və ozan ruhu əsas rol oynayır. Buna görə də, qərb mühiti Dədə Qorqud mühitidir, burada balaban da istifadə edilir. Qərb mühitinə Şəmkir, Borçalı, Tovuz, Qazax, Göyçə, Gədəbəy, Qarabağ və s. aşıq mühitləri daxildir. Şirvan mühitində isə nəfəs alətləri və digər musiqi alətləri sazı müşayiət edir, xalq muğamları burada rol oynayır.

Qriqorianlıq məzhəbinin qəbul edildiyi mədəni mühitlərdə erməni yazısı ilə yazılmış, Azərbaycan dilində olan aşıq sənəti mətnləri tarixən yazıya keçirilmişdir. Bu trend Səfəvi dövrü üçün xarakterik olmuş və bunun üçün şərqi ermənicə əsaslı əlifba istifadə edilmişdir. Burada iki məktəb xüsusilə qeyd edilməlidir: İranın Yeni Culfa məktəbi (İran-erməni məktəbi) və Qafqaz məktəbi (gürcü-erməni məktəbi). Azərbaycan dilində yazan Arti oğlu birinci məktəbə, Sayat Nova isə Qafqaz məktəbinə aid edilir. İranın Yeni Culfa aşıq məktəbinə türk, erməni və fars dilində olmaqla, erməni yazısı ilə köçürülən şeirlər daxildir.

Vacib yerlər

Qarabağ və Şərqi Zəngəzurun xəritəsi
  • Şərqi Anadolu. Bəzi müasir filoloqlar Şərqi Anadolunu XIII–XIV əsrlər Azərbaycan ədəbi dilinin beşiyi hesab edirlər. Azərbaycan yazılı ədəbi və bədii dilinin ilk abidələri və nümunələri burada ortaya çıxmışdır.
    • Amasya və Tokat. Rusiyanın Cənubi Qafqaz işğal etməsindən sonra Azərbaycan və Şimali Qafqazdan olanlar Anadoluya sığınmışdır. Beləliklə, Mir Həmzə Nigari, Sədi Sani Qarabaği, Nigarizade Mahmud, Bəhəddin Əfəndi kimi azərbaycanlı sufilər Amasya və Tokatı Azərbaycan mədəniyyət mərkəzinə çevirmişdir.
  • Qarabağ. Azərbaycanlıların tarixi suverenliyinin, milli şüurunun və dirçəlişinin simvoludur. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi.
    • Aşağı Qarabağ. XV–XVIII əsrlərdə formalaşan Azərbaycan mədəniyyət mərkəzidir.
    • Şuşa. Azərbaycan musiqisi və poeziyasının beşiyi, Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları, şairləri, yazıçıları və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Azərbaycanlılar üçün şəhər mədəni cəhətdən vacibdir və onu regiondakı mədəni paytaxtları hesab edirlər. 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. 10 may 2024-cü ildə, 30 illik işğaldan sonra azərbaycanlılar yenidən Şuşaya qayıtmışdır.
  • İran Azərbaycanı. Səlcuqlar dövründə türkmənlər tərəfindən bu ərazidə etnik və linqvistik mərkəz yaradılmış, daha sonra isə Azərbaycan türkdilli ərazi olmuşdur. XV–XVIII əsrlərdə formalaşan Azərbaycan mədəniyyət mərkəzidir. Müasir dövrdə Azərbaycanın mənəvi mərkəzi Arazın cənubu sayılır.
    • Təbriz. İranda Azərbaycan dilinin "mərkəzi"dir. Səfəvilər dövründə Azərbaycan mədəniyyət mərkəzi olmuşdur. XIX əsrdə isə Təbriz ən vacib Azərbaycan mədəniyyət mərkəzi idi.
    • Xoy. Bu ərazidə tarixən türklər yaşadığı üçün "İran Türküstanı" adlandırılmışdır. Bu türklər böyük ehtimalla monqollardan əvvəlki dövrdə bölgəyə yerləşmişdir. Digər bir versiyaya görə isə, Xoy ərazisi Uyğurustandan gəlmiş xitay (çinli) əhalisinə görə "türk ölkəsi" adlandırılmışdır. Buddist olan bu əhali Elxani dövründə buddizm məbədlərinin tikintisində iştirak etmişdir.
  • Cənubi Dağıstan. Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranışla bağlı normalarına istiqamətlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Bu zaman azərbaycanlıların qeyri-türk qonşuları (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) azərbaycanlılara assimilyasiya olunmuş, farslar isə Azərbaycan dilini öyrənərək milli kimlik şüurlarını dəyişdirmişdir.
    • Dərbənd. Dərbənd tarixən Bakının bir növ "mədəniyyət peyki" olub. Cənubi Dağıstanla Azərbaycan arasında sıx iqtisadi və mədəni əlaqələr Dağıstan azərbaycanlılarının, ləzgilərin, saxurların, rutulların, dağ yəhudilərinin Bakının həyat tərzinə diqqət yetirməyə başlamasına səbəb olub. Bəlkə də buna görə, digər Dağıstan şəhərlərindən fərqli olaraq, Dərbənd bu gün də ümumi Azərbaycan dili və mədəniyyət-məişət ab-havasını qoruyub saxlamaqda davam edir.
  • Azərbaycan dilinin danışıldığı, ən şərqdə yerləşən ərazi. İranda Xəzərin cənub-şərqində yerləşən Gəlucah, həmçinin Şimali Xorasanda 2 azərbaycandilli anklav (Dərəgəz və Lüftabad) şərqdə Azərbaycan dilinin danışıldığı ən ucqar ərazilərdir.

Müasir dövrdə rolu

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. 1992-ci il tarixli qərar ilə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinə çevrilmişdir. Həmin vaxt cəmiyyətin sədri Nəbi Xəzri idi.

Azərbaycanda 31 dekabr günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq qeyd edilir. Müstəqillik dövründə, ənənəvi olaraq, Dünya Azərbaycanlılarının Qurultayı keçirilir. İlk 4 qurultay Bakıda keçirilsə də, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra, 2022-ci ildə Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir.

2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. Bu mədəni mühitə Azərbaycanın şimalında dağlıq Xınalıq kəndi, Böyük Qafqaz dağlarında yaylaqlar və kənd təsərrüfatı əraziləri, mərkəzi Azərbaycandakı düzənlik ərazilərdə qışlaqlar və onları əlaqələndirilən 200 kilometrlik köç yolu daxildir. Xınalıq sakinlərinin yarımköçəri həyat tərzi və mədəniyyəti yaylaqlar və qışlaqlar arasında mövsumi miqrasiya ilə xarakterizə edilir. Bu köç şəbəkəsinə müvəqqəti otlaqlar və düşərgələr, türbə və məscidlər daxildir.

2025-ci ildə Azərbaycanın dəstəyi ilə Əfqanıstanda "Avşar Ulduzu" Tədris Mərkəzi açılmışdır. Mərkəzin açılmasında məqsəd əfşar milli mədəni irsinin qorunması, Azərbaycan dili və tarixinin öyrədilməsidir.

2025-ci ilin mart ayında Azərbaycanda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adı ilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərin İraq türkmanları tərəfdən iştirakçıları İraq parlamentinin Türkmanlar qrupunun sədri Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, "Türkmaneli" qəzetinin baş redaktoru Najat Şükür və İraq türkmanlarının "Tert TV" kanalının rəhbəri Türkeş Salehdir, Suriya türkmanlarından olan iştirakçılar isə Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci və Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arberdir. Tədbirlər boyunca, türk xalqları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi, yenidən qurulan Qarabağa səfər, Novruz bayramı şənliklərində iştirak və s. həyata keçirilmişdir.

2025-ci ilin aprel ayında Vatikanın xəbər agentliyi öz saytının azərbaycandilli versiyasını təqdim etmişdir. Bu təqdimatın Müqəddəs Taxt-Tac ilə dünyanın müxtəlif yerlərindəki azərbaycandilli icmalar arasındakı dialoqu və əlaqələri inkişaf etdirməsi gözlənilir.

2025-ci ilin noyabr ayında Qars, Iğdır və Ərzurumdan olan jurnalistlər Qarabağa səfər etmiş, Əsgəran qalası və Qarabağ Universiteti ilə tanış edilmişdir. Onlar həm də Xocalıda görülən işlərlə tanış olmuş, Xocalı rayonu sakinləri ilə görüşmüşdür.

Həmçinin bax

  • Azərbaycanlıların tarixi məskunlaşma əraziləri
  • Azərbaycanın dövlət-icma və icmalararası münasibətləri

Qeydlər

  1. Azərbaycan linqvistik və mədəni-məişət mühiti(Магомедханов, 2008. səh. 42), Azərbaycan türk ənənəsi sferası (Gasimova, 2015. səh. 119), Azərbaycan sferası (Salazkina, M. (2023)), Azərbaycan türk mədəni mühiti (Sarpkaya, S. (2022)) və s. Həmçinin bax: Adlandırılması nümunələri

Ədəbiyyat

  • Albaliyev, Shakir Alif oglu. 2022. "The Ritual-Mythological Semantics of the Azerbaijan Khidir Nabi Holiday". Etnoantropološki Problemi / Issues in Ethnology and Anthropology 17 (3):1081–1100. https://doi.org/10.21301/eap.v17i3.13.
  • Akpınar, Yavuz. Azeri edebiyatı araştırmaları. Istanbul: Dergah yayınları, 1994.
  • Caferoğlu, Ahmet. "Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı" (PDF). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi. 5 (1–4). 1956. 10 avqust 2022 tarixində (PDF). İstifadə tarixi: 3 dekabr 2023.
  • Askerov, Ali; Brooks, Stefan; Tchantouridze, Lasha (2020). "The Conflicts In The Caucasus". Post-Soviet Conflicts: The Thirty Years' Crisis. Lanham, Maryland: Rowman & Littlefield.
  • Berengian, Sakina. Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan. K. Schwarz. 1988. ISBN 978-3-922968-69-6.
  • Cevdet Yakupoğlu: "Azerbaycan’ın Hôy Yöresinde Türk Egemenliği (XI–XVI. Yüzyıllar)", History Studies, 10/ 2 (Mart 2018), s.177–195.
  • De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. NYU Press. ISBN 9780814785782.
  • Demirci, J. (1998). NEVAVİ'NİN AZERBAVCAN SAHASINA ETKİSİ . Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, 38 (1–2), 1–12 . Retrieved from https://dergipark.org.tr/tr/pub/dtcfdergisi/issue/66761/1043985 2023-04-13 at the Wayback Machine
  • Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018. ISBN 9789004355767.
  • Gasimova, Aida. "Qurʾānic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry." Oriens, vol. 43, no. 1/2, 2015, pp. 101–53. JSTOR, http://www.jstor.org/stable/24801686 Arxiv surəti 20 dekabr 2024 tarixindən Wayback Machine saytında. Accessed 10 Feb. 2024.
  • Golden, Peter B.: An introduction to the history of the Turkic peoples : ethnogenesis and state formation in medieval and early modern Eurasia and the Middle East. — Wiesbaden : Harrassowitz, 1992 (Turcologica ; Bd. 9) ISBN 3-447-03Z74-X
  • Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
  • И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI—начале XIX вв. — Ленинград: Издательство Ленинградского Государственного Ордена Ленина Университета имени А. А. Жданова, 1949.
  • Johanson, Lars. Turkic. Cambridge: Cambridge University Press, 2021. Print. Cambridge Language Surveys.
  • Магомедханов М. М. Дагестанцы: Этноязыковые и социокультурные аспекты самосознания. Москва: ООО "ДИНЭМ", 2008. – 272 с.
  • M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.
  • Prazniak, R. (2014). Ilkhanid Buddhism: Traces of a Passage in Eurasian History. Comparative Studies in Society and History, 56(3), 650–680. doi:10.1017/S0010417514000280
  • Ragagnin, Elisabetta. (2020). Major and Minor Turkic Language Islands in Iran with a Special Focus on Khalaj. Iranian Studies. 53. 1–16. 10.1080/00210862.2020.1740881.
  • Shahin Mustafayev. Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th–15th Centuries) // Contemporary Research in Turkology and Eurasian Studies (A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of his 70th Birthday). — Presa Universitară Clujeană, 2013.
  • Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013.
  • Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations. 2913
  • İlkin GULİYEV. "Azerbaycan Aşık Edebiyatı: Tarihte ve Bugünü" (türk). M.F.Köprülü Türkoloji ve Beşeri Bilimler Sempozyumu Bildirileri 2016. 2017. 8 dekabr 2023 tarixində . İstifadə tarixi: 13 iyul 2024.
  • Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. — "Элм", 1990. — 304 с. — ISBN 5-8066-0177-3.
  • Gilson, Brian. Ethno-symbolism and Government Discourse in Azerbaijan. 2016. səh. 105.
  • Atalan, S. (2024). AŞIĠ ARTİ OĠLI DEFTERİ VE SES BİLGİSİ ÖZELLİKLERİ. Motif Akademi Halkbilimi Dergisi, 17(48), 2225–2246. https://doi.org/10.12981/mahder.1513836
  • Karamustafa, Ali. (2021). Reading Nineteenth-Century Persian Histories from the Caucasus. 10.30687/978-88-6969-550-6/005.
  • Boratav, P. (2010). DEDE KORKUT HİKÂYELERİNDEKİ TARİHİ OLAYLAR VE KİTABIN TELİF TARİHİ. Journal of Turkology, 13, 31–62. https://doi.org/10.18345/tm.18399
  • Mübariz Süleymanlı. Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri). Bakı, "Nafta-Press", 2011, 208 s.
  • Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, "Aspoliqraf", 2008, 448 s.
  • Miri, S. J. (19 May. 2025). Revisiting the Critical Legacy of Shah Ismail. Leiden, The Netherlands: Brill.
  • Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan mühiti haqqında məlumat. Azərbaycan mühiti nədir? Azərbaycan mühiti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Fürer

  • Fevral 10, 2026

    Civə

  • Fevral 27, 2026

    Reaktiv mühərrik

  • Fevral 27, 2026

    Fələstin (region)

  • Fevral 27, 2026

    Stronsium

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst