Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalağayın və ya Qalaqayın — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi. Tarixi Səfəvilər dö

Qalaqayın

  • Ana Səhifə
  • Vikipediya
  • Qalaqayın

Qalağayın və ya Qalaqayın — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi.
Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi.

Kənd
Qalaqayın
Qalaqayın dairəsinə gedən yol
Qalaqayın dairəsinə gedən yol
39°58′41″ şm. e. 48°27′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
İqtisadi rayon Mil-Muğan iqtisadi rayonu
Rayon Sabirabad rayonu
İcra nümayəndəsi Cavad Cəlilov
Tarixi və coğrafiyası
Əsası qoyulub I-III əsrlər
Əvvəlki adı

Qala əl Nahiyə Qalagah

Qalaqanı
Yaşayış məntəqəsi statuslu rayon inzibati ərazi vahidində
Sahəsi 27,12 km²
Mərkəzin hündürlüyü -28 m
İqlimi mülayim-isti, yarımsəhra və quru subtropik
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi ▲ 7622 nəfər (1 mart 2025)
Sıxlığı 279 nəf./km²
Milli tərkibi azərbaycanlılar
Etnoxronim qalaqayınlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+994) 21 2383
Poçt indeksi AZ 5423
Nəqliyyat kodu AZ 54
Qalaqayın xəritədə
Qalaqayın
Qalaqayın
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sabirabad rayonu
Qalağayın (Azərbaycan)
Nöqtə
Qalaqayın
Qalaqayın

Mündəricat

Tarixi

Etimologiya

Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın, 1714-cü il. Müəllif Kornelis de Bryuyin

Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur.

Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.

Qalaqayın (alm. Cellan‎). 1730-cu ildə tərtib olunub. Müəllif Matthaus Seutter

Başqa versiyaya görə qədim türk dilində və Orxon-Yenisey abidələrində su məhfumu ka//qa, kal//qal şəklində ifadə olunur. Hətta qədim çay və göl adlarında bu sözlər indi də qalmaqdadır: O-ka, Vol-qa, Bay-kal və s. Qalaqayın sözündə "Qala" su, "qayın" isə birləşən deməkdir. Elə buradaca yadımıza qayınata və qayınana sözləri düşür. Qayın-ata, qayın-ana, yəni sonradan birləşən ata və ana. Kür və Araz çayları Sabirabad rayonunda bir-birinə qovuşur. Qalaqayın — Suqovuşan sözünün buradan yaranması da şübhəsizdir.

Azərbaycan ərazisində çoxlu toponimlər mövcuddur, güman edildiyi kimi, belə toponimlər (etnotoponimlər) Abdal, Abad, Abadkənd, Bazar, Bayan, Baltalı, Bostançı, Qurt, Cağatay, Duvannı, Qalaqayın, Qaracalar, Qarğalı, Kərki, Qurqulu, Qılıçlı, Ulucalar, Danaçı və Yaycı kimi əks etdirən bəzi türk boylarının adları mövcuddur. Bu etnotoponimləri aşağıdakı türk etnikləri ilə əlaqələndirmək olar: abdal, avat, bazar, bayan, balta, boston, qurt, çağatay, duvan, kain/qain, qarac, kərki, kirgil, kiliç, olco, tana, yayci və s.

Bu toponimdəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala — "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Yuxarıda adını çəkdiyimiz səyyah yazır ki, kəndin əhalisi Muğanda yaşayan maldar icmalara məxsus ailələrdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Əvvəldən qeyd edilməlidir ki, bu tayfanın adı Ağsu rayonundakı Qalaqanılı kəndinin adında da qalmışdır və əslində Qalaqanını Qalanılının fonetik ("l" səsinin danışıqda "n" səsilə əvəzlənməsi) formasıdır. Ağsu rayonundakı Qalaqanılı adının sonundakı "li" şəkilçisi göstərir ki, bu kənd mənşəcə Qalaqayın kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Lakin bu hadisənin nə vaxt baş verdiyi məlum deyil. Hər iki toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur. Aydınlaşır ki, bu tayfanın adını əks etdirən yaşayış məntəqə adları başqa ölkələrdə də vardır. Qazaxıstanda Kaindi (əslində Kainli kimi nəzərdə tutulmalıdır, çünki, qazax dilində başqa türk dillərindəki kimi "l" səsi "d" və "t" kimi tələffüz olunur) adlı 3 kənd və Kain adlı çay vardır. Qırğızıstanda isə Boston-Kain adlı kənd və tayfa var. Kain (və ya Qain) adlı kənd İranda da qeyd olunmuşdur. Hələ XIII əsrdə İranın şərqində-Xorasanda Qain adlı mahal və şəhər mövcud idi. Bu toponimlər göstərir ki, onlar Kain (Qain) adlı tayfanın müxtəlif yerlərində məskulaşması nəticəsində yaranmışdır. Maraqlıdır ki, Qain adlı tayfa başqırdlarda və Qərbi Sibirdə Şorlarda vardır. Güman ki, qədim kain, qain tayfasının müəyyən hissəsi səlcuq oğuzlarının tərkibində Xorasan tərəfdən İrana və Azərbaycana gəlmiş, buradan da bir hissəsi Gürcüstana getmişdir. Qeyd edilməlidir ki, İranda hazırda Qum şəhəri yaxınlığında Qain adlı türk tayfası yaşayır və onun adını əks etdirən çoxlu toponimlər vardır.

Qalaqayın (alm. Cellain‎). Müəllif Adam Oleari. Xəritə 18-ci əsrin birinci rübündə tərtib olunub

1796-cı ildə qraf V. A Zubovu Qacar yürüşündə müşayiət edən məşhur "Flora tauro-caucasica" əsərinin müəllifi Marşal Bieberşteyn, daha sonra ipəkçilik üzrə müfəttiş kimi, Qalaqayına, Arazın birləşdiyi (Kürlə) Cənubi Qafqaz bölgəsinə tez-tez baş çəkirdi. Arazın Kürlə qovuşduğu yerdə, Cavada (qala) bağlı olan qala bu yaxınlarda Ağa Məhəmməd xan tərəfindən dağıdıldı. 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bieberşteyn hesab edir ki, bu, Herbelotun Azərbaycan sərhədindəki məşhur qala hesab etdiyi "Kala al Nagia"dır (Qala əl Nahiyə).

Rusiya ordusunun polkovniki Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində; "Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan Cavad keçidindən qovulan fars (Qacar) qoşunlarının qaçdıqdan sonra Sarıqamışda durduğu və dərhal 2000 sərbazın onları Cavad keçidinə götürüb Muğan qalası Qalaqayını ələ keçirmələrinə yardım edəcəkləri xəbərini aldım; dayandılar və hələ də oradadırlar; nə etmək niyyətindədirlərsə hələ bilmir; amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək" deyə məlumat vermişdir. Bu fakt hələ ruslar tərəfindən 18-ci əsrin birinci yarısında Qalaqayın adlı qalanın yenidən təmir olunduğunu sübut edir.

Tarixçilərin yazdığına görə 1736-cı il 21 martda təşkil olunacaq qurultay üçün

" dövlətin "hər bucağına" qılınc gücünə tutulmuş bütün əyalətlərə qabaqcadan fərmanlar göndərilmiş və hakimlər, vilayət rəisləri, əyan və uləmalar Cavad keçidi yaxınlığında Qalaqayına-Muğana qurultaya çağırmışdılar. Bir də buyrulmuşdu ki,Kür və Arazın qovuşduğu yerdə, Cavad keçidi yaxınlığında ağac ve qarğıdan 12 min ev tikilsin;ayrıca karvansara,məscid və imarətlər qurulsun. Tezliklə bura 100 minə kimi adam toplandı.

Nadir şah üçün burada ipək toxuma və parçalarla tutulmuş böyük çadırlar qurulmuşdu. İçəridən onlar saysız qızıl, gümüş və başqa daş-qaş əşyalarla bəzədilmişdi. Öz çadırında şəhanə qəbul qonaqlıqları verən Nadirin qonaqları qarşısına qızıl və gümüş qablarda arası kəsilmədən gözəl yeməklər düzülürdü. Onları çalğıçılar və xanəndələr, kəndirbaz və oyunbazlar şənləndirib əyləndirirdi. Məmləkət isə aldığı yaralardan, aclıq və qıtlıqdan inləyirdi, yollar dillənçilərlə, saysız savaşlarda işgörmə yararını itirmiş şikəst yazıqlarla dolu idi.

"

Ağa Məhəmməd şah Qacar da özünü Qalaqayında şah elan etmişdir. Qafqazda rus ordusunun əsas qüvvələri Yəni Şamaxıdan (Ağsu) hərəkət etdi və noyabrın 21-də Kür və Araz çaylarının qovşağında dayandı. Gələn ilin yazına kimi qışı burada keçirtmək nəzərdə tutulurdu. Dənizdən desant çıxartmaq yolu ilə rus eskadrasının onlara kömək göstəriləcəyini güman edilirdi. Rusiyanın nəzərləri artıq Cənubi Azərbaycana və Xəzər dənizinin cənub sahillərinə yönəlmişdi. Bu hərəkətlər Ağa Məhəmməd şahın hakimiyyətinə güclü zərbə endirməli idi. Haqqında danışılan planı 1797-ci ilin yazında gerçəkləşdirmək nəzərdə tutulurdu. Düşərgə Kür və Araz çaylarının qovuşduğu yerdən bir qədər aşağı, Kürün sol sahillərində yerləşirdi. Rus qoşunları burada yaxşı istirahət etdilər, çünki, Bakıdan dəniz, Kür çayında kifayət qədər balıq var idi, Gürcüstandan donuz sürüləri gətirilirdi. Qoşqu heyvanları və atlar üçün kifayət qədər ot var idi.

Azərbaycanda möhkəmlənməyi qarşısına məqsəd qoymuş rus hakimiyyət orqanları bir sıra siyasi-iqtisadi tədbirlər həyata keçirməyə çalışırdılar. Zubov rus qoşunlarının mövqeyini möhkəmləndirmək və diyarın iqtisadi mənimsənilməsini təmin etmək üçün layihə hazırlamışdı. Bu layihəyə görə Kürlə Arazın qovuşduğu yerin yaxınlığında — Cavad yanında, yəni Qalaqayında II Yekaterinanın şərəfinə Yekaterinaserd adlanan qala salınmalı idi. Bura iki min cavan rus əsgəri göndərilməli, gürcü və ermənilər onlara gəlin verməyə məcbur edilməli idilər.

Bu qala cənuba qarşı yönəlmiş dayaq məntəqəsi olmalı idi. Bununla yanaşı, həmin qala ticarət qovşağı,Xəzər, Cənubi Qafqaz, qismən Orta Asiya və İran ticarətinin iri bazarı olmalı idi. Kürün Araza töküldüyü yerdə Yekaterinaserd qalasının tikintisi üçün hətta Peterburqdan ustalar müəyyənləşdirilib göndərilmişdi.

1796-cı ilin noyabrın 6-da II Yekaterinanın ölümü hadisələrin gedişini dəyişdirdi. Hakimiyyətə gələn I Pavel əks siyasət yeritməyə başladı. O, rus qoşunlarının tezliklə Cənubi Qafqazdan çıxarılması barədə sərəncam verdi. V. Zubova II Yekaterinanın vəzifəyə təyin etdiyi adam kimi nifrət bəsləyən I Pavel bütün alay komandirlərinə qoşunların Qafqaz xəttinə geri qayıtması barədə buyruqlar göndərdi. Rus qoşunlarının çıxarılması başladı, lakin bəzi hissələr 1797-ci ilin martına kimi Muğanda qaldılar.

Həsən xan Muğanlının rəssam Rizvan Qarabağlı tərəfindən çəkilən portreti

Cavad xanı Həsən xan Muğanlı Qalaqayında anadan olmuşdur. 1789-cu ildə vəfat etmişdir. Övladlarından birinin adı Məhəmmədsalah хandır. O dövrdə xanlıqlar nikah vasitəsilə münasibəti gücləndirirdilər. Eləcə də qalaqayınlı Məhəmmədsalah xan qızları Xeyrənisəni Talış xanlığının hökmdarı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanlığının sonuncu xanı Mustafa xana ərə vermişdir.

1850-ci ilə aid Muğan mahalı (Lənkəran qəzası) kəndlərinin kameral təsvirində Məhəmmədsalah xandan sonra ailə rəisi kimi Rüstəm bəy (48 yaşında) adlı oğlu olduğu və Rüstəm bəyin Bəşir bəy (16 yaşında), Edil bəy (6 yaşında), Cəfərqulu bəy (2 yaşında) adlı övladları və böyük qardaşı Mustafa bəyin Musa bəy (20 yaşında) adlı oğlu olduğu qeyd edilib.

Qalaqayın bəylərinin siyahısı (1850 və 1873–1886-cı illər)

Sıra Bəy Yaşadığı illər Haqqında
1
Praporşik Rüstəm bəy Məhəmmədsalah xan oğlu
1802-?
Ailə rəisi
2
Bəşir bəy
1834-?
Rüstəm bəyin oğlu
3
Kərim bəy
1880-?
Bəşir bəyin oğlu
4
Edil (Adil) bəy
1844(1846)-?
Rüstəm bəyin oğlu
5
Qanbay bəy
1868-?
Edil (Adil) bəyin oğlu
6
Əşrəf bəy
1870-?
Edil (Adil) bəyin oğlu
7
Teymur bəy
1872-?
Edil (Adil) bəyin oğlu
8
Qulamirzə bəy
1878-?
Edil (Adil) bəyin oğlu
9
Cəfərqulu (Cəfər) bəy
1848(1845)-?
Rüstəm bəyin oğlu
10
Aslan bəy
1881-?
Cəfərqulu (Cəfər) bəyin oğlu
11
Səməndər bəy
1882-?
Cəfərqulu (Cəfər) bəyin oğlu
12
Musa bəy Mustafa bəy oğlu
1830-?
Rüstəm bəyin qardaşı oğlu
13
Surxay bəy
1874-?
Musa bəyin oğlu
14
Ağa bəy
1858-?
Musa bəyin oğlu
15
İrza bəy
1878-?
Ağa bəyin oğlu
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Gülməmməd bəy Əliməmməd bəy oğlu
1810-?
1850-ci ildə ailə rəisi
2
Ağa bəy
1836-?
Gülməmməd bəyin oğlu
3
Kərim bəy
?-?
Ağa bəyin oğlu
4
Sadıx bəy
?-?
Ağa bəyin oğlu
5
Hüseyn bəy
?-?
Ağa bəyin oğlu
6
Əhməd bəy
1851-?
Gülməmməd bəyin oğlu
7
Məmmədəli bəy
1884-?
Əhməd bəyin oğlu
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Həsən bəy Şükür bəy oğlu
1836-?
1850-ci ildə ailə rəisi
2
Məmməd bəy
1870-?
Həsən bəyin oğlu
3
İsgəndər bəy
1878-?
Həsən bəyin oğlu
4
Hüseyn bəy
1840-?
Həsən bəyin qardaşı
5
Nurulla bəy
1880-?
Hüseyn bəyin oğlu
6
Salam bəy
1882-?
Hüseyn bəyin oğlu
7
Salah bəy
1883-?
Hüseyn bəyin oğlu
8
Fərzəli bəy
1845-?
Həsən bəyin qardaşı
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Xəlil bəy Məmməd bəy oğlu
1834-?
Ailə rəisi
2
Ağaş bəy
1884-?
Xəlil bəyin oğlu
3
Əkbər bəy
1868-?
Xəlil bəyin oğlu
4
Mirzəkişi bəy
1881-?
Əkbər bəyin oğlu
5
Dədəkişi bəy
1885-?
Əkbər bəyin oğlu
Sıra Bəy Yaşadığı illər Haqqında
1
Ələsgər bəy Şirəli bəy oğlu
1851-?
Ailə rəisi
2
Əli bəy
1881-?
Ələsgər bəyin oğlu

Qalaqayın (alm. Kalagail‎). 1804-cü ildə tərtib olunub. "Ən yaxşı mövcud xəritələrə, səyahətlərə və astronomik yerlərə görə Qafqaz ölkələrinin cədvəli". Müəllif İohan Kristof Matias Rayneke

Cavad xanlığı dağılandan sonra torpaqların əksəriyyəti 2 əsas yerə Rudbar və Muğan mahalına bölündü. Hələ 1820-ci ildə keçmişdə Cavad xanlığına (mərkəzi indiki Cavad kəndi) bağlı olan istehkam qala vardı. 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.

Muğan mahalını idarə edən mahalbəyi (naibi) Qalaqayında əyləşirdi. Mənbədə Qalaqayında (qalada) 100-ə qədər ailənin, ümumilikdə Muğan mahalında isə 400-ə qədər tərəkəmə ailəsinin məskunlaşdığı qeyd olunurdu. 300 ailə vergi verirdi. Ellərə başçılıq edən bəylərin siyahısı cədvəldə verilir. Kollegiya qeydiyyatçısı Suşko tərəfindən tərtib olunmuş Şirvan əyaləti əhalisinin kameral təsvirinə dair sənədlərdə Muğan mahalının 19 kəndində 468 ailənin olduğu, bu ailələrdə 1216 kişi cinsli əhalinin yaşadığı göstərilir.

Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)

1–2Məmməd Rza bəyMəlik bəy
3–4Məhəmməd Əli bəyAbdulla bəy
5–6Yolçu bəySəfi Mirzə bəy
7–8Əhməd bəyMolla Abdulla
9–10Cəmşid bəyMəhəmməd Hüseyn bəy
11–12Ağa bəyƏsədulla bəy
13–14Məhəmməd Xəlif bəyŞahmurad bəy
15–16Kəlbəlai bəyAbdulla Hüseyn bəy
17–18MəlikMəmməd bəyƏli xan
19–20Əhməd Əli bəyƏli bəy
21–22Talib bəyŞərif bəy
23–24Məmməd Əli bəyHüseyn bəy
25–26Cəfər bəyMəşədi Həsən Əli bəy
27–28Əhməd bəyMehmed bəy
29–30Qaynaqdan oxunmurCosuz bəy
31–32Əli Məmməd bəyPotu bəy
33–34Əli Mirzə bəyAxund Qasım bəy
35–36Ağa Rəhim bəySeyid Qasım bəy
37–38Allahverdi bəyİbrahim bəy

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-ci ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.

  • Qalaqayın (rus. Карагаинь). 1823-cü il. Müəllif Pyadyşev Vasili Petroviç (1768-1835).
    Qalaqayın (rus. Карагаинь). 1823-cü il. Müəllif Pyadyşev Vasili Petroviç (1768-1835).

Qalaqayında icarə haqqı 150 şirvan rublu olan boyaq evi var idi. İcarə haqqını əvvəllər (1820-ci ilə qədər — S. İ.) Mustafa xana verirdilər. İrandan və digər yerlərdən Muğan mahalı ərazisindən keçən karvanın hər bir yükünə mahal bəyinin xeyrinə 6 abbası gömrük haqqı alınırdı. Qalaqayından 6 ağaclıqda 6 duz gölü var idi. Yerli əhali duz göllərindən vergi ödəmədən istifadə etdikləri halda, Şirvan əyalətinin digər yerlərindən duz aparmağa gələnlər hər yükə — taya 1 abbası verməli idilər. Kür arxasında yaşayan muğanlılardan çervondan (çervon 10-luq qızıl pul) başqa, digər vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Bunun əvəzində muğanlılar İran tərəfdən, Rusiyaya qarşı Muğançöldən gələn hər hansı təhlükənin qarşısını almalı, gözətçilik etməli və hərbi xidmətə həmişə hazır olmalı idilər. Beləliklə, muğanlılar ildə xəzinəyə hər ailəyə təqribən 1 çervon vergi ödəyirdilər. 1820-ci ildə sonuncu Şirvan xanlığının sonucu xanı Mustafa xan İrana qaçarkən Şirvan əyalətindən bir çox ailələr də onunla İrana qaçmışdı. Muğan mahalı da istisna təşkil etmirdi. Mustafa xanın mühacirəti zamanı xanın özündən narazı olanlar isə digər xanlıqlara dağılmışdı. Muğandan 50 ailə Talış xanlığına, 60 ailə isə Qarabağ xanlığına qaçmışdı. 1820-ci ildə Talış xanlığına qaçan ailələr geri qayıtsalar da Qarabağ xanlığına gedənləri Mehdiqulu xan hələ də geri qaytarmamışdı.

Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi

Sıra sayıKəndlərHəyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1Bəylik3179
2mənbədən oxunulmur1339
3Məmişli2361
4Kürkəndi1347
5Çəngən1329
6Rəncbər-11646
7mənbədən oxunulmur23
8Rəncbər-21329
9Qırağlı2446
10Minbaşılı1852
11Potubəyli2867
12Molla-Vaizli2490
13mənbədən oxunulmur3179
14Əli-Sultanlı2458
15Saatlı2867
16Quzman2465
17Molday2766
18Mustafabəyli2060
19QALAQAYIN96233
Cəmi194681216

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.

  • Qalaqayın (alm. Kalagail‎). Xəritə 1808-ci ildə tərtib edilib. Müəllif Xristian Qotfrid Henrix Qeysler (1770–1844).
    Qalaqayın (alm. Kalagail‎). Xəritə 1808-ci ildə tərtib edilib. Müəllif Xristian Qotfrid Henrix Qeysler (1770–1844).
  • Qalaqayın (alm. Kalagail‎). 1818-ci ildə tərtib olunub. Xəritənin müəllifi Con Pinkerton (1758–1826).
    Qalaqayın (alm. Kalagail‎). 1818-ci ildə tərtib olunub. Xəritənin müəllifi Con Pinkerton (1758–1826).
  • Muğan mahalının mərkəzi Qalaqayın (rus. Калакойны). Qafqaz diyarının ətraflı xəritəsi. 1838-ci ildə Baş Qərargahın səlahiyyəti altında litoqrafiya edilmişdir. Müəllif General-mayor Baron fon der Hoven.
    Muğan mahalının mərkəzi Qalaqayın (rus. Калакойны). Qafqaz diyarının ətraflı xəritəsi. 1838-ci ildə Baş Qərargahın səlahiyyəti altında litoqrafiya edilmişdir. Müəllif General-mayor Baron fon der Hoven.
  • 19-cu əsrin sonu Bakı quberniyasına aid xəritədə Qalaqayın (rus. Калакойны). Mənbə Brockhaus və Efron Ensiklopedik Lüğət.
    19-cu əsrin sonu Bakı quberniyasına aid xəritədə Qalaqayın (rus. Калакойны). Mənbə Brockhaus və Efron Ensiklopedik Lüğət.
  • Qalaqayın (ing. Kalakoni). 1861-ci ildə tərtib olunub. Xəritənin müəllifi Aleksandr Keyt Conston (1804-1871).
    Qalaqayın (ing. Kalakoni). 1861-ci ildə tərtib olunub. Xəritənin müəllifi Aleksandr Keyt Conston (1804-1871).
  • Qalaqayın (rus. Калакойны). 1869-cu ilin yanvarın 1-i tərtib olunub. Xəritənin müəllifi A. Ilyin.
    Qalaqayın (rus. Калакойны). 1869-cu ilin yanvarın 1-i tərtib olunub. Xəritənin müəllifi A. Ilyin.
  • Qalaqayın (alm. Kalakoyny‎). 1881-ci ildə tərtib olunub. Xəritənin müəllifi Riçard Andree.
    Qalaqayın (alm. Kalakoyny‎). 1881-ci ildə tərtib olunub. Xəritənin müəllifi Riçard Andree.
  • Qalaqayın (Kalakoiny). 1891-ci ildə tərtib olunub. Xəritənin müəllifləri Adolf Stieler (1775-1836), Avqust Peterman (1822-1878), Karl Voqel (1828-1897), Hermann Berqhaus (1828-1890), Hermann Habenixt (1844-1917). Mənbə "Adolf Stilerin əl atlası" (Adolf Stielers Handatlas).
    Qalaqayın (Kalakoiny). 1891-ci ildə tərtib olunub. Xəritənin müəllifləri Adolf Stieler (1775-1836), Avqust Peterman (1822-1878), Karl Voqel (1828-1897), Hermann Berqhaus (1828-1890), Hermann Habenixt (1844-1917). Mənbə "Adolf Stilerin əl atlası" (Adolf Stielers Handatlas).
  • Qalaqayın (Kalakony). 1901-ci ildə tərtib edilib. Müəllif Eduard Stanford (1827–1904).
    Qalaqayın (Kalakony). 1901-ci ildə tərtib edilib. Müəllif Eduard Stanford (1827–1904).
  • Qalaqayın (Kalakoiny). Xəritə 1911-ci ilin oktyabrında tərtib edilib. Müəllifi Aleksandr Keyt Conston (1804-1871).
    Qalaqayın (Kalakoiny). Xəritə 1911-ci ilin oktyabrında tərtib edilib. Müəllifi Aleksandr Keyt Conston (1804-1871).

İlk dövlət məktəbi

İlk dövlət məktəbi Qalaqayında 1889-cu ildə açılmışdır. İki sinifdən ibarət olan qəza məktəblərinin tədris planına şəriət, qiraət, hüsnxət, hesab, rus dili və yerli dillər daxil idi. Həmin məktəblər dövlət xəzinəsindən maliyyələşir və təhkimli olmayan adamların uşaqları üçün nəzərdə tutulmuşdu. Üçsinifli bu məktəblərdə birinci sinif hazırlıq dövrü hesab olunurdu və dərslər rus dilində aparılırdı, həmin məktəblərdə N. Dementyevin dərslikləri – "Əlifba", 12 səhifəlik əlyazması hüququnda "Qısa qaydalar", M. Kazımbəylinin "Türk-tatar dilinin qrammatikası", A. Z. Budaqovun "Türk-tatar dilinin əlifbası" və s. kitablar əsas tədris materialları idi.

Milli mübarizə

1917–1920-ci illərdə Azərbaycanın hər yerində o cümlədən, Sabirabad rayonunda türklərlə ermənilər arasında milli qarşıdurma baş vermişdir. Sovet məmurları A. K (6) partiyasının Sabirabad komitəsinin rəhbəri Cavadov və Sabirabad rayon hərbi komitəsinin başçısı Mollayev tərəfindən hazırlanan hesabatdan göründüyü kimi, 1918-ci il mart soyqrımı zamanı bolşeviklərə və erməni daşnaklarına qarşı burada ciddi müqavimət olmuşdur. Qalaqayın kəndi bu qarşıdurmada xüsusilə seçilmişdir.

Cavad qəzasında Sarıxan Şirvanlının rəhbərlik etdiyi dəstədə artıq demək olar ki, bir neçə kəndin əhalisi birləşmişdi. Bu dəstə ilə ordu qüvvələri arasında Qaradonlu məntəqəsinin Qalaqayın kəndində baş vermiş döyüşdə (iyunun 2–3-də) 200-dən artıq insan öldürülmüşdü. Kənd dəfələrlə əldən-ələ keçmiş, S. Şirvanlının dəstəsi kənddən sıxışdırılıb çıxarılmışdı. Diqqəti çəkən cəhət ondan ibarətdir ki, kənd əhalisi bütövlükdə üsyançılarla birgə kəndi tərk etməli olmuşdular. Bu isə müqavimət hərəkatında bolşeviklərin dediyi kimi "banditlər" deyil, xalqın iştirakının təsdiqidir.

Petropavlovka yaşayış məntəqəsi

İndiki Sabirabad şəhərinin əsasının qoyulması

Əvvəllər buraya 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri nəzarət edirdi. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı. 1805-ci ildə Cavad xanlığının ərazisi Rusiya imperiyasına birləşdirildi. 1868-ci ildə şəhəri bərpa etməyə cəhdlər edildi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı və Bakı hərbi qubernatoru, general-leytenant N. N. Kolyubakin 1870-ci il dekabrın 4-də Gürcüstan ekzarxı arxiyepiskop Yevsebiydən məbəd tikmək üçün icazə istədi. Ekzarxın, eləcə də Qafqazdakı qubernatoru, böyük hersoq Mixail Nikolayeviçin razılığını aldıqdan sonra tikinti başlandı. 26 fevral 1871-ci ildə müqəddəs həvarilər Pyotr və Pavelin şərəfinə məbədin təməl daşı qoyuldu. Memar Çijovun hesablamalarına görə, kilsənin tikintisi üçün xəzinədən 11587 rubl ayrıldı. Kilsə layihəsinin müəllifi əyalət mühəndisi A. İ. Bardin idi və tikinti onun nəzarəti altında aparıldı. 1875-ci ildə tikilmiş kilsə uzun müddət təqdis olunmamış qalmışdır. Qəza hökuməti bir çox inzibati səbəblərdən Salyana köçürüldü və Cavadda hələ də pravoslav xristianlar yox idi. Yalnız 1887-ci ildə ilk məskunlaşanlar Cavadda peyda oldular, bir neçə ailə məbədin təqdis olunmasını xahiş etməyə başladı. O vaxta qədər bina artıq müəyyən təmir tələb edirdi və məbəddə hələ də ikonostaz yox idi. Bakı quberniya idarəsi Cavad kilsəsinin ehtiyacları üçün 671 rubl 64 qəpik ayırdı. Bu pulla Moskva rəsmindən nişanlar olan bir qatlı taxta ikonostaz alınmış, cökə qurbangahı quraşdırılmış, üç zəng və kilsənin təqdis edilməsi üçün lazım olan əşyalar alınmışdır. 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi. Kilsənin kiçik olması səbəbindən yeni təqdis olunan kilsəyə daimi keşiş təyin edilmədi.

Cavad qəzasının Qalaqayın sahəsi və həmin sahənin eyniadlı Qalaqayın icması.
1886-cı il ailə siyahılarına görə Cavad qəzasının Qalaqayın sahəsində 21 kənd icması üzrə 65 kənd üzrə 5355 kəndli həyəti, 17156 nəfər kişi, 12957 nəfər qadın, əhalinin ümumi sayı isə 30113 nəfər olmuşdur.
Qalaqayın kənd icmasına isə qədim Qalaqayınla (indiki Sabirabad şəhəri) indiki Qalaqayın, Qıraqlı, Minbaşılı, Molday, Saatlı daxil olmuşdur.
Rus dilində: "Bu daşın altında Bakı quberniyasının Cavad qəzasının Petropavlovka kəndinin (indiki Sabirabad şəhəri) ilk sakini 9 yanvar 1915-ci ildə Tanrı qulu Pyotr Stepanoviç Solonin 78 yaşında dəfn olunub"

Qafqazda mülki hissənin baş komandanı A. M. Dondukov-Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi. Onun yerində yeni köçkünlər dəstəsinin məskunlaşmasına icazə verildi. 1892-ci ildən mərkəz kimi Cavadın əvəzində Qalaqayın ərazisində yaranan rus kəndi Petropavlovka (qovşağın sağ sahili) adlandırılmağa başladı. Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsi ziyarətçilərinin sayı artdı və müstəqil kilsə təşkil edilməsi zərurəti yarandı. 1892-ci ildə keşiş İohan Meiparianov kilsənin ilk keşişi oldu. Məzmur oxuyan da təyin olundu. Xəzinədən alınan maaş ildə keşiş üçün 450 rubl, məzmur oxuyan üçün isə 150 rubl idi.

Arxeoloji və tarixi mədəni abidələri

Qalaqayın kəndinin ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə. V–I əsrlər, V–II, b.e. I əsrlər və III əsirlərə aid edilir. Əlavə olaraq 1657-ci ildə Səfəvilər dövründə əsası qoyulmuş Qalaqayın məscidi də daxildir.

Coğrafiyası

Sabirabad rayonun şimali-qərb hissəsində yerləşən Qalaqayın kəndi yalnız Saatlı rayonuyla həmsərhəddir. İqlimi quru subtropik iqlimdir. Burada il ərzində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi müşahidə olunur. Ərazidə il ərzində günəşli saatların miqdarı çoxdur. Bu da bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Torpaqları əsasən boz-çəmən, boz-qonur torpaqlardır. Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.

İqtisadiyyatı

  • Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İnfrastrukturu

Qalaqayında dəmir-beton zavodu, məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt, ATS və 3 məscid var.

  • Qalaqayın dəmir-beton zavodu.
    Qalaqayın dəmir-beton zavodu.
  • Qalaqayın zavodu.
    Qalaqayın zavodu.

2024-cü ildə yenilənən Qalaqayın kənd tam orta məktəbi 528 şagird yerlikdir. Tikinti işlərinə 2022-ci ilin dekabrın 1-də başlanılıb və 2024-cü il sentyabrın 9-da işlər başa çatdırılıb.

Məktəbdə 21 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya, 2 əmək otağı, 3 informatika, 1 hərbi hazırlıq kabineti, kitabxana, akt zalı, yeməkxana və 540 kv. metr sahəsi olan idman zalı var.

Landşaftları və bioloji xüsusiyyətləri

İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlara da rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara-soğan, xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi, kolvari dəvəayağı, çərən, həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir.

  • Xəzər səhləbi
    Xəzər səhləbi
  • Xəzər sarıbaşı
    Xəzər sarıbaşı
  • Qara soğan
    Qara soğan
  • Dəvəayağı
    Dəvəayağı
  • Çəmənlik üçyarpaq yoncası
    Çəmənlik üçyarpaq yoncası

Regionda yarımsəhra qruplaşmalarında yovşanlı, şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır. Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.

Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibinə taxıl otları — yabanı arpa, bülbülotu üstünlük təşkil edir. Ağyarpaq qovaq, qaragac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.

  • Ağcaqovaq
    Ağcaqovaq
  • Qarağac
    Qarağac
  • Söyüd
    Söyüd
  • Yulğun
    Yulğun
  • İydə
    İydə

İqlimi

Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Orta temperatur (°C) 3.7 4.5 7.8 14.4 19.3 24.2 27 26 22.4 16 11.3 5.6 15.2
Orta yağıntı (sm) 26.3 36.6 36.2 35.5 35.2 27.5 10.4 14.4 30.5 49.3 34 26.6 362.5
Orta yağıntının miqdarı (günlər) 6.1 7.4 7.8 5.6 6.4 3.8 1.9 2.4 4.3 6.7 6.6 5.1 65.1
Orta gün uzunluğu (saatlar) 10.2 11.2 12.4 12.4 14.9 15.5 15.2 14.2 12.9 11.6 10.5 9.9 12.7
Orta nisbi rütubət (%) 77.6 78.8 74.1 67.8 66.1 60.7 56.5 60.5 67.8 76.5 70.2 75.1 69.3
Orta şeh nöqtəsi (°C) 0.1 1.1 3.5 8.5 12.8 16.1 17.6 17.8 16.2 11.9 6.1 1.5 9.6
Küləyin orta sürəti (km/h) 7.6 7.6 7.9 7.6 7.6 7.6 7.2 7.2 7.2 7.2 7.2 6.5 7.4
Mənbə: www.weatherbase.com

Faunası

Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz, ağqalın qaz, ağqaş qaz, qırmızıdöş kazarka, harayçı ququ quşu, fısıldayan ququ quşu, anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar, adi tülkü və s. canlılar yaşayır.

  • Boz qaz
    Boz qaz
  • Ağqalın qaz
    Ağqalın qaz
  • Qırmızıdöş qaz
    Qırmızıdöş qaz
  • Harayçı qu quşu
    Harayçı qu quşu
  • Fısıldayan qu quşu
    Fısıldayan qu quşu
  • Anqut
    Anqut
  • Canavar
    Canavar
  • Adi tülkü
    Adi tülkü

Kulinariya

Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir Qalaqayının mili kulinariyasının əsasını təşkil edir.

Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəkməz hazırlanır.

  • Piti
    Piti
  • Dolma
    Dolma
  • Kabab
    Kabab
  • Plov
    Plov
  • Əriştə hazırlanması
    Əriştə hazırlanması
  • Dovğa
    Dovğa
  • Ayran
    Ayran
  • Təndir çörəyi
    Təndir çörəyi
  • Lavaş
    Lavaş
  • Şoraba
    Şoraba

Əhalisi

2025-ci ilin siyahıyaalınmasına əsasən kənddə 7622 nəfər əhali yaşayır.

Tarixi əhali
İlƏh.±%
1820100-ə yaxın ailə (qalada)—    
1831233 kişi—    
1870338—    
1874528+56.2%
1885585+10.8%
18951.588+171.5%
19704.142+160.8%
Mənbə: Müxtəlif
2018-ci il2019-cu il2020-ci il2021-ci il2024-cü il2025-ci il
▲ 7489▲ 7551▲ 7631▲ 7658▲ 7571▲ 7622

Tanınmış şəxslərin siyahısı

  • Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə.
  • Həsən xan Muğanlı — Şahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə.
  • İbrahim xan Muğanlı — Şahsevən elinə mənsub olan Cavad xanlığının üçüncü xanı, sərkərdə.
  • Səfi xan Muğanlı — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.
  • Məhəmmədsalah xan — Şahsevən elinə mənsub olan Muğan mahalının hakimi.
  • Mustafa bəy Muğanlı — Şahsevən elinə mənsub olan Muğan mahalının hakimi.
  • Bəybala Xankişiyev — iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı.
  • Zəminə Aslanova — Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı, Azərbaycan pambıq ustası (1973), SSRİ Dövlət Mükafatı laureatı (1976).
  • Asif Hüseynov — Şabran Rayon İcra Hakimiyyətinin başçısı.
  • Fəqan Zalov — Azərbaycan hərbçisi və Vətən Müharibəsi Qəhrəmanı.

Keçmiş icra nümayəndələri

  1. İsrəfil Əslanov
  2. Faiq Əhmədov

Din

Kənddə Qalaqayın kənd məscidi dini icması fəaliyyət göstərir.

Qalereya

  • İkinci Qalaqayın dairəsi. Sabirabad şəhərindən gələrkən (şəklin sol tərəfi) soldan Balakənd (Sabirabad rayonu) və Sarıcalar kəndlərinə (Saatlı rayonu), düz istiqamətdə (şəklin sağ tərəfi) Bəylik kəndinə (Saatlı rayonu) gedən yol.
    İkinci Qalaqayın dairəsi.
    Sabirabad şəhərindən gələrkən (şəklin sol tərəfi) soldan Balakənd (Sabirabad rayonu) və Sarıcalar kəndlərinə (Saatlı rayonu), düz istiqamətdə (şəklin sağ tərəfi) Bəylik kəndinə (Saatlı rayonu) gedən yol.
  • "Xan bağı" (1868) qəbristanlığı. Qalaqayın.
    "Xan bağı" (1868) qəbristanlığı. Qalaqayın.
  • Bəylik kəndinə (Saatlı rayonu) gedən yolda kanal-şlyuz. Qalaqayın.
    Bəylik kəndinə (Saatlı rayonu) gedən yolda kanal-şlyuz. Qalaqayın.
  • Qovaq ağacı. Bəylik kəndinə gedən yol. Qalaqayın.
    Qovaq ağacı. Bəylik kəndinə gedən yol. Qalaqayın.
  • Küknar ağacları. Bəylik kəndinə gedən yol. Qalaqayın.
    Küknar ağacları. Bəylik kəndinə gedən yol. Qalaqayın.
  • Küknar ağacları. Bəylik kəndinə gedən yol. Qalaqayın.
    Küknar ağacları. Bəylik kəndinə gedən yol. Qalaqayın.

Həmçinin bax

  • Kalaqain
  • Kalağaylı
  • Cavad qəzası
  • Muğan dairəsi
  • Muğan mahalı
  • Cavad
  • Cavad xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalaqayın haqqında məlumat. Qalaqayın nədir? Qalaqayın nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nizami Əruzi

  • Fevral 27, 2026

    İnanlı oymağı

  • Fevral 27, 2026

    Duxan surəsi

  • Fevral 27, 2026

    Mucadələ surəsi

  • Fevral 25, 2026

    Proletariat diktaturası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst