Pənahi Makulu, Abbas Makulu və ya Abbas Pənahi (1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı, tərcüməçi, siyasətçi.
| Pənahi Makulu | |
|---|---|
| |
| Təxəllüsü | Makulu |
| Doğum tarixi | 1 may 1900 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 29 sentyabr 1971 (71 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Milliyyəti | azərbaycanlı |
| Uşaqları |
|
| Fəaliyyəti | yazıçı, nasir |
| Əsərlərinin dili | azərbaycanca |
Siyasi fəaliyyətinə görə Pəhləvilərin hakimiyyəti dövründə həbs olunub və Zəncana sürgün edilib. 1941-ci ildə sürgündən azad olunduqdan sonra Təbrizə gəlib və "21 Azər" hərəkatında iştirak edib. Azərbaycan Demokratik Firqəsinə üzv olub, firqənin birinci qurultayında nümayəndə kimi iştirak edib. ADF-nin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıları, povestləri və felyetonları ilə çıxış edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Siyasi İşlər İdarəsində fəaliyyət göstərib.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycan SSR-yə mühacirət edib və Bakıda yaşamağa başlayıb. 1948-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda işləməyə başlayıb. "Səttarxan", "Xiyabani", "Gizli zindan", "Heydər Əmioğlu" kimi tarixi romanların müəllifidir. "Səttarxan" romanı Moskvada, rus dilində 100 min tirajla çap olunub. 1962-ci ildə Yaxın Şərq ölkələrində yazıb yaratmış 5.711 yazıçı, şair və mütəfəkkir haqqında məlumatları cəmləyən "Ədəbi məlumat cədvəli"ni yazıb.
Geologiya-mineralogiya elmləri doktoru Şəfiq Pənahinin, filologiya elmləri doktoru Mənuçöhr Pənahinin və animator, ssenarist və rejissor Məsud Pənahinin atasıdır.
Həyatı
İlk illəri

Abbas Hacı Ələkbər oğlu Pənahi 1900-cü ildə Maku şəhərində anadan olub. İlk təhsilini Xoy şəhərində yerləşən Mirzə Yusif mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində alıb.
Abbas Pənahi ilk şeirini satirik üslubda 1916-cı ildə yazıb. Bir neçə il ailəsi ilə birlikdə Tiflis şəhərində yaşayıb. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyub. Məclisin sədri Böyükağa Talıblın tərəfindən Abbas Pənahiyə bu məclisdə "Makulu" təxəllüsü verilib. Yazdığı şeirlər əsasən "Yeni fikir" qəzetində yayımlanıb. Müxtəlif dövrlərdə "A. Makui", "A.P.", "Ayın P." və "Makulu" təxəllüslərindən istifadə edib. 1926-cı ilə qədər şeirlərini "Makulu" adı ilə çap etdirib.
1925-ci ildə "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə Abbas Pənahi özünü nəsr sahəsində yoxlayıb. Yazdığı "Pərişan" povesti "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutub. Bundan sonra o, İrandakı ictimai-siyasi prosesləri açıqlayan hekayələr, povestlər və felyetonlar yazmağa başlayıb.
1928-ci ildə atası Hacı Ələkbər ağır xəstələndiyi üçün Abbas Pənahi İrana geri qayıdıb. 1928–1935-ci illərdə "İran məşrutəsi" adlı əsəri qələmə alıb və siyasətlə məşğul olub. 1935-ci ildə siyası fəaliyyətinə görə həbs olunub. Əvvəlcə Makuda daha sonra isə Urmiyada saxlanılıb. Bir ilə yaxın Urmiya həbsxanasında qaldıqdan sonra 1936-cı ildə ömürlük Zəncana sürgün olunub. 1939-cu ildə təqiblərə məruz qaldığı üçün yenidən həbs olunsa ələ keçməsinlər deyə "İran məşrutəsi" adlı əsərini və atası tərəfindən Məşrutə hərəkatı dövründə yazılmış bir sıra qiymətli əsərləri sobada yandırıb.
1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Abbas Pənahi də 1941-ci ilin payızında sürgündən azad olunub və Zəncanı tərk edərək Təbriz şəhərinə gedib.
"21 Azər" hərəkatında
Abbas Pənahi Təbrizə gəldikdən sonra "Azərbaycan" qəzetində fəaliyyət göstərməyə başlayıb. Qəzetin səhifələrində dövrün hadisələrini əks etdirən felyetonlar, tənqidi məqalələr yazıb. 1945-ci ildə Azərbaycan Demokratik Firqəsinə üzv olub. Firqənin birinci qurultayında Maku şəhərinin nümayəndəsi kimi iştirak edib.
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Abbas Pənahi bu dövrdə Siyasi İşlər İdarəsində fəaliyyət göstərib.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Sonrakı həyatı
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Pənahi Makulu Azərbaycan SSR-yə mühacirət edib və Bakıda yaşamağa başlayıb. "İnqilab və mədəniyyət" jurnalında, "Azərbaycan" qəzetində felyetonlar, povest və romanlarla çıxış edib. 1948-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda kiçik elmi işçi vəzifəsində işləməyə başlayıb.
İlk nəsr əsəri olan "Pərişan" povestini sonradan bəzi dəyişikliklər etdikdən sonra "Sirli çoban" adı ilə nəşr etdirib. "Sirli çoban", "Qırmızı aşıqlar", "Təbriz gecələri", "İntiqam dəstəsi", "İki rəqib"", "Məzhəb təəssübü" kimi hekayələri "İnqilab və mədəniyyət" jurnalında və "Azərbaycan" qəzetində işıq üzü görəndən sonra 1950-ci ildə "Təbriz gecələri" adlı hekayələr kitabını nəşr etdirib. Bu hekayələrdə Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra baş vermiş real hadisələr, qırğınlar təsvir olunub. 1952-ci ildə isə "Mübarizlər" kitabı çap olunub. İlk irihəcmli əsəri Məşrutə hərəkatının lideri olan Səttar xan haqqında yazdığı "Səttarxan" romanı olub. Roman ilk dəfə "Azərbaycan" jurnalının 8, 9, 10, 11-ci saylarında hissə hissə işıq üzü görüb. Əsərdə Səttar xanla yanaşı onun silahdaşları Bağırxan, Əli Səhlanlı, Hacı Əli Davaçı, Mirzə İbrahim ağa, Mahmud, Qasım, Sabir, Hüseyn xan Bağban kimi obrazlar da təsvir edilib. "Səttarxan" romanı kitab kimi 1957-ci ildə Bakıda Azərbaycan dilində çap olunub.

Sonrakı illərdə Rza xanın Qacarları devirib hakimiyyət gəlməyi və törətdiyi cinayətlər haqqında "Gizli zindan", inqilabçı, siyasətçi Şeyx Məhəmməd Xiyabaniyə həsr olunmuş "Xiyabani", inqilabçı, Məşrutə hərəkatının iştirakçısı olmuş Heydər xan Əmioğluya həsr olunmuş "Heydər əmioğlu", Qacarların hakimiyyəti dövründə baş verən hadisələrə həsr olunmuş "Xacələr" tarixi romanlarını yazıb.
Ərəb əlifbasında yazılan təzkirələrin oxunmasını asanlaşdırmaq üçün on əsas qaynağı bir kiril əlifbasında verməklə "Ədəbi məlumat cədvəli"ni tərtib edib. Bu məlumat cədvəlində Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" (1486), Lütfəli bəy Azər Bəydilinin "Təzkireyi-Atəşkədə" (XVII yüzilliyin sonu), Əmin Əhməd Razinin "Təzkireyi-həft iqlim" (1593), Əmir Qulaməlixan Belkraminin "Təzkireyi-xəzaneyi-amirə" (1763), Rzaqulu xan Hidayətin "Məcməül-füsəha", Məhəmmədəli Tərbiyətin "Daneşməndani-Azərbaycan", Şəmsəddin Saminin "Qamysül-elam", Mir Möhsün Nəvvabın "Təzkireyi-nəvvab", Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" və Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" kimi mənbələrdən toplanmış məlumatlar vahid bir prinsiplə cədvəl şəklində tərtib olunub. Cədvəldə ümumilikdə Yaxın Şərq ölkələrində yazıb yaratmış 5.711 yazıçı, şair və mütəfəkkir haqqında məlumatlar toplanıb. "Ədəbi məlumat cədvəli" 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən Bakıda nəşr olunub.
Fəaliyyət göstərdiyi dövr ərzində Sədi Şirazinin, Ömər Xəyyamın, Baba bəy Üryanın bəzi əsərlərini, eləcə də Nizami Əruzi Səmərqəndinin "Çaharməqalə", Cahangir Mirzə Qacarın "Tarixi nov", Mirzə Bağır Vicuyeninin "Bəlvayi-Təbriz" əsərlərini Azərbaycan dilinə tərcümə edib.
SSRİ Yazıçılar İttifaqının üzvü olub.
Abbas Pənahi 1971-ci il sentyabrın 29-da Bakıda vəfat edib və Bakıda dəfn olunub.
1972-ci ildə yazıçının "Səttarxan" romanı Moskvada, rus dilində 100 min tirajla çap olunub. Bu roman 1983-cü ildə Azərbaycan dilində 2 cilddə ikinci dəfə nəşr olunub. "Xiyabani", "Heydər Əmioğlu", "Xacələr" əsərləri də ayrıca kitab şəklində çap olunub. "Xiyabani" və "Heydər Əmoğlu" əsərləri yazıçının ölümündən sonra işıq üzü görüb.
Ailəsi
Abbas Pənahi Hacı Ələkbər və Sünbül xanımın ailəsində dünyaya gəlib. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olub, Məşrutə hərəkatı vaxtı Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda iştirak edib və bu şəhərlərdə əncümən başçısı olub.
Abbas Pənahi Səriyyə xanımla ailə qurub. Bu evlilikdən Şəfiq, Mənuçöhr və Məsud adlı övladları dünyaya gəlib. Böyük oğlu Şəfiq Pənahi 1925-ci ildə Tiflisdə anadan olub. 1984-cü ildə geologiya-mineralogiya elmləri doktoru adını alıb. Geologiya-mineralogiya sahəsində 150-dən çox elmi məqalənin, 20-dən çox kitabın müəllifidir.
Ortancıl oğlu Mənuçöhr Pənahi 1929-cu ildə Makuda anadan olub. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə üzv olub. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib. Elə həmin ildə Azərbaycan Milli Hökuməti tərəfindən hərbi təhsil almaq üçün Bakıya göndərilib. Bakıda hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. 1948–1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. Təhsilini davam etdirib və filologiya elmləri doktoru adını alıb.
Kiçik oğlu Məsud Pənahi 1943-cü ildə Zəncanda anadan olub. Kino rəssamı, animator, ssenarist və rejissordur. Bakıda təhsil alıb və 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi fəaliyyət göstərib. "Pıspısa xanım və Siçan bəy", "Günlərin bir günündə", "Qız qalası əfsanəsi" kimi animasiya filmlərinin müəllifidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pənahi Makulu haqqında məlumat. Pənahi Makulu nədir? Pənahi Makulu nə deməkdir?