Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizlər

Türkman (etnonim)

  • Ana Səhifə
  • Vikipediya
  • Türkman (etnonim)

Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi.

Türkmənlər
İrəvan (indiki Ermənistan) yaxınlığında türkmən qülləsi
Özünüadlandırma
türk. Türkmenler, fars. تراکمه‎
Yaşadığı ərazilər
Mərkəzi Asiya, Cənubi Qafqaz, Orta Şərq
Dili

Oğuz türkcəsi
(Azərbaycan türkcəsi  • Türkməncə  • Anadolu türkcəsi)

Dini

Əsasən islam
(Sünni  • Ələvi  • Bəktaşi  • On iki imam şiəliyi)

Qohum xalqlar

digər türk xalqları

Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir.

Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır.

Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir. XXI əsrin əvvəllərində bu etnonim Türkmənistanın əsas əhalisi, İran, Əfqanıstan və Rusiyada böyük icmaları olan Mərkəzi Asiya türkmənləri, həmçinin oğuz türklərinin digər törəmələri olan İraq və Suriya türkmanları tərəfindən istifadə olunur.

Mündəricat

Etimologiya və tarixi

"Türkmən" və ya "türkman" etnoniminin etimologiyası ilə bağlı hazırkı əksəriyyət rəyi ondan ibarətdir ki, bu, "Türk" sözündən və türk dillərində vurğulayıcı "-mən" şəkilçisindən əmələ gəlmiş, "türklər arasından ən türkü" və ya "saf qanlı türklər" mənasını verir. Orta əsrlərə aid olan, Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni və Kaşğarlı Mahmudun yazılarında rast gəlinən xalq etimologiyasına görə, bu söz "-mən" yox, farsca "-manind" şəkilçisindən formalaşmışdır və nəticədə "türk kimi" deməkdir. Əvvəllər müasir elmdə dominant etimologiya olsa da, bu qarışıq türk-fars variant indiki dövrdə yanlış hesab olunur.

Alman xəritəsində göstərildiyi kimi, Osmanlı imperiyasında "Turcomania".

"Türkmən" və ya "türkman" termininin məlum olan ilk qeydinə islam ədəbiyyatında X əsrin sonlarına yaxın ərəb coğrafiyaşünası Şəmsəddin Əbu Abdullah Müqəddəsi "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat" əsərində rast gəlinir. Müqəddəsi 987-ci ildə tamamladığı əsərində türkmənlər haqqında iki dəfə məlumat yazaraq regionu Mərkəzi Asiyadakı müsəlman torpaqlarının hüdudu kimi göstərmişdir. Mübahisəli yanaşmaya görə, VIII əsr soqdca məktubda qeyd edilən "soqd trwkkmˀn" sözü, həmçinin çincə Soqdiananın başqa adı olan, "Tundian"da qeyd edilən "Tecumen" (çin. ənən. 特拘夢, pinyin: Тō-kü-mǒng/Tejumeng) sözü "türkmən" etnoniminin ilk məlum qeydi ola bilər. Hər halda, bu söz "türkmən" olaraq başa düşülsə belə, onlar qarluqlara aid edilmiş ola bilər.

Orta əsr islam müəllifləri Biruni və Mərvazinin məlumatına görə, türkmən termini islamı qəbul etmiş oğuz türklərini nəzərdə tuturdu. Bununla belə, qarluqlar kimi oğuz olmayan türklərin də "türkmən" və ya "türkman" adlandırıldığına dair dəlillər var. Daha sonra, orta əsrlərdə bu termin oğuz türkləri – VIII əsrdə Oğuz Yabqu adlı böyük bir tayfa konfederasiyası quran qərbi türklər üçün geniş şəkildə istifadə edilmişdir. Sakinləri oğuz türkcəsində danışan bu dövlət Mərkəzi Asiyada Aral və Xəzər dənizləri arasında yerləşən ərazini əhatə edirdi. Əslən eksonim olan "türkmən" sözü daha qədim və tanış olan "türk" adı ilə birlikdə istifadə edilirdi. Bundan başqa, "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları da istifadə olunurdu,. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar.

Orta əsr Qaraqoyunlu türkmən ordusuna məxsus dəbilqə.

XI əsr Mərkəzi Asiya və Yaxın Şərqdə səlcuqi işğalları dövrü idi. O dövrdə ümumi mənzərədə türkmənlər kimi tanınan müsəlman oğuzlar gələcək səlcuqi tayfa birliyinin və XI əsrdə yaradacaqları dövlətin əsasını təşkil edən qınıq tayfasının ətrafında birləşmişdilər. Bu səlcuqi türkmənlər 1020-ci illərdə öz vətənləri Mavəraünnəhrdən Qaraqum səhrasından keçərək Qəznəvi Xorasanının kənarlarına köçmüşdülər. Sonralar böyük türkmən dəstələri naxır və sürüləri ilə qərbə – Rey və Cibala, 1030-cu ilə qədər isə qərbə Azərbaycana qədər köçmüşdülər. Qəznəvilərin cəza xarakterli əks-hücumları bu türkmənlərin bir hissəsini geri çəkilməsinə səbəb olmuşdu, lakin digər dəstələr artıq bütün Şimali Xorasanın şəhərlərini qarət edərək karvan hərəkətinə və ticarət həyatına ciddi maneələr törətmiş, həmçinin qoyunlarını və atlarını otararaq vahələri məhv etmişdilər. Səlcuqilərin 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəvi ordusu üzərində qəti qələbəsi Səlcuqi sülaləsinə İranda və onun hüdudlarından kənarda öz hakimiyyətini qurmağa imkan yaratmışdır.

Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. XII əsr İran yazıçısı Mərvazi qeyd etmişdir:

" Türkmənlər islam ölkələrində məskunlaşaraq böyük xarakter nümayiş etdirdilər. O qədər ki, onlar bu torpaqların çoxunu idarə edir, padşah və sultan olurlar .... Səhralarda və çöllərdə yaşayan, yay-qış köçəri həyat tərzi sürənlər insanların ən güclüsü, döyüşdə və müharibədə ən israrlı olanlarıdır. "

Məhz həmin illərdə oğuz türklərinin əksəriyyəti müsəlman olduğu üçün XII əsrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir.

Son orta əsrlərə doğru Anadolunun şərq hissəsi Avropa mətnlərində "Turkomaniya", Osmanlı mənbələrində isə "Türkməneli" kimi tanınmağa başlamışdır. Müasir İraq ərazisindəki türkmən icmasının mərkəzi Kərkük olmuşdur. Türkmənlərin tərkibinə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakim tayfaları olmuş Yıva və Bayandur tayfaları da daxil idi. Ağqoyunlunun süqutundan sonra əfşarlar, hacılılar, pörnəklər, döyərlər və mosullular kimi bəziləri öz adları altında olmaqla sonra türkmən tayfaları türkmən qızılbaş tayfa konfederasiyasında birləşmişdilər. Bu türkmən tayfalarına Ustaclı, Rumlu, Şamlı, Dülqədir, Qacar və Təkəli tayfaları da aid idi.

Müasir dövrdə

Yörük qızları ənənəvi geyimdə. Balıkəsir, Türkiyə.

Son orta əsrlərdə Anadoluda "türkmən" termini tədricən "Osmanlı" termini ilə əvəz olunmuşdur. Osmanlı imperiyasının hakim təbəqəsi XIX əsrə qədər özlərini Osmanlı kimi tanımışdılar. XIX əsrin sonlarında onlar Avropada yaranmış milliyətçilik ideyalarını mənimsəmiş, "türkmən" əvəzinə daha ümumi "türk" termininin istifadəsinə qayıtmağa üstünlük vermişdilər, baxmayaraq ki, əvvəllər "türk" sözü yalnız Anadolu kəndlilərinə aid edilirdi.

İran Azərbaycanında yaşayan türklər üçün etnonim kimi "türkmən" sözündən istifadə XVII–XVIII əsrlərdən sonra ümumi olaraq yoxa çıxmışdır. Bu, XX əsrin əvvəllərində "türk", "tatar" və "Əcəm" də daxil olmaqla regionun türk xalqları üçün digər etnotarixi terminlərlə əvəzedici mənada istifadə olunmağa davam etmişdir. XXI əsrin əvvəllərində "türkmən" Azərbaycan xalqının subetnik qrupu olan yarımköçəri Tərəkəmə tayfalarının öz adı olaraq qalır.

XXI əsrin əvvəllərində İran, Əfqanıstan, Rusiya, Özbəkistan, Tacikistan və Pakistanda böyük icmaları olan Türkmənistan türkmənləri, eləcə də oğuz türklərinin digər törəmələri olan, daha çox Anadolu türk irsinə və kimliyinə bağlı qalmış İraq və Suriya türkmanları hələ də "türkman" və "türkmən" etnonimlərindən istifadə edirlər. İraq və Suriya türkmanlarının əksəriyyəti Osmanlı imperiyası dövründə Anadoludan İraqa gətirilən Osmanlı əsgərlərinin, tacirlərinin və məmurlarının nəslindəndir. İsrail və Livan türklərinə, Anadolu türklərinin subetnik qrupu yörüklərə və azərbaycanlıların subetnik qrupu qarapapaqlara da "türkmən" deyilir.

"Türkmən" və "türkman" sözləri tarixən və indiki dövrdə də bir-birini əvəz edə bilirlər.

Mədəniyyəti

Ənənəvi geyimdə olan səlcuqi kişi və qadını təsvir edən mum işi. Yaqutiyyə mədrəsəsi, Ərzurum, Türkiyə.

Orta əsr türkmən mədəniyyəti daha çox köçəri ünsürlərin mühüm rol oynadığı oğuz mədəniyyətinin davamı idi. İslamı qəbul etdikdən sonra türkmənlər oğuz mədəniyyətində adi hala gəlmiş şərab içmək kimi bir sıra ənənəvi adətlərini dəyişməli olmuşdular. Buna baxmayaraq, islamla birlikdə çoxarvadlılıq türkmənlərin həyat tərzinə daxil olmuşdur, baxmayaraq ki, əvvəllər oğuzlarda təkkəbinlilik üstünlük təşkil edirdi və oğuz qadınları ailə işlərində fəal rol oynayırdılar.

Dini

Türkmənlər Kiçik Asiyada məskunlaşanda onların islama bağlılığı istənilən milli şüuru əvəz etmiş və ənənəvi dəyərlərini dəyişmişdir. İslam dini türkmənlərin kimliyində və mədəni həyatında mühüm rol oynamışdır. Bundan başqa, oğuz türkləri Mərkəzi Asiyada Samanilər dövründə böyük əksəriyyəti islamı qəbul etdikdən sonra türkmənlər kimi tanınmağa başlamışdılar. Türkmənlər Asiya çöllərindən İran dünyasına ilk dəfə daxil olan vaxtlarda onların böyük əksəriyyəti müsəlman olsa da, hələ də animist, totemist, şamanist və zərdüşti inanclarına sahib idilər. Bu türkmənlər yeni din olan islamı qəbul edərkən öz inanc və ayinlərini qoruyub saxlamışdılar.

İsfahanda yerləşən Cümə Məscidi XII əsrdə, Səlcuq imperiyası dövründə tikilmişdir.

X əsrə qədər türkmənlər əsasən müsəlman idilər, tək bir din və məqsədə bağlı qalmışdılar. Onlar daha sonra islamın sünni və şiə məzhəblərinə bölünmüşdülər. Bununla belə, onlar hələ də oturaq dövlətlərinin pik illərində köçəri mədəniyyətinin elementlərini qoruyub saxlaya bilmişdilər. Çöl mədəniyyətinin təsirləri türkmən nikahlarında da özünü büruzə verirdi. Böyük Səlcuq sultanı Toğrul köhnə oğuz adətinə uyğun olaraq mərhum qardaşı Çağrı bəyin dul qalmış həyat yoldaşı ilə evlənmişdir ki, bu da islamda nifrət edilən bir adətdir.

Orta əsr türkmənləri əvvəllər xristian olan torpaqlarının, xüsusilə Bizans Anadolusu və Qafqazın böyük bir qismini zəbt etməklə islamın genişlənməsinə mühüm töhfə vermişdilər.

Dili

İndiki dövrdə oğuz dillərinin danışıldığı əraziləri göstərən xəritə.

Türkmənlər ilk növbədə türk dillərinin oğuz qoluna aid olan və ya mənsub olan dillərdə danışırdılar ki, bunlara səlcuqi, Qədim Anadolu türkcəsi və Osmanlı türkcəsi kimi dil və dialektlər daxildir. Oğuz türklərinin epik hekayələrindən ibarət "Kitabi-Dədə Qorqud" orta əsr türkmənlərinin danışdıqları dilin önəmli nümunəsidir. Bu, qarışıq xarakter daşıyır və qədim oğuz türkcəsindən İran Azərbaycanında danışılan erkən müasir türkcəyə keçid dövrünün canlı xüsusiyyətlərini əks etdirir. Uyğur dilində olan orfoqrafik, leksik və qrammatik strukturlara ilkin olaraq Mərkəzi Asiyanın bəzi yerlərində yaşayan oğuz türklərinin danışıqlarında rast gəlinirdi.

"Oğuz-türkmən" kimi tanınan ilk dil materialı orta əsr türk alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazdığı "Divanü Lüğat-it-Türk" (Türk dilləri lüğəti) adlı əsərində verilmişdir. Kaşğari ilk növbədə "türkmən" termini ilə bağlı öz anlayışını təqdim etməyə çalışmışdır: "Türkmənlər. Onlar Oğuzlardır", "Oğuzlar. Türklərin bir tayfası; Türkmənlərdir". Müəllif oğuz türkmənlərinin dilinin fonetik, leksik və qrammatik xüsusiyyətlərini də misal çəkmiş, onları "oğuz", "oğuz-türkmən", "türkmən-oğuz" və ya sadəcə olaraq "türkmən" terminləri altında təqdim etmişdir. Kaşğari həmçinin, oğuz-türkmən dilində bir neçə dialekt müəyyən etmiş və müəyyən dialekt fərqlərini ortaya çıxaran bir neçə nümunə göstərmişdir.

Qədim Aanadolu türkcəsi XI əsrdə regiona köçən səlcuqi türkmənləri tərəfindən Anadoluda formalaşmışdır və XV əsrə qədər ərazidə yaşayan türkmənlərin əsas danışıq dili olmuşdur. Bu, Osmanlı dili ilə yanaşı türk dillərinin oğuz qrupuna daxil olan məlum qədim dillərdən biridir. Bu, türk və ya Azərbaycan dilləri kimi qərbi oğuz dillərinə yox, müasir türkmən və Xorasan türkcəsi kimi şərqi oğuz dillərinə xas olan müəyyən xüsusiyyətlər nümayiş etdirir. "Bol-" şəkilçisi kimi Qədim Anadolu türkcəsinə xas xüsusiyyətlər müasir türkmən dilində və Xorasan türkcəsində də mövcuddur, lakin bu, müasir türkcədə "ol-" formasındadır.

Ədəbiyyatı

"Kitabi-Dədə Qorqud"un Günbəd əlyazmasının üz qabığı.

"Kitabi-Dədə Qorqud" oğuz türklərinin şahəsəri hesab olunur. Son orta əsrlərdə yaranan digər görkəmli ədəbiyyat nümunələri arasında azərbaycanlıların, Anadolu türklərinin və Türkmənistan türkmənlərinim ədəbiyyat tarixinə daxil olan "Oğuznamə", "Battalnamə", "Danişməndnamə" və "Koroğlu" dastanları da vardır.

"Kitabi-Dədə Qorqud" oğuz türklərinin dilini, həyat tərzini, dinlərini, adət-ənənələrini, sosial normalarını özündə əks etdirən dastan və hekayələr toplusudur. Dövrün digər diqqətəlayiq ədəbi əsərlərinə Yazıcıoğlu Əlinin "Təvarixi Ali Səlcuq" (Səlcuqilər xanədanının tarixi), Füzulinin "Şikayətnamə" və "Dastan-ı Leyli vü Məcnun", Yunus Əmrənin "Risalətun-Nushiyyə", İbrahim Haqqı Ərzuruminin "Marifətnamə" əsərləri daxildir.

Bəzi türkmən sülalələri

  • Səlcuqilər
  • Zəngilər
  • Anuştəkinlilər
  • Anadolu bəylikləri
  • Osmanlıoğulları
  • Ağqoyunlular
  • Qaraqoyunlular
  • Əfşarlar
  • Qacarlar
  • Səfəvilər

Qeydlər

  1. ortatürk: تُركْمانْ; osman. تركمن, transliterasiya: Türkmân; türk. Türkmen; türkm. Türkmen; fars.: təkdə ترکمن, transliterasiya: Türkəmən və cəmdə تراکمه, transliterasiya: Tərakimə; lat. Turcomannus

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkman (etnonim) haqqında məlumat. Türkman (etnonim) nədir? Türkman (etnonim) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kopenhagen Təfsiri

  • Fevral 24, 2026

    Vitaceae

  • Fevral 27, 2026

    Qonur ayı

  • Fevral 27, 2026

    Aranilər

  • Fevral 27, 2026

    Ra

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst