Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır.
Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir.
Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizm və sağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir. Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür. Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar.
Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır. Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir.
Etimologiya
Qarovulçu dövlət (alm. Nachtwächterstaa) termini almaniyalı sosialist filosof Ferdinand Lassal tərəfindən 1862-ci ildə Berlin şəhərində söylədiyi nitq zamanı yaradılmışdır. O, burjua liberal məhdud hökumətli dövlət modelini tənqid etmiş, yeganə məqsədi oğurluğun qarşısına almaq olduğundan onu gecə qarovulçusuna bənzətmişdir. Baxmayaraq ki, liberalizm getdikcə dövlətin məişətdə daha çox iştirakını və daha böyük bir məsuliyyətinə sahib olmasını dəstəkləyən bir ideologiyaya çevrilirdi, bu ifadə yenə də tez bir zamanda kapitalist hökumətin izahına çevrilmişdir.
Lüdviq fon Mizes daha sonra Lassalın məhdud hökumətli dövlət modelini cəfəngiyyət kimi göstərmək istədiyini, ancaq onun "kələm turşusunun hazırlanması, şalvar düymələrinin istehsalı və ya qəzetlərin çap edilməsi" ilə məşğul olan hökumətlər qədər cəfəng olmadığını demişdir.
Qarovulçu dövlət modelinin tərəfini saxlayanlar minarxistlər adlanır. Bu termin "minimum" və "-xiya" birləşməsindən əmələ gəlmişdir. "Arxi" (q.yun. ἀρχή) yunan sözüdür və mənası "birinci yer, güc", "hökumət metodu", "imperiya, səltənət", "səlahiyyətlilər" və ya "idarə etmək"dir. Minarxizm termini Semyuel Edvard Konkin tərəfindən yaradılmışdır.
Fəlsəfə
Minarxistlər adətən hücum etməmə prinsipinə sadiq qalması şərti ilə dövlətə haqq qazandırırlar. Onlar iddia edirlər ki, anarxo-kapitalizm hücum etməmə prinsipini tətbiq etməkdə əlverişli olmadığına görə qeyri-praktikdir, çünki qanunların tətbiqi anarxizm altında rəqabətə açıqdır. Başqa populyar arqument özəl müdafiə və məhkəmə firmaları onlara daha çox pul ödəyənlərin maraqlarını təmsil etməyə meyillidir.
Bəzi minarxistlərin fikrinə görə, dövlətin mövcudluğu qaçınılmazdır və anarxiya hər halda nəticəsiz olacaq. Minimal dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında populyarlaşdırılmışdır. O, bu kitabda qarovulçu dövlətin fundamental fərdi hüquqlara hörmət edən hər hansı bir siyasi sistem üçün çərçivəni yaratdığını irəli sürmüşdür və buna görə də dövlətin mövcudluğuna mənəvi olaraq haqq qazandırmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, minarxizm sözünün mənası, minarxizm haqqında məlumat. minarxizm nədir? minarxizm nə deməkdir?