Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad

Milad ağacı

  • Ana Səhifə
  • Vikipediya
  • Milad ağacı

Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir. XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır.

Bakıda süni şamlar, çiçəklər və digər dekorlarla bəzədilmiş klassik şam ağacı
Şenonso qəsrində süni tropik budaqlar, qızılı və qırmızı şarlar və digər dekorlarla bəzədilmiş şam ağacı

Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.

Mündəricat

Tarixi

Müasir Milad ağacının mənşəyi

Müasir Milad ağacının mənşəyi erkən modern Almaniyada İntibah dövrünə qədər gedib çatır. XVI əsrdə protestant xristian islahatçı Martin Lüterin ilk dəfə həmişəyaşıl ağaca işıqlı şamlar asdığına inanılır. Alman lüteranlar tərəfindən Milad ağacının bəzədilməsi ilk dəfə XVI əsrdə qeydə alınmışdır və həmin məlumatda bildirilir ki, 1539-cu ildə Protestant islahatçılardan Martin Buçerin liderliyi ilə Milad ağacı Strasburq kafedralında yerləşdirilmişdir. Morav xristianları ilk dəfə Milad ağacını şamlarla bəzəməyə başlamışlar. Milad ağacının dəqiq tarixi bilinən ən qədim təsviri Fransanın Qrand Est regionundakı (keçmiş Elzas) Türkheym kommunasındakı şəxsi evin açardaşı üzərindəki 1576-cı ilə aid qabartmadır.

Mümkün sələflər

Müasir Milad şam ağacı orta əsr misteriyalarında müxtəlif ölkələrdə Adəm və Həvvanın xatirə günü münasibətilə 24 dekabrda bəzədilən Cənnət ağacı ilə əlaqəlidir. Bu cür pyeslərdə dekor kimi istifadə edilən ağac, almalar (bilgi, xeyir və şər ağacının məhsullarını, dolayısıyla Məsihin öz üzərinə aldığı İlk Günahı təmsil edir) və dairəvi ağ vaflilərlə (Yevxaristiya və bağışlanmanı təmsil edir) bəzədilirdi. Sonradan, Doğulma səhnəciyi kimi Cənnət ağacı da tədricən evlərdə yerləşdirilməyə başlamışdı. Ağacın bəzədilməsində istifadə edilən almalar isə parlaq şarlarla əvəzlənmişdir.>

Son orta əsrlərdə, müasir Milad ağacının ilk sələfi XV əsrdə Portuqaliyadakı sistersian Alkobasa monastırında qeydə alınmışdır. Sistersian ordeninin yüksək rütbəli yerli idarəçisinin qeydi Milad ağacının bilinən ən qədim yazılı xatırlanmasıdır: "Milad budağının necə qoyulması haqqında qeyd-scilicet: Miladqabağı böyük yaşıl dəfnə budağı axtarın, çoxlu qırmızı portağal toplayın, onları budaqdan asın və hər birinin üstünə şam qoyun, budağı kəndirlə əsas altar şamının arxasındakı dirəkdən as."

Digər mənbələr 1600-cü illərdə Almaniyada ilk qeydə alınmış Milad ağacları ilə xristianlıqdan əvvəlki ənənələrə xas ağaclar arasında əlaqə görsələr də, bu mövqe mübahisə mövzusudur. "Britannika Ensiklopediyası"na görə, həmişəyaşıl ağaclar, çələnglər və girlyandların istifadəsi qədim misirlilər, çinlilər və yəhudilərin adətləri idi. Ağaca ibadət xristianlıqdan əvvəl avropalılar arasında geniş yayılmışdı, xristianlığın qəbulundan sonra isə Şeytanı qorxutmaq üçün Skandinaviya ölkələrində evlərin Yeni il qabağı həmişəyaşıl bitkilərlə bəzədilməsi və Milad qabağı quşlar üçün Şam ağacı bəzədilməsi ilə özünü büruzə vermişdir.

Qədim Romada qışın ortasında keçirilən Saturnaliya bayramı zamanı evləri həmişəyaşıl ağacların budaqlarından hazırlanmış çələnglərlə bəzəyirdilər, xristianlığın yayılmasından sonra isə bu adət Milad bayramına uyğunlaşdırılmışdır. Qədim Roma şairi Qay Valeri Katull "Epitalamium" adlı poemasında tanrıların Peyelanın evini dəfnə və sərv ağacları ilə bəzəmələrindən bəhs edir. Daha sonrakı dövrdə isə Libaniy, Tertullian və İohann Xrisostom həmişəyaşıl ağacların xristianlar tərəfindən evlərin bəzədilməsində istifadə edildiyini yazırlar.

Vikinqlər və sakslar arasında ağaca ibadət ənənəsi yayılmışdı. Donarın palıdını kəsmiş Müqəddəs Bonifatsinin tarixçəsi paqan dinlərə inanan almanların VIII əsr adətlərini əks etdirir. Həmin hekayənin daha sonrakı dövrə aid variantında isə kəsilmiş palıdın yerində bitən həmişəyaşıl ağac dil açaraq özünün üçbucaqlı formasının Müqəddəs Üçlüyə işarə etdiyini və yüksələrək səmanı göstərdiyini deyir.

Regionlara görə tarixi ənənələr

Estoniya, Latviya və Almaniya

Qış aylarında qapalı məkanlarda ağac bəzədilməsi ənənəsini Milad bayramından əvvəl, Şimali Almaniya və Livoniyanın İntibah dövrü gildiyalarında müşahidə etmək mümkündür. Miladla əlaqəli ilk bəzədilmiş ağaclar da gildiyaların zallarında peyda olmuş, tələbələr və uşaqların əylənməsi üçün bu ağaclar şirniyyatlarla bəzədilmişdi. Livoniyda (müasir Estoniya və Latviya) 1441, 1442, 1510 və 1514-cü illərdə Qarabaşlar qardaşlığının Reval (indiki Tallin) və Riqa şəhərlərindəki evlərində bayram münasibəti ilə ağaclar bəzədilmişdi. Bayram günündən əvvəlki sonuncu gecədə ağacı Ratuşa meydanına gətirirdilər və qardaşlıq üzvləri ağac ətrafında toplaşaraq rəqs edirdilər.

Bremen gildiyasının 1570-ci ilə aid salnaməsində xəbər verilir ki, gildiya binasında kiçik bir ağac ucaldılmış, həmin ağac gildiya üzvlərinin bayram şəkəri toplayan uşaqları üçün “almalar, qozlar, xurmalar, krinqllar və kağızdan hazırlanmış çiçəklərlə bəzədilmişdi”. 1584-cü ildə keşiş və salnaməçi Baltazar Russov “Liffland əyalətinin salnaməsi” (alm. Chronica der Provinz Lyfflandt‎, 1584) adlı əsərində qeyd edir ki, bazar meydanında bəzədilmiş adi küknar ağacının ucaldılması ənənəsi var; “gənc oğlanlar çoxlu qızlarla bu ağacın ətrafına gələrək nəğmələr oxuyur, əylənir və rəqs edir, bayramın sonunda isə ağacı yandırırlar”.

Protestant Reformasiyasından sonra bu cür bəzədilmiş küknar ağacını, katolik Milad verteplərinin analoqu kimi, ali sinifdən olan protestant ailələrin evlərində görmək olardı. Almaniyanın protestant bölgələrində gildiya zallarından burjuaziya nümayəndələrinin evlərinə qədər olan bu keçid dövrü müasir ənənələrə başlanğıc verərək, XVIII və XIX əsrlərdə inkişaf etmişdir. Müasir dövrdə həm protestant, həm də katolik kilsə və evlərində həm bayram ağacı, həm də vertep qoyulur.

Polşa

Polşada mövcud olan və kökləri xristianlıqdan əvvəlki qədim slavyan inanclarına gedib çıxan xalq ənənəsinə görə, Kolyada adlı qış bayramı zamanı, ağ şam, küknar və ya şam ağacının budaqlarından Podlazniçka (pol. Podłaźniczka) adlı dəst düzəldilər və evlərdə tavan taxtapuşundan asılardı. Bu zaman ağac budaqları qozlar, palıd qozaları, almalar və samandan hazırlanmış ulduzlarla bəzədilərdi. Bir qədər sonrakı dövrlərdə budaqların bəzədilməsi üçün rəngli kağızlardan hazırlanmış çiçəklər (vıtinanki), vafli, qurabiyə və Milad ağacı dekorları da istifadə edilirdi. Qədim paqan inanclarına görə, budaqların gücü yaxşı məhsuldarlılıq və firavanlıqla əlaqəli idi.

Bu adət kəndlilər tərəfindən xüsusilə Kiçik Polşa və Yuxarı Sileziya ərazilərində XX əsrin əvvəllərinə kimi qorunub saxlanmışdır. Podlazniçka budaq dəstləri əksər hallarda Milad axşamında nahar masası üzərində asılardı. XIX əsrin ortalarından etibarən polyak ailələrində bu ənənə tədricən daha sonra alman ailələrində yaranmış bütöv ağac bəzədilməsi ənənəsi ilə əvəzlənmişdir.

XVIII əsrdən - XX əsrin əvvəllərinə kimi

Hərbi hospital kimi istifadə edilən Versal sarayında alman Milad ağacı

Avropa zadəganlığı tərəfindən qəbulu

XIX əsrdə populyarlaşan bu adət Avropanın bütün kral saraylarına, o cümlədən Rusiya imperator və zadəgan saraylarına da yayılmışdır. Fanni fon Arnşteyn tərəfindən dövriyyəyə gətirilmiş və şahzadə Henrietta Nassau-Vaylburq tərəfindən məşhurlaşdırılmış Milad ağacı ənənəsi 1814-cü ildə - konqres ərəfəsində Vyananı bürümüş, sonrakı illərdə isə bütün Avstriyaya yayılmışdır. Fransada ilk Milad ağacı 1840-cı ildə hersoqinya Helena Maklenburq-Şverin tərəfindən bəzədilmişdir. Qəzetlərin məlumatına görə, Danimarkanın qeydə alınmış ilk Milad ağacı 1808-ci ildə qrafinya Vilhelmina Qolşteynborq tərəfindən bəzədilmişdir. Məhz həmin yaşlı hersoqinya ilk Danimarka Milad ağacının hekayəsini yazıçı Hans Xristian Andersenə 1865-ci ildə danışmışdır. Andersenin 1844-cü ildə nəşr edilmiş “Küknar ağacı” adlı nağılında Milad ağacı kimi istifadə edilən ağacın talehindən bəhs edilir.

Ölkə və regionlara görə qəbulu

Almaniya
Alman Milad ağacı, 1888-ci ildə çəkilmiş kitab illüstrasiyası

XVIII əsrin əvvəllərində Milad ağacının bəzədilməsi ənənəsi Yuxarı Reynland ərazisi üçün sıravi adətlərdən birinə çevrilsə də, kənd rayonlarına hələ də yayılmamışdı. XVIII əsrin sonlarından etibarən, salnamələrdə o zaman üçün hələ də dəyərli əşya olan mum şamları Milad ağacı ənənəsi ilə əlaqədar xatırlanmağa başlayır.

Aşağı Reyn boyu ərazilərdə - Roma-Katolik kilsəsi tərəfdarlarının çoxluq təşkil etdiyi rayonlarda Milad ağacı ənənəsi hələ də əksər hallarda protestant ənənəsi kimi qəbul edilirdi. Buna görə də, ənənənin yayılma arealı, uzun müddət ərzində yalnız Yuxarı Reyn ərazisi ilə məhdudlaşırdı.

1815-ci ildə, Vyana konqresindən sonra immiqrasiya edən Prussiya məmurları sayəsində Milad ağacı bəzədilməsi ənənəsi geniş yayılmağa başlamışdır.

XIX əsrdə Milad ağacı xüsusilə emiqrantlar arasında Almaniya mədəniyyətinin ifadəsi və “Gemütlichkeit” kimi qəbul edilir.

Fransa-Prussiya müharibəsi zamanı hərmi kazarma və hospitallarda Milad ağaclarının bəzədilməsi, bu ənənənin ümumxalq sevgisi qazanmasında həlledici faktor rolunu oynamışdır.

XX əsrin əvvəllərindən etibarən isə Almaniya ərazisində Milad ağacları həm də kilsələrdə peyda olur və bu dəfə işıqlarla parlaq bəzədilir.

Azərbaycan

Azərbaycanda ilk bayram ağaclarının bəzədilməsinə, neft fontanından sonra Bakı şəhərinə, alman, polyak və ingilislərin gəlməsi ilə başlayıb. Sonradan şəhərdəki ruslar da bu ənənəni davam etdirirdilər. Avroplılardan geri qalmaq istəməyən yerli zadəgan təbəqə də evlərində bayram ağacı bəzəməyə başlamışdı. Şam və küknar, ağaclarının dekabrın son günlərində bəzədilməsi həm dəb, həm də nüfuz göstəricisinə çevrilmişdi. Bakıda ilk rəsmi bayram ağacları Şəhər Duması və Qubernator evində qurulub. Bu ağacların bəzədilməsi ilə bayram ərəfəsində Bakıda ballar, ziyafətlərin keçirilməsi ənənələri də yaranmışdır.

Baham adalarında

Baham adalarında Milad ağacının bəzədilməsi haqqında ən erkən məlumat 1864-cü ilin yanvarına aiddir və Nassau şəhərindəki Anqlikan Bazar Məktəbi ilə əlaqəlidir: “Möhtərəm ata R. Stounun dua və vəəzindən sonra, Müqəddəs Aqnessa kilsəsinin müəllim və uşaqları, Müqəddəs Mariya kilsəsinin müəllim və uşaqlarının müşayəti ilə keşiş C. H. Fişerin evinə kimi yürüş etdilər, burada onları böyük Milad ağacı gözləyirdi. Sevincli körpələr onun ətrafında dairə yaratdılar və “Mənim ardımca Milad ağacının yanına gəlin” nəğməsini oxudular.” Milad ağacı hədiyyələrlə bəzədilir, hədiyyələr nömrələnir və nömrələr uşaqlara paylanırdı. Görünür, 1860-cı illərdə bu, Baham adalarında Milad ağacının bəzədilməsinin ən çox yayılmış üsulu idi. 1864-cü ildə Milad ağacı “Royal Victoria” gözəllik salonunda zəngin ailələrin uşaqları üçün xüsusi Milad ağacı bəzədilmişdi. Ağac uşaqlar üçün nəzərdə tutulmuş hədiyyələrlə bəzədilmiş, uşaqlar isə ağac ətrafında toplaşaraq nəğmələr oxumuşdular. Sonra, hədiyyələr Santa Klausun adından uşaqlara paylanmışdı.

Britaniyada
1840-cı illərdə yayımlanmış qravürdə Kraliça Viktoriya və Şahzadə Albert Milad ağacı ətrafında şənlik yaradarkən təsvir edilmişdir.

Ev və kilsələrin həmişəyaşıl bitkilərlə bəzədilməsi ənənəsi çoxdan mövcud olsa da, bütövlükdə kiçik bir ağacın bəzədilməsi adəti XIX əsrə kimi Britaniyada bilinmirdi. Əslən Almaniyadan olan Kraliça Şarlotta, 1800-cü ildə uşaqlar üçün təşkil edilmiş bayram şənliyində ilk dəfə Milad ağacı da bəzəmişdi. İlkin dövrdə, bu adət, kral ailəsi xaricində geniş yayılmamışdı. Kraliça Viktoriya, uşaqlığından bu adət ilə tanış idi və hər il Milad ərəfəsində onun yataq otağında kiçik Milad ağacı bəzədilirdi. 1832-ci ildə, Milad ərəfəsində sevincli 13 yaşlı şahzadə yazırdı:

" Şam yeməyindən sonra [...] yemək otağının yanında yerləşən qonaq otağına keçdik [...] Otaqda, iki dairəvi masa üzərində yerləşdirilmiş iki böyük şam ağacı girlandlar və şəkər oyuncaqları ilə bəzədilmişdi. Bütün hədiyyələr şam ağaclarının ətrafına düzülmüşdü... [...] "

1841-ci ildə Viktoriyanın alman qohumu şahzadə Albertlə evlənməsindən sonra, bu adət daha da geniş yayılmağa başlayır, orta təbəqənin imkanlı ailələri yeni ailənin dəbini izləməyə çalışır. 1842-ci ilə aid qəzet reklamında, Milad ağaclarının eleqantlığı vurğulanır, alman mənşəli olması, uşaqlarla və hədiyyələşmə ilə əlaqəsi qeyd edilir. 1844-cü ildə satışa çıxarılmış illüstrasiyalı “The Christmas Tree” (azərb. Milad ağacı‎) kitabı, bayram ağacının necə istifadə olunması və mənşəyini detallı izah edir.

2 yanvar 1846-cı ildə Elizabet Fildinq (doğum adı Foks Strenqveys) Leykok abbatlığından Uilyam Henri Foks-Talbota yazır: “Konstanza əhəmiyyətli dərəcədə bohem Milad ağacının hazırlanması ilə məşğuldur. O, Karolinanın Almaniyada gördüyü Milad ağacının təsvirinə əsasən hazırlanır.”

1847-ci ildə şahzadə Albert yazır: “İndi mən uşaqlarda Ernstin kim olduğunu, mənim və onun əvvəllər nə hiss etdiyimizi, nə fikirləşdiyimizi axtarmalıyam; və onların Milad ağacına heyranlığı bizimkindən heç də az deyildir.”

1848-ci ildə sonradan digər qəzetlər tərəfindən dərhal təkrarlanan “The Illustrated London News” qəzetinin Vindzor qəsrində Milad ağacını detallı təsvir edən məqaləsindən və qəzetin birinci səhifəsinə Milad ağacı ətrafında toplanmış monarx ailəsinin təsvirini yerləşdirməsindən sonra bayram ağacının bəzədilməsi ənənəsi yeni impuls qazanır. On ildən də az bir müddətdə bu adət Britaniyanın orta və ali sinifindən olan ailələrin evlərində geniş yayılır. 1856-cı ildə ölkənin şimalında nəşr edilən əyalət qəzetlərindən birində Milad ağaclarının reklamı yerləşdirilir və Milad ağacında şamı yandrarkən paltarının alışmasından vəfat edən qadın haqqında xəbər verilir. 1858-ci ildə Berlindən yaymlanan reportajda, “hər ailənin öz ənənəsi” olması qeyd edilsə də, Britaniya ilə müqayisədə Milad ağacının bu ölkədə zənginlər və “romantiklər” üçün imtiyaz olduğu qeyd edilir.

Lakin, Milad ağacının ictimai tədbirlərdə, xeyriyyə bazarlarında və xəstəxanalarda istifadə edilməsi onu daha vərdiş edilmiş hala gətirir və 1906-cı ildə London gecəqondularında yaşayan və “ömründə heç vaxt Milad ağacı görməyən uşaqların belə” həmin il bayram ağacından həzz alması üçün xeyriyyə təşkilatı yaradılır. Birinci Dünya müharibəsindən sonra Britaniya cəmiyyətində yaranmış anti-alman əhvalı Milad ağaclarının məşhurluğunu da azaldır, lakin, effekt uzunmüddətli olmur və 1920-ci illərin ortalarında Milad ağaclarının bəzədilməsi ənənəsi bütün Britaniya əhalisi arasında yayılır. 1933-cü ildə şam ağacı idxalına qoyulan məhdudiyyətlər, tezliklə iqtisadiyyatın yeni sahəsinin sürətli inkişafına gətirib çıxarır, ictimai sorğunun böyüklüyü isə şam ağaclarının yetişdirilməsini gəlirli biznes sahəsinə çevirir. 2013-cü ildə Böyük Britaniyada Milad bazarı üçün yetişdirilmiş şam ağaclarının sayı səkkiz milyona çatmış, bəzədilmiş bayram ağaclarının evlər, mağazalar və ictimai yerlərdə nümayişi isə Milad mövsümünün əsas ənənələrindən birinə çevrilmişdir.

Orbeliani sarayında bəzədilmiş Çiçilaki
Gürcüstanda

Gürcülərin qurudulmuş fındıq və qoz budaqlarından hazırlanan Çiçilaki adlı Milad ağacı hazırlamaq ənənəsi vardır. Solğun rənglərə malik bu bayram dekorunun ölçüsü 20 sm-dən 3 metrə qədər dəyişir. Çiçilaki daha çox Quriya və Sameqrelo regionlarında yayılsa da, onu həm də paytaxt Tbilisi ətrafındakı mağazalarda da tapmaq olur.

Gürcülər inanırlar ki, Çiçilaki Böyük Vasilinin saqqalını xatırladır; belə ki, Şərqi Ortodoks Kilsəsi 1 yanvar tarixində Müqəddəs Vasilinin xatirə gününü qeyd edir.

İtaliya
Venesiyada, Dojlar sarayının önündə bəzədilmiş Milad ağacı

İtaliyada Milad tədbirlərinə 8 dekabrda, Bakirə Məryəmin viladəti bayramı ilə başlanılır, həmin gün bayram ağacları bəzədilir və bayram tədbirləri növbəti ildə, 6 yanvarda keçirilən Epifaniya günü ilə yekunlaşdırılır.

Milad ağacının bəzədilməsi ənənəsi, alman mənşəli olmasına baxmayaraq, XX əsrdə bütün İtaliya ərazisində geniş yayılmışdır. Ehtimal ki, İtaliyanın ilk Milad ağacı, Kraliça Marqaritanın göstərişi ilə XIX əsrin sonlarında Kvirinal sarayında bəzədilmişdir.

İtalyan faşizmi dövründə, Milad ağaclarının bəzədilməsi ənənəsi müqavimətlə üzləşmiş, ənənəvi Milad verteplərindən fərqli olaraq, yad ənənələrinin yamsılanması kimi qiymətləndirilmişdir. 1991-ci ildə, İtaliyanın Qubbio şəhərində bəzədilmiş 650 metr hündürlüyə malik, bəzədilməsində 700-dən çox işıq istifadə edilən Qubbio şam ağacı, dünyanın ən böyük Milad ağacı kimi Ginnesin Rekordlar Kitabına salınmışdır.

Sloveniya

İlk dəfə XVII əsrdə qeydiyyata alınmış erkən sloven ənənəsinə görə hər ailə meyvələrlə bəzədilmiş və ya bəzədilməmiş bayram ağaclarını su quyusunun üstündə, yemək masasının küncündə, evin arxa həyətində və ya həyətin hasarında horizontal formada və ya başıaşağı asırdı. Müasir ənənəyə uyğun ilk Milad ağacı isə Sloveniyaya 1845-ci ildə alman pivəçi Peter Lülsdorf tərəfindən gətirilmişdir. Lülsdorf Milad ağacını Sloveniyanın paytaxtı Lyublyanada yerləşən kiçik pivə bişirmə məkanında ucaltmışdı. Sloveniyada yaşayan alman məmurlar, sənətkarlar və tacirlərin təsiri ilə bu ənənə yeli burjuaziya arasında sürətlə yayılmışdır. Sloveniyada Milad ağacını bəzəmək üçün adətən qoz, qızılı alma, buynuz ağacının meyvələri və şamlardan istifadə edilirdi. Milad ağacını tipik protestant adəti hesab edən Sloveniya katolikləri ilk dövrlərdə bu adəti əsaslı şəkildə rədd edirdilər. Hətta, Birinci Dünya müharibəsinə kimi Milad ağacı adəti Sloveniyanın kənd yerlərində yaşayanlar üçün bilinməyən bir yenilik idi, müharibədən sonra isə ümumiqəbuledilmiş bir ənənəyə çevrilmişdi. Lyublyanada ilk Milad yarmarkası 1859-cu ildə təşkil edilmişdir.

İkinci Dünya müharibəsindən sonra Yuqoslaviyada ictimai yerlərdə (şəhərlərdə, meydanlar və bazarlarda) bəzədilən bayram ağacları siyasi səbəblərlə əlaqədar küknar ağacı yerinə sosializm və slavyan mifologiyasının simvolu olan, sədaqət, cəsarət və ləyaqətlə əlaqələndirilən ağ şamla əvəz edilmişdir. Buna baxmayaraq küknar ağacı əhali arasında məşhurluğunu saxlamış, Sloveniyanın müstəqilliyini əldə etməsindən sonra ictimai məkanlara da geri qayıtmışdır.

Şimali Amerikada
General və xanım Riedzellər Miladı qeyd edərkən, 1781-ci il, Kvebek əyaləti, müasir Kanada ərazisi
Con Lyuis Krimmel tərəfindən 1812-ci ildə çəkilmiş təsvirdə müasir ABŞ ərazisində moravların Miladı qeyd etməsi təsvir olunmuşdur.

Milad ağacının bəzədilməsi ənənəsi Şimali Amerikaya 1781-ci ildə, Kvebek əyalətini (1763-1791) amerikan hücumundan qorumaq üçün buraya yerləşdirilmiş Hessen əsgərləri tərəfindən gətirilmişdir. General Fridrix Adolf Riedzel və onun həyat yoldaşı baronessa fon Riedzel Kvebekin Sorel-Treysi şəhərində Milad bayramı təşkil edərək, əsgərlər və digər qonaqları şamlar və meyvələrə bəzədilmiş şam ağacı ilə sevindirmişdi.

XIX əsrin əvvəllərində Milad ağacı bəzədilməsi ənənəsi bütün ABŞ ərazisində geniş yayılmışdı. Con Lyuis Krimmelin 1812-ci ilin sonu – 1813-cü ilin əvvəlinə aid edilən akvarel albomunda ehtimal ki, ABŞ incəsənətində Milad ağacının ən erkən iki təsviri yer almışdır; burada rəssam moravların Milad axşamı bayram ənənələrini əks etdirmişdir. İlk nəşr edilmiş Milad ağacı təsviri isə Hermann Bokumun “Bir qəribdən hədiyyə” kitabının frontispisi olmuşdur. ABŞ ədəbiyyatında Milad ağacının ilk xatırlanması 1836-cı ildə nəşr edilmiş “The Token and Atlantic Souvenir” toplusuna daxil olan Ketrin Mariya Sedcvik tərəfindən yazılmış “Yeni il” adlı hekayədə olmuşdur; burada ev sahibi üçün Milad ağacı bəzəyən xadimədən bəhs edilir. Britaniya kral ailəsini Vindzor qəsrində Milad ağacı ətrafında təsvir edən və ilk dəfə 1848-ci ildə “The Illustrated London News” qəzetində nəşr edilmiş taxta üzərində qravür, 1850-ci ildə ABŞ-də “Godey's Lady's Book” qadın jurnalında yenidən nəşr edilmişdir. Qravürü olduğu kimi kopyalan jurnal, səhnəyə amerikansayağı ab-hava vermək üçün Kraliçanın tacı və Şahzadənin bığlarını ləğv etmişdi. “Godey's”in bu nəşri ABŞ-də bəzədilmiş həmişəyaşıl Milad ağacının geniş yayılmış ilk təsviri olmuşdur. Sənətşünas Karal Enn Marlinq hakimiyyət atributlarından məhrum edilmiş Kraliça Viktoriya və Şahzadə Alberti “ilk nüfuzlu amerikan Milad ağacı” adlandırır. Xalq mədəniiəyti tarixisi Alfred Lyuis Şumeyker qeyd edir: “1850-1860-cı illərdə bütün Amerikada Milad ağacının yayılmasında “Godey's Lady's Book” qədər əhəmiyyətli ikinci bir vasitə olmamışdır.” Təsvir 1860-cı ildə təkrar nəşr edilmiş, 1870-ci illərdə isə Milad ağacının bəzədilməsi bütün Amerikada daya geniş yayılmış ənənəyə çevrilmişdir.

1889-cu ildə ABŞ Prezidenti Bencamin Harrison və onun həyat yoldaşı Kerolayn Ağ Evin ilk Milad ağacını bəzəyirlər.

Almaniya ilə sıx əlaqəyə malik bir neçə ABŞ şəhəri, ilk Milad ağacının məhz həmin şəhərlərdə bəzədilməsini iddia edir. Konnektikut ştatının Vindzor-Loks şəhərində iddia olunur ki, 1777-ci ildə Nord-Rid evində əsir saxlanan Hessen əsgəri ilk Milad ağacını bəzəmişdir, eyni zamanda ABŞ-nin ilk Milad ağacı şanına Pensilvaniya ştatındakı İston şəhəri də iddia edir və alman köçkünlərin 1816-cı ildə burada ilk dəfə bayram ağacı bəzədiyini bildirilir. Pensilvaniya ştatındakı Lankaster şəhərindən Metyu Zamn, 1821-ci ildə yazılmış gündəliyində Miad ağacının bəzədilməsindən bəhs edir və bu da Lankaster şəhərinə də ABŞ-nin ilk Milad ağacına ev sahibliyi etmək iddiasına imkan verir. Başqa mənbələr, Bostonda yaşayan alman immiqrant Çarlz Follenin ABŞ-də ilk dəfə Milad ağacı bəzəməl ənənəsi gətirdiyini qeyd edirlər. 1847-ci ildə Ohayo ştatının Vuster şəhərində yaşayan alman immiqrant Avqust İmqart, şəhər kənarında yerləşən meşədə tikanlı küknar kəsərək evinə gətirir, Vusterdən olan dəmirçiyə ulduz hazırlamağı sifariş edir, evə gətirdiyi ağacı kağız dekorlar, qızılı rəngə boyanmış qozlar və şirniyyatlarla bəzəyir, ən yuxarı hissəsini isə ulduzla tamamlayır. 1842-ci ildə alman immiqrant Çarlz Minnigerode, Virciniya ştatındakı Uilyamsberq şəhərində Uilyam və Meri Kollecində humanitar elmlər professoru kimi fəaliyyətə başlayır və latın və yunan dillərindən dərs deyir. Tayduoter regionunun ictimai həyatına daxil olan Minnigerode, həmişəyaşıl ağac bəzədilməsinə əsaslanan köhnə alman ənənəsinin burada yayılmasında ciddi rol oynayır, hüquq üzrə professr Sent-CorcmTakerin evində Milad ağacı bəzədilir və bu ətraf ailələrin də bu ənənə ilə maraqlanmasına gətirib çıxarır. 1853-cü ildə nəşr edilmiş məqalədə Pensilvaniya ştatında Milad ənənələrindən bəhs edilərkən, Milad ağacı da daxil olmaqla, onların əsasən “alman mənşəli” olduğu qeyd edilir, Milad ağacının torpaqda doldurulmuş dibçəkdə basdıldığı, budaqların isə uşaqlar üçün nəzərdə tutulmuş hədiyyələr, meyvə və şirniyyatlarla bəzədildi qeyd edilir. Məqalədə müxtəlif ştatlarda bayram ənənələri arasında fərqlər haqqında da məlumat verilir, qeyd edilir ki, Yeni İngiltərədə adətən “Milad çox da qeyd edilmir”, Pensilvaniya və Nyu-Yorkda isə geniş qeyd olunur.

Edvard Hibberd Conson, “General Electric” şirkətinin sələfi olan “Edison Electric Light Company” şirkətinin vitse-prezidenti olduqdan sonra, 1882-ci ildə Nyu-Yorkdakı evi üçün ilk məlum elektriklə işıqlandırılmış Milad ağacını yaradır. Beləliklə, Conson, “elektriklə işıqlandırılmış Milad ağaclarının atası” elan edilir.

ABŞ-də də məşhur olan alman Milad nəğməsi “O Tannenbaum”un sözlərinin ingilis dilinə tərcüməsi zamanı, səhvən “Tannenbaum” – “Küknar” sözü “Milad ağacı” kimi tərcümə edilmişdir, halbuki alman dilində Milad ağacını ifadə etmək üçün “Weihnachtsbaum” sözü ifadə edilir.

Qeydlər

  1. Müqəddəsin özünün yaşadığı dövrlərdə yazılmış bioqrafiyalarında qeyd edilməmiş bu məlumat BBC Devon saytının "Devon mifləri və əfsanələri"ndə, həmçinin bir sıra tədris kitablarında qeyd edilmişdir. (St. Boniface and the Little Fir Tree: A Story to Color by Jenny Melmoth and Val Hayward (Warrington: Alfresco Books 1999 ISBN 1-873727-15-1), The Brightest Star of All: Christmas Stories for the Family by Carrie Papa (Abingdon Press 1999 ISBN 978-0-687-64813-9) və "How Saint Boniface Kept Christmas Eve" by Mary Louise Harvey in The American Normal Readers: Fifth Book, 207-22. Silver, Burdett and Co. 1912.)

Ədəbiyyat

  • Hewitt, James. The Christmas Tree, (Google Books), Lulu.com, 2007, (ISBN 1430308206).

Həmçinin bax

  • Yeni il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Milad ağacı haqqında məlumat. Milad ağacı nədir? Milad ağacı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bulaqlı (Zəngibasar)

  • Fevral 27, 2026

    Paris Salonu

  • Fevral 25, 2026

    Zaqafqaziya Komissarlığı

  • Fevral 27, 2026

    Samuy adası

  • Fevral 27, 2026

    Məktub

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst