Ayxan Fərzux oğlu Abbasov (25 avqust 1981, Bakı) — Azərbaycan futbol baş məşqçisi, yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu. O, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun və Azərbaycan milli futbol komandasının, eləcə də U-21 yığmasının baş məşqçisidir. Futbolçu karyerasına gənc yaşlarından başlayan Abbasov həm ölkə çempionatlarında, həm də Avropa turnirlərində müxtəlif komandaların heyətində iştirak etmişdir.
| Ayxan Abbasov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Ayxan Fərzux oğlu Abbasov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 25 avqust 1981 (44 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Təhsili |
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 164 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vəzifəsi | Baş məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Abbasovun futbol ilə tanışlığı orta məktəb illərinə təsadüf edir və onun ilk məşqçisi Boris Tibilov olmuşdur. Gənc yaşlarından Azərbaycan aşağı yaş və gənclər milli komandalarına dəvət almış, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra hərbi xidmətini "MOİK Bakı"da keçmişdir. Peşəkar karyerasına doğulduğu Buzovnanın "Xəzri" klubunda başlamış, burada 16 yaşında əsas komandaya çağırılmışdır.
1997/98 mövsümündən sonra Abbasov "Şəfa", "MOİK Bakı", "Turan", "İnter" və "MKT-Araz" klublarında çıxış etmişdir. "Turan"da olduğu dövrdə xüsusilə məhsuldar oyunları və mövsüm ərzində vurduğu az sayda qollardan biri AzTV-də ən yaxşı qollara namizəd olmuşdur. Daha sonra "Qarabağ" klubuna keçmiş, burada ölkə kubokunu qazanmış, Premyer Liqada isə bürünc və gümüş medallar əldə etmişdir. Eyni zamanda, UEFA Avropa Liqasında "Tvente", "Borussiya Dortmund" və digər Avropa komandaları ilə oyunlarda iştirak etmişdir. Futbolçu karyerasının son illərində "Turan"da maliyyə problemləri və zədələr səbəbilə oyunlarda məhdud iştirak etmiş, nəticədə karyerasını başa vurmuşdur. Ümumilikdə, Abbasov Azərbaycan Premyer Liqasında 243 oyun keçirmişdir. Futbol karyerası ərzində iki dəfə – 2001-ci ildə "Şəfa" və 2009-cu ildə "Qarabağ" komandaları ilə Azərbaycan kubokunu qazanmışdır.
Məşqçilik fəaliyyətinə "Qarabağ" akademiyasında başlayan Abbasov U-16 və 17 yaşadək milli komandaları çalışdırmışdır. 2015-ci ildə "Zirə" klubuna köməkçi məşqçi kimi qoşulmuş, daha sonra əvəzedici komandanın və akademiyanın rəhbəri olmuş, 2016-cı ildən isə əsas komandanın baş məşqçisi təyin edilmişdir. Zirədə rəhbərliyi altında komanda Premyer Liqada sabit çıxış etmiş, Avropa Liqasına vəsiqə qazanmışdır. Abbasov həmçinin, klubun taktiki oyununu və müdafiə strategiyasını gücləndirməyə diqqət yetirmişdir.
2018-ci ildə Abbasov "Sumqayıt" klubunun baş məşqçisi təyin olunmuş, burada komandanı Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına çıxarmış, iki dəfə Azərbaycan Kubokunun finalına yüksəlmiş və avrokuboklara vəsiqə qazanmışdır. Daha sonra "Turan Tovuz" və 2024-cü ildən "Şamaxı" klublarında baş məşqçi postunda fəaliyyət göstərmişdir. 2025-ci ilin mart ayında isə Azərbaycan U-21 milli komandasının, sentyabr ayında isə əsas milli komandanın baş məşqçisi təyin edilmişdir.
Abbasov media fəaliyyətində də iştirak etmiş, müxtəlif televiziya və radio proqramlarında futbol ekspertliyi ilə çıxış etmişdir.
Həyatı və karyerası
Erkən illəri
25 avqust 1981-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. Əslən Ermənistan azərbaycanlılarındandır. Birinci sinfi 26 saylı orta məktəbdə oxuyan zaman futbolla tanış olmuşdur. Onun futbol fəaliyyətinə başlaması Buzovna qəsəbəsində, Bakının Əzizbəyov rayonunun "SDYUŞOR" İdman Məktəbinə rəsmi şəkildə komandaya üzv olması ilə əlaqədardır. Onun ilk məşqçisi Boris Tibilov olmuşdur. Futbola mərkəz müdafiəçisi olaraq başlamış olmağına baxmayaraq, Abbasov bu dövrdə sağ yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. Tibilov "Saxalin" komandasına baş məşqçi təyin olunmuş və ölkəni tərk etmişdir. Bundan sonra Abbasovun yaş qrupu İlham Qurbanovun rəhbərliyi altına keçmişdir. Bu dövrdə o, 14–15 yaşına qədər müxtəlif məşqlərdə və yarışlarda iştirak etmişdir. 15 yaşında futbolla məşğul olduğu məktəb bağlanmış və o, FŞM adlı futbol məktəbinə keçmişdir. Burada onun məşqçisi Böyükağa Abbasov olmuşdur. Ayxan Abbasov Azərbaycanın aşağı yaş və gənclər (17 və 19 yaşa qədər) milli komandasına dəvət almışdır. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş və dörd il sonra ali təhsilini uğurla başa vurmuşdur. Hərbi xidmətini "MOİK Bakı"da keçirmişdir. Bu dövrdə o, çempionatın üçüncü ayında Gəncədə keçirilən oyun zamanı aldığı ciddi zədə nəticəsində bir il ərzində oyunlarda iştirak edə bilməmişdir.
Ayxan Abbasovun ilk peşəkar klubu Buzovnanın "Xəzri" komandası olmuşdur. 1996-cı ildə "Xəzri" ilə "Bakı Fəhləsi" arasında kubok oyunu keçirilmişdir. Komandanın əsas heyətində bir neçə oyunçunun cəzalı və zədəli olması səbəbindən əvəzedici heyətdən futbolçular əsas komandaya çağırılmışdır. Bu çərçivədə Abbasov da 16 yaşında əsas komandaya daxil edilmiş və həmin mövsümdə Buzovna stadionunda "Bakı Fəhləsi" ilə oyun zamanı 20 dəqiqə meydanda olmuşdur. Həmin oyunda komanda minimal hesabla qələbə qazanmışdır. O, ilk peşəkar çıxışına gətirilməsində "Xəzri"nin prezidenti Malik Babayevin və məşqçi Rəşid Özəbəyovun rolunu vurğulamışdır. Peşəkar müqavilə imzaladıqdan sonra Abbasovun "Xəzri" klubunda aldığı ilk maaş 100 ABŞ dolları olmuşdur.
Yüksəlməsi
1997/98 mövsümündə U18 komandasında əsas liqada oynamışdır. Sonra 6 ilini "Şəfa" klubunda keçirmişdir, lakin 2002-ci ildə "MOİK Bakı" tərkibində icarədə olmuşdur. O, "Şəfa"nın tərkibində 2000/2001 Azərbaycan Kubokunun qalibi olmuşdur. Klubda onun stabil çıxışları, həmçinin milliyə namizəd futbolçular arasında özünü göstərməsi karyerasının inkişafına töhfə vermişdir. Abbasov bu dövrdə cinah oyunçusu mövqeyində qərarlaşmışdır. 2004–2005-ci illərdə "Turan"da çıxış etmişdir. Ayxan Abbasov bu zaman 2004/05 mövsümündə "Futbol+" qəzetinin mövqelər üzrə bal sistemi əsasında qış çempionu olmuşdur. Ayxan Abbasov karyerasında ən yaddaqalan oyunlardan birinin 2004/05 mövsümündə "Turan"ın heyətində "Neftçi"yə qarşı keçirdiyi qarşılaşma olduğunu qeyd etmişdir. Həmin oyun Tovuzda keçirilmiş və Nadir Nəbiyevin qolu sayəsində komanda qələbə qazanmışdır. Abbasov bildirmişdir ki, həmin matç üçün komandaya 1000 ABŞ dolları məbləğində mükafat verilmişdir. Karyerası ərzində vurduğu az sayda qollardan ən yaddaqalanı "Turan"ın heyətində "MKT-Araz"a vurduğu qol olmuşdur. Həmin qol mövsüm ərzində AzTV-də yayımlanan və Altay Əliyevin aparıcısı olduğu verilişin ən yaxşı qollara səs verilən rubrikasında ilk beşliyə daxil edilmişdir. Abbasov həmçinin, məhsuldar ötürmələrdə karyerası boyunca tez-tez ön pillələrdə yer almışdır. 2006–2007-ci illərdə "İnter"də oynamışdır. 8 iyun 2007-ci ildə onun "İnter"dən ayrıldığı açıqlanmışdır.
Abbasov 2007/2008 mövsümünə "MKT-Araz" klubunun tərkibində başlamışdır. UEFA Kubokunun hər iki oyununda Polşanın "Qrotslin" klubuna qarşı klubda çıxış etmiş, nəticədə İmişli komandası 85-ci dəqiqədə buraxılan qol ilə məğlub olaraq turnirdən kənarlaşdırılmışdır. Ayxan Abbasov bu oyunda start heyətdə çıxış etmişdir.
Qarabağ

"MKT-Araz"ın yaşadığı uğursuzluqdan sonra klub prezidenti komandanı buraxmış, Abbasov "Standart Bakı" kimi komandaların hədəfinə düşmüşdür. Əslində, "Standart" klubu bu transferi reallaşdırmağa yaxın idi, lakin Abbasov Ağdamın "Qarabağ" klubuna keçmişdir. O, həm Rasim Kara, həm də Qurban Qurbanovun baş məşqçiliyi altında 15 nömrəli forma ilə çıxış etmişdir. Abbasov "Qarabağ"da elə ilk mövsümündə fərqlənmiş, klubun "Gənclərbirliyi"nə qarşı 3:1 hesabı ilə qələbə qazandığı ev oyununun 88-ci dəqiqə qol vurmağa nail olmuşdu. Abbasov "Qarabağ"da uğurlu çıxışlar sərgiləmiş və özü haqqında komandada "heç kəsdən zəif olmadığını" da bildirmişdir. 21 may 2008-ci ildə onun müqaviləsi yenilənmişdir. Ayxan Abbasov 2009-cu ilin yanvar ayında "Qarabağ" klubunun Antalyada keçirilən təlim-məşq toplanışı zamanı sağ dizində ağrılar hiss etməyə başlamışdır. Həkim müayinəsi nəticəsində, onun dizindəki zədə təkrarlanmış və əməliyyat tələb olunmuşdur. Əməliyyat Türkiyənin İstanbul şəhərində həyata keçirilmişdir. Əməliyyatın uğurla başa çatmasına baxmayaraq, Abbasov üç gün sonra məşqlərə qatılmış və bir həftəlik fasilə ilə komandasına qoşulmuşdur. Ayxan Abbasov Premyer Liqanın 2008/2009 mövsümündə "Qarabağ"ın heyətində 16 oyun keçirmiş və 5 sarı vərəqə ilə yadda qalmışdır. Həmin mövsüm Ayxan Abbasov Ayxan Abbasov artıq ikinci dəfə ölkə kubokunu qazanmış, komanda liqada isə beşinci yeri tutmuşdur.
Abbasov "Qarabağ" heyətində Azərbaycan kubokunu qazanmış, ölkə çempionatında bürünc və gümüş medallar əldə etmişdir. Eyni zamanda, o, UEFA Avropa Liqasında həmin mövsüm üzrə təsnifat mərhələsinin iştirak ərizəsinə salınmışdır. Abbasov Norveç çempionu "Rusenborq" ilə keçirilən 0:0 hesablı heç-heçə ilə yekunlaşan oyunda start heyətdə iştirak etmiş, lakin 1:0 hesablı qələbə ilə yekunlaşan oyunda ehtiyat skamyasında oturmuşdur. Bundan başqa, Abbasov Niderland çempionu "Tvente" və Almaniya "Borussiya Dortmund" klubları ilə pley-off oyunlarında iştirak etmişdir. "Tvente" ilə ilk görüşdə start heyətdə meydanda olmuş və qarşılaşmada 1:3 hesabı ilə məğlub olmuş, cavab oyununda isə ehtiyat skamyasında olmuş və oyunda 0:0 hesabı qeydə alınmışdır. 2009/2010 Azərbaycan Premyer Liqası mövsümünün XIX turunda keçirilən və 3:2 hesabı ilə yekunlaşan "Qarabağ"–"Karvan" qarşılaşmasının 67-ci dəqiqəsində Ayxan Abbasov ikinci sarı və qırmızı vərəqə almış, nəticədə meydanı tərk etməli olmuşdur. Buna görə komanda 200 manat cəriməyə məruz qalmışdır və növbəti turda "Xəzər-Lənkəran" ilə olan matçı qaçırmışdır. Hər halda, Abbasov artıq daha çox ehtiyatda qalmağa başlamışdı. Abbasov mövsüm ərzində 10 oyun keçirmiş, 501 dəqiqə meydanda olmuş, 2 sarı və 1 qırmızı vərəqə ilə yadda salmışdır.
2010-cu ilin iyununda UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Metallurq" klubu ilə qarşılaşma üçün "Qarabağ" ilkin sifariş ərizəsində Abbasovun adını da qeyd etmişdir. "Qarabağ" evdə 4:1, səfərdə 1:1 hesab əldə etmiş və turu keçmiş, lakin Abbasov aldığı zədə səbəbilə iki oyunda da iştirak etməmişdir. "Portadaun" ilə II təsnifat mərhələsində iştirak edə bilməyən Abbasov bu dövrdə yüngül zədəsi ilə məşqlərə çıxırdı. Hər halda, "Qarabağ" evdə 1:1, səfərdə isə 1:2 hesab əldə etmiş və turu keçmişdir. Abbasov Avropa Liqasının III təsnifat mərhələsində Polşanın "Visla" komandası ilə səfər oyununa cəzalı olduğu səbəbilə aparılmamışdır. Premyer Liqa mərhələsinin əvvəllərində də zədə almış Abbasov ölkə çempionatının XVI–XIX turlarında da meydandan kənarda qalmışdır. Ümumiyyətlə az oyun keçirmiş olan Abbasov bu tura qədər mövsüm ərzində sadəcə iki oyun keçirmişdi. Abbasov 2011-ci ilin yanvarında təlim-məşq toplanışında iştirak edə bilmişdir, lakin o, mövsümün sonuna qədər meydana çıxmamışdır.
Son illəri
2011-ci ilin iyununda Abbasov "Qarabağ"ın heyətini artıq tərk etmişdi, çünki onun müqaviləsi yenilənməmişdi. Abbasov 2011/2012 mövsümündə "Turan"da oynamışdır və 5 nömrəli forma ilə çıxış etmişdir. O, tezliklə "Turan"ın əsas oyunçularından biri olmuşdur və mövsümün ikinci turunda bütün karyerası boyunca Azərbaycan Premyer Liqasında 237-ci oyununa çıxmışdır, lakin tezliklə yenidən zədələnmişdir.
2011-ci ilin sentyabrında Ayxan Abbasov klubun maliyyə məsələləri ilə gündəmə gəlmişdir və o, bildirmişdir ki, klub rəhbərliyi yaranmış borcun ödənilməsi üçün onlardan müəyyən vaxt tələb etməyinə baxmayaraq, ödənilməli olan maaş artıq üçüncü aya keçmişdi. Abbasov oyunlara çıxmağa davam edirdi, lakin o, noyabrda yenə oxşar şikayətlər etmiş, bütün səfər oyunlarının yol xərclərini oyunçuların özlərinin ödədiyini bildirmişdir. Nəticədə, Abbasov dekabr ayında komandanın digər aparıcı oyunçuları ilə birlikdə klubun düşərgəsinə qayıtmaqdan imtina etmiş, klubu boykot etmişdir. Digər oyunçuların bir müddətdən sonra meydana qayıtmaq qərarına gəlməyinə baxmayaraq, Abbasov və az sayda başqa oyunçu boykota davam etmişdir. O, bildirmişdir ki, klub verdiyi sözü pozmuş və klub oyunçulardan ödənişsiz çıxış etməyi xahiş etmişdir. Abbasov 2012-ci ilin fevralında prezident Musa Süleymanovun gedişindən sonra yeni rəhbərliyin xahişi ilə klub düşərgəsinə qayıtmış və mövsümə "Turan"da davam etmişdir, lakin XVIII tura qədər yalnız 7 oyun keçirmişdir. Premyer Liqanın XIX turunun "Turan Tovuz"–"Xəzər Lənkəran" matçında Abbasov 3-cü dəqiqədə avtoqol müəllifi olmuş və "Turan"ın minimal hesabla məğlub olmasına səbəb olmuşdur. O, beləliklə, boyunca Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olmuşdur. XXXI turda baş məşqçi Əsgər Abdullayev Abbasovun zədələndiyi üçün "Kəpəz" ilə səfərə aparılmamışdır. Abbasov zədə iddiasını inkar etmiş, maaşların yenə verilmədiyi üçün Aftandil Hacıyev ilə birlikdə yenidən boykot kampaniyasına başladıqlarını bildirmişdir. Çox keçməmiş, 8 may 2012-ci ildə "Turan Tovuz" rəhbərliyi Ayxan Abbasov ilə yollarını ayırmışdır. Abbasovun sözlərinə görə, klub rəhbərliyi əvvəl görüşdən öncə maaş ödəniləcəyini bildirmiş, lakin sonradan ödənişin oyundan sonra ediləcəyini bildiriblər. Bu, komanda üzvləri arasında narazılığa səbəb olmuşdur və reaksiya olaraq klubun prezidenti Yaşar İbrahimov futbolçulara Gəncədə qələbə qazandıqları təqdirdə maaşın veriləcəyini demişdir. Kapitan Aftandil Hacıyev futbolçular adından bildirmişdir ki, maaşın ödənilməsi oyun nəticəsindən asılı olmamalıdır və komandanın bütün üzvləri maaş ödənilməyəcəyi təqdirdə klubu tərk edəcəklərinə dair mövqe ortaya qoymuşdular. Bu narazılıqdan sonra ödəniş dərhal həyata keçirilmişdir. Abbasov əlavə etmişdir ki, klub rəhbərliyi həmin hadisədən sonra Aftandil Hacıyev və onunla birlikdə özünün "Turan" klubunda çıxışını istəməmişdir. Abbasov həmin mövsüm ərzində 16 oyun keçirmiş və 5 sarı vərəqə almışdırş O, növbəti altı ay ərzində futbolla məşğul olmamış və Premyer Liqadan təklif almamışdır. Buna görə də Ayxan Abbasov futbolçu karyerasını başa vurmağa qərar vermişdir. Ümumiyyətlə, Abbasov Premyer Liqada 243 oyun keçirmişdir.
Beynəlxalq karyerası
Ayxan Abbasov 1997–1998-ci illərdə 18 yaşadək Azərbaycan yığmasında, 2001–2002-ci illərdə isə 21 yaşadək Azərbaycan yığmasında çıxış etmişdir.
Məşqçi karyerası
Ayxan Abbasov "Qarabağ"ın UEFA Avropa Liqasında "Tvente" və "Borussiya Dortmund" klubları ilə pley-off mərhələsində keçirdiyi oyunlarda iştirak etmiş, bu təcrübənin sonradan məşqçi fəaliyyətində ona əhəmiyyətli kömək etdiyini qeyd etmişdir. Eyni zamanda, Abbasov bildirmişdir ki, "Qarabağ"da əlavə bir-iki il çıxış etməsi onun məşqçi karyerasına başlamasına təsir etmiş ola bilər.
"Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Abbasovu məşqçilik imkanlarını düşünməyə dəvət etmişdir. Daha sonra Qurban Qurbanov və Emrah Çelikel ilə görüşlərdən sonra Abbasov "Qarabağ"ın akademiyasında sabiq futbolçuların məşqçilik fəaliyyətinə cəlb edilməsinin məqsədini öyrənmiş və məşqçilik fəaliyyətinə başlamağa qərar vermişdir. O, tezliklə "C" kateqoriyalı məşqçilik kurslarına qatılmış, burada futbolçuluq və məşqçilik sahələrinin fərqli tələblərə malik olduğunu müşahidə etmişdir. Abbasov 2013-cü ildə U-16 Liqasında çıxış edən "Qarabağ"ın baş məşqçisi idi və o, artıq 2014-cü ildə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi olmuşdu.
Zirə
Ayxan Abbasov "Qarabağ" klubunun aşağı yaş qruplarında çalışdığı dövrdə Premyer Liqa klubunda baş məşqçi kimi fəaliyyət göstərəcəyini düşünmədiyini bildirmişdir. Onun "Zirə" klubuna keçidi təsadüfi şəkildə baş vermişdir. Adil Şükürov 2015-ci ildə Abbasova zəng etmiş və "Zirə"də birgə çalışmağı təklif etmişdir. Abbasov əvvəlcə təklifdən imtina etmiş, lakin sonradan onun köməkçi məşqçisi olmağa razılıq vermişdir. Komanda Premyer Liqaya vəsiqə qazandıqdan sonra o, Şükürov ilə əməkdaşlığı davam etdirmiş və klubun formalaşmasında iştirak etmişdir. Abbasovun sözlərinə görə, rəhbərliyin göstərişi ilə bir ay ərzində akademiyanın doqquz yaş qrupu formalaşdırılmış və "Zirə"nin peşəkar klub kimi fəaliyyətə başlaması təmin edilmişdir. Həmin mövsümdə komanda gümüş medal qazanmışdır.
Mövsümün sonunda Abbasov müstəqil şəkildə çalışmaq qərarına gəlmiş, rəhbərliklə görüşdən sonra həm əvəzedici komandanın baş məşqçisi, həm də akademiyanın rəhbəri vəzifələrini icra etməyə başlamışdır. Altı ay sonra rəhbərlik onu əsas komandanın baş məşqçisi kimi təyin etmişdir. O, rəsmi olaraq, 2016-cı ilin yanvarında "Zirə"nin məşqçisi olmuşdur. Həmin ilin dekabrında Adil Şükürovun əsas komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilmişdir. Onun yerinə həmin mövsüm əvəzediciləri çalışdırmış Ayxan Abbasov mövsümün sonuna kimi komandanın baş məşqçisi təyin edilmişdir. Abbasov mövsüm ərzində komandanın taktiki oyununu gücləndirməyə və müdafiə strategiyasına diqqət yetirmişdir. Abbasov "Zirə"də müdafiə strategiyasına xüsusi diqqət ayırmış, həmçinin oyunçuların motivasiyasını və ev oyunlarındakı üstünlüyü gücləndirməyə çalışmışdır.
Ayxan Abbasovun "Zirə"nin baş məşqçisi kimi ilk rəsmi oyunu "AZAL" komandasına qarşı XV tur matçında keçirmiş, 2:1 hesablı qələbə əldə etmişdir. Abbasovun rəhbərliyi altında "Zirə" 2016/2017 mövsümünü dördüncü pillədə başa vurmuş və Avropa Liqasına vəsiqə qazanmışdır. Komanda turnirin ilk mərhələsində Lüksemburqun "Differdanj" klubunu məğlub etmiş, ikinci mərhələdə isə Rumıniyanın "Astra" komandasına səfərdə 1:3 hesabı ilə uduzmuş, ev oyununda isə 0:0 heç-heçə edərək mübarizəni dayandırmışdır. "Zirə" Avropa Liqasında 6 qələbə, 6 heç-heçə və 2 məğlubiyyət ilə turnirdən kənarlaşdırılmışdır. Onun rəhbərliyi altında "Zirə" mövsüm ərzində möhkəm oyun göstəriciləri ilə yadda qalmışdır.
2017-ci ilin yayında Abbasov Zirə ilə Premyer Liqa mövsümünə hazırlıq dövründə, transferlər və komandanın gücləndirilməsi üzərində işləmişdir. O, komandanın oyunçularının taktiki hazırlığını artırmaq və avrokuboklara mümkün vəsiqə üçün mübarizəni gücləndirmək məqsədini açıqlamışdır. Buna baxmayaraq, zədələr komandanın bəzi oyunlarda performansını məhdudlaşdırmışdı, Təmkin Xəlilzadənin komandadan ayrılması da müəyyən boşluqlar yaratmışdı. Mövsüm ərzində komanda Premyer Liqa oyunlarında müxtəlif nəticələr göstərmişdir. Odur ki, bəzi oyunlarda yüksək performans, bəzi oyunlarda isə zəif çıxışlar qeydə alınmışdır. Klub hətta qələbəsizlik seriyası da yaratmışdı. Odur ki, "Zirə" 2018-ci il başlayandan heç bir oyunda qələbə qazanmamışdı. Bundan başqa, qışda keçirilən yoldaşlıq oyunlarında da uğursuzluq əldə olunmuşdu. Ayxan Abbasov özü də problemlər yaşayırdı. O, Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ ilə 1:2 hesablı matçdan sonra "Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Qurbanovu təhqir etdiyinə görə 5 oyunluq cəzaya məhkum olunmuşdur. Bunlardan 3 oyuna şərti tətbiq edilmişdir. Sonradan AFFA-nın Nəzarət və İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" ilə oyunu zamanı Ayxan Abbasovun texniki zonadan kənarlaşdırılmsına qərar verilmişdir. Bu səbəbdən klub 800 manat cərimələnmiş, məşqçi isə bir oyunluq diskvalifikasiya almışdır. Eyni zamanda, Abbasovun əvvəlki cəzasından qalan üç oyunluq şərti diskvalifikasiyası da qüvvəyə minmişdir. Beləliklə, Abbasov klubun qarşıdakı dörd oyununu buraxmalı olmuşdur. Bu vəziyyət davam etdikcə, azarkeşlər ilə yaranan insidentlər çoxalmışdı. Baş verən hadisələrə görə Abbasov istefa vermək istəmiş, lakin klub rəhbərliyi buna icazə verməmişdir. Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlamış, mövsüm ərzində 12 qələbə, 8 heç-heçə və 8 məğlubiyyət qeydə alınmışdır. Abbasovun sözlərinə görə, "Zirə" və "Sumqayıt" arasında keçirilən oyunlar hər zaman prinsipial xarakter daşıyırdı. 2017/18 mövsümündə Sumqayıtda keçirilən və "Zirə"nin 1:0 hesabı ilə öndə olduğu qarşılaşmada "Sumqayıt"ın azarkeşlərinin dəstəyi nəticəsində ev sahibi komanda 2:1 hesabı ilə qələbə qazanmışdır. Abbasov bu oyundan sonra "Sumqayıt" azarkeşlərinə xüsusi rəğbət hissi keçirdiyini qeyd etmişdir.
"Zirə" 2018/2019 mövsümünə mövsümə bir heç-heçə və bir məğlubiyyət ilə başlamışdı. Ötən mövsüm Avropa turnirlərinə vəsiqə qazana bilməyən klub ən azı bir milyon Azərbaycan manatı itirmişdi. Bu uğursuzluqdan sonra klubun rəhbərliyi büdcəni, demək olar ki, yarıya endirmək qərarına gəlmişdir. Büdcə azalmaları qaçılmaz olaraq gətirilmiş oyunçuların keyfiyyətinə təsir etmiş və nəticələrin pisləşməsi labüd olmuşdur. Nəticədə baş məşqçi Ayxan Abbasov ikinci turdan sonra, 2018-ci ilin avqustunda Abbasov "Zirə" klubundan ayrılmışdır, çünki maliyyə çatışmazlığı səbəbindən heyəti adekvat şəkildə formalaşdıra bilməmişdir. Klubun prezidenti Natiq İsmayılov Ayxan Abbasovun baş məşqçi postundan getməsini özü təklif etdiyini bildirmişdir. Abbasov özü qeyd etmişdir ki, azarkeşlərin təhqirlərinə dözə bilmədiyi üçün elə "Neftçi" ilə oyundan sonra belə klubdan ayrılmaq istəyində olmuşdur.
Sumqayıt
Ayxan Abbasov "Zirə" klubundan ayrıldıqdan sonra 2018-ci ilin noyabrında "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev onunla görüşmüş və tərəflər arasında iki saata yaxın müzakirə aparılmışdır. Abbasov Rəfiyevin iddialı planlarını və komanda qurmaq niyyətini dəyərləndirmiş, əməkdaşlığa razılıq vermişdir. 14 noyabr 2018-ci ildə Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçisi təyin edilmiş və bu postda Nazim Süleymanovu əvəz etmişdir. Onunla 1,5 illik müqavilə imzalanmışdır.
Ayxan Abbasov "Sumqayıt" klubundakı ilk rəsmi oyun təcrübəsini milli komandanın oyunları ilə bağlı fasilədən sonra keçirmişdir. Fasilədən sonra onun komandası sabiq klubu "Zirə"yə qarşı meydana çıxmışdır. "Sumqayıt" həmin qarşılaşmada yaxşı oyun sərgiləmiş, lakin yekunda məğlub olmuşdur. Bu oyun Abbasovun "Sumqayıt"ın baş məşqçisi kimi debütü olduğuna görə onun üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Abbasovun məşqçilik karyerasında ən yaddaqalan oyunlardan biri Azərbaycan kubokunun yarımfinal mərhələsində "Zirə"yə qarşı keçirilən matç olmuşdur. Cavab görüşündə "Sumqayıt" ilk hissədə 3:0 hesabı ilə öndə olmuşdur, lakin oyun 3:3 hesabı ilə başa çatmış və bu nəticə komandanın finala yüksəlməsini təmin etmişdir. Abbasov bu qarşılaşmanı məşqçilik karyerasının ən unudulmaz hadisələrindən biri kimi qiymətləndirmişdir. Azərbaycan kubokunun final mərhələsində "Sumqayıt" komandası "Qəbələ"yə məğlub olmuşdur. Abbasov final matçında "Qəbələ"yə qarşı oyun zamanı meydança şəraiti və finalın yaratdığı psixoloji gərginliyin komandanın performansına mənfi təsir etdiyini qeyd etmişdir.
2020/2021 mövsümünün başlanğıcında "Sumqayıt"ın bir çox oyunçusu komandanı tərk etmişdir. Bu səbəbdən o, 2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlamışdır. 2020-ci ilin iyununda "Sumqayıt" rəhbərliyi Abbasova komandada qalıb fəaliyyətini davam etdirməyi təklif etmiş, Abbasov da bu təklifi qəbul etmişdir və onunla olan müqavilənin müddəti daha bir il artırılmışdır. 29 aprel 2021-ci ildə "Sumqayıt" rəhbərliyi onunla olan müqaviləni daha bir il uzatmışdır.
2021-ci ilin dekabrında "Sumqayıt" Ayxan Abbasov ilə olan müqaviləyə xitam vermişdir. "Sumqayıt" onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşmüş (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak etmiş, 2 dəfə isə avrokuboklara vəsiqə qazanmışdır. Ayxan Abbasov komandanın tarixində ən uğurlu məşqçi sayılır.
Turan Tovuz
16 iyun 2022-ci ildə "Turan Tovuz" Ayxan Abbasov ilə 2+1 illik müqavilə imzalanmışdır. Abbasov "Turan Tovuz"un baş məşqçi postunda Əfqan Talıbovu əvəz etmişdir. Klubun Premyer Liqaya qayıdışı fonunda bu təyinatın məqsədi komandanı çempionatda möhkəmləndirmək olmuşdur. Abbasov "Turan Tovuz"dakı vəziyyətlə bağlı açıqlamasında bildirmişdir ki, klub 9 ilin ardından Premyer Liqaya qayıtdığı üçün hər şey yenidən qurulur və heyət çox kasaddır, yeni transferlər gözlənilir. 9 mart 2023-cü ildə "Turan Tovuz" klubu baş məşqçisi Ayxan Abbasov ilə müqavilənin müddətini daha üç il uzatmışdır. Abbasov "Turan Tovuz"da çalışdığı dövrdə klubun inkişafı üçün müəyyən bünövrə yaratdığını qeyd etmiş, yeni legionerlərin və yerli oyunçuların heyətdə qalmasının komandanın davamlılığını təmin etdiyini vurğulamışdır. Həmin mövsüm klub Premyer Liqanı 48 xalla 6-cı pillədə başa vurmuşdur.
2024-cü ilin yanvarında “Turan Tovuz” Antalyada keçirilən təlim-məşq toplanışında Rumıniyanın "Voluntari" və "Macarıstanın "Şiofok" klublarına 0:2, Özbəkistan təmsilçisi "Nasaf"a 2:4 hesabı ilə uduzmuşdu. Abbasov komandanın yoldaşlıq görüşündə qənaətbəxş çıxış etmədiyini bildirmişdir. 2023/24 mövsümündə "Turan Tovuz" sona 4 tur qalmışa kimi avrokuboklara getmək şansını saxlamışdı. 28 may 2024-cü ildə "Turan Tovuz" Ayxan Abbasov ilə olan müqaviləyə xitam vermişdir. Bu qərarın kökü "Kəpəz"ə qarşı keçirilən mövsümün sonuncu oyununu idi. Daha sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən yeni planlarının olduğu bildirilmiş və Ayxan Abbasov ilə yolları ayırmağı təklif etmişdir. Mövsüm boyu komanda orta xəttdə çoxlu itkilər vermiş, hətta Xəyal Nəcəfov məcburiyyətdən dayaq yarımüdafiəçisi kimi çıxış etməli olmuşdu.
Şamaxı
"Şamaxı" klubu Premyer Liqaya qayıtdıqdan sonra Ayxan Abbasov ilə danışıqlara başlamışdır. Buna baxmayaraq, klub həmin ərəfədə maliyyə çətinlikləri ilə üzləşmiş, əvvəlki mövsüm üçün futbolçulara və məşqçi heyətinə maaş və mükafat ödənişlərini həyata keçirməmişdir. Odur ki, 10 yerli futbolçu ilə müqavilə başa çatdığından yollar ayrılmışdır və klub rəhbərliyi strategiya dəyişmiş, gələcəkdə əcnəbi futbolçuların transferini planlaşdırmışdır. Abbasov tərəflər arasında maliyyə məsələlərinin həll olunmaması səbəbindən klubda işləməkdə tərəddüd etmiş və gözləməyi üstün tutmuşdur.
Ayxan Abbasov 13 iyun 2024-cü ildə "Şamaxı"nın baş məşqçisi təyin olunmuşdur və onunla 1 illik sözləşmə imzalanmışdır. O, bu postda Ramiz Məmmədovu əvəzləmişdir. Ayxan Abbasov bildirmişdir ki, keçid gözlənilməz olmuş, lakin tərəflər arasında qarşılıqlı razılıq əsasında reallaşmışdır. Abbasov qeyd etmişdir ki, "Şamaxı" Premyer Liqaya yüksəldiyi üçün klub rəhbərliyinin əsas məqsədi Premyer Liqada möhkəm çıxış etmək və stabil komanda qurmaqdır. Onun rəhbərliyi ilə "Şamaxı" həmin mövsüm 7-ci yeri tutmuşdur.
16 mart 2025-ci ildə onun müqaviləsi mövsümün sonuna, yəni 2026-cı ilin yayına qədər uzadılmışdır. Azərbaycan çempionatında legioner limitinin ləğv edilməsindən sonra mövsümün başından Ayxan Abbasovun rəhbərliyi altında olan "Şamaxı"nın start heyətinə digər bütün komandalardan daha az yerli futbolçu buraxılmış, həmçinin daha çox legioner transfer etməyi hədəf seçmişdir.
Həmin mövsüm Ayxan Abbasovun Azərbaycan milli komandasına təyinat almasından sonra məşqçilər heyəti tam şəkildə millidə olmuş "Şamaxı"nın bu vəziyyəti mətbuatda tənqid edilmiş, elə təyinatın baş tutduğu milli fasiləsindən dərhal sonra – Azərbaycan Premyer Liqasının VIII turunun klub həmin mövsüm məğlubiyyət seriyası qazanmış "Kəpəz"ə evdə 1–4 hesabıyla məğlub olmuşdur və bu, mövsüm ərzində "Kəpəz"in ilk qələbəsi olmuşdur. Bu nəticə təəccübə səbəb olmuş, ilk böyük hesablı məğlubiyyətdən sonra Ayxan Abbasovla bağlı narazılıq ortaya çıxmışdır. Milliyə də təyinat alan baş məşqçinin iki işin öhdəsindən gələ bilməyəcəyi bildirilmişdir. Buna baxmayaraq, Premyer Liqanın növbəti – IX turunda "Qarabağ" ilə səfərdə 0–0 hesabla yekunlaşan matçda "Şamaxı" ilk dəfə "Qarabağ"dan xal almışdır.
Azərbaycan millisi
14 mart 2025-ci ildə o, Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi təyin edilmişdir və AFFA onunla 2 illik müqavilə imzalamışdır. O, eyni anda "Şamaxı"dakı baş məşqçi fəaliyyətinə də davam etmişdir. 22 martda Ayxan Abbasovun rəhbərliyi altında U-21 millisi birinci yoxlama görüşünü Moldovaya qarşı keçirmiş, matç Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdır.
2025-ci ilin sentyabrında Fernandu Santuşun Azərbaycan milli futbol komandasının əsas heyətinin baş məşqçisi postundan azad edilməsi və əvəzində Ayxan Abbasovun bu posta təyin edilməsi müzakirə olunmuşdur. Buna əsas səbəblərdən biri yerli idman mətbuatında Azərbaycan millisinin əcnəbi yox, yerli baş məşqçi ilə daha çox uğur əldə edə biləcəyi barədə fikirlər olmuşdur. Elə həmin ay Santuş millidən getmiş, Ayxan Abbasov müvəqqəti baş məşqçi rolunu icra etməyə başlamışdır. Təklif olunan ilk varianta görə, cari mərhələnin sonuna qədər millinin baş məşqçisi Ayxan Abbasov olmalı və bundan sonra yeni təyinat məsələsinə baxılmalı idi, lakin 30 sentyabr 2025-ci ildə Ayxan Abbasov Azərbaycan milli futbol komandasının əsas heyətinin baş məşqçisi olmuşdur. Rövşən Nəcəf bildirmişdir ki, Abbasovun U-21 komandasında gördüyü işlər, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışı yüksək qiymətləndirilmişdir. Ümumiyyətlə, Abbasov Azərbaycan milli futbol komandasının "potensialını aça biləcək baş məşqçi" kimi qiymətləndirilmişdir. Abbasov buna qədər U-21-lə 5 matça çıxmış və 1 qələbə qazanmışdır.
Ayxan Abbasovun əsas köməkçisi Elnur Çodarov, qapıçılar üzrə yardımçı vəzifəsini isə Kamil Qafarov təyin edilmişdir. Həmçinin, Cavad Mirzəyev, Vüsal Qarayev və Vüqar Mustafayev də köməkçilər arasındadır. Bundan başqa, Ayxan Abbasov Fernandu Santuşun korpusunda yer almış Rəşad Eyyubov və Kamran Ağayev ilə yolları ayırmışdır. Eyni zamanda, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunmuşdur.
Ayxan Abbasov milli komandanın təyinat almış baş məşqçisi kimi ilk matçını Fransa ilə səfərdə keçirmişdir. Parisdə yerləşən "Park de Prens" stadionunda keçirilən qarşılaşma Fransanın 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdır. Məğlubiyyətə baxmayaraq, bu nəticə həm Azərbaycan milli komandasının üzvləri, həm də bir çox azarkeşi sevindirmişdi, çünki Fransa ilə oyunda "Oser faciəsi"nin təkrarından çəkinilirdi. Bəzi şərhçilərin fikirinə görə, Ayxan Abbasovun oyunu sıx müdafiə xətti ilə beş və bəzən altı nəfər müdafiəçi ilə idarə etməsi buna oxşar nəticədən yayınmağa hesablanmışdı. Komandanın Ayxan Abbasovun rəhbərliyində olanda əvvəlki illərə nisbətdə daha "əzmkar çıxış etməyi" də mətbuatda təriflənmişdir.
Media fəaliyyəti
Ayxan Abbasovun media fəaliyyəti Azərbaycan Radiosunda İlkin Babanın aparıcısı olduğu proqramda qonaq qismində iştirakı ilə başlamışdır. Verilişin uğurlu alınmasından sonra o, davamlı olaraq radio proqramlarına dəvət almış və bir müddət ərzində ayda dörd verilişdən üçündə iştirak etmişdir. Sonrakı dövrlərdə Abbasov dünya çempionatı ərəfəsində "İdman TV" və bəzən "Xəzər TV" kanalında yayımlanan "Futbol Saatı" proqramlarında ekspert qismində çıxış etmişdir.
O, futbol ekspertliyinin əsas şərtlərindən birinin hər hansı klubla bağlılığın olmaması olduğunu vurğulamış, bu şəraitdə fikirlərin daha sərbəst ifadə edilə biləcəyini qeyd etmişdir. Abbasov həmçinin, Türkiyədəki futbol analizi təcrübəsinə istinad etmiş, oyunların təhlilinin orada daha ətraflı və açıq şəkildə aparıldığını bildirmişdir. Onun fikrinə görə, Azərbaycanda da oxşar formatda və sərbəst müzakirə mühiti təmin olunduğu təqdirdə, ekspert kimi fəaliyyət göstərməkdə maraqlı ola bilər.
Şəxsi həyatı
Evlidir. Dörd qızı var.
Oyunçu statistikası
Klub
| Klub | Mövsüm | Liqa | Avropa | Ümumi | ||||
|---|---|---|---|---|---|---|---|---|
| Divizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
| Xəzri Buzovna | 1996–1997 | Azərbaycan Yüksək Dəstəsi | 1 | 0 | — | 1 | 0 | |
| U-18 | 1997–1998 | Azərbaycan Yüksək Dəstəsi | 19 | 1 | — | 19 | 1 | |
| Şəfa | 1998–1999 | Azərbaycan Yüksək Dəstəsi | 29 | 2 | — | 29 | 2 | |
| 1999–2000 | Azərbaycan Yüksək Dəstəsi | 17 | 0 | — | 17 | 0 | ||
| 2000–2001 | Azərbaycan Yüksək Dəstəsi | 16 | 0 | — | 16 | 0 | ||
| 2001–2002 | Azərbaycan Yüksək Dəstəsi | 1 | 0 | — | 1 | 0 | ||
| Ümumi | 63 | 2 | — | — | — | 63 | 2 | |
| MOİK | 2001–2002 | Azərbaycan Yüksək Dəstəsi | 8 | 0 | — | 8 | 0 | |
| Şəfa | 2002–2003 / 2003–2004 | Azərbaycan Yüksək Dəstəsi | 23 | 0 | — | 23 | 0 | |
| Turan | 2004–2005 | Azərbaycan Yüksək Dəstəsi | 28 | 1 | — | 28 | 1 | |
| 2005–2006 | Azərbaycan Yüksək Dəstəsi | 11 | 1 | — | 11 | 1 | ||
| Ümumi | 39 | 2 | — | — | — | 39 | 2 | |
| İnter Bakı | 2005–2006 | Azərbaycan Yüksək Dəstəsi | 10 | 0 | — | 10 | 0 | |
| 2006–2007 | Azərbaycan Yüksək Dəstəsi | 15 | 0 | — | 15 | 0 | ||
| Ümumi | 25 | 0 | — | — | — | 25 | 0 | |
| MKT-Araz | 2007–2008 | Azərbaycan Premyer Liqası | 0 | 0 | 2 | 2 | 0 | |
| Qarabağ | 2007–08 | Azərbaycan Premyer Liqası | 21 | 2 | — | 21 | 2 | |
| 2008–09 | Azərbaycan Premyer Liqası | 16 | 0 | — | 16 | 0 | ||
| 2009–10 | Azərbaycan Premyer Liqası | 10 | 0 | 3 | 0 | 13 | 0 | |
| 2010–11 | Azərbaycan Premyer Liqası | 2 | 0 | — | 2 | 0 | ||
| Ümumi | 49 | 2 | 1 | 0 | — | 51 | 2 | |
| Turan | 2011–12 | Azərbaycan Premyer Liqası | 16 | 0 | — | 16 | 0 | |
| Karyera cəmi | 243 | 10 | 5 | 0 | 248 | 10 | ||
Beynəlxalq
| Milli komanda | İllər | Beynəlxalq matçlar | |
|---|---|---|---|
| Oyunlar | Qollar | ||
| Azərbaycan U-21 | 2000–2003 | 3 | 0 |
| Ümumi | 3 | 0 | |
Məşqçi statistikası
- 27 oktyabr 2025-ci il tarixində yenilənib
| Komanda | Tarixdən | Tarixədək | Hesab | ||||
|---|---|---|---|---|---|---|---|
| O | Q | H | M | Q. % | |||
| Zirə | 19 yanvar 2016 | 29 avqust 2018 | 56 | 19 | 14 | 23 | 3.393 |
| Sumqayıt | 14 noyabr 2018 | 16 dekabr 2021 | 65 | 19 | 20 | 26 | 2.923 |
| Turan Tovuz | 16 iyun 2022 | 28 may 2024 | 72 | 23 | 18 | 31 | 3.194 |
| Şamaxı | 13 iyun 2024 | Hal-hazırda | 44 | 11 | 12 | 21 | 2.500 |
| Azərbaycan U-21 | 14 mart 2025 | 4 oktyabr 2025 | 4 | 0 | 2 | 2 | 000 |
| Azərbaycan A milli | 30 sentyabr 2025 | Hal-hazırda | 3 | 0 | 1 | 2 | 000 |
| Ümumi | 244 | 72 | 67 | 105 | 2.951 | ||
Uğurları
Futbolçu
- Şəfa
- Azərbaycan Kuboku: 2000/2001
- Qarabağ
- Azərbaycan Kuboku: 2008/2009
Qeydlər
- UEFA Kuboku
- UEFA Avropa Liqası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayxan Abbasov haqqında məlumat. Ayxan Abbasov nədir? Ayxan Abbasov nə deməkdir?
