Seyran Səxavət (tam adı: Seyran Əsgər oğlu Xanlarov; 23 mart 1946, Yağlıvənd[d]) — yazıçı, şair, dramaturq, publisist, tərcüməçi; "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasının (1973-1981), "Ulduz" jurnalının (1981-1991) şöbə müdiri; AYB-nin Yusif Səmədoğlu adına "İlin ən yaxşı romanı", "Nizami Gəncəvi" mükafatları laureatı; 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvü.
| Seyran Səxavət | |
|---|---|
| Seyran Əsgər oğlu Xanlarov | |
| |
| Doğum adı | Seyran Əsgər oğlu Xanlarov |
| Təxəllüsü | Seyran Səxavət |
| Doğum tarixi | |
| Doğum yeri | Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Həyat yoldaşı | Almaz Xanlarova |
| Uşaqları | Samir Xanlarov, Röyanə Xanlarova, Toğrul Xanlarov, Orxan Xanlarov, Ləman Xanlarova |
| Atası | Əsgər Xanlar oğlu Muradov |
| Anası | Zərif Əliyeva |
| Təhsili | Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi (fars dili şöbəsi) |
| İxtisası | tərcüməçi |
| Fəaliyyəti | yazıçı, şair, dramaturq, tərcüməçi |
| Fəaliyyət illəri | 1962—h.h. |
| Əsərlərinin dili | Azərbaycan dilinə və bir sıra xarici dillərə tərcümə olunub |
| Janrlar | insan, sevgi, vətən kimi bəşəri mövzular |
| İlk əsəri | "İki arzu" şeiri |
| Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) |
| Mükafatları | AYB-nin Yusif Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatı (2003) AYB-nin "Nizami Gəncəvi" mükafatı (2021) |
| seyransexavet.az | |
Həyatı
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Xurşidbanu Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində çalışmışdır (1962-1964). 1964-70-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almış, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmişdir.
Sovet ordusunda xidmət keçdiyi illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasını təcrübi olaraq daha da dərinləşdirmişdir.
Sonrakı fəaliyyətinin əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyilə bağlı olmuşdur. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan "Ədəbiyyat və İncəsənət" qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmuşdur.
1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1976-1981-ci illərdə "Ədəbiyyat və İncəsənət" qəzetində, 1981-1991-ci illərdə isə "Ulduz" jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlanması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmişdir.
Ailəsi
Seyran Səxavət evlidir, 5 övladı, 18 nəvəsi, 6 nəticəsi var.
Ədəbi fəaliyyəti
Bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin əvvəllərində başlamış Seyran Səxavətin ilk şeiri 1962-ci ildə Füzuli rayonunda çıxan "Qızıl Araz" qəzetində "İki arzu" adlı şeiri olub. Poetik axtarışlarının yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarının yazdıqlarından tamamilə fərqlənən novator şeirləri dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabı – "Adalar", 1977-ci ildə yenə poetik axtarışlarından ibarət "Mənim planetim" kitabı çap olunmuş, şeirlərinin böyük qismi "Seçilməmiş əsərlər" çoxcildliyinin ilk cildində yer almışdır.
İran dövlətində tərcüməçi işləyərkən qələmə aldığı ilk hekayəsi – "Hamı elə bilirdi" adlı əsəri 1976-cı ildə "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunmuşdur.
Seyran Səxavətin şeirləri və nəsr əsərləri dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və s. çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərindən ibarət kitabı 100 min tirajla yayılmışdır.
1990-cı ilin qanlı yanvar hadisəsi zamanı SSRİ hökümətinin Bakıya xarici jurnalistlərin gəlişini qadağan etdiyi bir vaxtda, Paris televiziyasından Marina Jakumenin rəhbərliyilə dörd nəfərdən ibarət heyətin Tiflis üzərindən ölkəmizə səfər etməsini təşkil etmişdir.
Bədii publisistika və bədii tərcümə sahəsində xidmətləri də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla "Atüstü söhbət" əsəri ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz janrdan novator istifadə məharəti sonralar ona bədii-publisistik üslubda "Palıd toxumu", "Bəhanə" kimi iri həcmli romanları, "Kasıb" başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.
Dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, "Drujba narodov" jurnalının baş redaktoru A.Ebonoidzenin "İki ay kənddə və ya imeretsayağı evlənmə" romanını doğma dilimizə çevirmişdir.
O, həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya və s.) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmışdır. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyi yeddi mindən artıq intervüylə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmişdir.
Seyran Səxavətin "Qızıl teşt" pyesi 1988-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, "Büst" pyesi 1989-cu ildə Lənkəran Dövlət Dram Teatrında, "Qapıların o üzündə qalan dünya" adlı əsəri 1990-cı ildə Füzuli Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Arzu Əliyevanın təşəbbüsüylə lentə alınan Bakı Media Mərkəzinin zəfərimizə həsr edilmiş "Biz" filmi Seyran Səxavətin çıxışı və ideyası əsasında çəkilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin 44 günlük zəfərimizə həsr olunmuş, əslən Qarabağdan olan yazıçıların öz doğma bölgələri barədə əsərlərindən ibarət olan "Qarabağ dastanı – 30 ilin həsrəti, 44 günün zəfəri" kitabında Seyran müəllim doğma yurdu Füzulinin qədim tarixinə və azadlığa qovuşmasına həsr etdiyi məqaləsi yer almışdır.
Hal-hazırda Seyran Səxavət ədib olaraq AYB-də məsləhətçi vəzifəsində çalışır. "Azərbaycan" jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin) üzvüdür.
Əsərləri
- Adalar (şeirlər). Bakı: Gənclik, 1970, 25 səh.
- Mənim planetim (şeirlər). Bakı: Gənclik, 1977, 40 səh.
- Yüz ilin kişisi (povestlər və hekayələr). Bakı: Gənclik, 1982, səh.182
- Hamı elə bilirdi ki (hekayələr və povest). Bakı: Gənclik, 1982, 204 səh.
- Daş evlər (roman). Bakı: Gənclik, 1985, 308 səh.
- Dar köynək (povestlər). Bakı: Yazıçı, 1987, 180 səh.
- Daş evlər (roman). Bakı: Gənclik, 1989, 415 səh.
- Qızıl teşt (povestlər, hekayələr). Bakı: Çaşıoğlu, 1999, 912 səh.
- Nekroloq (roman). Bakı: Mütərcim, 2003, 392 səh.
- Palıd toxumu (roman). Bakı: Qanun, 2003, 220 səh.
- Yəhudi əlifbası (roman və povestlər). Bakı: Qanun, 2009
- Qaçhaqaç (avtobioqrafik roman). Bakı: Qanun, 2010 (1-ci kitab)
- Seçilməmiş əsərlər. Bakı: Renesans, 2015 (I, II cildlər)
- Qaçhaqaç (avtobioqrafik roman). Bakı: Qanun, 2017 (2-ci kitab)
- Kenquru (povest və hekayələr). Bakı: Mütərcim, 2019, 206 səh.
- Qapıların o üzündə qalan dünya. Bakı: Qanun, 2023, 120 səh.
- Bir stəkan hava. Bakı: Qanun, 2023, 72 səh.
- Seçilməmiş əsərlər. Bakı: Tuna, 2025, 595 səh. (III cild), 598 səh. (IV cild), 600 səh. (V cild)
Mükafatları
Seyran Səxavətin "Nekroloq" romanı 2003-cü ildə AYB-nin Yusif Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür. 2021-ci ildə isə AYB-nin "Nizami Gəncəvi" mükafatına layiq görülmüşdür.
Seyran Səxavət haqqında fikirlər
Seyran Səxavət haqqında Azərbaycanın böyük sənətkarları, o cümlədən, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Qabil, Bəkir Nəbiyev, Elçin, Qulu Xəlilov, Tofiq Bayram, Nadir Cabbarlı, Vilayət Quliyev, Səyyad Aran, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fuad Poladov, Afaq Bəşirqızı, Cabir Novruz, Aleksandr Ebonaidze, Andrey Bitov, Hətəm Quliyev, Helen Qessen, Musa Yaqub, Məmməd Araz, Pasley Samık, Yamil Mustafin, Suyunbay Eraliyev, Loik Şirəli, Həmzə Xoşginabi, Məryəm Əlizadə kimi ədiblər həmişə yazıblar və onun yaradıcılığını çox yüksək qiymətləndiriblər:
- "Seyran çox çılğın, hər şeyə həvəs göstərməsi ilə yanaşı, həm də hər şeyə və hər hadisəyə öz fikri, öz münasibəti olan ciddi bir şəxsiyyətdir. Xalqını, vətənini və ümumiyyətlə, insanları sevən və bu məhəbbət yolunda çox böyük əzablar çəkmiş insandır." — Hətəm Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
- "Seyran Səxavətin əsərlərini oxumuşam və onun qələminin qüdrətinə, əsərlərinin hər baxımdan orijinallığına, toxunduğu problemlərin yeniliyinə, xüsusən də, heç kəsi təkrar eləməyən yumoruna heyran olmuşam." — Bəxtiyar Vahabzadə, Xalq şairi
- "Mən Seyran Səxavətin bu povestini birnəfəsə oxumuşam, povestin səhnə versiyasına - "Qızıl teşt" faciəsinə isə iki dəfə baxmışam. Hər iki dəfə də camaatın nəfəsini dərmədən, səhnədən deyilən sözləri dinlədiyinin şahidi olmuşam, Xanəhmədin qılıncdan kəskin atmacalarından sonra uzun müddət davam edən alqışları eşitmişəm. Sözün düzü, xeyli vaxtdı belə səmimiyyətlə qarşılanan tamaşaya baxmamışdım. İlk dəfə idi ki, belə müşahidəm olurdu - tamaşada ayaq üstə qalxıb yarım saata qədər səhnədəkiləri alqışlayan adamların sevincini unuda bilmirəm. — İsmayıl Şıxlı, Xalq şairi
- "Seyran mənim üçün yaşadığımız dövrün haqsızlığına, çətinliyinə kişi kimi sinə gərən, öz simasını qoruyub saxlayan, onu sevən oxucularının ümidlərini doğruldan, arzularının puça çıxmasına imkan verməyən çox nadir qələm sahibidir. O, mənim qonşumdur, ən ağır, dözülməz, mənəvi sıxıntılar keçirdiyim anlarda Seyranın pəncərələrinə baxmaq və burada mənə həmdərd, həmfikir bir ziyalının yaşadığını düşünməkdən güc-qüvvət almışam. Seyran mənim dostumdur, bu sözləri söyləyəndə sevinc və qürur hissi keçirirəm. — Fuad Poladov, Xalq artisti
- Seyran Səxavəti dərindən duymaq, öyrənmək və nəhayət kəşf etmək üçün insana bir neçə ömür lazımdır. Seyran Səxavət kiminsə yapıncısının altından keçmək üçün, yaxa cırıb, sinə döyüb, baş yaran oğullardan deyil. — Afaq Bəşirqızı, Xalq artisti
- Bir var əsərdə bir adamın, bir ailənin faciəsini təsvir edəsən - bunun özü mühüm məsələdir. Bir də var ki, bütöv bir epoxanın, xalqın, millətin taleyini, yaşantılarını, əzablarını, faciəsini canlandırasan - bu, böyük ədəbiyyat işidir. Ədəbiyyata şair kimi gəlmiş, yazıçı kimi şöhrətlənmiş, sadə geyimli, ağköynəkli, mərd, təvazökar, türk sifətli Seyran Səxavət bu işin öhdəsindən şərəflə gəlib... Seyran Səxavət vətəndaş yanğılı bir sənətkardır. Cəsurluğu həyatı gözəl bilməsindən, eybəcərliyə dözməməyindən, təslim və fərari olanlara nifrət bəsləməsindən irəli gəlir. — Xəlil Rza Ulutürk, Xalq şairi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, seyran səxavət sözünün mənası, seyran səxavət haqqında məlumat. seyran səxavət nədir? seyran səxavət nə deməkdir?
