Kəmaləddin Behzad (fars. کمالالدین بهزاد) və ya sadəcə Behzad (1450, Herat – 1535[…], Herat) — Teymuri və Səfəvi dövrlərində yaşamış rəssam. O, Heratdan (indiki Əfqanıstan) çıxmış və İran miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Behzad həmçinin, Herat miniatür məktəbinin və bütün Şərqin ən böyük ustadlarından biri kimi tanınmışdır. O, Teymuri dövlətinin son onilliklərində, xüsusilə də Teymuri İntibahı dövründə Hüseyn Bayqaranın (hakimiyyəti: 1470–1506-cı illər) sarayında fəaliyyət göstərmişdir. Behzad daha sonralar Səfəvilərin xidmətinə keçmiş və Təbrizdə padşaha məxsus atelyelərdə çalışmışdır. Mənbələrə görə, Behzad Herat Akademiyasında kitabdar vəzifəsini icra etmiş və Herat şəhərindəki Kral Kitabxanasında mühüm mövqedə olmuşdur.
| Kəmaləddin Behzad | |
|---|---|
![]() Behzadın miniatür təsviri. | |
| Doğum tarixi | 1450 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1535[…] (84–85 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | İki Kamal türbəsi və ya Kuhi-Muxtar |
| Fəaliyyəti | rəssam, müzəhhib[d] |
| Janr | miniatür sənəti |
| Stil | təzhib |
| Tanınmış işi | Bax: #Yaradıcılığı |
| Hamiləri | Hüseyn Bayqara, Məhəmməd Şeybani, I İsmayıl, I Təhmasib |
| Tələbələri | Şeyxzadə, Ağa Mirək |
| Təsirlənib | Mirək Nəqqaş |
Onun yaradıcılığı İran rəssamlığına məxsus klassik həndəsi quruluşları əks etdirməklə yanaşı, mövzunun ətrafında yerləşdirilən geniş boşluqların ritmik kompozisiya yaratması ilə seçilmişdir. Behzadın əsərlərində rənglərdən harmonik formada istifadə edilməsi, personajların fərdi xüsusiyyətlərlə təsvir olunması diqqətəlayiq cəhətlərdir. Onun tanınmış əsərlərindən biri 1488-ci ildə Sədi Şirazinin "Bustan" əsərinə çəkilmiş "Yusifin aldadılması" miniatürüdür.
Behzadın yaşadığı dövrdə qazandığı şöhrət və geniş tanınma, həm üslubunun, həm də konkret əsərlərinin yüksək qiymətləndirilməsinə səbəb olmuşdur. Bu populyarlıq nəticəsində bir çox sənətkar onun tərzini təqlid etməyə başlamışdır. Əsərlərin çoxsaylı nüsxələrinin mövcudluğu və onların mənşəyinin izlənilməsindəki çətinliklər səbəbindən müasir tədqiqatlarda Behzada aid edilən miniatürlərin dəqiq identifikasiya olunması xüsusi əhəmiyyət kəsb edir.
Həyatı

Behzadın həyatı haqqında ən etibarlı məlumatlar əsasən onun birbaşa əlaqədə olduğu saray mühitindən gəlir. Herat dövrünə dair məlumatların əsas mənbələri hökmdar Babur, tarixçi Əmir Mahmud Xandəmir və Mirzə Heydər Duqlatdır. Səfəvilər dövrünə aid məlumatlar onun şagirdi Dost Məhəmməd Heravi, həmçinin Qazi Əhməd Qumi və İsgəndər bəy Münşi kimi müəlliflərin əsərlərində öz əksini tapmışdır. Bununla yanaşı, Moğol və Osmanlı müəlliflərinin verdiyi qeydlər, həmin dövrdə Behzadın şəxsiyyəti və incəsənəti ətrafında formalaşan çoxsaylı miflər səbəbindən, adətən təhrif olunmuş xarakter daşıyır.
Teymuri dövrü
Behzadın tam adı Ustad Kəmaləddin Behzaddır. Onun doğum ili dəqiq məlum deyil, lakin mənbələr bu tarixi 1455–1460-cı illər arasında göstərir. O, indiki qərbi Əfqanıstan ərazisində yerləşən Herat şəhərində anadan olmuş və ömrünün böyük bir hissəsini burada keçirmişdir. Həmin dövrdə Herat yalnız mühüm ticarət mərkəzi yox, həm də Teymuri imperiyasının mədəni və iqtisadi paytaxtı idi.
Behzadın uşaqlıq illəri barədə məlumat azdır. Qazi Əhmədin verdiyi məlumata əsasən, o, erkən yaşlarında yetim qalmış və Teymuri kral kitabxanasının direktoru, rəssam və xəttat Mirək Nəqqaşın himayəsi altında böyümüşdür. Onun adı mənbələrdə ilk dəfə 1499–1500-cü illərdə Xandəmir tərəfindən yazılmış, 1471-ci ilə qədərki hadisələri əhatə edən "Xülasət əl-əkbər" (hərf. "Ən əhəmiyyətli xülasələr") adlı əsərdə çəkilir. Bu mənbədə Behzad himayədarları ilə əlaqədar olaraq "çox bacarıqlı bir rəssam" kimi təqdim edilmişdir.
Behzad həmçinin vəzir, şair və humanist Mir Əlişir Nəvainin də himayəsi altında olmuşdur. O, Teymuri sultanı Hüseyn Bayqaranın (hakimiyyəti: 1469–1506-cı illər) Heratda yerləşən sarayında fəaliyyət göstərmişdir. 1480-ci illərdə sultan Hüseyn Bayqaranın kitabxanasında hazırlanan bir sıra əlyazmalarda Behzadın iştirakı aydın müşahidə olunur. Bu, onun həmin dövrdə sarayda fəal işlədiyini təsdiqləyir. Şeyla Kenbi bildirmişdir ki, Behzad o dövrün dominant siyasətinə müxalif olmuş, lakin militant mövqe sərgiləməmişdir. 1486-cı ildə sultan Hüseyn Bayqaranın fərmanı ilə Behzad Heratda padşaha məxsus atelyenin rəhbəri təyin olunmuş və bu vəzifədə müəllimi Mirək Nəqqaşın yerini tutmuşdur. Onun rəhbərliyi altında akademiya öz inkişafının zirvə dövrünü yaşamışdır.
1506-cı ildə sultan Hüseyn Bayqara vəfat etmiş, elə həmin ilin sonlarında Herat şəhəri Məhəmməd Şeybani xanın rəhbərlik etdiyi Buxara xanlığının qoşunları tərəfindən ələ keçirilmişdir. Baburun "Baburnamə" əsərində Behzadın 1507–1510-cu illər arasında Məhəmməd Şeybani xanın xidmətində olduğu qeyd edilmişdir. Bu dövrə dair bir rəvayət də mövcuddur. Rəvayətə görə, Məhəmməd Şeybani xan Behzaddan öz portretini çəkməyi xahiş etmiş, lakin nəticədən narazı qaldığı üçün rəsmi özü tamamlamışdır. 1508-ci ilə aid olduğu düşünülən həmin portret günümüzədək məlumdur. Bununla belə, rəssamın bu üçillik müddət ərzindəki dəqiq fəaliyyət dairəsini müəyyənləşdirmək çətindir.
Səfəvilər dövrü

Behzadın Səfəvilər dövlətinin sarayına hansı şəraitdə daxil olduğu dəqiq məlum deyil. Bəzi tədqiqatçılar onun hələ şahzadə Təhmasibin Heratda vali olduğu dövrdə onun ustadı kimi fəaliyyət göstərdiyini ehtimal edirlər. Rəssamı Səfəvi sarayı ilə əlaqələndirən ilk sənəd şah I İsmayılın 1522-ci ilə aid fərmanıdır. Bu fərmanda Behzad padşaha məxsus atelyenin rəhbəri təyin olunurdu, lakin sənədin etibarlılığı alimlər arasında mübahisə doğurur. Belə ki, Xandəmirin "Namayi-nami" adlı məktub toplusunda xronoloji uyğunsuzluqlar aşkar edilmişdir.
Behzadın şah İsmayılla bağlılığına dair digər bir məlumat Osmanlı alimi Gelibolulu Mustafa Əlinin 1587-ci ildə yazdığı "Mənaqibi-hünərvaran" əsərindəki rəvayətdir. Müəllif burada Behzad və xəttat Şah Mahmud Nişapurinin şah İsmayılı Çaldıran döyüşünə müşayiət etdiyini, döyüşdə Osmanlı qələbəsindən qorxaraq rəssamın şah tərəfindən gizlədildiyini təsvir edir. Bu rəvayət, Osmanlı qələbəsinə dair proqnozlarla əlaqələndirildiyi üçün, tarixiliyi və etibarlılığı baxımından şübhə altına alınır.
1522-ci ildə Behzad şah I İsmayılın dəvəti ilə Təbrizdə fəaliyyətə başlamışdır. O, padşaha məxsus atelyenin rəhbəri kimi sonrakı Səfəvi miniatür sənətinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Xandəmirin məlumatın görə, şah I İsmayıl rəssamı fərmanla işə götürmüş və onu "… əsrimizin möcüzəsi, rəssamlar üçün nümunə və zərgərlər üçün örnək, ustad Kəmaləddin Behzad, fırçası ilə Manini utandırmış və qaralama qələmi ilə Ərjəng səhifələrini alçaltmışdır…" sözləri ilə vəsf etmişdir.
Səfəvi müəllifləri Dost Məhəmməd, Qazi Əhməd Qumi və İsgəndər bəy Münşi Behzadın şah I Təhmasib tərəfindən işə götürüldüyünü qeyd etmişlər. Bununla belə, onlar onun əvvəlki fəaliyyətinə dair konkret məlumat vermirlər. Qazi Əhmədin yazdığına əsasən, Behzad Təbrizə, Təhmasibin kitabxanası artıq sultan Əhmədin rəhbərliyi altında fəaliyyət göstərdiyi bir dövrdə gəlmişdir. Digər müəlliflər onun Təbrizə yalnız şah I Təhmasibin 1524-cü ildə taxta çıxmasından sonra gəldiyini bildirirlər.
Şah I İsmayıl 1524-cü ildə qəflətən vəfat etmişdir. Bu dövrdən sonra Behzadın incəsənət fəaliyyəti adətən şah I Təhmasiblə (hakimiyyəti: 1524–1576-cı illər) əlaqələndirilir. Rəssamın Səfəvi sarayındakı həyatı haqqında məlumatlar azdır, lakin o, bu dövrdə şahın himayəsində olan kitabxananın rəhbəri olmuşdur. Bu vəzifə ona saray atelyesində çalışan rəssamları, xəttatları, nəqqaşları, cildsazları və digər sənətkarları idarə etmək imkanı vermiş, eyni zamanda dövrün üslub meyllərinin formalaşmasına şərait yaratmışdır.
Qazi Əhmədin verdiyi məlumata görə, Behzad Şah Mahmud Nişapuri tərəfindən xəttatlıq edilmiş Nizaminin Xəmsə əsərinə miniatürlər çəkmişdir. Dost Məhəmməd rəssamın şah Təhmasibin xidmətində vəfat etdiyini və 1535–1536-cı illərdə Təbrizdə şeyx Kamal Xocəndinin yanında, İki Kamal türbəsində dəfn olunduğunu yazmışdır. Bununla belə, başqa mənbələr onun məzarının Heratda, "Kuhi-Muxtar" (hərf. "Seçilmiş təpə") adlanan yerdə yerləşdiyini bildirir.
Bəzi qeydlərdə onun ailəsi ilə birlikdə vəfat etdiyi də qeyd olunur. Onun qardaşıoğlu, xəttat Rüstəm Əli Təbrizdə onun sənət ənənələrini davam etdirmişdir. Nəvələri Möhəb Əli və Müzəffər Əli də Səfəvilər dövlətinin sarayında rəssam kimi fəaliyyət göstərmişlər. Behzadın yetişdirdiyi şagirdlər arasında Şeyxzadə, Qasım Əli, Ağa Mirək və digər sənətkarların adı çəkilir.
Yaradıcılığı
Əsərləri və müəlliflik
Behzad İran miniatür sənətində ən tanınmış rəssam hesab olunur, lakin o, eyni zamanda öz üslubunda əlyazma təsvirləri istehsal edən bir atelyenin rəhbəri kimi də qiymətləndirilir. Onun imzası ilə təsdiqlənmiş və müasir tədqiqatçılar tərəfindən şübhəsiz şəkildə qəbul edilən əsərlərdən yalnız biri məlumdur. Bu, Hüseyn Bayqaranın kitabxanası üçün hazırlanmış Sədi Şirazinin "Bustan" əsərinin 1488-ci ilə aid nüsxəsidir. Əsərdəki beş təsvir Behzad tərəfindən az nəzərə çarpan formada imzalanmış, kolofon isə xəttat Sultan Əli Məşhədi tərəfindən yazılaraq tarixi göstərilmişdir.
Bundan başqa, üslub baxımından Behzada və ya onun Herat atelyesinə aid edilən bir sıra əlyazmalar mövcuddur:
- 1478-ci ilə aid Sədi Şirazinin "Bustan" əsərinin nüsxəsi. Bu əsərin ona aidiyyəti mübahisəlidir;
- Şərəfəddin Əli Yəzdinin 1467-ci ildə Hüseyn Bayqaraya ithaf etdiyi "Zəfərnamə" əsərinin nüsxəsi. Bu, Moğol imperatoru Cahangir tərəfindən Behzada aid edilmiş, lakin Hindistanda çoxsaylı restavrasiyalara məruz qalmışdır. Burada səkkiz miniatürün Behzada məxsus olduğu iddia olunur;
- 1483-cü ilə aid Fəridəddin Əttarın "Məntiqüt-teyr" əsərinin nüsxəsi;
- 1485-ci ildə Bədiüzzaman Mirzəyə aid edilmiş Əlişir Nəvainin "Xəmsə" əsərinin nüsxəsi;
- 1485-ci ilə aid Əmir Xosrov Dəhləvinin "Xəmsə" əsərinin nüsxəsi;
- 1486-cı ilin yanvarına aid Sədinin "Gülüstan" əsərinin nüsxəsi;
- Nizaminin "Xəmsə" əsərinin iki nüsxəsi. Onlardan biri 1494-cü və ya 1495-ci ilə, digəri isə 1442-ci ilə aiddir. İkincisinə 1493-cü ildə bir miniatür əlavə edilmişdir.
Tədqiqatçı Şeyla Kenbi qeyd etmişdir ki, 1496-cı ilə aid Parisdə saxlanılan "Gülüstan" nüsxəsindəki təsvirlərdən əvvəl Behzada tam aidiyyətlə yanaşmaq mümkün deyil. Riçard Ettinqhauzen Behzada məxsus ola biləcək ayrı-ayrı səhifələrdən bəhs etmişdir. Bunlara təxminən 1511-ci ilə aid şair Hatifinin portreti də daxildir.
Səfəvilər dövründə Behzadın iştirakı ilə ərsəyə gətirilmiş əlyazmalar arasında 1524–1525-ci illərə aid Ərifinin "Quyu-Çovqan" əsəri xüsusi əhəmiyyət daşıyır. Bu əlyazmada sultan Məhəmməd, Ağa Mirək, Dost Məhəmməd və hətta şah I Təhmasibin özünün də təsvirlərdə iştirak etdiyi bildirilmişdir.
Yusifin aldadılması
Behzadın yaradıcılığının ən məşhur nümunələrindən biri "Yusif və Züleyxa" hekayəsindən "Yusifin aldadılması" səhnəsidir. Bu hekayə həm "Bibliya"da, həm də "Quran"da mövcuddur və Yusif ilə Putifarın həyat yoldaşı Züleyxanın qarşılıqlı münasibətlərini əks etdirir. Əsərin ədəbi qaynaqları arasında Sədinin "Bustan"ı və Hüseyn Bayqaranın sarayında fəaliyyət göstərmiş mistik şair Əbdürrəhman Cami yer tutur. Rəsmdə hər iki müəllifin poetik töhfələri vizual həllə daxil edilmişdir. Caminin iki beyti mərkəzi tağın ətrafında ağ rənglə mavi fonda yazılmış, Sədinin beytləri isə səhifənin müxtəlif panellərinə yerləşdirilmişdir. Cami hekayəni Züleyxanın Yusifi otaqdan otağa aparması və qapıların bağlanması ilə təsvir etmişdir. Behzad bu süjeti memarlıq elementlərindən istifadə etməklə vizuallaşdırmış, məkanı zamanın simvoluna çevirmiş və hekayənin gedişini ardıcıl otaqlar vasitəsilə canlandırmışdır.
Hekayədə ən dramatik an Züleyxanın çarəsizlik içində Yusifə əl uzatdığı səhnədə əks olunmuşdur. Memarlıq burada hekayənin gedişini dəstəkləyən əsas vizual vasitəyə çevrilmiş, monosəhnəvi kompozisiya isə bütün motivlərin eyni çərçivədə təqdim olunmasına imkan yaratmışdır.
Əsərdə istifadə olunan simvolika geniş mənalar daşıyır. Möhtəşəm saray maddi dünyanın təmsilçisi, yeddi otaq yeddi iqlimin rəmzi, Yusifin gözəlliyi isə ilahi gözəlliyin metaforasıdır. Şahidlərin yoxluğu Yusifin sədaqətini vurğulayır. O, Züleyxanın cazibəsinə boyun əyməmiş, tanrının hər şeyi görən və bilən olduğunun fərqinə varmışdır. Beləliklə, Behzadın təsviri həm hərfi, həm də alleqorik səviyyədə oxunur, həm də müasir ədəbiyyat və dövrün mistik düşüncəsi ilə uyğunluq təşkil edir.
Mirası
Yaxın Şərqdə

Behzadın sənətdə ən mühüm davamlı təsirlərindən biri, insan fiqurlarını və digər üzvi motivləri bacarıqla təsvir etməsi ilə bağlıdır. Onun rəsmlərində personajlar daha az sərt duruşlarla, daha dinamik hərəkətlərlə təqdim edilmiş, bu isə miniatürlərə enerji və emosional dərinlik qatmışdır. Eyni zamanda, Behzad bir səhnəni bütövlükdə bir təsvir üzərində canlandırmaq üçün həndəsi formulalardan və vizual müstəvinin düzləşdirilməsindən istifadə etmişdir. Bu, tamaşaçının baxışının təsvir boyunca sərbəst hərəkət etməsini təmin edirdi.
Motivlərin dəqiqliyi və kompozisiya seçimi Behzadın sənət üslubunun mühüm irsi hesab edilir. Bu üslub XVI əsrin birinci yarısında Herat, Təbriz və Buxarada fəaliyyət göstərmiş Şeyxzadənin əsərlərində də öz əksini tapmışdır. Osmanlı tarixçisi Gelibolulu Mustafa Əlinin yazdığına görə, Şeyxzadə Behzadın şagirdi olmuşdur və onun vasitəsilə bu üslub Buxara rəssamlarına da keçmişdir. Behzadın texniki ustalığı və bədii baxışının kəskinliyi vizual olaraq mürəkkəb, lakin estetik baxımdan cəlbedici səhnələr yaratmasına imkan vermişdir. Onun kompozisiyaları əsas elementlər üzərində cəmləşərək səhnənin realistik təsirini gücləndirmişdir. Behzadın seçdiyi motivlər ustalıqla işlənmiş, zəngin emosional məzmun daşımış və fırça ilə rəngin peşəkar idarə olunması ilə fərqlənmişdir.
Behzadın irsi xüsusilə Təbriz atelyesində, şah I Təhmasibin hakimiyyəti dövründə daha qabarıq nəzərə çarpırdı. Təbriz və Herat üslublarının birləşdiyi bu mərhələdə Behzad kitabxananın rəhbəri kimi çoxsaylı rəssamlara təsir göstərmişdir. Bu mühitdə hazırlanmış ən möhtəşəm əsərlərdən biri "Şah Təhmasibin Şahnaməsi" idi. Əlyazmanın hazırlanmasına rəhbərlik sonradan sultan Məhəmmədə və digər rəssamlara keçmişdir, lakin Behzadın sənət üslubu burada açıq şəkildə hiss olunurdu. Sultan Məhəmmədin yaradıcılığında Behzadın təsiri daha sadə rəng palitrası və kompozisiyada rasional yanaşma şəklində özünü göstərmişdir. Digər tərəfdən, əlyazmanın ikinci rəhbəri Mir Müsəvvərin işlərində Behzadın əsas üslub komponentləri – təmiz rəng palitrası, dəqiq və harmonik kompozisiya davam etmişdir.
Behzadın şöhrəti hələ sağlığında yaxın bölgələrin hökmdarları tərəfindən tanınırdı. Böyük Moğol imperatorları onun əsərlərinə böyük qiymətlər ödəməyə hazır idilər. Bu nüfuz Behzadın Herat miniatür məktəbinin mərkəzi fiquru kimi mövqeyini daha da möhkəmləndirmişdir. 1486-cı ildə Herat akademiyasının rəhbəri təyin olunan Behzad 1506-cı ilə qədər burada gənc sənətkarların yetişməsinə rəhbərlik etmiş və gələcək nəsillərin İran rəssamlıq ənənələrinə mühüm təsir göstərmişdir. Onun sənət nüfuzu digər rəssamların əsərlərini öyrənməsi və təqlid etməsi üçün də stimullaşdırıcı amil olmuş, həmçinin əlyazma istehsalının keyfiyyətinə və görünüşünə birbaşa nəzarət etmişdir.
Moğol imperatorları Babur, Hümayun, Əkbər, Cahangir və Şahcahanın kitabxanalarında Behzada aid edilən əsərlər mövcud idi. Xüsusilə Hümayun 1536-cı ildə Hindistanı tərk edən zaman Behzad tərəfindən təsvir edilmiş "Teymurnamə"ni özü ilə aparmışdır. Sonrakı nəsillər kral kitabxanasına daha çox cild əlavə etmişdir. Behzadın imzası və ya ona aid edilən əsərlər Moğol Hindistanında fəaliyyət göstərən sənətkarlar üçün ilham mənbəyi olmuşdur. İki iranəsilli rəssam – Mir Seyid Əli və Mir Abdüssəməd onun əsərlərindən öyrənmiş və sonradan Moğol imperiyasının atelyelərinə rəhbərlik etmişlər. Bu hal Behzadın Moğol miniatür sənətinə təsirini qismən izah edir. Baltimorda saxlanılan "Zəfərnamə", Britaniya Milli Kitabxanasının "Xəmsə"si və 1486-cı ilə aid "Gülüstan" nüsxəsindəki miniatürlərin təhlili onların Moğol sənətkarları üçün model rolunu oynadığını göstərir.
Müasir tədqiqatlarda əsas diqqət Behzadın əsərlərinə düzgün aidiyyətin müəyyənləşdirilməsinə yönəlmişdir. Bəzi əsərlərin ona məxsus olmadığı ehtimalı alimlər arasında müzakirə mövzusu olaraq qalır. Düzgün tarixlənmiş və imzalanmış nümunələr aidiyyət baxımından daha etibarlı hesab olunsa da, yalnız üslubi oxşarlıq əsasında Behzada aid edilən əsərlərin bəzilərinin təqlid olması ehtimalı irəli sürülməkdədir.
İndiki dövrdə
Özbəkistanda Behzadın adını daşıyan bir neçə qurum mövcuddur. Onlar: Milli İncəsənət və Dizayn İnstitutu, Daşkənddə Kəmaləddin Behzad Memorial Bağ Muzeyi, Buxarada Kəmaləddin Behzad İncəsənət Muzeyi. Həmçinin, Fərqanənin mərkəzi küçələrindən birinə şəhər rəhbərliyinin qərarı ilə Behzadın adı verilmişdir. 2011-ci ilə qədər Düşənbədə yerləşən Tacikistan Milli Muzeyi də onun adını daşıyırdı.
Behzadın İran miniatür sənətinə təsiri yalnız tarixi yox, həm də ədəbi kontekstdə diqqət çəkmişdir. 2006-cı ildə Ədəbiyyat üzrə "Nobel" mükafatı laureatı olmuş Orxan Pamukun 1998-ci ildə nəşr olunmuş "Mənim adım qırmızı" romanında bu təsir xüsusi yer tutur. Romanda müəllifin qəhrəmanlarından biri belə deyir: "Bütün rəssamların hörmətli atası, ən böyük ustad Behzadın miniatürünü götürək". Bu ifadə XVI əsrin sonlarında Osmanlı saray atelyelərinin dünyasını təsvir edən zaman Behzadın incəsənətdəki mərkəzi rolunu vurğulayan ədəbi nümunədir.
Qalereya
Makedoniyalı İsgəndər və yeddi müdrik. "Xəmsə"yə çəkilmiş miniatür. 1495-ci və ya 1496-cı il
Məhəmməd Şeybani xan. 1507-ci il
Makedoniyalı İsgəndər və sirenalar. "Xəmsə"yə çəkilmiş miniatür, 1495-ci və ya 1496-cı il
Xavarnaq qalasının tikilişi miniatürü
Sultan Hüseyn Bayqaranin təsviri
Boyun vurulma səhnəsi
Ov səhnəsi
"Yusif və Züleyxa" əsərinə çəkilmiş miniatür
Əmir Teymurun döyüş səhnəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəmaləddin Behzad haqqında məlumat. Kəmaləddin Behzad nədir? Kəmaləddin Behzad nə deməkdir?
