Sadıq Padeqan (1899, Təbriz – 1981, Bakı) — siyasətçi, ictimai xadim, Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin qurucularından biri. Xiyabani və 21 Azər hərəkatında iştirak edib. Mir Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra 1947–1954-cü illərdə Azərbaycan Demokrat Firqəsinin sədri olub.
| Sadıq Padeqan | |
|---|---|
| |
| 12 dekabr 1945 – 12 dekabr 1946 | |
| 11 iyun 1947 – 1954 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1899 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1981 (81–82 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | siyasətçi |
| Hərbi xidmət | |
| Döyüşlər | Xiyabani Hərəkatı 21 Azər hərəkatı (1945) |
| | |
| Təltifləri | |
Haqqında

Sadıq Padeqan 1899-cu ildə Təbrizdə anadan olub. 1920-ci ildə Məhəmməd Xiyabani hərəkatına qoşulub. Hərəkat dağıldıqdan sonra SSRİ-yə köçüb və Moskavada ali iqtisadi təhsil alıb. 1938-ci ilə qədər Naxçıvanda kooperasiya sistemində işləyib. Daha sonra Təbrizə geri qayıdıb.
1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olub. Bundan sonra bir çox partiya və təşkilatlar yaranmağa başladı. 1941-ci ildə yaradılmış Tudə Partiyasına üzv olub. 1941-ci ilin oktyabr ayında Təbrizdə Azərbaycan cəmiyyəti yaradılıb. Cəmiyyəti quranlar Hacı Əli Şəbüstəri, Əli Maşınçı, İsmayıl Şəms, Hilal Nasiri və digərləri idilər. 1942-ci ilin yanvar ayında yaradılmış Azərbaycan Zəhmətkeşlər Təşkilatının Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci ilə qədər Tudə Partiyasının Təbriz əyalət təşkilatının başçısı olub. 1945-ci ilin sentyabrın 6-da Tudə Partiyasının Azərbaycan təşkilatının əyalət plenumunda qərara alınır ki, partiyanın Azərbaycan təşkilatının üzvləri Azərbaycan Demokrat Firqəsinə keçsinlər. Bunu təmin etmək üçün Sadıq Padeqan, Zeynalabidin Qiyami, Məmməd Hüseyn Burhani, Yədulla Kələntəri və Əbülhəsən Vaqifdən ibarət komissiya yaradılıb.
1945-ci il sentyabrın 14-də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Sadıq Padeqanın da üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradılıb. 1945-ci ilin oktyabrın 2-də Azərbaycan Demokrat Partiyasının birinci təsis qurultayı keçirildi. Burada ADP-nin nizamnaməsi qəbul olundu, 3 sentyabr müraciətnaməsinin müddəaları bir daha təsdiqləndi. Qurultay tərəfindən Mir Cəfər Pişəvəri ADF Mərkəzi Komitəsinin sədri, Mirzə Əli Şəbüstəri və Sadıq Padeqan isə onun müavinləri seçildilər. ADF Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvlüyünə Mir Cəfər Pişəvəri, Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, Məhəmməd Biriya, Salamulla Cavid seçildilər.
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı. Sadıq Padeqan da Milli heyətə seçilən 39 nəfərdən biri olub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Keçirilən seçkilər nəticəsində Sadıq Padeqan səs toplayaraq Azərbaycan Milli Məclisinə Təbrizdən nümayəndə seçilib.
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Elə həmin gün keçirilmiş Azərbaycan Milli Məclisinin ilk iclasında Sadıq Padeqan Milli Məclisin sədri seçilmiş Mirzə Əli Şəbüstərinin müavini seçilib. 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb. Bu komissiyaya Sadıq Padeqan da daxil olub.

1946-cı il aprelin 28-də Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Tehrana danışıqlar üçün gedən nümayəndə heyətinin üzvü olub.
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif edilib.
1946-cı il avqust ayının 1-də Salamulla Cavidin rəhbərliyi ilə, Hacı Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, general Mahmud Pənahiyan, polkovnik Murtəzavi, mayor Toğraidən ibarət olan nümayəndə heyəti ilə ikinci dəfə Tehrana danışıqlara gedib.
1946-cı il dekabrın 5-də Miyana istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Bu komitəyə Mirzə Əli Şəbüstəri, Qazi Məhəmməd, Qulam Yəhya, Mahmud Pənahiyan və Sadıq Padeqan üzv oldular. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi də cavabsız qaldı.
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Sadıq Padeqan bir neçə hökumət üzvü ilə birlikdə Azərbaycana mühacirət edib.
1947-ci ildə Mir Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra Azərbaycan Demokrat Firqəsinin sədri olub. 1954-cü il sentyabr ayında bu vəzifəni tərk edib.
1981-ci ilin noyabr ayında Bakıda dünyasını dəyişib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sadıq padeqan sözünün mənası, sadıq padeqan haqqında məlumat. sadıq padeqan nədir? sadıq padeqan nə deməkdir?