Fəzail Rəhim oğlu Ağamalı (Ağamalıyev) (26 avqust 1947, Şıxlar, Sisian rayonu – 9 fevral 2026, Ankara) — Azərbaycan ictimai-siyasi xadimi və tarixçisi, tarix elmləri doktoru, professor, Ana Vətən Partiyasının sədri (1990–2026), Azərbaycan Respublikası Milli Məclisinin I–VI çağırış deputatı (1995–2024), Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və nazir səlahiyyətlərinin müvəqqəti icraçısı (1993–1994).
| Fəzail Ağamalı | |
|---|---|
| |
| 24 noyabr 1995 – 23 sentyabr 2024 | |
| Seçki dairəsi | I — 39 saylı Sumqayıt ikinci II — 30 saylı Yevlax III, IV, V və VI çağırış — 60 saylı Salyan-Neftçala |
Ana Vətən Partiyasının sədri | |
| 24 noyabr 1990 – 9 fevral 2026 | |
| Əvvəlki | Vəzifə təsis edilib |
| 12 yanvar 1993 – 17 avqust 1994 | |
| Nazir | Akif Kərimov |
| 21 oktyabr 1992 – 17 dekabr 1992 | |
| Nazir | Lidiya Rəsulova |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 avqust 1947 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 9 fevral 2026 (78 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 3 |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
Fəzail Rəhim oğlu Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.
1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır. 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.
9 fevral 2026-cı ildə Ankarada vəfat edib. 10 fevralda Sabunçu rayonu Ramana qəbiristanlığına dəfn olunub.
Ailəli idi, 3 övladı (Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı) var.
Siyasi Fəaliyyəti
Erkən fəaliyyəti
1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulmuş, onun nizamnamə və proqramının hazırlanmasında, təşkilatın formalaşmasında fəal iştirak etmişdir. AXC-nin 1989-cu ilin iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak etmiş və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilmişdir. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərmiş, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa vermişdir.
1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaratmış və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilmişdir.
1992-ci il martın 9-da AXC-nin qərargahında keçirilən Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında bəyanat vermiş, 1993-cü ildə ölkədəki mürəkkəb situasiyanın fonunda geniş xarakter alan Heydər Əliyev hərəkatında fəal iştirak etmişdir.
Nazirlər kabinetində
1992-ci ilin oktyabr–dekabr aylarında Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini olmuş və nazir səlahiyyətlərini müvəqqəti icra etmişdir. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, əmək və əhalinin sosial müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir.
Parlamentdə
Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.
Elmi fəaliyyəti
Fəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını almışdır.
Əsərləri
Fəzail Ağamalının rəhbərliyi və redaktorluğu ilə Heydər Əliyev haqqında bir və ölkə prezidenti İlham Əliyevin 2003-cü ilədək fəaliyyətinin bütün tərəflərini əks etdirən 12 cildlik kitab nəşr olunmuşdur. 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə Sankt-Peterburqda "Prezident-Reformator" monoqrafiyaları çapdan çıxmışdır.
Bütövlükdə, beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.
Təltifləri
2007-ci ildə MDB Parlamentlərarası Assambleyadakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Assambleyanın yüksək mükafatı olan "Sodrujestvo" ordeni ilə təltif olunmuşdur.
25 avqust 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
25 avqust 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
ABŞ-nin Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı idi. Daha sonra bu statuslardan imtina edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəzail Ağamalı haqqında məlumat. Fəzail Ağamalı nədir? Fəzail Ağamalı nə deməkdir?
