Cəfər Kaşif və ya Cəfər Məhəmmədzadə (1894, Mamağan – 1946 və ya 1947, Təbriz və ya Tehran) — azərbaycanlı şair. 21 Azər hərəkatının iştirakçısı və Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyətinin İdarə heyətinin üzvü olub. Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra şah qoşunları tərəfindən qətlə yetirilib.
| Cəfər Kaşif | |
|---|---|
| |
| Doğum adı | Cəfər Məhəmmədzadə |
| Təxəllüsü | Kaşif |
| Doğum tarixi | 1894 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1946 (51–52 yaşında) və ya 1947 (52–53 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | şair |
Həyatı
Cəfər Məhəmmədzadə 1893-cü ildə Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşayıb və öz şeirləri ilə mətbuatda çıxış edib. Özünə "Kaşif" təxəllüsü götürüb. 1938-ci ildə İrana sürgün olunub.
1945-ci ildə 21 Azər hərəkatına qoşulub. Noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Cəfər Kaşif də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə tanınıb və şeirləri mətbuatda çap olunub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyətinin İdarə heyətinin üzvü olub.
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi və Məhəmmədbağır Niknam qətlə yetirildilər. Cəfər Kaşif də bu hadisələr zamanı qətlə yetirilib. Ölümü ilə bağlı fikirlər müxtəlifdir. Bəzi müəlliflərə görə o, 1946-cı ildə Təbrizdə Nəzmiyyə meydanında, bəzi müəlliflərə görə isə 1947-ci ildə Tehranda qətlə yetirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Təbriz Milli Filarmoniyasının yaradıcısı Əli Tudəyə görə isə Cəfər Kaşif evinin qarşısında öldürülüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Kaşif haqqında məlumat. Cəfər Kaşif nədir? Cəfər Kaşif nə deməkdir?
