Həmid Ataman, Həmid Xəlil və ya Həmid Məhəmmədov (2 fevral 1900, Qars, Qafqaz diyarı – 18 mart 1979, Ankara) — azərbaycanlı siyasətçi, həkim, Cümhuriyyət tələbəsi, Azərbaycan Kültür Dərnəyinin ilk sədri.
| Həmid Ataman | |
|---|---|
| |
Azərbaycan Kültür Dərnəyinin sədri | |
| 1 mart 1955 – 3 mart 1957 | |
| Əvvəlki | Rəsul Ünsal |
| Sonrakı | Kərim Odər |
| 1 fevral 1949 – 18 noyabr 1953 | |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | Rəsul Ünsal |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 2 fevral 1900 |
| Doğum yeri | |
| Vəfat tarixi | 18 mart 1979 (79 yaşında) |
| Vəfat yeri | |
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | həkim, siyasətçi |
| Həyat yoldaşı | Şəfiqə Ataman |
Bakıda gimnaziyada təhsil alarkən Müsavat partiyasına üzv olub. 1918-ci ilin sentyabr ayında baş tutmuş Bakı döyüşündə iştirak edib. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Münxen Lüdviq-Maksimilian Universitetində tibb təhsili alıb.
Təhsilini başa vurduqdan sonra əvvəlcə Almaniyada daha sonra isə Türkiyədə yaşayıb. Müxtəlif dövrlərdə Azərbaycan İstiqlal Cəbhəsinin Münxen şöbəsinə rəhbərlik edib və mühacirətdə fəaliyyət göstərən Müsavat partiyasının aktiv üzvlərindən biri olub. 1949-cu ildə Məmməd Altunbay və Əziz Alpoudla birlikdə Ankarada Azərbaycan Kültür Dərnəyini qurub və dərnəyin ilk sədri olub.
Həyatı
İlk illəri

Həmid Məmməd oğlu Məmmədov 1900-cü il fevralın 2-də Qarsda anadan olub. İbtidai təhsilini Qarsda alıb. Böyük qardaşı Temimdar bəy rus işğalına qarşı mübarizə apardığı üçün ailəsi Bessarabiyanın cənubunda yerləşən Bolqrad şəhərinə sürgün olunub. Bunun nəticəsində Həmid bəy orta təhsilini Bolqrad şəhərində almağa başlayıb. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan olunmuş əfv sərəncamından sonra Həmid bəy və ailəsi əfv olunublar. Elə həmin il ailəsi ilə birlikdə Qarsa qayıdıb. 1914-cü ildə Qarsda baş vermiş qırğınlarda öz valideynlərini itirib. Bundan sonra Bakıya köçüb. 1916-cı il sentyabrın 23-dən 1919-cu il mayın 15-ə qədər Bakı birinci kişi gimnaziyasında təhsil alıb. Gimnaziyada təhsil alarkən siyasi proseslərə qoşulub və Müsavat partiyasına üzv olub. 1918-ci ilin sentyabr ayında Bakının azad olunması ilə nəticələnmiş döyüşlərdə iştirak edib.
1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. Həmid Ataman da ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələr o cümlədən də Həmid bəy 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Əvvəlcə Ştutqartda daha sonra isə Münxen Lüdviq-Maksimilian Universitetində tibb təhsili alıb.
Mühacirətdə

Həmid bəy 1927-ci ildə təhsilini başa vurduqdan sonra bir neçə il Almaniyada yaşayıb və ixtisası üzrə fəaliyyət göstərib. Almaniyada yaşadığı müddətdə siyasi fəaliyyət də göstərib. Azərbaycan İstiqlal Cəbhəsinin Münxen şöbəsinə başçılıq edib.
1934-cü ildə Türkiyəyə köçüb. Bir müddət Kırklarelində, 1938-ci ildən etibarən isə Türkiyə Sağlıq Vəkaləti tərəfindən ümumi cərrah kimi işləmək üçün Manisaya göndərilib. Türkiyədə yaşadığı müddətdə Müsavat partiyasında fəaliyyət göstərib. 1936-cı ildə Varşavada keçirilən Azərbaycan Milli Müsavat Partiyasının konfransında iştirak etmək üçün Ankara təşkilatından nümayəndə seçilib. Lakin konfransda iştirak edə bilməyib və öz yerinə Kərim Odəri göndərib. Türkiyədə soyad qanunundan sonra Həmid bəy özünə "Ataman" soyadını götürüb.
1941-ci ildə Ankara Nümunə Xəstəxanasına təyinat alıb. 1941–1942-ci illərdə hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Ankara Uşaq İslah Evinə təyin edilib.
Həmid Ataman 1949-cu ildə Məmməd Altunbay və Əziz Alpoudla birlikdə Ankarada Azərbaycan Kültür Dərnəyini qurub və dərnəyin ilk sədri olub. Dərnəyə birinci dəfə 1949-cu ildən 1953-cü ilə qədər, ikinci dəfə isə 1955-ci ildən 1957-ci ilə qədər rəhbərlik edib. 1965-ci ildə təqaüdə çıxıb. 1979-cu il martın 18-də Ankarada dünyasını dəyişib. 1979-cu il martın 20-də Maltəpə məscidində cənzaə namazı qılınıb və dəfn olunub.
Ailəsi
Həmid bəy Məhəmməd Xəlil ağa oğlu və Turunc xatun Molla Süleyman qızınını ailəsində dünyaya gəlib. Ailədə 8 bacı qardaş olublar. Böyük qardaşı Müxlis bəy Məhəmməd oğlu Cənub-Qərbi Qafqaz Cümhuriyyətində poçt və teleqraf işlərinə rəhbərlik edib. Məhz buna görə 1919-cu ildə ingilislər tərəfindən həbs olunaraq Maltaya sürgün edilib.
Həmid Ataman 1946-cı il martın 23-də doktor Şəfiqə Araslı ilə ailə qurub. Şəfiqə xanım Qarsda qurulmuş Cənub-Qərbi Qafqaz Cümhuriyyəti dövründə Qars şəhərinin valisi olan Məhəmməd bəy Əlibəyzadənin qızıdır. Bu evlilikdən 1948-ci ildə Turunc və 1953-cü ildə isə Narınc adlı qızları dünyaya gəlib. Şəfiqə xanım Ataman 2002-ci il martın 3-də vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həmid ataman sözünün mənası, həmid ataman haqqında məlumat. həmid ataman nədir? həmid ataman nə deməkdir?