Piri Mürsəlzadə və ya Pirqulu Mürsəlov (1892, Bakı – 1920, Bakı) — azərbaycanlı jurnalist, siyasətçi, repressiya qurbanı. Müsavat Partiyasının Gənclər qolunun rəhbəri, "Səda" və "Azərbaycan" qəzetlərinin müxbiri.
| Piri Mürsəlzadə | |
|---|---|
| |
| Doğum tarixi | 1892 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1920 (27–28 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | jurnalist, publisist |
| Partiyası |
|
Aprel işğalından sonra bolşeviklər tərəfindən həbs edilərək güllələnib. Məmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.
Haqqında
Piri Babaverdi oğlu Mürsəlzadə 1892-ci ildə Bakının Binəqədi kəndində anadan olub. Bakı Real məktəbini bitirib. Bir müddət Binəqədi kəndində müəllimlik edib.

1910-cu ildə Haşım bəy Vəzirov Səda mətbəəsini qurub. Piri Mürsəlzadə də bu mətbəədə çap olunan qəzetlərdə əvvəlcə tərcüməçi daha sonra isə jurnalist kimi fəaliyyət göstərib. "Səda" qəzetində fəaliyyət göstərdiyi vaxt 1911-ci il martın 18-də hökumət əleyhinə təbliğatda təqsirləndirilərək bir neçə qəzetin jurnalistləri ilə birlikdə jandarma tərəfindən həbs olunub. Qəzetin redaksiyasında axtarış aparılıb bir neçə ay sonra isə qəzet bağlanıb. Cəzasını çəkmək üçün Bayıl həbsxanasına göndərilib. 1911-ci il aprelin 9-da həbsdən azad edilib. Həbsdən buraxılsa da jandarma tərəfindən daim təqib olunub.
Məmməd Əmin Rəsulzadə ilə tanış olduqdan sonra 1917-ci ildə Müsavat Partiyasının Gənclər qolunun üzvü daha sonra isə rəhbəri olub. 1917-ci ildə məhəlli hökumətin təşkilində kömək etmək məqsədilə Bakıdan Türküstana göndərilən 3 nəfərdən biri olub. Burada Ümum-Rusiya Müəssislər Məclisinə Səmərqənd dairəsindən üzv seçilib. Bir müddət fəaliyyət göstərdikdən sonra Bakıya geri qayıdıb.
1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra dövlətin rəsmi mətbu orqanı olan Azərbaycan qəzetinin əməkdaşı olub. Qəzetdə "Piri" imzası ilə yazılar yazıb.
1919-cu il iyunun 13-də Denikin təhlükəsi əleyhinə Bakıda mitinq keçirilib. Müsavat Partiyası adından çıxış edən Piri Mürsəlzadə bütün təşkilat üzvlərinin Azərbaycanın müstəqilliyini qorumağa hazır olduğunu bildirib.
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin müttəfiq dövlətlər tərəfindən tanınması xəbərindən sonra yanvarın 14-ü bütün dövlət müəssisələrinin qulluqçuları üçün qeyri-iş günü elan edilib. Həmin gün parlamentin təntənəli iclası, hərbi parad, mitinq və nümayişlər keçirilməsi keçirilib. Piri Mürsəlzadə də mitinqdə çıxış edərək sülh konfransının işindən ətraflı bəhs edib.
Aprel işğalından sonra Həbib Cəbiyev tərəfindən həbs olunaraq 1920-ci ildə güllələnib. Qəbrinin yeri bilinmir. Ədəbiyyatşünas, şair Əmin Abid Gültəkinin yazdığına görə Piri Mürsəlzadə Qum adasında güllələndikdən sonra cəsədi dənizə atılıb.
Məhəmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.
Şəkil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Piri Mürsəlzadə haqqında məlumat. Piri Mürsəlzadə nədir? Piri Mürsəlzadə nə deməkdir?