Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Pəhləvi (farsca: رضا پهلوی, farsca tələffüz: [ɾeˈzɒː pʰæhlæˈviː]; 31 oktyabr 1960, Tehran) — iranlı siyasətçi və ABŞ-da sürgündə yaşayan müxalifət nümayəndə

Rza Pəhləvi

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Pəhləvi

Rza Pəhləvi (farsca: رضا پهلوی, farsca tələffüz: [ɾeˈzɒː pʰæhlæˈviː]; 31 oktyabr 1960, Tehran) — iranlı siyasətçi və ABŞ-da sürgündə yaşayan müxalifət nümayəndəsidir. Pəhləvi sülaləsinin üzvü olaraq, İranın son şahı Məhəmməd Rza Pəhləvi ilə Fərəh Dibanın böyük oğludur. O, İran İslam Respublikası hakimiyyətinə qarşı müxalifətin aparıcı simaları arasında yer alır.

Rza Pəhləvi
fars. رضا پهلوی‎‎‎
Doğum tarixi 31 oktyabr 1960(1960-10-31) (65 yaş)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Həyat yoldaşı
  • Yasmin Pəhləvi (1986)
Atası Məhəmməd Rza Pəhləvi
Anası Fərəh Pəhləvi
Təhsili
  • Cənubi Kaliforniya Universiteti
Fəaliyyəti siyasətçi, insan hüquqları fəalı, pilot, musiqiçi, yazıçı, incəsənət xadimi
Elmi dərəcəsi
  • bakalavr
Mükafatları Grand Star of the Decoration for Services to the Republic of Austria "Fəxri legion" ordeninin böyük xaçı "Katolik İzabella" ordeninin boyunbağısı — 1957 "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin boyunbağılı böyük cəngavər xaçı — 1974 "İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı
İmza
rezapahlavi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tehran şəhərində anadan olan Rza Pəhləvi, 1967-ci ildə atasının taxta çıxması ilə rəsmi olaraq İranın vəliəhdi elan edildi. İran İmperator Hərbi Hava Qüvvələrində zabit namizədi kimi xidmət edən Pəhləvi, 1978-ci ildə pilot hazırlığı almaq üçün Riz Hərbi Hava Bazasına köçdü. 1979-cu ildə Ruhullah Xomeyni rəhbərliyi ilə baş verən İran İnqilabından sonra atası taxtdan endirildi və monarxiya ləğv olundu. 1980-ci ildə atasının Misirin Qahirə şəhərində sürgündə vəfat etməsindən sonra Rza Pəhləvi özünü İran şahı elan edərək “II Rza Şah” adını qəbul etdi və xaricdən İran İslam Respublikasına qarşı siyasi fəaliyyətlərdə fəal şəkildə iştirak etməyə başladı.

2013-cü ildə İran Milli Şurasının qurucuları arasında yer aldı. İdeoloji baxımdan İranda demokratik keçid prosesini dəstəklədiyini bildirən Pəhləvi, ölkənin gələcək idarəetmə formasının müəyyən edilməsi məqsədilə referendum keçirilməsini müdafiə etdi. İslam Respublikasına qarşı etiraz çağırışları edən Pəhləvi, mövcud rejimin hakimiyyətdən uzaqlaşdırılmasını tələb etdi və İranın Qərb dünyası ilə İsrailin müttəfiqi olması gerektiğini vurğuladı. 2025–2026 İran etirazları zamanı müxalifətin aparıcı fiqurlarından birinə çevrilən Pəhləvi, etiraz çağırışları ilə kütləvi nümayişlərin genişlənməsində təsirli oldu.

Mündəricat

Həyatı

Rza Pəhləvi 1960-cı ildə Tehranda İran şahı Məhəmməd Rza Pəhləvi ilə Şahbanu Fərəh Pəhləvinin böyük oğlu kimi anadan olmuşdur. Onun bacı-qardaşları arasında bacısı Fərəhnaz, qardaşı Əli Rza, bacısı Leyla və ögey bacısı Şəhnaz vardır. Doğulduğu gün şah 98 siyasi məhbusu əfv etmiş və hökumət gəlir vergisində 20% endirim elan etmişdir.

Pəhləvi yalnız xanədan üzvləri və saray ətrafı üçün nəzərdə tutulmuş, kral sarayında yerləşən xüsusi saray məktəbində təhsil almışdır. Pilot kimi hazırlıq keçmiş, 11 yaşında ilk solo uçuşunu həyata keçirmiş və bir il sonra pilot lisenziyası almışdır.

İmperatorluq İran Hərbi Hava Qüvvələrində hava hərb məktəbinin kursantı olan Pəhləvi, pilotluq təhsilini davam etdirməsi üçün 1978-ci ilin avqustunda ABŞ-a göndərilmişdir. Texas ştatındakı keçmiş Reese Hərbi Hava Bazasında bir illik pilot hazırlığı proqramında iştirak edən 43 kursantdan biri olmuş, bu proqram çərçivəsində Cessna T-37 Tweet və Northrop T-38 Talon təyyarələri ilə uçuş təlimi almışdır. İran İnqilabından sonra planlaşdırılandan təxminən dörd ay əvvəl, 1979-cu ilin martında bazanı tərk etmişdir..

Pəhləvi 1979-cu ilin sentyabrında Williams College-də təhsilə başlamış, lakin 1980-ci ildə universiteti tərk etmişdir. Daha sonra Qahirə Amerika Universitetində politologiya üzrə təhsil almağa başlamış, lakin dərslərdə iştirakı qeyri-müntəzəm olmuşdur. 1981-ci ildə proqramdan ayrıldığı və təhsilini iranlı professorlarla özəl şəkildə davam etdirdiyi, əsasən fars mədəniyyəti və tarixi, İslam fəlsəfəsi və İranda neft mövzularına diqqət yetirdiyi bildirilmişdir.

Pəhləvi 1985-ci ildə Cənubi Kaliforniya Universitetindən distant (məktupla) təhsil yolu ilə politologiya üzrə bakalavr (BSc) dərəcəsi almışdır. Ana dili farsca olmaqla yanaşı, ingilis və fransız dillərini də səlis bilir.

Evliliyi

Pəhləvi 1985-ci ildə Yasmine Etemad-Amini ilə münasibətə başlamışdır. Cütlük 12 iyun 1986-cı ildə ABŞ-ın Connecticut ştatının Greenwich şəhərində evlənmişdir. Yasmine Etemad-Amini bu evlilikdən sonra soyadını Pəhləvi olaraq dəyişdirmişdir. Evləndikləri zaman Rza Pəhləvi 25, Yasmine isə 17 yaşında idi. Hal-hazırda cütlüyün üç qızı var: Nur (3 aprel 1992-ci il doğumlu), İman (12 sentyabr 1993-cü il doğumlu) və Farah (17 yanvar 2004-cü il doğumlu).

Sürgündəki siyasi fəaliyyəti

Rza Pəhləvi ailəsi ilə birlikdə 1980-ci ilin mart ayında Misirin paytaxtı Qahirəyə gəlmişdir. Atası Məhəmməd Rza Pəhləvi xəstəliyinin son həftələrində olarkən, bəzi şah tərəfdarı dairələrin mətbuatda Şaha Rzanın əvəzinə həmin dövrdə 13 yaşında olan kiçik oğlu Əli Rzanı və bir naiblik şurasını irəli sürməyi tövsiyə etdikləri yer almışdır. Bu dairələr Rzanın keçmişini, təhsilini və ictimai məsələlərə marağının məhdud olduğunu əsas gətirərək onun varisliyə uyğun olmadığını iddia edirdilər. Şahın bu təklifi rədd etdiyi və iki oğlundan biri lehinə taxtdan imtina etmədiyi anlaşılmışdır.

Şah 27 iyul 1980-ci ildə vəfat etdikdə, Fərəh Pəhləvi özünü rəsmi statusu olmayan bir bəyanatla naibə elan etmişdir.[10] Rza Pəhləvi isə iyirminci doğum günü olan 31 oktyabr 1980-ci ildə özünü İranın yeni şahı - “II Rza Şah” - və Pəhləvi sülaləsinin qanuni varisi elan etmişdir. Bu açıqlamadan dərhal sonra ABŞ Dövlət Departamentinin sözçüsü Con Trattner ABŞ hökumətinin Rza Pəhləvidən məsafə saxladığını bildirmişdir. Trattner Vaşinqtonun onu dəstəkləməyi düşünmədiyini və İran hökumətini tanımaqda davam etdiyini açıqlamışdır.

1981-ci il ərzində Pəhləvi Qubbə Sarayında qalmağa davam etmiş və monarxiya tərəfdarı qruplarla yaxın əlaqələr qurmuşdur. Lakin sol yönlü müxaliflər də daxil olmaqla digər bəzi müxalif qruplar tərəfindən qəbul edilməmişdir. Mart ayında Fars Yeni ili münasibətilə bir bəyanat yaymış, İran hökumətinə qarşı olan bütün təbəqələri öz ətrafında birləşməyə və “milli müqavimət” aparmağa çağırmışdır. Buna baxmayaraq, prezident Əbü’l-Həsən Bəni Sədrin vəzifədən kənarlaşdırılması və Ali Məhkəmənin sədri Məhəmməd Beheştinin də daxil olduğu onlarla rəsminin iyun ayında sui-qəsd nəticəsində öldürülməsi qarşısında susqun qalmağı üstün tutmuş və hər hansı reaksiya nümayiş etdirməmişdir.

Avqust ayında Pəhləvi İran hökumətini devirmək məqsədilə gizli planlar hazırladığını açıqlamış və aşağıdakı ifadəni işlətmişdir:

“İndiyədək ən yaxşı övladlarımızdan bəzilərinin həyatını təhlükəyə atmaq istəmədiyim üçün bu əlaqələndirilmiş planların mövcudluğunu açıqlamaq istəmirdim… Bir çox fəaliyyətimiz sizə məlum deyildi, lakin İranı xilas etmək üçün zəruri addımların ən müntəzəm şəkildə atılmaqda olduğuna əmin olmağınızı istəyirəm.”

1982-ci ildə israilli iş adamı və eyni zamanda kəşfiyyat əməkdaşı olan Yaakov Nimrodi BBC-yə verdiyi radio müsahibəsində Adolf Şvimmer və Adnan Xaşıqçı ilə birlikdə Rza Pəhləvi və general Səid Razvani ilə İran’da çevriliş planlaşdıraraq Pəhləvini hakimiyyətə gətirmək cəhdində olduqlarını bildirmişdir. “Maariv” qəzetində jurnalist kimi fəaliyyət göstərən Samuel Segevə görə bu plan həm MKİ (CIA), həm də İsrail Dövlətinin nazirlər kabineti tərəfindən təsdiqlənmişdi. Bununla belə, plan 1983-cü ildə baş nazir Menaxem Beginin istefasından sonra gündəmdən çıxarılmış, yeni baş nazir Yitsxak Şamir isə öz dövründə “İsrailin yeni bir macəraya atılmaması gərəkdiyini” əsas gətirərək Pəhləvinin hərbi çevriliş yolu ilə İran İslam rejimini devirməsi ideyasını həyata keçirməkdən çəkinmişdir.

1 may 1986-cı ildə Pəhləvi İranda yenidən konstitusion monarxiya qurmaq məqsədilə yaxın zamanda sürgün hökuməti formalaşdırdığını elan etmişdir.

Pəhləvi xaricdə yaşayan bir iranlı kimi sahib olduğu yüksək ictimai nüfuzdan insan hüquqları, demokratiya və İran daxilində və xaricində yaşayan iranlılar arasında birlik ideyalarının təşviqi üçün istifadə etmişdir. O, öz rəsmi internet saytında İranda din ilə dövlətin ayrılmasını, həmçinin “azadlığı sevən bütün fərdlər və siyasi ideologiyalar üçün” azad və ədalətli seçkilərin keçirilməsini tələb etdiyini bildirmişdir. Pəhləvi bütün demokratik gündəmlərə sadiq olan qrupları demokratik və dünyəvi İran hökumətinin qurulması naminə birgə fəaliyyət göstərməyə çağırmışdır.

2018-ci ilin dekabrında Vaşinqton Yaxın Şərq Siyasətləri İnstitutunda etdiyi təqdimatda Pəhləvi İranda islamçı rejimi dünyəvi demokratiya ilə əvəz etməyə çalışan qüvvələrə qeyri-hərbi dəstək göstərilməsinə çağırmışdır. O, İranda taxt-tacın bərpasından daha çox özünü bir siyasi lider kimi deyil, simvolik bir fiqur kimi gördüyünü, lakin ölkəsinə xidmət etməyə hazır bir fərd olduğunu vurğulamışdır.

2022-ci ildə İranın Abadan şəhərində tikilməkdə olan bir binanın uçması fonunda baş verən hökumət əleyhinə etirazlar zamanı Pəhləvi Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 saylı reysin vurulması, xarici COVID-19 peyvənd və testlərinin ölkəyə idxalının qadağan edilməsi, eləcə də artan ərzaq qiymətləri kimi hadisələrin qarşısı alına bilən ölümlərə səbəb olduğunu qeyd etmiş, bunun isə hökumətin səmərəsiz idarəçiliyinə qarşı xalqın qəzəbini daha da artıracağını və İslam Respublikasının yaxın gələcəkdə çökə biləcəyini proqnozlaşdırmışdır. O, həmçinin İslam Respublikasına qarşı olan, lakin hazırda hökumət strukturlarında xidmət edən İran Silahlı Qüvvələri üzvlərini dinc şəkildə hərəkətə keçməyə təşviq etmiş və rejimə qarşı əlaqələndirilmiş bir cəbhənin yaradılmasını tələb etmişdir. Monarxiyanın bərpasını tələb edən iranlı etirazçılardan dəstək aldığını qəbul etsə də, “İran xalqının etimadına cavab olaraq etdiyim ən mühüm iş onların səslərini gücləndirməkdir. Mən onlara nə edəcəklərini demirəm. Mən siyasi lider deyiləm” sözlərini ifadə etmişdir.

2023-cü ilin fevralında The Daily Telegraph qəzetinə verdiyi müsahibədə Pəhləvi Böyük Britaniya və Avropa hökumətlərini İran İslam İnqilab Keşikçiləri Ordusunu qadağan etməyə çağırmış və bu addımı “rejimin ən güclü dişini çıxarmaq” kimi qiymətləndirmişdir. Müsahibədə o, İranın islahatçı qüvvələrinin rejimi dəyişdirmək əvəzinə tamamilə devirmək istədiklərini bildirməsi səbəbindən İslam Respublikasının yaxın gələcəkdə əvvəlki onilliklərlə müqayisədə daha yüksək ehtimalla devriləcəyinə inandığını qeyd etmişdir. Pəhləvi bir çox iranlı müxaliflərin yeni hökumətin yaradılmasında onun mərkəzi rol oynamasını istədiyini qəbul etsə də, taxtdan imtina qərarını İran xalqına buraxacağını və rejim devrilərsə siyasi vəzifəyə iddialı olmayacağını təkrar etmişdir. O, yeni dünyəvi və liberal demokratik İran üçün ən böyük çətinliyin ordunun nəzarət altında saxlanılması və rejim rəsmilərinə qarşı ədalətin təmin edilməsi olacağını proqnozlaşdırmışdır. Pəhləvi İslami rejimin yüksək səviyyəli üzvlərinin insan hüquqları pozuntuları səbəbilə məhkəmə qarşısına çıxarılacağını, aşağı səviyyəli üzvlərin isə cəmiyyətə yenidən inteqrasiyasını təmin etmək üçün əfv edilə biləcəyini vurğulamış, nümunə olaraq Nürnberq məhkəmələrini (yüksək səviyyəli nasist rəsmilərin məhkəməyə çəkildiyi və aşağı səviyyəli üzvlərin Almaniyaya yenidən inteqrasiyası təmin olunduğu) və Apartheid sonrası Cənubi Afrikadakı Həqiqət və Uzlaşma Komissiyasının dinləmələrini göstərmişdir.

2023-cü ilin martında Pəhləvi Böyük Britaniya turuna çıxmış və Oxford Union-da çıxış etmişdir. Çıxışında o, “dünyəvilik demokrasiyanın əsas şərtidir” fikrini irəli sürmüş və İslami rejimlərin din azadlığını qəbul etmədikləri üçün uğursuz olduğunu vurğulamışdır. Pəhləvi İranla kommunikasiya üçün internetə çıxışın bərpasını və İran rejimini devirmək üçün zorakı olmayan taktikaların istifadə edilməsini tələb etmişdir. Çıxışı zamanı onun tərəfdarları binanın xaricində böyük bir nümayiş keçirmiş və ona taxta qayıtması çağırışı etmişdir.

17 aprel 2023-cü ildə Pəhləvi və həyat yoldaşı Yasmine “İran ilə İsrail arasındakı tarixi əlaqələri yenidən qurmaq” təşəbbüsü çərçivəsində İsrailə səfər etmişdir. İsrailə çatdıqda Ağlama Divarı və Yad Vaşem – Yəhudi Soyqırımı Muzeyini Holokostu Anma Günü olan “Yom HaŞoa” çərçivəsində ziyarət etmiş, həmçinin İsrail Prezidenti Yitzhak Herzog və Baş Nazir Binyamin Netanyahu ilə görüşmüşdür. Bundan əlavə, Hamursuz Bayramı (Pesah) zamanı baş vermiş ölümcül terror hücumunda qardaşları Maya və Rina ilə anaları Lucy-nin həyatını itirməsi sonrası, Batı Şeria’dakı Efrat yaşayış məntəqəsində Dee ailəsini evlərində ziyarət edərək başsağlığı vermişdir.

Siyasi baxışları

İranın əsas müxalif simalarından biri kimi tanınır. Seçkili monarxiya altında demokratik, sekulyarist İranı dəstəkləyir. 2025-ci ildə, Parisdə çıxış edərək Ayətullah Əli Xameneinin İranın Ali Rəhbəri vəzifəsindən getməsini tələb etdi.

Cənubi Azərbaycan haqqında demişdir: "İranda yaşayan hər bir insan Cənubi Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır".

Avstraliyada yayımlanan ABC News-un onunla apardığı müsahibədə Pəhləvinin verdiyi cavablara əsaslanaraq, qəzet iranlı şahzadəni “dünyəvi, demokratik və liberal” baxışlara malik siyasi fiqur kimi oxucularına təqdim etmişdir.

Pəhləvi mövcud rejim devrildiyi təqdirdə İranda uzunmüddətli liderlik rolunu üzərinə götürmək niyyətində olmadığını bildirmişdir. O, İran xalqının üstün tutduğu idarəetmə formasını - konstitusiyalı monarxiya və ya respublika arasında - özlərinin seçməli olduğunu və bunun referendum yolu ilə müəyyənləşdirilməli olduğunu qeyd etmişdir. 1979-cu il İslam İnqilabından sonra “din ilə dövlətin ayrılığını demokratik nizamın əsas prinsipi və önşərti” kimi qəbul etdiyini vurğulamışdır. Pəhləvi Britaniyanın BBC kanalına verdiyi müsahibədə, daha çox ləyaqətə əsaslandığını düşündüyü üçün İranın respublikanı seçməsini üstün tutacağını bildirmişdir.

“İranda Mövqelərin Təhlili və Ölçülməsi Qrupu” - GAMAAN-ın 158.000 iranlı arasında apardığı sorğuya görə, iranlıların 80%-i İslam Respublikasının əvəzinə demokratik bir hökumət istəyir. Eyni GAMAAN sorğusu, 34 namizəd arasında Rza Pəhləvinin İran üçün keçid dövrü həmrəylik şurasını formalaşdırmaq məqsədilə ən çox dəstək alan şəxs olduğunu və 32%–40% arasında dəstək gördüyünü müəyyən etmişdir.

Pəhləvi İranda daha çox dözümlülüyə çağırış etmiş, hakimiyyətin mərkəzləşməsinin qarşısını almaq üçün nəzarətedici institutların yaradılmasını və vətəndaş cəmiyyətinin gücləndirilməsini müdafiə etmişdir. Pəhləvinin demokratik İran vizyonunu dəstəklədiyi, təsisçi məclisin yaradılması üçün azad seçkilərin keçirilməsinin tərəfdarı olduğu qeyd edilmişdir. Navarra Universitetinə görə, Pəhləvi “monarxiyanın bərpası ilə bağlı öhdəlik götürməkdən imtina etmişdir”. Pəhləvi Avropa Parlamentinin üzvlərinə rejimin süqutundan sonra İranın Avropa və Qərbin müttəfiqi olacağını bildirmişdir.

Rza Pəhləvi və İran müxalifəti demokratik ölkələri İslam rejimini aradan qaldırmaq və İranda dünyəvi demokratiya qurmaq səylərini dəstəkləməyə çağırmışdır.[69] Pəhləvi özünün və müxalifətin İranda həbs olunan, işgəncələrə məruz qalan, hətta bəziləri edam edilən İran demokratiya hərəkatının təmsilçiləri olan fəalları təmsil etdiyini bildirmişdir. Pəhləvi İran daxilindəki müxalif qüvvələrlə əlaqə saxlayır.

İranlı fəal və jurnalist Homa Sarşara görə, Pəhləvi “mesajlarında ardıcıldır”.[69] Sarşar Pəhləvinin bir koalisiyanın tərkib hissəsi olması gərəkdiyini düşünür. ABŞ-da yerləşən Demokratiyaları Müdafiə Fondu (FDD) isə tək bir nümayəndənin İranla bağlı mesajın eşidilməsinə kömək edə biləcəyini bildirmişdir.

İslam Respublikasının süqutu halında xaos ehtimalı ilə bağlı Pəhləvi, xaotik keçidlər yaşayan digər ölkələrdən fərqli olaraq İranın qədim bir sivilizasiya olduğunu vurğulayaraq belə demişdir: “Biz İraq və ya Əfqanıstan deyilik. Biz minilliklərdir birlik içində olan bir millətik. Hüququn aliliyi və ədalət olarsa, anarxiya olmayacaq.” Pəhləvi müsahibədə vətəndaş müharibəsinin baş verməyəcəyini də qeyd etmişdir.

Rza Pəhləvi 2025-ci ilin iyununda müxalif yayım orqanı Iran International-a verdiyi müsahibədə “hüquqa uyğun bir keçid” təmin edəcəyinə söz vermişdir. Keçid dövrü ədaləti sahəsində mütəxəssislərin ədalətli məhkəmələri təmin edəcəyini, hər bir təqsirləndirilən şəxsə məhkəmədə özünü müdafiə etmək hüququnun veriləcəyini bildirmişdir. 1979-cu il İnqilabından fərqli olaraq edamların tətbiq edilməyəcəyini söyləmişdir. Keçidin 1979-cu ilə bənzəməyəcəyini vurğulayan Pəhləvi “inanca, etnik mənsubiyyətə və ya baxışlara baxılmadan bütün iranlılar üçün bərabər hüquqlar”ın təmin ediləcəyini qeyd etmişdir.

Mehsa Emini etirazları zamanı dəstək

2023-cü ildə Rza Pəhləvini keçid prosesi üçün nümayəndə kimi dəstəkləmək məqsədilə Change.org platformasında bir petisiya yaradılmış və bu petisiya 460 mindən çox imza toplamışdır.

Rza Pəhləvi İran İslam Respublikasının 44-cü ildönümü olan 11 fevral 2023-cü ildə iranlıları dünya miqyasında rejimə qarşı etiraz aksiyaları keçirməyə çağırmışdır. Bunun nəticəsində ABŞ, Avropa, Avstraliya və Kanadanın bir çox şəhərlərində kütləvi nümayişlər təşkil olunmuşdur. Rza Pəhləvi özü də Los-Ancelesdə keçirilən aksiyada iştirak etmiş və 80 mindən artıq insanın toplaşdığı kütlə qarşısında çıxış etmişdir.

2025-ci il Münhen Konfransı zamanı aktivizmi

2025-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı Rza Pəhləvini tədbirdə iştirak etməyə dəvət etmiş, lakin İslam Respublikasının təzyiqlərindən sonra bu dəvət geri götürülmüşdür. Qısa müddət sonra onun yenidən konfransa qatılması üçün dəvət göndərilsə də, bu dəvət də ləğv edilmişdir. Rza Pəhləvi bu qərarı “İran xalqına və Almaniyanın demokratik dəyərlərinə xəyanət” kimi qiymətləndirmiş və “Alman hökuməti təkcə İran xalqının səsini susdurmaqla kifayətlənməmiş, eyni zamanda birbaşa İslam Respublikası ilə eyni mövqedə dayanmışdır” ifadələrini işlətmişdir.

18 fevral tarixində Münhendə keçirilən “Münhen Uzlaşma Zirvəsi”ndə bir çox iranlı müxalifət təşkilatının iştirakı ilə Rza Pəhləvi çıxış edərək “Bu günkü məqsədimiz yalnız İranın xilas edilməsidir və gələcək vəzifəmiz İranda azad seçkilərin keçirilməsini təmin etməkdir” demişdir. O, həmçinin “rejim daxilində çökmə prosesi başlamışdır və bu proses genişləndirilməlidir” fikrini əlavə etmişdir. Müxtəlif qruplar arasında “əməkdaşlıq mexanizminin yaradılmasının” əsas hədəf olmalı olduğunu, yeni bir müxalifət təşkilatının yaradılmasının isə məqsəd kimi qarşıya qoyulmamalı olduğunu vurğulamışdır. Pəhləvi İranda demokratiyanın qurulması istiqamətində addımlar atacağını bildirmiş və fikirlərini aşağıdakı sözlərlə ifadə etmişdir:

“Gələcək vəzifəmiz Təsisçi Məclis çərçivəsində xalqın səsinə əsaslanan demokratik bir yol formalaşdırmaq və 1978-ci il təcrübəsindən fərqli olaraq, İranın yeni sisteminin məzmunu və yekun forması ilə bağlı bütün mümkün variantların şəffaf şəkildə müzakirə olunacağı bir mexanizm yaratmaqdır. Təsisçi Məclis layihəsi yaxın zamanda milli referendumun seçki qutuları vasitəsilə necə həyata keçiriləcəyini müəyyən etmək üçün xalqın müzakirəsinə təqdim ediləcək; bu isə demokratik gələcək və dünyəvi bir sistem istiqamətində atılmış addımdır”.

Eyni dövrdə Pəhləvinin tərəfdarları Münhen Təhlükəsizlik Konfransının yan tədbirləri zamanı Avropa İttifaqının, xüsusilə Almaniya hökuməti vasitəsilə İslam Respublikasına qarşı yürüdülən uzlaşmacı siyasətləri etiraz aksiyası ilə protesto etmişdir.

Pəhləvi, həmçinin İranda mövcud olan sosial bərabərsizlikləri və enerji böhranlarını tənqid etmiş, ölkədə çayların qurumasını və hava çirklənməsini pisləmişdir.

2025-ci il İran–İsrail müharibəsi zamanı tutumu

17 iyun 2025-ci ildə İsrail–İran müharibəsi zamanı Pəhləvi açıqlama verərək İran İslam Respublikasının “çöküşün astanasında” olduğunu bildirmişdir. O, rejim daxilindəki parçalanmaların və qaçışların yaxınlaşan çöküşün göstəriciləri olduğunu vurğulamışdır. Pəhləvi uzun müddətdir təzyiqlərə müqavimət göstərən İran xalqının tezliklə azadlığa qovuşacağına əminliyini ifadə etmişdir. Bundan əlavə, İran Silahlı Qüvvələrinə və təhlükəsizlik strukturlarına müraciət edərək rejimi tərk etməyə və xalqın dəyişiklik hərəkatına qoşulmağa çağırmışdır. İsrail–İran müharibəsi zamanı Pəhləvinin mövqeyi, xüsusilə İsrail hücumlarını “bir fürsət” kimi təqdim etməsi, bir çox digər iranlı müxalifət nümayəndəsi tərəfindən kəskin şəkildə tənqid edilmişdir.

2025–2026 İran etirazları

28 dekabr 2025-ci ildə başlayan və bu gün də davam edən İran etirazlarında Pəhləvi etirazçılara dəstəyini ifadə etmiş və təhlükəsizlik qüvvələri də daxil olmaqla bütün iranlıları etirazlara qoşulmağa çağırmışdır. Etirazçıların ən azından bir hissəsi bu çağırışa əməl etmişdir.[59][60] Minlərlə etirazçı küçələrə çıxmış və rejim əleyhinə şüarlar səsləndirmişdir. Etirazların bir çoxu zamanı, mövcud rejimə qarşı ən önəmli müxalif fiqur kimi Pəhləvinin adı şüarlarda səslənmişdir.

Tənqidçilər iddia ediblər ki, Rza Pəhləvinin 2025–2026 İran etirazlarındakı görünürlüğü, bu etirazların xarici dəstəkli və İranın keçmiş monarxiyası ilə əlaqəli olduğu təəssüratını yaradaraq İslam Respublikasının işinə yarayıb. Time jurnalında 2025–2026 İran etirazları zamanı yazan Bobby Ghosh, Pəhləvinin monarxiya tərəfdarı olmayan müxalifləri hədəf alan dəstəkçilərini nəzarətdə saxlaya bilməməsinin “birləşməli olan cəbhəni parçalamağa” səbəb olduğunu irəli sürmüşdür. Digər analitiklər də Pəhləvinin təsirini və birləşdirici qabiliyyətini şübhə altına almış; onun önə çıxmasının müxalif qüvvələri birləşdirmək və ya hərəkətə gətirmək bacarığına çevrilmədiyini qeyd etmişlər. ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə verdiyi müsahibədə Rza Pəhləvinin “çox xoş” göründüyünü söyləmiş, lakin İran daxilində hakimiyyəti ələ ala biləcək qədər yerli dəstəyi hərəkətə keçirmək qabiliyyətini şübhə altına almışdır.

Rza Pəhləvi 20 yanvar 2026-cı ildə İranın dini lideri Əli Xameneiyə ünvanladığı açıqlamada onu ölkədə “işğalçı rejimin” başında duran İran əleyhinə cinayətkar kimi qiymətləndirmiş və iranlıları küçə etirazlarının yeni dalğasına hazırlaşmağa çağırmışdır.

Pəhləvi X (keçmiş adı Twitter) üzərindən paylaşımında bildirib ki, Xamenei, rejim və ona bağlı bütün qurumlar tərəfindən tökülən “hər damcı qan”ın hesabını verməli olacaq. Açıqlamasında, Nasist cinayətkarlarının İkinci Dünya Müharibəsindən sonra Nürnberq məhkəmələrində mühakimə olunub cəzalandırılmasına istinad edərək, Xamenei və tərəfdarlarının da “İran xalqının məhkəməsində” mühakimə olunacağını irəli sürmüşdür.

İranlılara ünvanladığı çağırışda Pəhləvi bildirib ki, xalq tək deyil, göstərilən müqavimət tarixin gedişatını dəyişdirib və İslam Respublikası çözülmə prosesinə daxil olub, gücü zəifləyib. O həmçinin birliyə və cəsarətə olan inamın qorunmalı olduğunu vurğulamış, həyatını itirənlər üçün duyulan yasın Xamenei və onun ölkə daxilində və xaricdəki müttəfiqlərinə qarşı qərarlılığa çevrilməsini çağırmışdır.

Pəhləvi tərəfdarlarını “hər zamankindən daha geniş, daha güclü və daha qərarlı” olmağa, küçələrdə “həlledici dönüş” üçün hazırlıqlı olmağa dəvət etmiş, Təhranın ələ keçirilməsini və İranın yenidən qazanılmasını hədəfləyən hərəkət çağırışını “Yaşasın İran” şüarı ilə yekunlaşdırmışdır.

Dini inancı

Dini mövzu ilə bağlı verdiyi müsahibədə Pəhləvi dinin şəxsi bir məsələ olduğunu, lakin aldığı təhsil və yetişdiyi dəyərlər çərçivəsində Şiə müsəlmanı olduğunu bildirmişdir.

6 aprel 2024-cü ildə Prens Rza Pəhləvi və Prenses Yasmine Pəhləvi ABŞ-ın Texas ştatının Houston şəhərindəki Bhandara Atash Kadeh Zərdüştlük məbədini ziyarət etmiş və “Yasna” mərasiminə fəal şəkildə qatılmışlar.[76] Ziyarət zamanı Rza Pəhləvi ifadə etmişdir:

“Zərdüştlük İranın tarixi və mədəniyyəti ilə iç-içədir. Yasmine və mən bu yerli İran inancını hörmətlə anmaq, Zərdüştlük icmamız və fars cəmiyyətimizlə həmrəylik göstərmək üçün Houston’dakı Zərdüştlük atəş məbədini ziyarət etdik. Bu qədim İran inancı böyük sivilizasiyamızın inkişafında və irəliləməsində kritik rol oynamışdır. Və bu gün gənclərimiz arasında gördüyümüz kimi, təsirinin yalnız artacağına inanıram.”

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Pəhləvi haqqında məlumat. Rza Pəhləvi nədir? Rza Pəhləvi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Salamin

  • Fevral 26, 2026

    Somma döyüşü

  • Fevral 23, 2026

    Bitki

  • Fevral 27, 2026

    Portlend

  • Fevral 27, 2026

    Ustaşlar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst