II Mahmud (osm. محمود ثانى — Mahmud-i sânî) (20 iyul 1785, İstanbul – 1 iyul 1839, İstanbul) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi.
| II Mahmud | |
|---|---|
| osman. محمود ثانى | |
| |
| 28 iyul 1808 – 1 iyul 1839 | |
| Əvvəlki | IV Mustafa |
| Sonrakı | Əbdülməcid |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 iyul 1785 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 iyul 1839 (53 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | vərəm |
| Dəfn yeri |
|
| Fəaliyyəti | hökmdar[d] |
| Atası | I Əbdülhəmid |
| Anası | Nakşidil Sultan |
| Həyat yoldaşları |
|
| Uşaqları |
|
| Ailəsi | Osmanlı xanədanı |
| Dini | İslam |
| | |
![]() | |
Həyatı
İlk illəri və taxta çıxışı
20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27-ci Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür. Ancaq bununla yanaşı, Sultan Mahmud səltənəti Osmanlı imperiyasının struktur baxımından yenidən formalaşması, istər idarəetmə, istərsə də mədəni həyatında yeni çağın başlaması ilə də xarakterizə olunur.
Səltənətinin Yeniçəri ocağının ləğvinə qədərki (1826) ilk mərhələsi mənfəəti uğrunda bu ocağın özbaşınalıqlarına göz yuman, daha çox ordu və üləma tərəfindən dəstəklənən, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, islahat əleyhdarları Anadolu və Rumeli əyanlarının zərərsizləşdirilməsi ilə keçdi. Ələmdar Mustafa Paşanın 4 ay davam edən sədarəti dövründə hazırlanan İttifaq sənədi əyanlıq qurumunun formalaşdırılmasını nəzərdə tutsa da, bu cəhd uğursuz oldu. Ölkədəki bütün əyanların vahid cəbhədə birləşməsi prosesi davam edən ərəfədə Təpədələnli Əli Paşa kimi güclü əyanlar yavaş-yavaş zəifləməyə, bəziləri isə aradan qaldırılmağa başlandı və 1832-ci ildə artıq hökumət bunların böyük bir qismindən təmizləndi.
Avropa siyasəti
Sultan Mahmud taxta çıxdığı əsnada Avropada Fransaya qarşı mübarizə davam edirdi və Fransa yönümlü siyasət aparan Osmanlı imperiyası bu səbəblə Rusiya və İngiltərə ilə müharibə şəraitində idi (1806). Bu vəziyyət İngiltərə ilə 9 yanvar 1809 tarixli Sultaniyyə sülhü, Rusiya ilə isə 28 may 1812 tarixli Bükreş sülhü ilə başa çatdı. Rusiya ilə bağlanan sülhə əsasən, bölgədə ruslara mühüm imtiyazlar verilmiş, Bessarabiya torpaqları itirilmiş, rusların Qafqazdakı işğalçı siyasəti tanınmış, ən əsası isə serblərə muxtariyyət verilmişdi. Bununla birlikdə Napoleonun Moskvaya səfəri (1812) və Avropadakı tarazlığın pozulması bu sülhün şərtlərinin icra edilməsini bir müddət gecikdirdi. Ancaq Rusiya tərəfinin məsələni yenidən gündəmə gətirməsilə, 1817-ci ildə serblərə qəti muxtariyyət verildi.
Digər tərəfdən 1821-ci ildə başlayan yunan üsyanı böyüyərək dövlətlərarası bir məsələyə çevrilmişdi. Avropadakı türk əleyhdarlığını gücləndirən bu üsyan Mehmed Əli Paşanın uğurlu hərbi siyasəti ilə yatırılsa da, məsələyə xarici müdaxiləni qaçınılmaz etmişdi. Navarində yerləşən Osmanlı-Misir donanması ani bir basqında yandırıldı (20 oktyabr 1827) və Fransa Moreya bölgəsinə ordu yeritdi. 7 oktyabr 1826 tarixli Akkirman sülhü ilə istədiyi bütün hüquq və imtiyazları ələ keçirən Rusiya bu dəfə də yunan məsələsini bəhanə edərək Osmanlıya qarşı yenidən müharibə elan etdi. Balkan yarımadasında qısa zamanda irəliləyən rus ordusu Ədirnəyə qədər gəldi və burada bağlanan sülhlə (14 avqust 1829) Moreyanı və bəzi adaları özündə birləşdirən Afina mərkəzli kiçik bir Yunan dövlətinin qurulmasının yolunu açdı.
Misir problemi
Serblərə verilən siyasi muxtariyyətin ardından Balkan yarımadasında müstəqil Yunan dövlətinin qurulması yarımadadakı digər xristian xalqlarını da bu yöndə ümidləndirdi. Sultan Mahmudun Misir hakimi Mehmed Əli Paşa ilə apardığı siyasi mübarizə, parçalanmanın şərqdən – üstəlik digər bir müsəlman güc tərəfindən başlanması yalnız Osmanlı hökumətinə vurulan bir zərbə deyil, eyni zamanda taxtda olan Osmanlı sülaləsinin də dəyişməsi riskini özüylə birlikdə gətirmişdi. Digər yandan bu mübarizəyə Avropa dövlətlərinin də müdaxiləsiylə, Misir problem anidən İstanbul boğazları probleminə çevrildi. Misir qüvvələrinin Konyaya qədər uğurla irəliləməsi, burda sədrəzəm Rəşid Mehmed Paşa idarəsindəki Osmanlı ordusunun məğlub olması (21 dekabr 1832) və üstəlik əsir düşən sədrəzəmlə birlikdə üsyançı ordunun Kütahyaya gəlməsi (2 fevral 1833) Sultan Mahmudun qarşılaşdığı ən böyük siyasi təhlükələrdən biri oldu. Ancaq Osmanlı dövlətinin bu zəif vəziyyətindən yararlanmaq istəyən Rusiya, bölgədə Misir kimi yeni aparılmış islahatlarla güclü hala gələn bir dövlətin varlığını istəmədi və xüsusi bir dəvət yollanılmadan 1833-cü ilin fevralında rus ordusu və donanması Beykoza gəldi. Nəticədə Kütahyada toplanan tərəflər razılığa gəldilər və Sultan Mahmud 1516–1517-ci illərdə Misirdə ələ keçirilən bütün torpaqları Mehmed Əli Paşanın idarəsinə verməyə məcbur oldu. Digər tərəfdən 8 iyul 1833-cü ildə Rusiya tərəfiylə növbəti bir ittifaq bağlandı və bununla da Rusiya İstanbul boğazı üzərində mühüm imtiyazlar və digər Avropa ölkələri qarşısında üstünlük qazandı. Rusiyanın müdaxiləsiylə bütün Avropanın məsələsinə çevrilən Misir probleminin ilk mərhələsi beləcə bağlandı. Nəticədə rusların İstanbul boğazındakı üstünlüyü bütün Avropanın çalxalanmasına səbəb oldu. 1833-cü ilin sentyabrında şimali Çexiyada toplanan Avstriya və Rusiya hökmdarları, Mehmed Əli Paşanın növbəti cəhdində onu dəstəkləyəcəkləri, Osmanlının Avropadakı varlığına son qoyub, burada yeni xristian dövlətlərinin qurulması barədə razılığa gəldilər.
Hər iki tərəfin girişdiyi hazırlıq dövrünün ardından 24 iyun 1839-cu ildə Nizibdə meydana gələn son hesablaşma Osmanlı ordusunun məğlubiyyəti ilə başa çatdı və Misir qüvvələrinə Anadolunun qapıları yenidən açıldı. Misir və bununla əlaqəli olaraq İstanbul boğazı problem, başdan bəri Mehmed Əli Paşanı dəstəkləyən Fransaya qarşı, Osmanlı tərəfini seçən İngiltərənin hərbi müdaxiləsi ilə həll edildi. Mehmed Əli Paşa ağır şərtləri qəbul etməli oldu və yenidən Osmanlı tabeliyinə verilən Misir hakimiliyi onun və onun vərasətindəki övladlarının ixtiyarına verildi (1840).
İslahat və reformasiyaları
Daxili problemlər və xarici müdaxilələr yenicə başlayan islahat hərəkatına təkan verməkdə idi. O illərdə inkişaf edən bütün dövlətlərdə zəruri hal alan mərkəzi hakimiyyəti gücləndirmə siyasəti isə özbaşına əyanların aradan qaldırılmasını zəruri hala çevirmişdi. Misir problemi istisna olmaqla, Sultan Mahmud səltənətində mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə uğurlu addımlar atıldı. Avropasayağı, çağdaş bir dövlət strukturunun yaradılması məqsədilə başladılan bu islahatların dönüm nöqtəsi isə, ənənəvi strukturun, eləcə də boğazına qədər rüşvətə batan dövlət sisteminin simvolu halını alan Yeniçəri ocağının aradan qaldırılması oldu. Taxta çıxdığı andan etibarən düşündüyü bu məsələni reallaşdırmaq üçün uyğun vaxt gözləyən Sultan Mahmud, özü kimi islahat tərəfdarı olan əmisinin səltənətində olanlardan dərs almış, xüsusilə də əsgər-üləma birliyinin pozulmasını hədəfləmişdi. Öncəliklə dövrün öndə gələn üləmaları — başda şeyxülislam olmaqla, islahatların keçirilməsi üçün razı salındı. Edilən təltiflər və göstərilən xoş münasibətlə yenilikçi hərəkatın qarşısında duran ən önəmli qrup zərərsizləşdirildi.
Yunan üsyanının və bununla bağlı xarici müdaxilənin pik həddə olmasına baxmayaraq, Sultan Mahmudun belə bir anda ocağın ləğvini planlaşdırması hadisələri necə dəqiqliklə izlədiyinin və uyğun vaxtın necə düzgün seçildiyini bir daha sübut edir. Xüsusilə də, yeni metod və təlimlərlə qurulan nizami Misir ordusunun, özbaşına və disiplinsiz olan Osmanlı ordusunun uzun müddətdir öhdəsindən gələ bilmədiyi üsyanları yatırması da İstanbuldakı əhali arasında orduya qarşı inamsızlıq yaratmışdı. Əhali arasında mərhum Sultan Səlimin yürütmək istədiyi hərbi islahatların və qurmaq istədiyi Nizam-i Cədid ordusunun zərurəti anlaşılmış, hazır vəziyyətdə gözləyən Sultan Mahmud isə illərdir gözlədiyi fürsəti nəhayət ələ keçirmişdi. Vaxtilə Ələmdar Mustafa Paşa sədarətində qurulan Sekban-ı Cədid ordusunun necə əks-səda doğurduğunu bilən Sultan Mahmud sırf islahat əleyhdarlarını üsyana sövq etmək məqsədilə Eşkinci ocağı adı altında uydurma bir hərbi birlik yaratdı (29 may 1826). Hətta bu birliyin 11 iyun tarixində Avropasayağı uniformalarla hərbi təlim keçəcəyi şayəsi də yeniçərilər arasına məhz Sultan Mahmud tərəfindən buraxılmışdı. Bütün bunları nəzərə alaraq, tarixdən silinmələrinə səbəb olacaq son yeniçəri ayaqlanmasının (15 iyun 1826) məhz Sultan Mahmud tərəfindən bilərək tərtibləndiyini demək olar.
Yeniçəri ocağının ləğvi, Sultan Mahmud səltənətinin ikinci mərhələsinə damğa vuran reformasiya hərəkatının önünü açdı. Köhnəni və yenini birlikdə yaşatmağa çalışan Nizam-i Cədid sisteminin əksinə, qurulan bu yeni strukturda köhnə sistemə və qurumlara yaşama haqqı verilmədi. Müasir bir ordunun qurulması isə öncəliklə maddı vəsait tələb edirdi. Bu istiqamətdə əsas hədəf isə gəlirləri digərlərinə görə daha yüksək olan vəqf torpaqları və mülkləri oldu. Bunlara və bunlardan gələn gəlirlərə nəzarət məqsədilə 1826-cı ildə Evkaf-ı Hümayun Nəzarəti (nazirliyi) quruldu. Sultan Mahmud bu islahatları qətiyyətli və sərt şəkildə tətbiq etdi. Bir çox məscidin dövlət tərəfindən əl qoyulmuş vəqf gəlirləri olmasına baxmayaraq, təmirləri gecikdirildi. Yeniçəri ocağının əsas özəyini təşkil edən Bektaşi təriqətinin İstanbuldakı təkkələri dağıdıldı, önəmli təriqət mənsubları isə edam edildi və ya sürgünə yollandı. Bu təriqətdən geridə qalanlar isə mövcud rejimə sadiqliyi və tərəfdaşlığı ilə seçilən Nəqşibəndi təriqətinə verildi. Bu baxımdan Sultan Mahmud ictimaiyyəti nəzərə alaraq siyasət yürüdən ilk Osmanlı padşahı oldu. Belə ki, 1831-ci ildə İstanbulda nəşr olunmağa başlayan Takvim-i Vekayi qəzetində reformasiyanın uğurlarından və ölkənin inkişafına verdiyi mühüm təkandan bəhs edilərək xalqın gözündə müsbət effekt yaradılmağa çalışılırdı. Sultanın xalqa daha yaxın olmaq üçün təşkil etdiyi səyahətlər, sülh və əmin-amanlığı təmin etmək üçün aldığı inzibati tədbirlər, ərzaq mallarının qiymətinin sabitləşməsi və qiymətlərin nəşr edilməsi saray tərəfindən diqqətlə hazırlanmış propaqanda idi.
Eynilə I Pyotr dövrünün Rusiyasında olduğu kimi, Sultan Mahmud da dövlətin daxilində apardığı bu islahatların zahirən görünən tərəfləri ilə də məşğul oldu. Apardığı geyim reformasiyası bu yöndə atılan addımlardan biri oldu. Din xadimləri öz xüsusi geyimlərini saxlamaqla, dövlət xidmətində olan mülki məmurlar üçün Avropasayağı geyim kimi pencək və şalvar, eləcə də fəs deyilən papaq təyin olundu.
Sultan Mahmud saray və hökumət təşkilatında da dəyişiklik etdi. Uzun müddətdir Osmanlı sülaləsi tərəfindən istifadə edilməyən Topqapı sarayındakı xidmətlilər azad edildi. Sultan və ailəsi isə Beşiktaşdakı sahilsaraylarında yaşamağa başladılar. Topqapı sarayının hökumət bölümü isə tamamilə dəyişdirildi. Öz funksiyalarını itirən divan məclisi ləğv edildi və onun funksiyaları fərqli nazirliklər arasında bölüşdürüldü.
Təhsil və elm sahəsi islahat və reformasiya prosesində Sultan Mahmudun ən diqqət etdiyi sahə oldu. 1821-ci ildə baş verən yunan üsyanı əsnasında vəzifədən alınan vəya edam edilən əcnəbi tərcüməçilərin yerinə müsəlman tərcüməçilərin tapılmaması həmin illərdə sahədəki geriliyi göz önünə qoymuşdu. Dövrün hakim dili olan fransız dilinin ölkədəki istifadəsinə təkan vermiş, özü əcnəbi dil bilməsə də övladlarının bu sahədəki inkişaflarına diqqət etmişdir. Məhz Sultan Mahmud səltənətində ilk dəfə olaraq xarici ölkələrə təhsil almaq üçün tələbələr göndərilmiş, bunlar arasından uğur qazananlar bilavasitə sultan tərəfindən mükafatlandırılmışdır.
Xəstəliyi və ölümü
Sultan Mahmudun klassik saray təhsilindən başqa, səltənətində rahat bir şahzadəlik yaşadığı əmisi Sultan Səlimdən aldığı dövlət tərbiyəsi və reformist baxışı var idi. Boş vaxtlarında musiqi və hüsnxətt sənətiylə məşğul olmuşdur. Özü tərəfindən hazırlanan bir hüsnxətt lövhəsi atası I Əbdülhəmidin türbəsində asılıdır.
Ömrünün son illərində həddindən çox qəbul etdiyi alkoqollu içki səbəbilə səhhəti pisləşmişdi. Xəstəlik gizli tutulmuş, əcnəbi və yerli həkimlər tərəfindən diaqnozunun gec qoyulması ölümünə səbəb olmuşdur. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyunda yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi. Mərasimin ardında mərhum padşah Divanyolunda bacısı Əsma Sultanın sarayının bağçasına dəfn olundu və üzəri çadırla örtüldü. Yerinə taxta çıxan oğlu Əbdülməcidin əmriylə 5 iyulda məzarın üzərində türbənin inşası başladı və 12 oktyabr 1840-cı ildə tamamlandı.
Ailəsi
Hərəmxanası
- Fatma Başqadınəfəndi (ö. fevral 1809)
- Alicənab Başqadınəfəndi (ö. 1839)
- Nevfidan Pərtəvpiyalə Qadınəfəndi
- Mislinayəb Qadınəfəndi (ö. 1825) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Qəmərfər Qadınəfəndi (ö. 1825) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Əbrurəftar Qadınəfəndi (ö. 1825) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Zərnigar Qadınəfəndi (ö. 1832) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Bəzmialəm Sultan
- Aşubican Qadınəfəndi
- Vüslət Qadınəfəndi (ö. 1830)
- Nurtab Qadınəfəndi (d. 1810 - ö. 2 yanvar 1886) — Sultan Mahmud türbəsində dəfn olunub.
- Hoşyar Sultan
- Pərviz-fələk Qadınəfəndi (ö. 21 sentyabr 1863) — Sultan Mahmud türbəsində dəfn olunub.
- Hüsnümələk xanım (d. 1812 - ö. oktyabr 1886) — Sultan Mahmud türbəsində dəfn olunub.
- Zeynifələk xanım (d. 21 may 1818 - ö. 20 dekabr 1842) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Dilsəza xanım (ö. 1816) — Yəhya Əfəndi türbəsində dəfn olunub.
- Ləbrizifələk xanım (d. 1810 - ö. 9 fevral 1865) — Sultan Mahmud türbəsində dəfn olunub.
- Tiryal xanım (d. 1810 - ö. 1883) — Yeni məsciddə dəfn olunub.
- Pərtəvniyal Sultan
Oğlan uşaqları
- Şahzadə Əbdülhəmid (d. 6 aprel 1811 - ö. 1815) — Alicənab Başqadınəfəndidən doğulub.
- Şahzadə Murad (d. 25 dekabr 1811 - ö. 14 iyul 1812)
- Şahzadə Bəyazid (d. 27 mart 1812 - ö. 25 iyun 1812)
- Şahzadə Əbdülhəmid (d. 6 mart 1813 - ö. 20 aprel 1825) — Hoşyar Sultandan doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Şahzadə Osman (d. 12 iyun 1813 - ö. 10 aprel 1814) — Pərtəvpiyalə Qadınəfəndidən doğulub. Əminə Sultanla əkizdir
- Şahzadə Əhməd (d. 25 iyul 1814 - ö. 16 iyul 1815)
- Şahzadə Mehmed (d. 26 avqust 1814 - ö. 28 oktyabr 1814)
- Şahzadə Mehmed (d. 4 avqust 1816) — 1 sutka sonra vəfat etdi.
- Şahzadə Süleyman (d. 29 avqust 1817 - ö. 14 dekabr 1819)
- Şahzadə Əhməd (d. 13 oktyabr 1819 - ö. 24 dekabr 1819)
- Şahzadə Əhməd (d. 25 dekabr 1819) — 1 sutka sonra vəfat etdi.
- Şahzadə Abdullah (d. 4 aprel 1820) — 1 sutka sonra vəfat etdi.
- Şahzadə Mahmud (d. 18 fevral 1822 - ö. 23 oktyabr 1822)
- Şahzadə Mehmed (d. 18 fevral 1822 - ö. 23 sentyabr 1822)
- Şahzadə Əhməd (d. 6 iyul 1822 - ö. 9 aprel 1823)
- Sultan Əbdülməcid
- Şahzadə Əhməd (d. 5 dekabr 1823 - ö. 1824)
- Şahzadə Əbdülhəmid (d. 18 fevral 1827 - ö. 15 noyabr 1828) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Sultan Əbdüləziz
- Şahzadə Nizaməddin (d. 29 dekabr 1835 - ö. 24 fevral 1838) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Şahzadə Hafiz (d. 1836 - ö. 24 yanvar 1839)
- Şahzadə Kəmaləddin
Qız uşaqları
- Fatma Sultan (d. 4 fevral 1809 - ö. 5 avqust 1809) — Pərtəvpiyalə Qadınəfəndidən doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
- Ayşə Sultan (d. 5 iyul 1809 - ö. fevral 1810) — Aşubican Qadınəfəndidən doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
- Fatma Sultan (d. 30 aprel 1810 - ö. 7 may 1825) — Pərtəvpiyalə Qadınəfəndidən doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Saliha Sultan
- Şah Sultan (d. 22 may 1812 - ö. sentyabr 1814) — Aşubican Qadınəfəndidən doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
- Mihrimah Sultan
- Əminə Sultan (d. 12 iyun 1813 - ö. 20 iyun 1814) — Pərtəvpiyalə Qadınəfəndidən doğulub. Şahzadə Osmanla əkizdir. Nuruosmaniyə məscidində dəfn olunub.
- Əminə Sultan (d. 30 iyul 1814) — 1 sutka sonra vəfat etdi.
- Şah Sultan (d. 14 oktyabr 1814 - ö. 13 aprel 1817) — Hoşyar Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
- Əminə Sultan (d. 7 yanvar 1815 - ö. 29 sentyabr 1816) — Pərtəvpiyalə Qadınəfəndidən doğulub. Saray yanğınında ölmüşdür. Yəhya Əfəndi türbəsində dəfn olunub.
- Zeynəb Sultan (d. 18 aprel 1815 - ö. 8 yanvar 1816) — Hoşyar Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
- Həmidə Sultan (d. 14 iyul 1817 - ö. 1818) — Nuruosmaniyə məscidində dəfn olunub.
- Cəmilə Sultan (d. 1818) — 1 sutka sonra vəfat etdi.
- Həmidə Sultan (d. 4 iyul 1818 - ö. 15 fevral 1819)
- Atiyə Sultan
- Münirə Sultan (d. 16 oktyabr 1824 - ö. 23 may 1825) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Xədicə Sultan (d. 6 sentyabr 1825 - ö. 19 dekabr 1842) — Pərviz-fələk Qadınəfəndidən doğulub. Sultan Mahmud türbəsində dəfn olunub.
- Adilə Sultan
- Fatma Sultan (d. 20 iyul 1828 - ö. 2 oktyabr 1830) — Pərviz-fələk Qadınəfəndidən doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Xeyriyyə Sultan (d. 22 mart 1831 - ö. 1832)
- Xeyriyyə Sultan (d. 12 yanvar 1832 - ö. 15 fevral 1833) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
- Rəfiyə Sultan (d. yanvar 1836 - ö. 24 yanvar 1839)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Mahmud haqqında məlumat. II Mahmud nədir? II Mahmud nə deməkdir?

