VII Eduard (ing. Albert Edward; 9 noyabr 1841[…], Vestminster borosu, Böyük London – 6 may 1910[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və İrlandiya Birləşmiş kralı, Hindistan imperatoru.
| VII Eduard | |
|---|---|
| ing. Edward VII | |
| |
Böyük Britaniya və İrlandiya Birləşmiş kralı Hindistan imperatoru | |
| 22 yanvar 1901 – 6 may 1910 | |
| Əvvəlki | Kraliça Viktoriya |
| Sonrakı | V Corc |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Albert Edward |
| Doğum tarixi | 9 noyabr 1841[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 6 may 1910[…] (68 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | bronxit, ürək tutması |
| Dəfn yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | əsilzadə, rəsm kolleksiyaçısı[d], monarx, siyasətçi |
| Atası | Şahzadə Albert |
| Anası | I Viktoriya |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| Ailəsi | Saksen-Koburq-Qot sülaləsi |
| Dini | protestantlıq, Anqlikan kilsəsi |
| Hərbi xidmət | |
| Qoşun növü | Britaniya Ordusu |
| Rütbəsi |
|
| | |
| Təltifləri | |
| | |
Kraliça Viktoriya və Saksen-Koburq-Qota şahzadəsi Şahzadə Albertin ən böyük oğlu olan VII Eduard, 60 ilə yaxın Uels şahzadəsi və Britaniya taxt-tacının vəliəhdi ünvanlarını daşıdı. Anasının uzun səltənəti boyunca siyasi həyatdan uzaq qaldı. 1863-cü ildə Danimarka kralı IX Kristianın qızı Şahzadə Aleksandra ilə evləndirildi və bu nigahdan 6 övladı doğuldu.
Uels şahzadəsi olaraq imperiyanın fərqli bölgələrində baş tutan mərasim və tədbirlərdə iştirak etdi və anasını təmsil etdi. 1860-cı ildəki şimali Amerika və 1875-ci ildəki Hindistan səyahətləri xalq tərəfindən rəğbətlə qarşılandı. Xalq tərəfindən sevilməsinə baxmayaraq, qadınlara olan düşkünlüyü səbəbilə anasıyla münasibətləri pis idi.
Anasının 1901-ci ildə vəfatının ardından taxta çıxdı. Britaniya ordusunun yenilənməsi və Britaniya donanmasının modernizasiyasında mühüm rol oynadı. Ənənəvi saray mərasimlərini ictimaiyyətə açıq hala saldı və beləcə, monarx ailəsinə olan xalq sevgisini artırdı. Başda Fransa olmaqla, digər Avropa dövlətləriylə dost əlaqələr qursa da, bacısı oğlu olan Alman imperatoru II Vilhelmlə münasibətləri pis oldu.
Həyatı
Uşaqlıq illəri və təhsil həyatı
9 noyabr 1841-ci ildə saat 10:48 radələrində Bukingem sarayında doğuldu. Kraliça Viktoriya və Saksen-Koburq-Qota şahzadəsi Şahzadə Albertin ikinci övladı və ən böyük oğlu idi. Hələ bir aylıq ikən 8 dekabrda Uels şahzadəsi ünvanı aldı. 25 yanvar 1842-ci ildə Vindzor sarayındakı Müqəddəs Georq kilsəsində vəftiz olundu. Hələ 7 yaşında ikən atasının tərtiblədiyi və bir neçə müəllim və mürəbbiyədən ibarət tərbiyəçi qrupunun himayəsində təlim-tərbiyəyə başladı. Ancaq böyük bacısı Viktoriyadan fərqli olaraq dərslərində müvəffəqiyyət qazanmadı. 1859-cu ildə baş tutan Roma səyahətinin ardından təhsilini Edinburq Universitetində və Oksford Universitetində davam etdirdi. 1861-ci ildə Kembricdəki Triniti kollecinə keçdi.
1860-cı ildə şimali Amerikaya rəsmi səyahət edən ilk Uels şahzadəsi oldu. ABŞ prezidenti Ceyms Byukenenin qonağı kimi 3 gün Ağ evdə qaldı. Dörd ay davam edən bu səyahəti boyunca bir çox açılış və dövlət tədbirində iştirak etdi. Hərbi karyera arzulasa da, anası buna qarşı çıxdı.
Evliliyi
9 noyabr 1858-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1861-ci ilin sentyabrında hərbi nailiyyətləri müşahidə etmək bəhanəsiylə Almaniyaya göndərilsə də, əsas məqsəd evləndirilməsi planlanan Danimarka şahzadəsi Aleksandra ilə tanış olması idi. Alman imperatorunun vəliəhdi ilə evli olan bacısı Şahzadə Viktoriyanın tərtiblədiyi bir tədbirdə gələcək xanımıyla tanış oldu. Ancaq atasının ani vəfatı səbəbilə evlilik planlaması uzandı.
Atasının ölümünün ardından Misir, Qüds, Dəməşq, Beyrut və İstanbuldan ibarət Yaxın Şərq səyahətinə göndərildi. Bu səyahətin məqsədi isə Osmanlı imperiyası süqut etdiyi təqdirdə, Süveyş kanalının fransızlar tərəfindən ələ keçirilməsinə mane olmaq idi. Səyahətdən döndükdən sonra nişan üçün hazırlıq işlərinə başlandı və nişan mərasimi 9 sentyabr 1862-ci ildə Belçikada baş tutdu. Cütlüyün toy mərasimi isə 10 mart 1863-cü ildə Vindzor sarayındakı Müqəddəs Georq kilsəsində baş tutdu. O əsnada, Eduard 21, gəlin Aleksandra isə 18 yaşında idi. Cütlüyün evliliyi uzun müddət saraylılar tərəfindən qəbul edilmədi. Buna səbəb isə Kraliça Viktoriyanın qohumlarının çoxunun alman əsilli olması və Almaniya imperiyasının Danimarka ilə torpaq problemləri yaşaması idi.
Evlilik həyatı boyunca 50-dən çox məşuqəsi oldu. Hətta bu münasibətlərdən övlad sahibi olmasıyla bağlı şayələr gəzsə də, Eduard bu övladlarını heç vaxt rəsmi şəkildə qəbullanmadı. Xanımı Şahzadə Aleksandra isə onun bu münasibətlərini bilirdi və bunları qəbullanmışdı.
Taxt varisliyi dövrü
Anasının dul qaldığı dövrlərdə sosial vəzifələri artsa da, anası Kraliça Viktoriya 1898-ci ilədək aktiv siyasi fəaliyyətinə qarşı çıxdı. Üstəlik siyasi mövqeyi bəzən anasını hirsləndirirdi. 1864-cü ildə Danimarka-Almaniya torpaq münaqişəsində xanımının ailəsini dəstəkləməsi, italyan inqilabçısı Cüzeppe Qaribaldiylə rəsmi görüşü bunlara misal ola bilər. 1871-ci ildə atasının ölüm səbəbi olan tifus xəstəliyinə yoluxdu. Çətinliklə sağlamlığına qovuşdu. Tütün və siqaret aludəçisi olsa da, alkoqollu içkiyə bağlı biri deyildi.
26 sentyabr 1875-ci ildə 8 aylıq Hindistan səyahətinə çıxdı. Brindizi, Malta və Yunanıstan istiqamətində irəlilədi. Geridönüş yolunda isə qısa müddət Portuqaliyada qaldı və 11 may 1876-cı ildə Londona qayıtdı. Səyahətin sonunda anası Kraliça Viktoriya Hindistan imperatriçası ünvanı aldı.
1891-ci ilin sonlarında böyük oğlu Şahzadə Albert Viktoru Tek hersoqunun qızı Şahzadə Mariya ilə nişanlasa da, bir neçə həftə sonra oğlu qrip epidemiyası səbəbilə vəfat etdi. Beləcə, geridə varis olaraq yeganə oğlu Şahzadə Corc qaldı. Planlanan dostluq münasibətlərinin pozulmaması üçün qızı yeni varisiylə evləndirdi.
4 aprel 1900-cü ildə Danimarkaya getmək üçün çıxdığı səyahət əsnasında Belçika ərazisində sui-qəsdə uğradı. Sui-qəsdçi hələ 16 yaşı tamam olmamış belçikalı Jan-Baptis Sipido adlı bir gəncdi və bu səbəblə Belçika hökuməti tərəfindən azadlığa buraxıldı.
Səltənət illəri
Anasının 1901-ci ildə vəfat etməsiylə 60 illik gözləmənin sonunda VII Eduard adıyla taxta çıxdı. 26 iyun 1902-ci ildə planlanan tacqoyma mərasimi appendisit diaqnozu qoyulması səbəbilə təxirə salındı. 9 avqust 1902-ci ildə Vestminster abbatlığında tacqoyma mərasimi baş tutdu. 1902-ci ildə İran şahı Müzəffərəddin şah Qacar rəsmi səfər tərtiblədi. Ona Bant ordeni verilməsi müzakirə edilsə də, VII Eduard buna etiraz etdi. Aparılan danışıqların nəticəsində ertəsi il şaha Bant ordeni verildi.
Fransanın Biarrits və Çexiyanın Marianskiy şəhərlərində hər il tətilə gedən VII Eduard alman və fransız dillərini bilirdi. Avropanın bir çox dövlətiylə dost münasibətləri saxladı. Demək olar ki, dövrün bütün Avropa monarxları ilə qohum idi və bu səbəblə, "Avropanın əmisi" adlanırdı. İsveç taxtının varisi Marqarita və Rumıniya kraliçası Mariya onun qardaşı qızları idi. İspaniya kraliçası Viktoriya Yevgeniya, Yunanıstan kraliçası Sofiya və Rus imperatriçası Aleksandra isə onun bacısı qızları idi. Alman imperatoru II Vilhelm onun, Rus imperatoru II Nikolay isə xanımı Kraliça Aleksandranın bacısı oğlanları idi. Norveç kralı VII Haakon həm xanımının qardaşı oğlu, həm də kürəkəni idi. Danimarka kralı VIII Fridrix və Yunanıstan kralı I Georq qayınları idi. Belçika kralı I Albert, Bolqarıstan çarı I Ferdinand və Portuqaliya kralı I Karlos isə onun ata soyundan qohumları idi. Bütün qohumlarıyla münasibətləri yaxşı olsa da, II Vilhelmlə gərgin əlaqələri vardı. Bu isə gələcəkdə Almaniya-Britaniya münasibətlərinin pisləşməsinə səbəb oldu. İsveç və Rusiya torpaqlarına rəsmi səfər edən ilk Britaniya monarxı oldu.
Ölümü
Tütün məmulatlarından həddindən artıq istifadə edən VII Eduard bronxitlərindən şikayətlənirdi və tez-tez ürəyi gedirdi. 27 aprel 1910-cu ildə Berlin rəsmi səfərindən döndü və Bukingem sarayında qapalı şəkildə gizlicə müalicə olundu. 6 mayda ard-arda ürək tutması yaşadı və saat 23:45 radələrində Bukingem sarayında vəfat etdi. Xanımı Kraliça Aleksandra 8 gün boyunca cəsədin otaqdan çıxarılmasına icazə vermədi. 11 mayda mərhum krala hərbi uniforma geyindirilərək tabuta qoyuldu. 14 mayda tabut Bukingem sarayındakı taxt zalına yerləşdirildi və 3 gün sonra cənazə mərasimi keçirildi. 2 gün davam edən xalq izdihamı mərhum krala vida etmək üçün saraya axışdı. Ardından cənazəsi Vindzor sarayındakı Müqəddəs Georq kilsəsinə dəfn olundu.
Şəcərəsi
| Övladları | Doğum tarixi | Ölüm tarixi | Evliliyi | Nəvələri |
|---|---|---|---|---|
| Albert Viktor | 8 yanvar 1864 | 14 yanvar 1892 (28 yaşında) | - | - |
| V Corc | 3 iyun 1865 | 20 yanvar 1936 (70 yaşında) | Leydi Mariya Tek (6 iyul 1893) | VIII Eduard |
| VI Corc | ||||
| Mariya, Harvud qrafinyası | ||||
| Şahzadə Henri, Qloster hersoqu | ||||
| Şahzadə Corc, Kent hersoqu | ||||
| Şahzadə Con | ||||
| Luiza | 20 fevral 1867 | 4 yanvar 1931 (63 yaşında) | Aleksandr Duff (27 iyul 1889) | Şahzadə Aleksandra, II Fayf hersoginyası |
| Şahzadə Maud, Sautesk qrafinyası | ||||
| Viktoriya | 6 iyul 1868 | 3 dekabr 1935 (67 yaşında) | - | - |
| Maud | 26 noyabr 1869 | 20 noyabr 1938 (68 yaşında) | VII Haakon (22 iyul 1896) | V Olav |
| Aleksandr Con | 6 aprel 1871 | 7 aprel 1871 (0 yaşında) | - | - |
Qalereya
Vəftiz mərasimini təsvir edən yağlı boya portret (25 yanvar 1842-ci il)
Şahzadəlik illərini təsvir edən yağlı boya portret (1846-cı il)
Şimali Amerika rəsmi səfərindən (1860-cı il)
Xanımı Danimarkalı Aleksandra ilə birlikdə (1863-cü il)
Hindistan rəsmi səfərindən (1875-ci il)
Ailə fərdləriylə birlikdə (1896-cı il). Soldan sağa: bacısı qızı Aleksandra və qucağında qızı Olqa, onun əri Rus çarı II Nikolay, anası Kraliça Viktoriya, özü
Xanımı Danimarkalı Aleksandra ilə birlikdə tacqoyma mərasimində (1902-ci il)
Alman imperatoru olan bacısı oğlu II Vilhelmlə birlikdə (1904-cü il)
Ov əsnasında çəkilən foto (1908-ci il)
Ölüm döşəyində (1910-cu il)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, VII Eduard haqqında məlumat. VII Eduard nədir? VII Eduard nə deməkdir?
