Alban-Udi kilsəsi və ya rəsmi adı ilə Alban-Udi Xristian dini icması — 2003-cü ildə Azərbaycanda yaradılmış, udilərdən ibarət və özünü Alban Həvari kilsəsinin (IV–XIX əsrlər) varisi hesab edən kilsə. Alban-Udi kilsəsi tarixi Alban Həvari kilsəsinin Çar Rusiyası dövründə ləğv edilməsindən 167 il sonra bərpa edilmişdir. Kilsə 2013-cü ildə Alban Həvari Kilsənin yaradılmasının 1700 illiyini qeyd etmişdir. Alban-Udi kilsəsi Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası ilə və Türkiyənin Mardin şəhərindəki Süryani kilsəsi ilə əlaqələrə malikdir. "Alban kilsəsi"nin yenidən fəaliyyətə başlaması prosesi müasir dövrdə Azərbaycan kimliyinin möhkəmlənməsində mühüm ünsürə çevrilmişdir.
![]() | |
| Rəsmi adı | Alban-Udi Xristian dini icması |
| Yaradılması | 2003-cü il |
| Sələfi | Alban Həvari kilsəsi Yerusəlim Pravoslav Kilsəsi |
| Mərkəzi | Müqəddəs Yelisey Kilsəsi, Nic, Qələbə rayonu |
| Fəaliyyət bölgəsi | Qəbələ və Oğuz rayonları, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları |
| Dili | Əsas dillər: Udi dili və Azərbaycan dili Süryani kilsəsi ilə münasibətdə istifadə olunan dillər: Azərbaycan dili və Türkiyə türkcəsi |
| Rəhbəri | Robert Mobili |
Arxa plan
Tarixi Alban Həvari kilsəsi IV əsrdə əsası qoyulmuş, bir müddət avtokefal (müstəqil) olaraq fəaliyyət göstərmiş kilsə quruluşu idi. 705-ci ildə, Ərəb Xilafətinin bölgədə nəzarəti gücləndirməsindən sonra, Alban Həvari kilsəsi Erməni Həvari kilsəsinin tərkibinə keçmişdir. Rusların Cənubi Qafqazı işğal etməsindən sonra, 1836-cı ildə Alban Həvari kilsəsi ləğv edilmişdir.
Tarixi
Kilsənin formalaşması

2003-cü ildə mərkəzi Nic olmaqla, Alban-Udi Xristian dini icması dövlət qeydiyyatına alınmışdır. Onun rəhbəri Robert Mobili icmanı tarixi Alban Həvari kilsəsinin yenidən dirçəlişi üçün təməl olaraq görürdü. Tarixi Alban Həvari kilsəsi Azərbaycan ərazisinin Xilafətin nəzarətinə keçməsindən etibarən Erməni Həvari kilsəsinin tərkibində olmuş olsa da, Mobili yenidən dirçəldilmiş Alban-Udi kilsəsinin müstəqil olmasını, provaslavlığa keçməsini müdafiə etmişdir. Müasir Alban-Udi kilsəsi Yerusəlim Pravoslav Kilsəsinin davamçısı hesab edilir, Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.
İcma kilsənin fəaliyyət göstərməsi üçün şərq kilsələrindəki təhsilə nail olmağa və din adamları yetiştirməyə çalışmışdır. Misir, Suriya, Türkiyə, Ukrayna kimi ölkələrə kilsə təhsili üçün məktub yazılmış və əsasən, müsbət cavablar alınmışdır. Təhsil üçün ilk seçim olaraq, Türkiyə nəzərdə tutulmuşdur. Buna səbəb dil birliyidir. Ancaq Mardin şəhərində dini təhsilin ərəb və süryani dillərində olması, İstanbulda isə dini təhsil kurslarının olmamasına görə, Ukrayna növbəti seçim olmuşdur. Ukrayna kilsəsi həm dil birliyi məsələsinə görə, həm də Alban-Udi kilsəsinə qarşı mötədil münasibətinə görə uyğun seçim olmuşdur. İcmanın rəhbəri Mobili Ukraynada təhsilini bitirəndən sonra, Süryani kilsəsində vəftiz edilməyi planlaşdırmış, buranın seçilməsi üçün səbəb olaraq, Süryani kilsəsinin qədimliyini, keçmişdə iki kilsənin yaxınlığını və kilsələrin inanc və ibadətlərinin bir-birini bənzəməsini göstərmişdir. Mobili 2008-ci ildə İordan çayında vəftiz edilmişdir.
Roma Papası Fransisk 2 oktyabr 2016-cı ildə Azərbaycana səfər edərkən Robert Mobili ilə görüşmüş, Alban-Udi kilsəsinin yenidən dirçəlməsində udilərə kömək ediləcəyinə söz vermişdir. Udi kilsəsi həm də Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası ilə əlaqələrə malikdir.
2021-ci ildə Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurası yaradılmışdır. Şuranın sədri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. Robert Mobili isə şuranın üzvüdür.
İcmanın Qarabağ və Şərqi Zəngəzur fəaliyyəti
Alban-Udi kilsəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Qarabağın erməni işğalındakı hissəsi və Şərqi Zəngəzur Azərbaycan nəzarətinə keçdikdən sonra, icma tərəfindən bu ərazilərə səfər təşkil edilmiş, buradakı kilsələrdə dini ayinlər həyata keçirilmişdir. İcma Xocalı soyqırımının xatirəsini Laçının Ağoğlan məbədində (2021-ci il) və Hadrutun xristian məbədlərində (2024-cü il) qeyd etmiş, şam yandırılaraq ölənlərin xatirəsinə dua oxunmuşdur.
4 dekabr 2020-ci ildə Alban-Udi kilsəsinin nümayəndələri Kəlbəcərin Xudavəng monastırını ziyarət etmiş və monastırın içərisində dini ayin keçirmişdir. Həmin ilin 5 dekabrında udi xristian icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunmuşdur. Danakari Xudavəng monastırının kilsələrindən birində bazar günü xidməti təşkil etməyə başlamış, 2021-ci ildə Robert Mobilinin özü monastırda xristianlararası Pasxa süfrəsi təşkil etmişdir. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xudavəng monastırının Alban-Udi icmasına verilməsini təklif etmişdir.
"Alban kilsəsi"nin yenidən fəaliyyətə başlaması prosesi bu gün Azərbaycan kimliyinin möhkəmlənməsində mühüm ünsürə çevrilmişdir. Azərbaycan dövləti Alban-Udi dini icmasını Alban Həvari kilsəsinin hüquqi və mənəvi varisi hesab edir, Qarabağ və Şərqi Zəngəzurdakı kilsələri də Alban-Udi dini icmasına məxsus sayır. Dövlətin bu mövqeyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev tərəfindən açıqlanmışdır. Alban-Udi kilsəsinin rəhbəri Robert Mobili icmasının Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlıq etməyə, Qarabağ və Şərqi Zəngəzurda ermənilərlə birlikdə yaşamağa hazır olduğunu bildirmişdir.
Robert Mobili 6 noyabr 2025-ci ildə verdiyi açıqlamada qeyd etmişdir ki, Qarabağda hələ ki xristian icması olmadığından oradakı kilsələrin ibadət üçün açılmasına ehtiyac yoxdur. Mobili həm də Talış və Suqovuşan kəndlərindəki kilsələrin bərpa edilərək ibadət üçün udi icmasına veriləcəyini qeyd etmiş, digər Qarabağ kilsələrinin turizm məqsədilə istifadə olunacağını demişdir.
ABŞ—Azərbaycan münasibətlərində iştirakı
8 oktyabr 2025-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşü keçirilmiş, Robert Mobili də bu görüşdə iştirak etmişdir. Paşazadə ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasını Azərbaycanı xüsusi müşahidə siyahısından çıxarmağa dəvət etmişdir. Mobili isə Azərbaycanda udilərin özlərini yaxşı hiss etdiyini qeyd etmişdir: "Azərbaycan dövləti öz diqqət və qayğısını bizdən əsirgəmir, müsəlman xalq hər zaman bizə dəstək verir. Məbədlərimiz və dilimiz bərpa olunur, müqəddəs kitabımız ana dilimizdə nəşr edilir".
Dini-mədəni fəaliyyət
Vəftiz olunma və ruhani sinfinin formalaşdırılması
Robert Mobili 2008-ci ildə xaç suyuna salınmasını belə təsvir edir: "Mən İordan çayında vəftiz edildim və Atos dağını ziyarət edən ilk azərbaycanlı oldum. Burada Ksenofont monastırının arximandriti Aleksi öz xaçını mənə verdi. Biz Qüds kilsəsinə, eləcə də Efiopiya və Suriya kilsələrinə yaxınıq. Şərqli qardaşlarımızla əlaqə saxlaya bilməyərək keçirdiyimiz uzun illər liturgiyamız haqqında biliklərimizin çoxunu itirdik. Bu səbəbdən keşişlərimiz liturgiyamızı yenidən öyrənmək üçün qədim Suriya kilsəsinin olduğu Türkiyənin Mardin şəhərinə gedirlər. Mardində türkcə danışırlar və bunu başa düşmək bizim üçün çətin deyil. Bizi iki həftə qarşılayır və qədim kilsələrinin ayinlərini öyrədirlər".
Mobili və onun müavini Danakari özlərini Alban kilsəsinin ruhaniləri adlandırırlar və müvafiq ruhani paltarları geyinirlər. Buna cübbə, xalat və kamilavka (baş geyimi), həmçinin orijinal dizaynlı döş xaçları daxildir. Mobilinin və onun müavininin kim tərəfindən və nə vaxt keşişliyə təyin edildiyi bilinmir. 2013-cü ilə olan məlumata görə, icma nümayəndələri təyin olunmuş din xadimlərinin olmadığını və icma üzvlərinin vəftizinin Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının din xadimləri tərəfindən həyata keçirildiyini bildirmişdir.
14 iyul 2013-cü ildə isə Alban-Udi kilsəsi vəftiz ənənəsini dirçəltmiş, ilk dəfə olaraq, Robert Mobili və Rafiq Danakari Yeva adlı bir qızı xaç suyuna salmışdır.
Təhsil
Alban-Udi kilsənin fəaliyyəti nəticəsində, Luka incili udi dilinə tərcümə edilərək nəşr edilmişdir. Bundan başqa, udi uşaqlar üçün balaca kitabçalar da hazırlanmışdır. Udi xristianlarının rəsmi veb-saytı da istifadəyə verilmişdir. Xristian udi uşaqları üçün dini təhsil Müqəddəs Yelisey Kilsəsində aparılır. Kilsənin həyətində uşaqlar üçün İncil dərsləri keçirilir. Dərslər udi dilində, Robert Mobili ve Rafiq Danakari tərəfindən keçirilir. 2013-cü ildə kilsə əsasının qoyulmasının 10 illiyini, Qafqaz Alban kilsəsinin yaradılmasının isə 1700 illiyini qeyd etmişdir. "On il dirilişdə" adlanan tədbir Nicdə keçirilmişdir.
Bayramlar, hüzn günləri və mərasimlər
Udi kilsəsinin rəhbərliyinin icazəsi ilə, Bakı yeparxiyasının rus pravoslav ruhaniləri udilərlə birlikdə, Müqəddəs Yelisey kilsəsi və Müqəddəs Məryəm Ana kilsəsində İlahi Litürgiyanı qeyd edirlər. Nic udinləri ənənəvi olaraq, Pasxa və Kala Axsibay bayramlarını qeyd edirlər. Azərbaycanın Zəfər Günü udi icması tərəfindən mərasimlə və tədbirlə kilsədə qeyd edilir.
20 aprel 2025-ci ildə, 200 ildən sonra, Qüds şəhərindən Nic qəsəbəsinə, udilərin "Cotari" kilsəsinə Pasxa bayramı münasibətilə "Müqəddəs Alov" gətirilmişdir. 6 may 2025-ci ildə udi dini icması Kürmük məbədində keçirilən Kürmükoba bayramındə iştirak etmişdir.
| Bayram/hüzn günü | Növü | Tarixi |
|---|---|---|
| Yeni il | Azərbaycan bayramı | 1 yanvar |
| Milad | xristian bayramı | |
| Qara Yanvar | Azərbaycan xüsusi günü | 20 yanvar |
| Xocalı soyqırımı günü | Azərbaycan xüsusi günü | 26 fevral |
| Beynəlxalq Qadınlar Günü | Azərbaycan bayramı | 8 mart |
| Novruz bayramı | Azərbaycan milli bayramı | 20–21 mart |
| Pasxa | xristian bayramı | müxtəlif tarixlər |
| Kala Axsibay | udi milli bayramı | 25–27 aprel |
| May bayramı | udi milli bayramı | 1–2 may |
| Kürmükoba bayramı | Qax bölgəsinin bayramı | 6 may |
| Qələbə günü | Azərbaycan bayramı | 9 may |
| Alban-Udi kilsəsinin bərpası günü | udi milli bayramı | 19 may |
| Müstəqillik Günü | Azərbaycan milli bayramı | 28 may |
| Azərbaycan Xalqının Milli Qurtuluş Günü | Azərbaycan milli bayramı | 15 iyun |
| Azərbaycan Silahlı Qüvvələri Günü | Azərbaycan milli bayramı | 26 iyun |
| Udilərin Həmrəylik günü/Udilərin Mədəniyyət Günü | udi milli bayramı | 20 iyul |
| Anım Günü | Azərbaycan xüsusi günü | 27 sentyabr |
| Müstəqilliyin Bərpası Günü | Azərbaycan xüsusi günü | 18 oktyabr |
| Məhsul bayramı | udi milli bayramı | 27 oktyabr |
| Zəfər Günü | Azərbaycan milli bayramı | 8 noyabr |
| Dövlət Bayrağı Günü | Azərbaycan milli bayramı | 9 noyabr |
| Konstitusiya Günü | Azərbaycan xüsusi günü | |
| Kürmükoba bayramı | Qax bölgəsinin bayramı | noyabr |
| Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü | Azərbaycan milli bayramı | 31 dekabr |
Hüquqi məsələlər
Azərbaycanda qeydiyyatı və varislik hüququnun tanınması
Müasir Alban-Udi kilsəsi özünü Yerusəlim Pravoslav Kilsəsinin davamçısı, Alban Həvari Kilsəsinin hüquqi və mənəvi varisi hesab edir. Kilsənin Alban Həvari Kilsəsinin varisi olması Azərbaycan dövləti tərəfindən dəstəklənir. Kilsə Azərbaycanda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır.
| Şəhadət № | Adı | Ünvanı | Qeydiyyat tarixi |
|---|---|---|---|
| 100109 A3- | Azərbaycan Respublikasının Alban-Udi Xristian d. i. | Qəbələ r-nu, Nic qəs., Alban avtokefal "Cotari" kilsəsi | 17.12.09 |
| 100111 A1-542-1 | Oğuz şəhəri Alban-Udi Xristian dini icması | Oğuz şəhəri, "Kiski Qerqes" ziyarətgahı | 01.07.11 |
Avtokefallıq
Alban-Udi Kilsəsinin rəhbəri Robert Mobili hesab edir ki, Azərbaycanda Alban Həvari kilsəsinin müstəqilliyi və statusu bərpa edilməlidir. Onun fikrincə, Azərbaycanın 1991-ci ildə müstəqil olması Alban Həvari kilsəsinin statusunun bərpası üçün imkan yaratmışdır. Mobiliyə görə, Alban-Udi dini icmasının yaradılması isə Azərbaycanda Alban Həvari kilsəsinin avtokefallığının bərpası üçün ilk addımdır. Müqəddəs Yelisey Cotari Kilsəsi 2009-cu ildə Azərbaycan tərəfindən avtokefal kilsə olaraq qeydiyyata alınmışdır.
| Hadisə | İli |
|---|---|
| Alban-Udi dini icmasının bir sıra üzvlərinin Qüds Patriarxlığının xeyir-duası ilə Fələstindəki İordan çayında xaç suyuna salınması | 2008 |
| Vəftiz ənənəsinin dirçəldilməsi | 14 iyul 2013 |
Quruluşu

Kilsələr
- Müqəddəs Yelisey Kilsəsi. Əsası 1823-cü ildə qoyulmuş, Nicdə yerləşən kilsədir.
- Müqəddəs Məryəm Ana kilsəsi. 1890-cı ildə tikilmiş, Nic kilsəsidir.
- Xudavəng monastırı. Əsas kilsəsi 1214-cü ildə, Dəfnə sülaləsinə mənsub olan Arzu Xatun tərəfindən tikilmişdir.
Rəhbər şəxslər
- Robert Mobili. Azərbaycan dini xadimi, müasir Alban-Udi kilsəsinin rəhbəri (2003-cü ildən etibarən).
- Rafiq Danakari. Azərbaycan dini xadimi, Alban-Udi kilsəsinin rəhbərinin müavini, Xudavəng monastırının vaizi.
Qeydlər
- Tarixi Alban Həvari kilsəsi monofizit idi.
- Qafqaz alban çarı Urnayrın vəftiz edilməsi əsas götürülür. Həmçinin bax: Urnayr problemi
- Alban-Udi kilsəsi 2003-cü ildə yaradılmış, 2008-ci ildə kilsə üzvləri İordan çayında xaç suyuna salınmış, 2009-cu ildə isə kilsə Azərbaycan dövlət qeydiyyatına alınmışdır. Bu zaman Cotari kilsəsi avtokefal kilsə olaraq qeyd edilmişdir.
Ədəbiyyat
- Afandiyev, Nizami. "Geçmişten Günümüze Azerbaycan Alban Udi Halkının Hristiyanlık Serüveni". Şırnak Üniversitesi İlahiyat Fakültesi Dergisi 10/22 (Haziran 2019), 197–216. https://doi.org/10.35415/sirnakifd.542089.
- Məmmədova, Gülçöhrə, Зодчество Кавказской Албании, Bakı: Çaşıoğlu, 2004
- П. В. Бочков. К вопросу о конфессиональной идентичности христиан-удин в Армении, Азербайджане и России // Христианство на Ближнем Востоке. — 2023. — № 2. — doi:10.24412/2587-9316-2023-00180.
- Gippert, J. & Dum-Tragut, J. (2023). Caucasian Albania: An International Handbook. Berlin, Boston: De Gruyter Mouton. https://doi.org/10.1515/9783110794687
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alban-Udi kilsəsi haqqında məlumat. Alban-Udi kilsəsi nədir? Alban-Udi kilsəsi nə deməkdir?