Vinçenso Alessandri (it. Vincenzo degli Alessandri; təq. 1530–1595, Venesiya) — Venesiya Respublikasına xidmət etmiş italyan səyyah və diplomat.
| Vinçenso Alessandri | |
|---|---|
| Doğum tarixi | 1530 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1595 (64–65 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | diplomat |
Bioqrafiya
1560–1570-ci illərdə İstanbuldakı Venesiya nümayəndəliyində çalışmışdır. O, Onlar Şurasının fövqəladə notariusu seçilmiş və 1570-ci ilin oktyabrında gizli missiya ilə Səfəvilər dövlətinə göndərilmişdir. Ona özünü tacir kimi göstərərək Osmanlıların Kiprə hücumunun qarşısını almaq məqsədilə Səfəvilərlə ittifaq əldə etmək tapşırığı verilmişdi. Ərzurumda həbs olunmuş və Osmanlı agentlərindən qaçaraq Roma-Katolik Kilsəsinin Səfəvilər dövründə Naxçıvan və Çuxur Səd bəylərbəyiliyi ərazisində mövcud olmuş Naxçıvan arxiyepiskopluğunun rəhbəri Nikolas Fritonun iqamətgahında sığınacaq tapmış, nəhayət 1572-ci ilin iyulunda Təbrizə çata bilmişdir.
Avqust ayı ətrafında Qəzvinə gəldikdə, Şah Təhmasiblə görüşə bilməsə də, onun haqqında çoxlu məlumat toplamağa nail olmuşdur. O, həmçinin Heydər Mirzə Səfəvi ilə görüşmüş, hətta onu ov zamanı müşayiət etmişdir. Missiya uğursuz nəticələndiyindən Venesiyaya qayıtmış və 1574-cü ilin sentyabrında Senata şifahi hesabat təqdim etmişdir. Bəzi tədqiqatçılara görə bu hesabat sərt və qərəzli hesab olunur. Səfəvi İranı haqqında bu hesabat sonradan Avropada dəfələrlə yenidən çap edilmiş və yayılmışdır.
Venesiyaya qayıtdıqdan sonra o, kargüzarlıq işində karyerasını davam etdirmiş, adi notarius olmuş və İrana səfərinə görə "tələb edə biləcəyi kompensasiya" kimi oğullarından biri üçün vəzifə əldə etmişdir. 1588-ci ildə Şibenik və Bosniya əyalətinə göndərilərək Fərhad Paşa Sokoloviçlə sərhəd mübahisələrini və digər münaqişələri həll etməli idi. Xəstəlik səbəbilə bu tapşırıqdan azad edilsə də, 1589-cu ildə Senat adından Venesiyada bosniyalı tacirlər və diplomatlarla danışıqlar aparmışdır. 1595-ci ilin fevralından sonra Osmanlı imperiyasında və dünyanın digər bölgələrində gördüyü işlərə görə mükafatlandırılmasını xahiş etmişdir. Sonrakı həyatı naməlumdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vinçenso Alessandri haqqında məlumat. Vinçenso Alessandri nədir? Vinçenso Alessandri nə deməkdir?