Zahirur-Rəvayə (ərəb. ظاهر الرواية) — Hənəfi məzhəbinin quruluş dövründə məzhəbin fundamental görüşlərini özündə ehtiva edən əsərlərin ortaq adı. Bu əsərlər Hənəfi alimlər tərəfindən fiqhdə "əl-Kütub əs-Sittə" (altı kitab) adlandırılırlar.
| Zahirur-Rəvayə | |
|---|---|
| ərəb. ظاهر الرواية | |
| Müəllif | Məhəmməd ibn Həsən əş-Şeybani |
| Mövzu | fiqh |
| Orijinalın dili | ərəb dili |
Müəllif
"Zahirur-Rəvayə"nin müəllifi Əbu Hənifənin tələbəsi Məhəmməd ibn Həsən əş-Şeybanidir.
Zahirur-Rəvayə
Bu altı əsərin "Zahirur-Rəvayə" adlanmasının səbəbi əsərlərin rəvayət nöqtəyi-nəzərindən qüvvətli olmalarıdır. Əsərlər həmçinin "məsailül-üsu" da adlandırılır. Bunun da səbəbi əsərlərin Hənəfi fiqhinin bünövrəsini təşkil etmələridir. Həmin altı əsərin bunlardır:
- əl-Əsl və ya əl-Məbsut. Bu əsər "Zahirur-Rəvayə"nin ilki olub, Hənəfiliyin yalnız Kufədən ibarət olduğu dövrü əhatə edir. Bu əsər digər əsərlərlə müqayisə də Əbu Hənifənin fiqh dəsti-xəttini ən çox nümayiş etdirən əsərdir.
- əz-Ziyadat. Əsərin dövrümüzə qədər gəlib çatmış müstəqil bir əlyazması olmasa da, Fəxrül-İslam Pəzdəvinin "əz-Ziyadat" şərhi dövrümüzə qədər gəlib çatmışdır. Bu da əsərin mətninin original tərtibinin də bilinməsi nöqtəyi-nəzərindən əhəmiyyətlidir.
- əl-Cəmius-Sağir. Mənbələrin bildirdiyinə görə, Məhəmməd ibn Həsən əş-Şeybani bu əsəri Əbu Yusifin istəyi ilə qələmə almışdır. "əl-Cəmius-Sağir" füru sahəsinə aid olub, özündə 1532 fiqhi məsələ ehtiva edir. Əsəri Məhəmməd ibn Həsən əş-Şeybanidən İsa ibn Əbən ilə İbn Səmaa rəvayət etmişlər."əl-Cəmius-Sağir" Ləknəv, Bulaq (Əbu Yusifin "Kitabul-Xərac"ının kənarında) və Beyrutda (1986) nəşr olunmuşdur. İ. Dimitrov tərəfindən alman dilinə tərcümə olunmuşdur.
- əl-Cəmiul-Kəbir. Əsəri şəxsən Məhəmməd ibn Həsən əş-Şeybani özü qələmə almışdır. O, əsəri qələmə aldıqdan sonra əsəri yenidən gözdən keçirərək əlavələr etmişdir. Əsər Heydərabad və Beyrutda nəşr olunmuşdur.
- əs-Siyǝrus-Sağir. İbn Abidin kimi gec klassik dövr fəqihlərinin bəzi əsərlərində və müasir dövrdə yazılmış bir çox tədqiqatlarda "əs-Siyərüs-Sağir" adlı bir əsərin "Zahirür-Rəvayə"nin altıncı mətni kimi qəbul edildiyi görünür. Güman ki, bu qəbul "əs-Siyərul-Kəbir" əsərinin daha erkən dövrdə qələmə alınmış və "əs-Siyər" başlığını daşıyan başqa bir kitabdan fərqləndirilməsi üçün bu adla adlandırıldığı zənninə əsaslanır. Lakin Məhəmməd ibn Həsən əş-Şeybaninin "əs-Siyərüs-Sağir" başlığı ilə müstəqil bir əsər yazdığı məlum olmadığı kimi, "Zahirür-Rəvayə" anlayışının formalaşmasında rol oynayan müxtəsər və şərh müəllifləri də belə bir əsərin mövcudluğuna işarə etməmişlər.
- əs-Siyərul-Kəbir. Bu əsər İslam dövlətlər hüququ haqqındadır və sahəsinin ilki hesab olunur. "əs-Siyərul-Kəbir" Məhəmməd ibn Həsən əş-Şeybaniyə dövlətlər hüququnun banisi titulunu qazandırmışdır.
"Zahirur-Rəvayə" kitabları, Hakimi-Şəhid tərəfindən xülasə edilərək bir yerə cəmlənmiş və "əl-Kafi" adlanmışdır. Bu əsər, öz dövrünün Hənəfi məzhəbinin görüşlərini və füru məsələlərini öyrənmək istəyənlər üçün yetərli hesab olunmuşdur. "əl-Kafi", daha sonra, Səraxsi tərəfindən şərh edilmişdir. "əl-Məbsut" adlanan bu əsər otuz cild halında nəşr olunmuşdur. Səraxsi, "əl-Məbsut"un bir hissəsini həbsdə olanda öz tələbələrinə yazdırmışdır. Hənəfi məzhəbində "əl-Məbsut" adlı başqa əsərlərdə mövcuddur və bu məbsutlar öz müəlliflərinin adları ilə xatırlanırlar. Bunlar Məhəmməd ibn Həsən əş-Şeybanin "əl-Məbsut" (əl-Əsl) adlı əsərinin şərhləridir. Səraxsinin "əl-Məbsut" Hənəfi fiqhinin ən mötəbər kitablarından biri olub, əsərdə məsələlərin söykəndiyi dəlillər qeyd edilmişdir.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zahirur-Rəvayə haqqında məlumat. Zahirur-Rəvayə nədir? Zahirur-Rəvayə nə deməkdir?