Türkmənçay sülh müqaviləsi (fars. عهدنامه ترکمانچای, Əhdnamə-ye Türkmançay; rus. Туркманчайский договор, Turkmançayskiy doqovor) və ya Türkmənçay traktatı (rus. Туркманчайский трактат, Turkmançayskiy traktat; i.ə.rus orf. О мирѣ между Россіею и Персіею) — Qacar İranı ilə Rusiya imperiyası arasında imzalanan və 1826–1828-ci illər Rusiya–İran müharibəsinə son qoyan müqavilə. 10 (22) fevral 1828-ci il tarixində Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Müqavilə İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə, İranın baş naziri Allahyar xan Dəvəli-Qacar və xarici işlər naziri Mirzə Əbülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Əlahiddə Qafqaz Korpusunun komandiri, general-adyutant İvan Paskeviç və korpusun xarici əlaqələr üzrə kanserinin rəhbəri, faktiki dövlət müşaviri Aleksandr Obreskov tərəfindən imzalanmışdır. Bu, Qacar İranı ilə Çar Rusiyası arasında imzalanmış və İranı əvvəllər onun tərkibində olan ərazilər üzərində Rusiyanın təsirini təhvil verməyə və ya nəzarətini tanımağa məcbur edən müqavilələr ardıcıllığından ikincisi olmuşdur.
| Türkmənçay sülh müqaviləsi | |
|---|---|
![]() Sülh müqaviləsinin imzalanma mərasimi. Vladimir Moşkov tərəfindən hazırlanmış qravür. | |
| Müqavilənin tipi | Sülh müqaviləsi |
| İmzalanma tarixi | 10 (22) fevral 1828-ci il |
| İmzalanma yeri | Təbriz yaxınlıqlarındakı Türkmənçay kəndi |
| Qüvvəyə minməsi | 29 iyul (10 avqust) 1828-ci il |
| Qüvvədən düşməsi | 22 fevral 1922-ci il |
| İmzalayanlar | Rusiya tərəfdən: İvan Paskeviç, Aleksandr Obreskov İran tərəfdən: Abbas Mirzə, Allahyar xan Dəvəli-Qacar, Mirzə Əbülhəsən xan |
| Tərəflər | |
| Dili | fransızca, farsca |
Rusiya şairi və diplomatı Aleksandr Qriboyedov müqavilənin şərtlərinin işlənib hazırlanmasında rol oynamış, danışıqlar prosesində və müqavilənin müddəalarının həyata keçirilməsində fəal iştirak etmişdir. O, daha sonra, 1828-ci ilin aprelində Rusiyanın İrandakı minister-rezidenti (səfiri) təyin olunmuşdur.
Bu müqavilədən və Gülüstan müqaviləsindən sonra Rusiya Qafqaz torpaqlarını Qacar İranından almağı başa çatdırdı. Bu ərazilərə indiki Azərbaycan, Dağıstan, Ermənistan və şərqi Gürcüstan daxil idi. Həmin ölkələr əsrlər boyu İranda çiçəklənmiş dövlətlərin kimliyinin bir hissəsi olmuşdur. Odur ki, həmin ərazilər XIX əsrdə Rusiyaya birləşdirilənə qədər uzun əsrlər boyu Səfəvi, Əfşar və Qacar dövlətlərinin bir hissəsi olmuşdular.
İki müqavilənin nəticəsində Azərbaycan xalqı və talış xalqını indiki İran ərazisində yaşayan soydaşlarından ayrı düşmüşdür. Bu müqavilələrdən sonra bu ərazilər təxminən 180 il ərzində Rusiya imperiyasının, daha sonra isə Sovet İttifaqının nəzarəti altında qalmışdır. Dağıstan bu günə qədər Rusiya Federasiyasının tərkibində respublika olaraq qalır. Gülüstan və Türkmənçay müqavilələri ilə verilən ərazilərin böyük hissəsini təşkil edən üç ayrı dövlət – Azərbaycan, Ermənistan və Gürcüstan 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmişdir.
Zəmin

Növbəti Rusiya–İran müharibəsi 1826-cı ilin iyulunda İran qoşunlarının Qarabağ və Talış xanlıqları ərazisindəki Rusiya postlarına hücumu ilə başlamışdı. Əməliyyatlar ilk mərhələlərdə İran üçün kifayət qədər uğurlu olmuşdu – Dağıstandan başqa 1813-cü ildə Rusiya ərazisinə çevrilmiş, demək olar ki, bütün ərazilər payızda yenidən İranın nəzarətinə keçmişdi. 60 minlik İran ordusu indiki Azərbaycan Respublikasının ərazilərinə daxil olaraq Qarabağı və Gəncə şəhərini nəzarətə götürərək Bakı şəhərinə yaxınlaşmışdı. Eyni zamanda İran ordusu Gürcüstan sərhədlərinə doğru irəliləyərək Tiflis şəhərini hədəfə almışdı. Sonradan Rusiya tərəfi müdafiəni təşkil edə bilmiş, 1826-cı ilin sentyabrında hücuma keçməyə başlamışdılar. Sonradan vəziyyət Rusiyanın xeyrinə inkişaf etməyə başlamışdı – Şamxor yaxınlığında qələbə əldə edilmiş, ordu Yelizavetpol və Abbasabad qalalarını tutmuş, İranın Şuşa şəhərindəki mühasirəsi götürülmüş, Naxçıvan alınmış, Eçmiədzin və Sərdarabadda İranın hücum əməliyyatı dəf edilmiş, 1 (13) oktyabr 1827-ci ildə Rusiya ordusu tərəfindən uzun müddət mühasirəyə alındıqdan sonra İrəvan xanlığının paytaxtı olan İrəvan şəhəri süqut etmişdir. Müharibə boyu yerli erməni əhali Rusiya qoşunlarına əhəmiyyətli dərəcədə dəstək vermişdi.
11 maddədən ibarət gələcək sülh müqaviləsinin layihəsi, habelə ona əlavədə verilən ticarət müqaviləsi layihəsi Rusiyanın müvafiq idarələri tərəfindən tərtib edilmiş və hələ 1827-ci ilin aprelində I Nikolay tərəfindən təsdiq edilmişdir. Aleksandr Obreskov Əlahiddə Qafqaz Korpusunun xarici əlaqələr üzrə kanserinin rəhbəri təyin edilmişdi. Daha sonra aprel ayında İvan Paskeviç fars dilini bilən və yerli adət-ənənələrə bələd olan diplomat Aleksandr Qriboyedovu özünün diplomatik kansserliyinin rəhbəri təyin etmişdi və bu addım Rusiyanın danışıqlarda mövqelərini daha da gücləndirməli idi. Məhz sülh müqaviləsi hazırlanan zaman Rusiya imperatoru İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsini, həmçinin Araz çayının gələcək sərhəd kimi təyin olunmasına bilavasitə göstəriş vermişdir: "Buna əsasən, Arazın iki ölkəni nplən sərhəd xəttini təşkil etdiyini müəyyən edən maddə dəyişməz fərman olmalıdır". Hərbi töhfənin məbləği 40 milyon rubl gümüş olaraq təyin edilmişdir:
| Suveren İmperatoru Arazın məcrasını iki dövlət arasında olan gələcək sərhəd kimi təyin etməyə vadar edən səbəb İrəvan və Naxçıvan xanlıqlarını onun geniş mülklərinə birləşdirmək istəyindən yox, daha çox kifayət qədər əhəmiyyətli bir qalaya söykənəcək, siyasi və hərbi baxımdan nəzərəçarpacaq faydalar təmin edəcək möhkəm və təbii sərhədə zərurətdən irəli gəlirdi. |
Hərbi əməliyyatlar zamanı tərəflər bir neçə dəfə danışıqlar masası arxasına əyləşməyə cəhd göstərmişdilər. İlk cəhd 1827-ci ilin yazında edilmişdi. Abbas Mirzə danışıqlara başlamaq təklifi ilə öz elçisini İvan Paskeviçin yanına göndərmişdi. Cavab olaraq, Paskeviç Aleksandr Qriboyedovu vəliəhd ilə danışıqlara göndərmiş və Rusiyanın sülh tələblərini irəli sürmüşdür. Danışıqlar nəticəsiz başa çatmışdı və Rusiya nümayəndəsi əmin olmuşdu ki, hərbi əməliyyatlar teatrında mövcud vəziyyət İran tərəfinə Paskeviçin irəli sürdüyü şərtləri qəbul etməməyə imkan yaratmışdır. Rusiya İrana ultimatum tələbləri irəli sürmək üçün İrəvan və Təbrizi ələ keçirməli idi. Avqust ayına qədər İran tərəfi üçün hərbi-siyasi vəziyyət daha da pisləşmişdir. Abbas Mirzə daha çox danışıqlar aparmağı xahiş etmişdi, lakin bu dəfə Rusiya qoşunlarının payız hücum əməliyyatlarını prioritet vəzifə hesab edən Paskeviç bu təklifləri rədd etmişdir.
Danışıqlar

1827-ci ilin payızında İrəvan və Təbriz şəhərlərinin Rusiya qoşunları tərəfindən ələ keçirilməsindən sonra Britaniya imperiyasının İrandakı missiyasının katibi Makneyl və Təbriz xanı Fətəli xan təcili Naxçıvandakı Rusiya komandanlığına gələrək İran şahının sülh müqaviləsinin Rusiya şərtləri ilə bağlanması haqqında mövqeyini çatdırmışdılar. Burada 10 (22) dekabr 1827-ci il tarixinə qədər müvəqqəti atəşkəs elan edilmişdir. Rusiya və İran nümayəndə heyətləri 19 (6 noyabr) tarixində Dehxarqan kəndində görüşdülər. Rusiya nümayəndə heyətinə İvan Paskeviç, Aleksandr Obreskov, protokol redaktorları Aleksandr Qriboyedov, A. K. Amburger və N. D. Kiselyov, tərcüməçilər Abbasqulu ağa Bakıxanov və Georgi Vlaqali daxil idi. İran tərəfində Abbas Mirzə, qaimməqam Mirzə Əbülqasim Fərəhani, bəylərbəy Fətəli xan, dövlət katibi Mirzə Məhəmmədəli, tərcüməçi Mirzə Məsud, həmçinin Britaniya imperiyasının İrandakı səfiri MakDonald var idi. İvan Paskeviç Rusiya tərəfi adından aşağıdakı şərtləri irəli sürmüşdür:
- Danışıqlar prosesi başlamazdan əvvəl danışıqlara sədaqətin təsdiq edilməsi kimi 2,5 milyon tümənin (5 milyon rubl dəyərində gümüş) ödənilməsi;
- İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya təhvil verilməsi, bütün İran silahlı qüvvələrinin Talış xanlığının ərazisindən çıxarılması;
- 15 milyon tümən (30 milyon rubl dəyərində gümüş) məbləğində müharibə töhfəsi;
- Rusiya qoşunlarının İran Azərbaycanı ərazisindən çıxarılması yalnız töhfə tam ödənildikdən sonra həyata keçiriləcək, əks halda bu ərazi müstəqil xanlıq elan ediləcək.
Rusiyanın ərazi iddiaları kifayət qədər tez, 24 (11 noyabr) tarixində təmin edilmişdir. Gələcək sərhəd məsələsi barədə artıq danışıqlar zamanı İvan Paskeviç bütün ermənilərin katolikosu V Nerses Aştaraketsidən məktub almışdır. O, qeyd etmişdir ki, yeni sərhəd tam olaraq Araz çayı boyunca yox, ciddi şəkildə qərbə doğru, düz xətt üzrə, indiki Osmanlı sərhədinə qədər uzanmalıdır. Məktubda deyilirdi: "Rusiya sərhədi Araz çayı ilə çəkilərsə, Ermənistanın bir hissəsi İranın tərkibində qalacaq. Ermənistana çətin keçilən Maku dərəsini, bütün Araratı (belə ki, dağ silsiləsi bizi Bəyazid vilayətində yerləşən Osmanlı sərhədindən, eləcə də daş duzu ilə zəngin olan Koxpdan (Kulp) ayırır". Məlumdur ki, Qafqaz diyarının keçmiş baş qubernatoru Aleksey Yermolov da bu fikri bölünmüşdü. O, hesab edirdi ki, "Araz çayının sağ tərəfindəki sahənin kiçik torpaqları, … o cümlədən ən zəngin pambıq və taxıl bitkilərinin olduğu Ararat dağının ətrafı və tükənməz əla qaya duzu sərvətlərinin olduğu Kulp traktının ətrafı" gələcək müharibə nəticəsində Rusiyanın bir hissəsi olmalıdır. Növbəti ilin yanvarında Aştaraketsi xarici işlər üzrə baş administrator Dmitri Bludova ərizə yazmışdır. Burada o, dövlətlər arasında yeni sərhədlərin konturunda İvan Paskeviçin buraxdığı səhvi rəsmi şəkildə bildirmişdi. Paskeviç buna cavab olaraq qeyd etmişdir ki, İranla sülh bağlanmışdır və bu, "kifayət qədər faydalı" olmuşdu, lakin Maku xanlığının ilhaq edilməsi ilə yeni sərhəd "çox qeyri-müəyyən" olacaqdı. Həmçinin, Paskeviç hesab edirdi ki, Aştaraketsinin təklifi bu ərazidə Erməni Həvari Kilsəsinin qədim məbədlərinin yerləşməsi ilə bağlıdır.
Abbas Mirzə şahın xahişi ilə danışıqları gecikdirmişdir, lakin sonradan Rusiya nümayəndə heyəti Abbas Mirzəni taxt-tacın varisi kimi tanıyan maddənin sülh müqaviləsinə daxil edilməsinə razılıq verdikdən sonra o, Rusiyanın bütün tələblərini qəbul edərək onun ilkin şərtlərini imzalamışdır. Fətəli şah 2,5 milyon tümən ödəməyə razı olmuşdur, amma Paskeviçin tələb etdiyi hərbi töhfənin miqdarı ona uyğun gəlmirdi. İran tərəfi məbləğin azaldılmasını və onun hissə-hissə ödənilməsinə imkan verilməsini xahiş etmişdir. Danışıqlar İran tərəfindən gecikdirilməkdə davam etmiş və yalnız Rusiya korpusunun komandiri yeni hücum əməliyyatı, İran ərazisinin dərinliklərinə doğru irəliləmək ilə hədələdikdən sonra Abbas Mirzə müqavilənin bütün maddələrini imzalamış və onu Fətəli şaha ratifikasiya etməsi üçün göndərmişdir. Bununla belə, müqavilənin imzalanmasında maneə hərbi töhfənin məbləği və onun ödənilməsi üsulu olaraq qalmışdır. Paskeviç hərbi töhfənin tam şəkildə ödənilməsində israr etmiş və bu, İran tərəfi üçün uyğun hesab edilməmişdir, halbuki danışıqlar prosesi zamanı Rusiya tərəfi tələb olunan hərbi töhfənin miqdarını azaltmaqla şaha güzəştə getmişdi. İlin sonuna yaxın danışıqlar başqa səbəbdən uzanmağa başlamışdır. Artıq yeni bir Rusiya–Osmanlı müharibəsinin tezliklə başlayacağı ilə bağlı şayiələr yayılmışdı. Bu potensial müharibə Rusiya Ordusunun Əlahiddə Qafqaz Korpusunun mövqeyinə təsir göstərəcəkdi. İran tərəfi vaxtı uzatmağa davam etmişdir. Bu xəbərdən ruhlanan şah öz ordusuna yeni sərkərdə və taxt-taca yeni varisi kimi Həsənəli Mirzəni təyin etmişdir və ona hərbi əməliyyatları davam etdirməyi əmr etmişdir. Nəticədə, danışıqlar yenə uğursuz olmuşdur.
Demək olar ki, iki ay davam edən danışıqlarda Britaniya diplomatik dairələrinin nümayəndələri daim şahın "arxasında" olmuşdular. Onlar onun qərar qəbul etməsinə və siyasət yeritməsinə təsir göstərmişdilər. Britaniyalıların məqsədi Rusiyanın İrandakı təsirinin güclənməsini mümkün qədər zəiflətmək və məsələn, Rusiyanın döyüş meydanında uğurlarına baxmayaraq, İran şəhərlərində Rusiya konsullarının təyin olunmasının qarşısını almaq idi. SSRİ tarixçisi B. Balayanın fikrinə görə, "Britaniya baş nazirinin 1828-ci ilin əvvəlində elan etdiyi qeyri-rəsmi vasitəçilik düsturundan Britaniya diplomatiyası həm de-fakto, həm də de-yure vasitəçiliyə nail olmuşdu"..
5 (18) yanvar 1828-ci il tarixində danışıqlar yenə dayanmışdır. Rusiya nümayəndə heyəti şahın vəd etdiyi məbləği gözləməmiş və atəşkəs müddəti başa çatdıqdan sonra 1828-ci il yanvarın əvvəlində Rusiya ordusu yenidən hücum əməliyyatına başlaməşdır. Rusiya ordusu Urmiya, Ərdəbil və Təbrizi ələ keçirərək Qəzvinə və Tehrana yol açmışdır. İran ordusu nizamsız halda idi, bütün ölkədə hökumət əleyhinə iğtişaşlar baş qaldırmışdı və Abbas Mirzə Tehrana qaçmışdı. Bütün bunlar şahı Rusiyanın əvvəllər səsləndirdiyi bütün tələblərlə razılaşmağa məcbur etmişdir. Bununla belə, komandanlıq Rusiya il İran arasında sülhün mümkün qədər tez bağlanmasında maraqlı idi, çünki o vaxta qədər Osmanlı imperiyası ilə yeni müharibə riski xeyli artmışdı. Xarici işlər naziri Karl Nesselrode dekabr 11 (29 noyabr) bu məsələ ilə bağlı İvan Paskeviçə məlumat vermişdi.
İvan Paskeviçin portreti.
Aleksandr Qriboyedovun portreti.
Aleksandr Obreskovun fotoşəkli.
Abbas Mirzənin portreti.
Mirzə Əbülhəsən xan Şirazinin portreti.
Şərtləri
31 yanvar (10 fevral) 1828-ci il tarixində qızıl ekvivalentində (5 milyon rubl gümüşə bərabər) məbləğ Miyanə kəndi ərazisindəki Rusiya nümayəndələrinə təhvil verilmişdir. İvan Paskeviç müqavilənin imzalanma yeri kimi Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndini təyin etmişdir. Britaniya tərəfi imzalanma yerini başqa bir qəsəbəyə köçürməyə çalışmışdır, lakin Paskeviç bu məsələdə inadkar mövqe sərgiləmişdir. 6 (18) fevral 1828-ci il tarixində hər iki dövlətin nümayəndə heyəti təyin olunmuş yerə toplaşmış və müqavilənin imzalanma vaxtını Abbas Mirzənin münəccimi 9 (21) fevral tarixindən 10 (22) fevral tarixinə keçən gecə yarısı olaraq təyin etmişdir.
![]() | ![]() | |||||||||
Türkmənçay müqaviləsinin fransız və fars dillərində imza və möhürlə birinci (sol) və sonuncu (sağ) səhifələri. Müqavilənin orijinal nüsxəsi Rusiya Xarici İşlər Nazirliyinin arxivində saxlanılır. | ||||||||||
Rusiya ilə İran arasında 16 maddədən ibarət sülh müqaviləsi 10 (22) fevral 1828-ci il tarixində imzalanmışdır. Sülhün bağlanması Rusiya silahlarından 101 salvo ilə elan edilmişdir.
- I maddə. Rusiya ilə İran arasında sülhün elan edilməsi haqqında maddə;
- II maddə. Müqavilə yeni müqavilə ilə əvəz olunan Gülüstan müqaviləsi (1813) üzrə qarşılıqlı öhdəlikləri ləğv etmişdir.
- III maddə. İrəvan və Naxçıvan xanlıqlarının əraziləri bu vilayətlərin idarə olunması ilə bağlı İran tərəfdən bütün lazımi sənədlərin 6 ay ərzində təhvil verilməsi şərtilə Rusiyaya verilmişdir.
- IV maddə. Araz çayı boyunca uzanan dövlətlər arasında yeni sərhədin relyefinə istinad edilərək ətraflı təsviri olan maddə;
- V maddə. IV maddədə təsvir olunan sərhəddən yuxarı Rusiya ərazisinin İran tərəfindən "hər zaman üçün" tanınması;
- VI maddə. İrana 10 milyon tümən (20 milyon rubl dəyərində gümüş) hərbi töhfə verilmişdir;
- VII maddə. Rusiya Abbas Mirzəni Fətəli şahın və İran taxt-tacının varisi kimi tanımışdır;
- VIII maddə. Rusiya və İran Xəzər dənizində sərbəst ticarət gəmiçilik hüququnu, Rusiya isə Xəzər dənizində donanmaya malik olmaq üçün müstəsna (inhisar) hüququnu təmin etmişdir;
- IX maddə. Diplomatik mərasim. Hər iki dövlətin diplomatik nümayəndəliklərinin və ezam olunmuş digər nümayəndələrinin qəbulu üçün bütün şərəf və ləyaqətlərə riayət olunması təmin edilmişdir;
- X maddə. Dövlətlər arasında ticarət əlaqələri haqqında maddə;
- XI və XII maddə. İranda və əksinə Rusiya təbəələrinə aid maddələr və başqa şeylərlə yanaşı, üç il müddətinə yeni sərhədin hər iki tərəfində onların əmlakını satmaq və dəyişdirmək imkanlarını müəyyən edən maddələr;
- XIII maddə. Hər iki tərəf 4 ay ərzində bütün hərbi əsirləri geri qaytarmağa borclu qalmışdır. Hərbi komissarlar Abbasabad qalasında yerləşdirilməli idi;
- XIV maddə. Hər iki tərəfdən fərarilərin, o cümlədən keçmiş məmurların – İran şahının təbəələrinin yaşayış yerləri və fəaliyyətləri ilə bağlı məhdudiyyətləri müəyyən edən maddə. Maddə həmçinin, hər iki ölkənin subyektlərinə sərhədi sərbəst keçməyə və müvəqqəti və ya daimi yaşamaq üçün məskunlaşmaq imkanı vermişdir;
- XV maddə. Müharibə zamanı Rusiya Ordusuna əməkdaşlıq və yardım edən İran Azərbaycanının bütün sakinləri əfv olunmalarına zəmanət verilmişdir. Sakinlərin İrandan Rusiyaya və əks istiqamətdə sərbəst hərəkəti 1 il ərzində 5 il müddətinə əmlaklarına sərəncam vermək hüququ ilə təmin edilmişdir;
- XVI maddə. Hərbi hərəkətliliklərin dayandırılması məcburi hal olaraq təyin edilmişdir. Rusiya imperatoru və İran şahı tərəfindən müqavilənin ratifikasiyası üçün maksimum müddət imzalandığı gündən 4 aydan gec olmayaraq müəyyən edilmişdir.
Sülh müqaviləsinə əlavə olaraq, 9 maddədən ibarət "Rusiya və İran subyektlərinin ticarəti haqqında" ticarət müqaviləsi imzalanmış və bu, 20 mart (2 aprel) ratifikasiya olunmuşdur.
- I maddə. Rusiya tacirlərinə İranın bütün ərazisində sərbəst ticarət fəaliyyətinə (tranzit də daxil olmaqla), İran tacirlərinə isə Rusiyanın bütün ərazisində sərbəst ticarət fəaliyyətinə icazə verilmişdir;
- II maddə. Hər iki dövlətin subyektlərinin bütün ticarət müqavilələri və digər yazılı aktları Rusiya konsulu və ya mülki hakim tərəfindən təsdiq edilməlidir;
- III maddə. Məhsulların ümumi dəyərindən 5% ticarət rüsumu müəyyən edilmişdir, daxili gömrük rüsumları ləğv olunmuşdur;
- IV maddə. Tərəflərdən biri ilə üçüncü tərəf arasında müharibə baş verdiyi halda hər iki tərəfə məhsulların onun ərazisindən tranzit keçməsinə icazə verilmişdir;
- V maddə. Rusiya imperiyasının subyektlərinə İran ərazisində yaşayış və qeyri-yaşayış (o cümlədən anbar) sahələri satın almağa icazə verilmişdir;
- VI maddə. Hər iki dövlətin bir-birinin ərazisində olan dövlət qulluqçuları və diplomatik işçiləri həyati əhəmiyyət daşıyan əşyaları əldə etmək zərurəti yarandığı halda rüsum və ya vergilərdən azad edilmişdir;
- VII və VIII maddələr. Rusiya subyektlərinin İran ərazisində ekstraterritoriallığı müəyyən edilmiş və Rusiya İranda konsul yurisdiksiyası hüququ əldə etmişdir. Rusiya və İran təbəələri arasında məhkəmə işlərinə İran hakimiyyəti tərəfindən baxılmalı idi, lakin bu, mütləq Rusiya nümayəndəliyinin və ya konsulluğunun draqomanlarının iştirakı ilə baş tutmalı idi;
- IX maddə. Bu müqaviləyə riayət olunmasını tənzimləyən maddə.
Gülüstan müqaviləsi əsasında İranın şimal-qərb sərhədləri. 1813-cü il.
Təbrizdə İran tərəfindən töhfələrin ödənilməsi. Qravürün müəllifi Karl Beqqrovdur.
Fətəli şah müqaviləni 3 (15) iyun tarixində ratifikasiya edilmiş və ratifikasiya sənədlərinin mübadiləsi 29 iyul (10 avqust) tarixində Osmanlı imperiyası ilə müharibə zamanı Əlahiddə Qafqaz Korpusu tərəfindən alınan Axalkələk qalası ərazisində baş tutmuşdur.
Sonrakı hadisələr
Sülh müqaviləsi bağlandıqdan bir müddət sonra Rusiya–Osmanlı müharibəsinin başlanması ilə əlaqədar Britaniya imperiyasının qızışdırdığı İran hökuməti müqavilənin bəzi şərtlərini yerinə yetirməkdən yayınmağa cəhd göstərmişdir. Əsas problemli məsələlər bunlar idi: təzminatların ödənilməsi, şah hökumətinin digər məsələlərlə yanaşı, müharibə zamanı məcburi köçkün vəziyyətinə düşmüş erməni əhalisinə münasibəti və hərbi əsirlərin geri qaytarılması. 25 aprel (7 may) Aleksandr Qriboyedov Rusiya imperiyasının İrandakı səfiri (rezident nazir) təyin olunmuşdur. Onun missiyası, digər məsələlərlə yanaşı, İran tərəfi tərəfindən sülh müqaviləsinin bəndlərinin ciddi şəkildə yerinə yetirilməsinə nəzarət etmək idi. Qriboyedov İran tərəfinin razılaşa bilmədiyi müqavilənin həmin bəndlərinin yerinə yetirilməsinin İran tərəfindən təsdiqini alana qədər həm sarayın yüksəkvəzifəli şəxsləri, həm də şahın özü ilə çoxsaylı danışıqlar aparmışdır. 30 yanvar (11 fevral) 1829-cu il tarixində dindar saray fanatiklərdən ibarət Rusiya əleyhdarı qrup Rusiyanın diplomatik missiyasının qarşısında kütləvi qətliam təşkil etmiş və həyata keçirmişdir. Bu, Qriboyedovun özü də daxil olmaqla 56 nəfərin ölümü ilə nəticələnmişdir. Formal olaraq, bu qətliam yeni müharibə üçün bəhanə ola bilərdi. Yalnız aprel ayında vəziyyəti diplomatik yolla həll etmək üçün İran şahının adından Rusiyada İran şahının kiçik oğlu Xosrov Mirzənin rəhbərlik etdiyi diplomatik nümayəndəlik formalaşmağa başlamışdır. Rusiya hakim dairələri baş tutmuş qətliamın əsl səbəblərini və günahkarlarını tam bilirdilər, lakin təhlükəli seçimlər qarşısında qalmışdılar. Onlar ya bu yaxınlarda bağlanmış faydalı sülhü qoruyub saxlamalı, ya da özlərinə hörmət və nüfuz baxımından, Osmanlı imperiyası ilə müharibə davam etməsinə baxmayaraq, İranla yeni müharibəyə başlamalı idilər. İmperator I Nikolay yeni silahlı qarşıdurmaya girmək istəməmişdi və şahın gətirdiyi "təntənəli üzrxahlıqları" ilə kifayətlənmişdi:
| Hesablamalarına İranla müharibənin yenidən alovlanmasını daxil etməyən I Nikolay Rusiya missiyasına hücumun rəsmi İran versiyasını qəbul etməyə meyilli idi. İran tərəfi hadisənin səbəbini mərhum Qriboyedovun ehtiyatsız şövq impulsları ilə əlaqələndirmişdi. Onun davranışları Tehran qruplaşmalarının kobud adət və anlayışlarını nəzərə almamışdı. |
Buna cavab olaraq, Rusiya imperatoru İran şahına yeni diplomatik nümayəndəlik göndərmişdir. İkitərəfli münasibətlərdə başlayan yeni mərhələ ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan vermiş, sərhədlərin tənzimlənməsi və yeni sərhədin inkişafı prosesi başlamışdır. I Nikolay, həmçinin, İran tərəfindən töhfənin qalan hissəsinin ödənilməsini təxirə salmışdır.
İmperiyalar arasında sərhədlərin yekun demarkasiyası 15 (28) yanvar 1829-ci il tarixində xüsusi yaradılmış demarkasiya komissiyası tərəfindən "Sərhədin təsviri" adlı protokolun imzalanması ilə təsdiqlənmişdir. Prosesə Rusiya tərəfdən Pavel Rennenkampf, İran tərəfdən Mirzə Məsud, Mirzə Əhməd və Fransa zabiti S. Simino başçılıq etmişdir. 3 (16) iyul 1844-cü il tarixində Tehranda Rusiya ilə İran arasında sülh müqaviləsinin XIV maddəsinin icra olunması zamanı yaranan mübahisəli məsələləri həll etmək üçün 4 maddədən ibarət və bu maddənin bəndlərini aydınlaşdıran xüsusi Konvensiya imzalanmışdır. 25 sentyabr (8 oktyabr) Hakim Senatın 18247 saylı "Türkmənçay müqaviləsinin XIV maddəsinə uyğun olaraq Rusiya ilə İran arasında bağlanmış əlavə konvensiya haqqında" fərmanı ilə yüksək səviyyədə təsdiq edilmişdir. 27 oktyabr (9 noyabr) 1901-ci il tarixində Tehranda 1828-ci il sülh müqaviləsinə əlavə olaraq bağlanmış Ticarət müqaviləsinin maddələrinə dəyişiklik və əlavələr etmək üçün "Rusiya–İran Gömrük Bəyannaməsi" imzalanmışdır.
Mahiyyəti
Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının Erməni vilayəti adlandırılması haqqında.
İran ilə bağlanmış müqaviləyə əsasən İrandan birləşdirilmiş İrəvan xanlığı və Naxçıvan xanlığı ilə bağlı əmr edirik ki, bundan sonra bütün məsələlərdə onlar Erməni vilayəti adlandırılsın və Bizim titulumıza daxil edilsin. Bu vilayətin strukturu və onun idarə edilməsi qaydası haqqında. İdarəetmə Senatı lazımi vaxtda müvafiq sərəncamlar alacaqdır.
İmzaladı, «Nikolay»
Danışıqlar davam edən dövrdə belə Xristofer Yekimoviç Lazarev, Moisey Zaxaroviç Arqutinski-Dolqoruki və Aleksandr Makaroviç Xudobaşev kimi Rusiyanın himayəsi altında erməni dövlətçiliyinin dirçəldilməsi ideyasının tərəfdarları olan bir qrup erməniəsilli siyasi xadimlər Rusiya imperiyasının tərkibində erməni muxtariyyəti yaratmağı planlaşdırırdı. Bu cür fikirlərin tərəfdarı və ilhamvericisi məhz V Nerses Aştaraketsi olmuşdur. Bu səylərə baxmayaraq, Rusiya imperatoru I Nikolay bu təklifi rədd etmişdir. 21 mart (2 aprel) 1828-ci il tarixində Rusiya imperatoru I Nikolay Rusiya imperiyasının tərkibində yeni inzibati qurumun – Erməni vilayətinin yaradılması haqqında fərman vermişdir. Buraya Şərqi Ermənistan adlanan ərazinin bir hissəsində yerləşən keçmiş İrəvan və Naxçıvan xanlıqları daxil idi. İmperator yeni "Suveren Erməni vilayəti" titulunu da qəbul etmişdir.
Erməniəsilli ABŞ tarixçisi Corc Burnutyan Erməni vilayətinin yaradılmasını Rusiya dövlətinin erməni əhalisinə güzəşti və "yarımmuxtariyyət illüziyası" kimi şərh etmişdir. O, həmçinin qeyd etmişdir ki, onun yaradılmasına İranla müharibələr zamanı erməniləri Rusiyanı dəstəkləməyə həvəsləndirməyi zəruri hesab edən ermənipərəst Rusiya dövlət qulluqçularının səyləri səbəb olmuşdur. Erməniəsilli xadimlər lokal idarəetmədə fəal iştirak etməyə başlamış, yeni Rusiya hökumətinə və digər siyasi-ictimai proseslərə xidmət göstərmiş, yeni idarənin möhkəmlənməsinə hər cür töhfə vermişdir. Ronald Qriqor Süni qeyd etmişdir ki, müqavilənin imzalanması və Rusiyanın regiona gəlişi "erməni əhalisinin çoxəsrlik İran boyunduruğundan qurtuluşu" idi.
Müqavilə İranda yaşayan ermənilər üçün də böyük əhəmiyyət kəsb edirdi. Məhz Nerses Aştaraketsinin səyləri və Rusiyanın hərbi-siyasi dairələrində ona verilən dəstək sayəsində mülki əhalinin İrandan Rusiyaya və əksinə köçmək hüququ verən maddəsini müqavilə layihəsinə daxil etmək mümkün olmuşdu. Buna görə də bəzi tarixçilər şərh edirlər ki, XIV maddə ermənilərin bilavasitə İran Azərbaycanından Qafqaza köçürülməsini nəzərdə tutmuşdur. Regionu tədqiq etmiş İvan Şopenə görə, İrəvan xanlığının əhalisinin 71,5%-ni, Naxçıvan xanlığının isə 83%-ni Azərbaycan türkləri, kürdlər və iranlılardan ibarət "müsəlmanlar" təşkil edirdi, lakin müqavilə imzalandıqdan sonra on minlərlə erməni İrandan Rusiya ərazisinə köçmüşdür. Qafqazın erməni əhalisinin əhəmiyyətli bir hissəsi XVII əsrin əvvəllərində Şah Abbas tərəfindən İrana deportasiya edilmişdi. Bu köçürmə siyasəti nəticəsində 1795–1827-ci illər arasında Gürcüstana köçmüş 20,000 erməni əvəz edilmişdir. İrandan Rusiya ərazisinə ermənilərlə yanaşı, müsəlman və aysor ailələri də köçmüşdülər.
Gülüstan və Türkmənçay müqavilələrinin nəticəsində Azərbaycan xalqı və talış xalqını indiki İran ərazisində yaşayan soydaşlarından ayrı düşmüş, onlar iki imperiya arasında bölüşdürülmüşdür. Nəticədə, onun Rusiya imperiyasının tərkibində, indi isə şimalda Azərbaycan Respublikasında yaşayan hissəsi bir model üzrə inkişaf etməyə başlamış, digər, daha çoxsaylı hissəsi isə cənubda, yəni Qacar İranının tərkibində, indiki dövrdə isə İran İslam Respublikasında yaşamağa davam edərək tamamilə fərqli bir model əsasında inkişaf etmişdir.
İran tarixçisi Abbas Cavadi bildirmişdir ki, bu müqavilə haqqında Sovet İttifaqı dövründə və onun dağılmasından sonrakı rəsmi narrativlər Çar Rusiyasının süqutundan əvvəlki rəsmi tarixi narrativdən fərqli idi. Sovet tarixçiləri L. M. Kulaqina və E. V. Dunayeva qeyd etmişdir ki, Türkmənçay müqaviləsi keçmişdə dövlətlər arasında çoxsaylı müharibələrə son qoyaraq Rusiya–İran münasibətlərinin gələcək inkişafı üçün əsas olmuşdur. Bununla belə, sovet tarixçisi N. A. Kuznetsova vurğulamışdır ki, İranın özündə belə şərtlərlə sülhün imzalanması xəbəri alçaldılma kimi qəbul edilmiş və töhfəni ödəmək üçün əhaliyə əlavə vergilər elan edilmişdir. Əhalinin bütün təbəqələri Abbas Mirzəni uduzmaqda, bir çox xanlar torpaqlarını itirməkdə, ruhanilər gəlirlərini, zadəganlar isə titullarını itirməkdə ittiham edirdilər. Bütün bunlar son nəticədə Rusiyaya və onun İrandakı təmsilçilərinə qarşı mənfi münasibətin artmasına səbəb olmuşdu. Buna baxmayaraq, sovet hökumətinin təqdim etdiyi narrativlərdən birinə görə, Qafqaz regionunun əhalisi "feodal və xanlıq quruluşundan, eləcə də İran rejiminin irticasından və dini təəssübkeşliyindən bezmişdilər və özləri də Rusiyaya qoşulmaq istəyirdilər".
Tarixçilər Vilyam Edvard Devid Allen və Pavel Muratov qeyd etmişdilər ki, müqavilənin imzalanması ilə "… Rusiya bütün Şərqi Zaqafqaziya üzərində öz hökmranlığını gücləndirdilər" və "müqavilə nəhayət, Zaqafqaziya siyasətində İranı aradan qaldırmışdır". Almaniya tarixçisi Fridrix Engels yazmışdır ki, "Türkmənçay müqaviləsi İranı Rusiyanın vassalına çevirmişdir". İngiltərə tarixçisi Piter Hopkirk də oxşar fikirdədir və əlavə etmişdir ki, Türkmənçay müqaviləsinin bağlanmasının nəticəsi Britaniyanın İranda əvvəlki çox ciddi təsirini itirməsi olmuşdu və nəticədə, İran Rusiya imperiyasının artan təsirinə keçmişdi.
İran tarixçisi Mehdi Müctəhedinin fikrinə görə, "İran tamamilə kapitulyasiya olmuş, Qacarlar Rusiyanın siyasi alətinə çevrilmişdi". Digər bir iranlı tarixçi M. Əfşar bildirmişdir ki, "Türkmənçay İranın siyasi tənəzzülünün başlanğıcı idi və şah imperiyası nəinki qüdrətli qonşusu ilə döyüşmək, hətta ona müqavimət göstərmək hüququndan da məhrum qalmışdı". O, 1813-cü və 1828-ci il müqavilələrinə əsasən Rusiyanın xeyrinə edilən ərazi güzəştləri "öz evinin qapılarını ən barışmaz düşmənlərindən birinə açmaq" kimi təsvir etmişdir.
Çar Rusiyasının süqutundan və 1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Paris Sülh Konfransı zamanı Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiyaya ilhaq edilmiş ərazilərin əhalisi tərəfindən Tehran və Parisə çoxlu teleqramlar göndərilmişdir. Teleqramlarda xalq Gülüstan və Türkmənçay müqavilələrinin ləğv edilməsini, həmin torpaqların və onların xalqlarının İranın mülkiyyətinə qaytarılmasını tələb edirdi.
Müqavilə Oktyabr Sosialist inqilabına qədər İran–Rusiya münasibətlərinin əsasını təşkil edirdi. 26 fevral 1921-ci ildə imzalanmış və növbəti ilin 26 fevral tarixində ratifikasiya edilmiş "Rusiya ilə İran arasında müqavilə"nin XI maddəsinə uyğun olaraq Türkmənçay müqaviləsi imzalayan ölkələr tərəfindən rəsmi olaraq ləğv edilmişdir: "Sovet hökuməti keçmiş çar hökumətinin İranla bağladığı və İran xalqının hüquqlarının azalmasına səbəb olan bütün müqavilələri, güzəştləri və razılaşmaları ləğv edilmiş və heç bir qüvvəyə malik olmadığını bəyan edir".
Mirası
"İran ilə sülhün bağlanması xatirəsinə (1828)" medalı medalçı Fyodor Tolstoy tərəfindən hazırlanmışdır.
Türkmənçay müqaviləsi XX–XXI əsrlərdə "Azərbaycan xalqının ayrılıq faciəsinin simvolu"na çevrilmişdir. Azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin İran azərbaycanlılsı şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi "Ayrılıq" mahnısı azərbaycanlıların "Araz çayının o tayında yaşayan ailə üzvlərindən, qohumlarından, əzizlərindən, doğma şəhərlərdən, doğma kəndlərdən ayrılıq"dan bəhs edir. Bu, "dünyadakı azərbaycanlılara ən çox tanış olan" mahnılardan biri hesab olunur. "Ayrılıq" mahnısı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilmişdir. Bundan başqa, Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" əsəri, Süleyman Rüstəmin "Təbrizim!" şeiri, Məmməd Arazın "Məndən ötdü, qardaşıma dəydi" şeiri, Söhrab Tahirin "Çöpü ikiyə bölmərəm daha" şeiri, Xəlil Rza Ulutürkün "O sahildə, bu sahildə" şeiri, Əli Tudənin və Mədinə Gülgünün yaradıcılığı, Sayman Aruzun "Yüz il inqilab" romanı, Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması bu mövzuya toxunur. Azərbaycan–İran sərhədində Araz çayı üzərində yerləşən və iki ölkəni birləşdirən tarixi Xudafərin körpüləri Azərbaycanda mühüm ayrılıq simvolu olmuşdur və "Həsrət körpüsü" kimi tanınır.
1978-ci ildə Şərqi Ermənistanın Rusiya imperiyasına qoşulmasının 150 illiyi münasibətilə Ermənistan SSR-nin Kirovakan şəhərində Əlahiddə Qafqaz Korpusunun komandiri İvan Paskeviçin büstü abidəsi qoyulmuşdur. Buna baxmayaraq, büst 1988-ci ildə güclü Spitak zəlzələsi zamanı itmişdir. 2003-cü ildə müqavilənin 175 illiyi münasibətilə "Rusiyanın dostları" ictimai təşkilatının səyləri nəticəsində tapılmış büst bərpa edilərək İrəvan qalasının mühasirəsi zamanı Rusiya qüvvələrinin hərbi qərargahının yerində ucaldılmışdır. İndiki dövrdə bu yer "Paskeviç təpəsi" adlanır.
1974-cü ildə İrəvanda Aleksandr Qriboyedovun "erməni xalqının taleyinə mühüm töhfəsinin xatirəsinə" görə onun abidəsinin açılışı olmuşdur. Yubiley tarixlərində burada anım tədbirləri keçirilir.
Azərbaycan SSR-nin Mardakert rayonunun (indiki Ağdərə rayonu) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Marağa-150 abidəsi ucaldılmışdır. Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda ermənilər tərəfindən dağıdılmışdır. "Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik yol məsafəsi vardır.
Azərbaycanda, Ermənistanda və Rusiyada müxtəlif ictimai-siyasi və elmi təşkilatlar, o cümlədən təhsil müəssisələri müqavilənin imzalanmasının yubileylərinə həsr olunmuş tədbirlər, elmi konfranslar, dəyirmi masalar, sərgilər və s. keçirilir.
İvan Paskeviçin büstü. İrəvan, Ermənistan
Aleksandr S. Qriboyedov abidəsi, İrəvan
Türkmənçay müqaviləsinin xatirəsinə medallar. Azərbaycan Tarix Muzeyi, Bakı, Azərbaycan
Həmçinin bax
- İran–Ermənistan sərhədi
- Azərbaycan–İran sərhədi
Qeydlər
- Ratifikasiya sənədlərinin mübadiləsinin tarixi.
- Yeni müqavilənin ratifikasiya edilməsinin mübadiləsinin tarixi.
- Onlardan birincisi 1813-cü il Gülüstan müqaviləsi və sonuncusu 1881-ci il Ahal müqaviləsi idi.
- İvan Paskeviç I Nikolaya məruzəsində Aleksandr Qriboyedovun rolunu yüksək qiymətləndirmişdi: "Məbləğin bir hissəsini əvvəlcədən almamışdan əvvəl onu müqaviləyə daxil etməmək barədə düşünməyi ona borcluyam və nəticələr sübut etmişdir ki, bunsuz biz bu məsələdə uzun müddət arzuladığımız uğuru əldə edə bilməzdik".
- Məsələn, Yelizavetpol şəhərin o zamanlar "tatar" adlandırılan yerli azərbaycanlı sakinləri tərəfindən Rusiya hakimiyyətinə qarşı qaldıran üsyana görə döyüşsüz təslim edilmişdi.
- Araz çayının sağ sahilindəki qonşu Maku xanlığı yeni sərhəddən kənarda qalmışdır.
- İvan Paskeviç bu məsələ ilə bağlı imperatora bildirmişdir: "Mən bu tələblərimi ona görə qaldırdım ki, əgər mən çoxdan elan edilmiş köhnə tələblərə sadiq qalsam, bununla da İran hökumətində yeni bir kampaniya imkanı ilə bizə hücum etmək cəhdini canlandırardım. Onlat heç bir şey əlavə etməyəcəyimiz şərtlərlə bizimlə həmişə vaxtında sülh bağlaya biləcəyini güman edərdilər".
- I Nikolay Paskeviçin İran Azərbaycanı ilə bağlı tələbi ilə razılaşmamışdı. O, bildirmişdir: "... çünki bu tədbirlə biz düşünməyə haqlı əsas verəcəyik ki, biz zamanla yalnız Asiyada öz hökmranlığımızı bərqərar etməyə çalışırıq və bununla da səmimi və Avropanın aparıcı dövlətləri ilə münasibətlərdə mehribanlığımızı soyutmağa çalışırıq".
- O, Rusiyanın tərəfdarı idi və müharibə zamanı İran üzərində ümumi qələbəyə tez bir zamanda nail olmaq üçün gəncləri Rusiya qoşunlarına qoşulmağa çağırırdı.
- Burada Dzordzor və Müqəddəs Həvari Faddey monastırları nəzərdə tutulmuşdur.
- Şah sarayındakı Britaniya müşavirləri müharibənin davam etdirilməsini mənasız və Qacarların hakim sülaləsi üçün təhlükə hesab edirdilər.
- İvan Paskeviç danışıqların dayandırıldığını elan etməzdən bir gün əvvəl Tehrandan paket daşınması ilə 2,5 milyon tümən (5 milyon rubl dəyərində gümüş) pul göndərilmişdir. Rusiya nümayəndə heyətinə İran tərəfi bu barədə xəbərdarlıq etməmişdir.
- Növbəti Rusiya–Osmanlı müharibəsi 1828-ci ilin aprelində, İran ilə baş tutmuş müharibənin bitməsindən 2 aydan az vaxt sonra başlamışdır.
- İvan Paskeviçin fikrinə görə, bu onunla əlaqədar idi ki, britaniyalı diplomatlar danışıqların uğursuz olduğu halda Rusiya qoşunlarının Qəzvinə və Tehrana irəliləməsi daha çətin olacaqdı.
- Bu, Şərqi Ermənistan adlanan əraziyə uyğun gəlir. Rusiyanın nəzarəti altına keçdikdən sonra onun tərkibində yeni inzibati-ərazi vahidi — Erməni vilayəti təşkil edilmişdir. Müqavilənin özündə "Şərqi Ermənistan" ifadəsi yoxdur.
- Bu məbləğin 1 milyonu imperator I Nikolay tərəfindən İvan Paskeviçə stimullaşdırıcı xarakter daşıması üşün verilməli idi. Paskeviç 14 milyon rubl dəyərində gümüş ödənişini həyata keçirdikdən sonra Rusiya qoşunlarının İran Azərbaycanı ərazisinin bir hissəsindən çıxarılmasına razılıq vermişdir. Xoy və Urmiya şəhərləri töhfənin qalan hissəsi ödənilənə qədər Rusiyanın nəzarətində qalmışdır.
- Sülh müqaviləsinə əlavə olaraq ayrıca ticarət müqaviləsi kimi seçilmişdir.
- Rusiya hərbi əsirləri kölə vəziyyətində idilər və müqavilənin imzalanmasına baxmayaraq, İran tərəfi əvvəlcə onları azad etməkdən imtina etmişdir.
- İran tərəfi razılaşmaya tam əməl etməmişdir. Rusiya qoşunlarının çıxarılmasından sonra təqiblər başlamışdır. İnsanlar həbs edilmiş, onlar həbsxanalara salınmış və döyülmüş, mülkləri müsadirə olunmuşdur.
- Müqavilədə əmlakları ilə birlikdə Rusiya ərazisinə sərbəst şəkildə köçmək hüququ olan şəxslərin etnik mənsubiyyəti göstərilməmişdir. De-fakto olaraq, belə şəxslərin böyük əksəriyyəti xristianlar – ermənilər idi. Bununla belə, həm aysor, həm də müsəlman ailələri İrandan Rusiyaya köçmüşdülər.
- Britaniyanın diplomatik dairələri müqavilənin şah tərəfindən ratifikasiya olunmasının əleyhinə idilər və bu proseduru hər cür ləngitməyə çalışır, İrana Rusiyaya qarşı Osmanlı imperiyası ilə ittifaq təklif edir, onlara maliyyə və hərbi dəstək verirdilər.
- Səfirlik avqustda Sankt-Peterburqa gəlmiş və oktyabrda paytaxtı tərk etmişdir.
- Sərhədi keçmək istəyən şəxslərin məcburi pasportlara malik olması, habelə onların hökumətindən köçmək icazəsi ilə bağlı yeni tələblər tətbiq edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkmənçay müqaviləsi haqqında məlumat. Türkmənçay müqaviləsi nədir? Türkmənçay müqaviləsi nə deməkdir?