Panteon (fr. Le Panthéon de Paris [pɑ̃.te.ɔ̃] ⓘ, qədim yunancadan: πάνθειον (pántheion), "bütün allahların məbədi") — Fransanın Paris şəhərinin V rayonunda abidə. Latın Məhəlləsində (Quartier latın), Mont Sainte-Geneviève dağının üstündə, Panteon Meydanının mərkəzində yerləşir. Bina ilk olaraq kilsə kimi 1758-1790-cı illərdə Kral XV Lüdoviqin göstərişi ilə Jak Jermen Sufflonun layihəsi əsasında inşa edilmişdir. Burada Paris şəhərinin himayədarı sayılan Müqəddəs Jenevyevanın qalıqlarının saxlanılması nəzərdə tutulmuşdur. Nə Sufflo, nə də kral XV Lüdoviq kilsənin tamamlanmasını görməmişlər. Kilsə tamamlanan ərəfədə Fransa İnqilabı başlamışdır. 1791-ci ildə Fransa Milli Assambleyası Saint-Geneviève kilsəsinin görkəmli fransız vətəndaşlarının dəfni üçün məqbərəyə çevrilməsinə səs vermişdir. Belə ki, XVII əsrdən etibarən Roma şəhərindəki Panteon binası bu məqsədlə istifadə olunmuşdur.
| Qəbiristanlıq | |
| Panteon | |
|---|---|
| Pantheon | |
![]() | |
| Ölkə | Fransa |
| V rayon | Paris |
| Status | mavzoley |
| Əsası qoyulub | 1758 |
| İlk dəfn | 1791 |
| Sonuncu dəfn | 2024 |
| Sayt | paris-pantheon.fr |
Panteonda ilk dəfn edilən şəxs Mirabo qrafı Onore Qabriel Riketi olmuşdur, lakin bir neçə ildən sonra onun qalıqları oradan çıxarılmışdır.
Baxmayaraq ki, memar Sufflonun qalıqları 1829-cu ildə buraya köçürülmüşdür, Panteon XIX əsrdə iki dəfə kilsənin istifadəsinə qaytarılmışdır və nəhayət 1881-ci ildə Üçüncü Fransa Respublikası zamanı binanın məqbərə kimi müstəsna istifadəsinə dair qərar qəbul edilmişdir.
1885-ci ildə Viktor Hüqonun nəşinin Panteona köçürülməsi burada 50 il ərzində baş vermiş ilk dəfn hadisəsi olmuşdur. Panteonda aparılan ardıcıl dəyişikliklər nəticəsində frontondakı (üfüqi və iki maili karnizdən yaranan üçbucaq) heykəllər dəyişdirilmiş, günbəzin üstündə bəzən xaç, bəzən bayraq düzəldilmişdir, interyerdə daha tutqun və kədərli atmosfer yaratmaq üçün bəzi orijinal pəncərələr hörgü ilə bağlanmışdır. Bu da öz növbəsində qotik kilsənin yüngüllük və parlaqlığını klassik prinsiplərlə birləşdirən Sufflonun orijinal cəhdlərini bir qədər sarsıtmışdır. Panteonun memarlığı Bramantenin üslubuna uyğun olan günbəzlə örtülərək neoklassizmin erkən nümunəsi hesab olunur.
1851-ci ildə Léon Fuko Panteon saatının kəfkirini tavandan asaraq onun sutkalıq hərəkətini nümayiş etdirmişdir. Həmin saatın surəti hazırda Panteonda nümayiş etdirilir.
2021-ci ilin dekabr ayına olan məlumata görə, 81 nəfərin (75 kişi və 6 qadın) qalıqları Panteona köçürülmüşdür. Hazırda burada 83 nəfərin nəşi yer almışdır. Panteonda uyuyanların yarıdan çoxu İmperator Napoleonun hakimiyyəti dövründə dəfn olunanlardır.
Tarixi
Yeri və əvvəlki tikili
Panteonun yerləşdiyi ərazi Parisin tarixində böyük əhəmiyyət kəsb etmişdir. Vaxtılə bura bir sıra abidələrlə əhatə olunmuşdur. Burada, Sena çayının sol sahilində yüksək Lukotitsa təpəsində romalıların saldığı Lutesiya şəhərinin forumu yerləşmişdir. Bura, həmçinin 451-ci ildə hunların Parisə hücumu zamanı müqavimət göstərən Müqəddəs Jenevyevanın orijinal məqbərəsinin yeri olmuşdur. 508-ci ildə frankların kralı I Xlodviq bu yerdə kilsə tikdirmişdir və 511-ci ildə onun özü, 545-ci ildə siə həyat yoldaşı həmin kilsədə dəfn olunmuşlar. Kilsə ilk olaraq müqəddəs Pyotr və Pavelə həsr olunmuşdur, lakin sonradan Parisin himayədarı sayılan Müqəddəs Jenevyevanın adını daşımışdır. Bu ərazi orta əsrlərdə dini təhsil mərkəzi olan Müqəddəs Jenevyeva Abbatlığına aid olmuşdur. Jenevyevanın qalıqları kilsədə saxlanılmışdır və şəhərin başının üstünü təhlükə aldıqda təntənəli surətdə təşkil edilmiş yürüşlərə çıxarılaraq nümayiş etdirilmişdir.
Konstruksiyası
Soufflot's original plan for the Church of Sainte Genevieve (1756)
Soufflot's final plan: the principal façade (1777)
Soufflot's plan of the three domes, one within another
Looking upward at the first and second domes
Iron rods were used to give greater strength and stability to the stone structure (1758–90)
1744-cü ildə bərk xəstələnmiş kral XV Lüdoviq vəd etmişdir ki, əgər sağalsa, bərbad vəziyyətdə olan Saint-Geneviève Abbatlığının kilsəsini Parisin himayədarının adına layiq olan daha möhtəşəm bir bina ilə əvəz edəcək. Kral sağalsa da, üstündən on il keçdikdən sonra kilsənin yenidən qurulması və genişləndirilməsinə başlanılmışdır. 1755-ci ildə kralın ictimai işlər üzrə müşaviri markiz de Marinye Abel-Fransua Puasson memar Jak-Jermen Suffloya kilsənin layihəsini hazırlamağı tapşırmışdır. Sufflo 1731-1738-ci illərdə Romada klassik memarlıq üzrə təhsil almışdır. O, ilk işlərinin çoxunu Lion şəhərində həyata keçirmişdir. Saint-Geneviève kilsəsi onun həyatının başlıca işinə çevrilsə də, binanın tamamlanması onun vəfatından sonra baş vermişdir. Kilsənin ilk layihəsi 1755-ci ildə tamamlanmışdır və şübhəsiz, memar İtaliyada təhsil aldığından, daha çox Bramantenin yaradıcılığından təsirlənmişdir. Kilsə bərabər uzunluqda olan dörd nefli yunan xaçından, kəsişmənin üzərində yerləşən monumental günbəzdən, korinf sütunlu klassik portikdən (binaya yapışıq sütunlu eyvan) və əsas fasadda üçbucaqlı frontonu olan peristildən (açıq yerin dövrəsində düzəldilmiş sütunlar, qaıereya) ibarət idi. Sonrakı illərdə kilsənin dizaynı beş dəfə dəyişdirilmişdir, tikiliyə narteks (adətən binanın qərbində yerləşən giriş hissəsi), xor və iki qüllə əlavə edilmişdir. Layihənin planı 1777-ci ildə tamamlanmışdır.
Binanın təməli 1758-ci ildə qoyulmuşdur, lakin maliyyə çətinlikləri baxımından iş çox ləng getmişdir. Sufflo 1780-ci ildə vəfat etmişdir və onun işini tələbəsi Jan-Batist Rondelet davam etdirmişdir. Sainte-Geneviève Abbatlığının yenidən qurulması nəhayət, 1790-cı ildə, Fransız İnqilabının başlanmasından sonra tamamlanmışdır.
Binanın uzunluğu 110 metr, eni 84 metr və hündürlüyü 83 metrdir. Tikilinin altında eyni ölçüdə sərdabə (qrot) yerləşir. Binanın tavanı silindr formasında olan bir neçə qübbə və eninə düzəldilmiş tağlar vasitəsilə ayrı-ayrı sütunlar üzərində dayanır. Böyük günbəz dörd nəhəng sütuna söykənən parusların (pandativ) üzərində dayanır. O dövrdə layihəni tənqid edən bir sıra mütəxəssislər sütunların belə böyük günbəzi daşıya bilməyəcəyini iddia etdiklərindən, Sufflo daş konstruksiyanı müasir dəmir-beton binaların prototipi olan dəmir çubuqlarla gücləndirmişdir. XXI əsrdə dəmir çubuqlar xarab olmuş və onları əvəz etmək üçün 2010-2020-ci illərdə binada böyük bərpa işləri həyata keçirilmişdir.
Günbəz əslində bir-birinin içində quraşdrılmış üç günbəzdən ibarətdir. Birincisi, ən alçaq günbəz rozetlərlə örtülmüş tavana malikdir və düz mərkəzdə açılır. Bu günbəzdən baxdıqda Antuan Qros tərəfindən işlənilmiş “Sainte Genevieve Apofeozu” adlı freska ilə bəzədilmiş ikinci günbəz görünür. Qıraqdan görünən ən kənar günbəz daşdan tikilmişdir və dəmir bəndlərlə bərkidilmişdir, həmçinin o dövrdə Fransada geniş yayılmış dülgərlərin istifadə etdikləri materiallarla yox, qurğuşun üzlüklə örtülmüşdür. Divarların içərisində gizlədilmiş kontrforslar (divarı, günbəzi saxlayan ağır dayaqlar) günbəzin əlavə dəstəyini təmin edir.
İnqlab - "Millətin Məbədi"
Jan Jak Russonun məqbərəsi
The Panteon 1795-ci ildə. İnteryeri daha qaranlıq və təntənəli göstərmək üçün fasad pəncərələri kərpiclə hörülmüşdür.
Volterin məqbərəsi və heykəli
Volterin nəşinin Panteona gətirilməsi (1791)
Alphonse-Louis Poitevin, Panteon, 1842-ci il
1789-cu ildə Fransız İnqilabı ərəfəsində Saint-Geneviève kilsəsi demək olar tamamlanmışdır, onun yalnız daxili bəzək işləri yarımçıq qalmışdır. 1790-cı ildə Markiz de Villette kilsəni Romadakı Panteon nümunəsinə əsaslanaraq azadlıq məbədinə çevirməyi təklif etmişdir: “Gəlin, burada böyük adamlarımızın heykəllərini ucaldaq və onların küllərini sərdabədəki yeraltı dərinliklərdə basdıraq”. Bu ideya rəsmi olaraq 2 aprel 1791-ci ildə Milli Məclisinin sədri Konte de Mirabonun vəfatından sonra qəbul edilmişdir. 1791-ci il aprelin 19-da Məclis qərar çıxarmışdır ki, “bu, dini kilsə millətin məbədi, burada dəfn olunan böyük insanların məzarları isə azadlıq qurbangahı olacaq”. Məbədin girişinin üzərindəki mətn yenilənmişdir: “Qədirbilən xalq böyük adamlarını şərəfləndirir”. Bəyannamənin təsdiq edildiyi gün kilsədə Mirabonun dəfn mərasimi keçirilmişdir. Volterin nəşi 1791-ci il iyulun 11-də Panteona gətirilib təntənəli şəkildə dəfn edilmişdir. Ardınca bir neçə inqilabçının, o cümlədən Mirabonu əvəz edən Jan-Pol Maratın və filosof Jan-Jak Russonun qalıqları burada dəfn edilmişdir. İnqilab zamanı sürətli hakimiyyət dəyişikliyi baş verdiyindən, Panteonda dəfn olunan ilk adamlardan ikisi, Mirabo və Jan Pol Marat xalqın düşmənləri elan edildiklərindən, onların qalıqları məbəddən çıxarılmışdır. Nəhayət, Fransa Konvensiyasının yeni hökuməti 1795-ci ilin fevralında qərar vermişdir ki, on ildən az müddətdə vəfat etmiş heç bir şəxs Panteonda dəfn edilə biməz.
Kilsə məqbərəyə çevrildikdən az müddət sonra Assambleya interyeri daha qaranlıq və təntənəli etmək üçün nəzərdə tutulmuş memarlıq dəyişikliklərini təsdiqləmişdir. Memar Kartmer de Kensi işığın həcmini azaltmaq üçün aşağı pəncərələri kərpiclə hördürmüş, yuxarı pəncərələri isə mat şüşə ilə örtmüşdür. Fasadı bəzəyən əşyaların çoxunu çıxartmışlar. Bəzəkli divar fənərlərini və zəngləri fasaddan götürmüşlər. 1791-ci ildə bütün dini frizlər (haşiyələr) və heykəllər məhv edilmiş, onları vətənpərvərlik mövzusunda düzəldilmiş heykəllər və freskalar əvəz etmişdir.
Məbəddən kilsəyə və kilsədən məbədə qayıdış (1806-1830)

Napoleon Bonapart 1801-ci ildə Birinci Konsul seçilərkən Roma Papası Konkordat ilə sənəd imzalayaraq Panteon da daxil olmaqla, keçmiş kilsələrin hamısının bərpasına razılıq vermişdir. O dövrdə Panteon Notr-Dam Kafedral kilsəsinin yurisdiksiyasında olub. Burada mühüm hadisələr, həmçinin Napoleonun Austerlitsdəki qələbəsi qeyd olunmuşdur. Bununla belə, kilsənin sərdabəsi, yeraltı məzarlığı məşhur fransızların dəfn olunduğu yer kimi rəsmən qorunub saxlanılmışdır. Sərdabəyə yeni giriş Şərq eyvanı tərəfdən düzəldilmişdir. (1809-1811). Günbəzin içini bəzəmək rəssam Antoine-Jean Grosa həvalə olunmuşdur. O, kilsənin dünyəvi və dini aspektlərini birləşdirərək burada mələklər tərəfindən cənnətə qaldırılmış “Müqəddəs Jenevyevanın Apofeozu”nu, Fransanın böyük hökmdarları I Xlodviqdən tutmuş Böyük Karla, Napoleona və Jozefinaya kimi təsvir etmişdir.
Napoleonun hakimiyyəti dövründə qırx bir görkəmli fransız vətəndaşının qalıqları məbəddə yerləşdirilmişdir. Bunlar əsasən hərbi zabitlər, senatorlar və imperiyanın digər yüksək rütbəli məmurları idilər. Eyni zamanda, tədqiqatçı Louis-Antoine de Bougainville və Napoleonun şəxsi rəssamı olmuş Jak-Lui Davidin müəllimi rəssam Cozef-Marie Vien burada dəfn olunmuşlar.
Napoleonun süqutundan sonra Burbonların yenidən hakimiyyətə gəlməsi zamanı 1816-cı ildə Fransa kralı XVIII Lüdoviq bütün Panteonu yeraltı məzarlıq daxil olmaqla katolik kilsəsinə qaytarmışdır. Kilsə yenidən kral XVIII Lüdoviqin iştirakı ilə rəsmi olaraq təqdis olunmuşdur. Təqdis mərasimi inqilab zamanı ləğv edilmişdir.
Frontondakı (qapı və pəncərələrin üstündəki bəzəklər) heykəllər Jan-Giyom Muattanın düzəltdiyi "Qəhrəmanlıq və vətəndaşlıq fəzilətlərini taclandıran Vətən" adlanırdı. Onları David d'Anjerin hazırladığı dini heykəllərlə əvəz etmişlər. İnqilab zamanı Müqəddəs Jenevyevanın qalıqları dağıdılmışdır, lakin sonradan onlardan bir neçəsi tapılaraq kilsəyə qaytarılmışdır (hazırda yaxınlıqdakı Saint-Etienne-du-Mont kilsəsində saxlanılır). 1822-ci ildə Fransua Jerara günbəzin parusunda “Ədalət, Ölüm, Vətən və Şöhrət”i təmsil edən yeni əsərlər yaratmaq tapşırılmışdır. Jan-Antuan Qrosa isə daxili günbəzdəki freskada təsvir olunmuş Napoleonu XVIII Lüdoviqlə əvəz etmək, həmçinin XVI Lüdoviq və Mariya Antuanettanın fiqurlarını yenidən rəngləmək tapşırılmışdır. Qübbənin yeni versiyasını 1824-cü ildə X Karl təntənəli surətdə təqdim etmişdir. Qəbirlərin yerləşdiyi sərdabəyə gəlincə, onlar, kilidlənmiş və ziyarətçilər üçün bağlanmışdır.
I Lui Filipp, İkinci Respublika və III Napoleonun dövründə (1830-1871)

1830-cu il Fransa inqilabı nəticəsində I Lui Filip taxta çıxmışdır. O, inqilabi dəyərlərə rəğbətini ifadə edərək 26 avqust 1830-cu ildə kilsəni yenidən Panteon kimi təqdis etmişdir. Bununla belə, məbəd ictimaiyyət üçün qapalı qalmış və buraya yeni qalıqlar əlavə edilməmişdir. Yeganə dəyişiklik əsas frontonda edilmişdir, burada parlaq xaç yerləşdirilmişdir. David d'Anjer dini heykəlləri yenidən dizayn edərək "Millət ona bəxş olunan azadlıq vasitəsilə tarix böyük insanların, mülki və hərbçilərin adlarını yazarkən onlara taclar paylayır" adlı vətənpərvər əsər yaratmışdır.
Lui Filip 1848-ci ildə devrilmişdir və onun yerinə inqilabi ideyaları dəyərləndirən İkinci Fransa Respublikasının seçdiyi hökumət gəlmişdir. Yeni hökumət Panteonu "İnsanlıq məbədi" adlandırmış və onu bütün sahələrdə bəşəriyyətin tərəqqisini qeyd edən altmış yeni freska ilə bəzəməyi təklif etmişdir. 1851-ci ildə astronom Léon Fucault tərəfindən Yerin fırlanmasını təsvir edən “Fuko kəfkiri” günbəzin altından asılmışdır, lakin həmin ilin dekabrında kilsənin şikayətindən sonra onu yığışdırmışlar.
İmperatorun qardaşı oğlu Lui Napoleon 1848-ci ilin dekabrında Fransanın prezidenti seçilmişdir və 1852-ci ildə dövlət çevrilişi edərək özünü İmperator elan etmişdir. Panteon "Milli Bazilika" statusu alaraq kilsəyə qaytarılmışdır. Müqəddəs Jenevyevanın qalıqları kilsəyə qaytarılmış və onun həyatından bəhs edən iki ədəd heykəltəraşlıq qrupu əlavə olunmuşdur. Məbədin sərdabəsi isə bağlı qalmışdır.
Üçüncü Respublika dövründə (1871-1939)
Müqəddəs Jenevyeva Parisə təchizat gətirir (1874). Müəllif: Püvi de Şavann.
İsa Məsih mələyə Fransa xalqının taleyini göstərir. Mozaikanın müəllifi: Antoine-Auguste-Ernest Hébert
"Milli Konvensiya" (1921). Müəllif: François-Léon Siccard
Eduard Detaille. Respublika ordusunu şöhrətə aparan Qələbə (1905)
Viktor Hüqonun dəfn mərasimi, 1 iyun 1885-ci il.
Bazilikaya 1870-ci il Fransa-Prussiya Müharibəsi zamanı almanların açdığı atəş zamanı zədə dəymişdir. Bina 1871-ci ilin mayında Paris Kommunasının qısa hakimiyyəti dövründə Kommuna əsgərləri ilə Fransa ordusu arasında gedən döyüşlər zamanı daha çox ziyan görmüşdür. Bina Üçüncü Respublikanın ilk illərində mühafizəkar hökumət dövründə kilsə kimi fəaliyyət göstərsə də, onun daxili divarları boş qalmışdır. 1874-cü ildən başlayaraq binanın daxili divarları Fransa tarixini kilsənin tarixi ilə birləşdirən yeni freskalar və heykəltəraşlıq qrupları ilə yenidən bəzədilmişdir. Püvi de Şavann və Alkesandr Kabanel, eləcə də Antuan-Avqust-Ernest Eber kimi məşhur rəssamlar kapellanın sərdabəsinin altındakı apsidada (xristian kilsələrində günbəzli, yarım dairəvi və ya çoxbucaqlı olan sunak otağı)“İsa Məsih mələyə Fransa xalqının taleyini göstərir” adlı mozaika yaratmışlar.
1881-ci ildə Saint-Geneviève kilsəsinin yenidən məqbərəyə çevrilməsi haqqında fərman qəbul edilmişdir. Bundan sonra Viktor Hüqo uzun sürən fasilədən sonra yeraltı məzarlıqda, sərdabədə dəfn edilən şəxs olmuşdur. Sonrakı hökumətlər yazıçı Emil Zolya (1908) və Birinci Dünya Müharibəsindən sonra Fransa sosialist hərəkatının liderləri, o cümlədən Léon Qambetta (1920) və Jan Jaures (1924) daxil olmaqla ədəbiyyat xadimlərinin dəfn edilməsi təsdiqlənmişdir. Üçüncü Respublika hökuməti də qərar vermişdir ki, bina “Fransanın qızıl dövrünü və böyük adamlarını” təmsil edən heykəllərlə bəzədilsin. Bu dövrün əsas əsərlərinə Fransa İnqilabına həsr olunmuş Milli Assambleyanın heykəltəraşlıq qrupu, Jan-Antuan İnqabert tərəfindən Panteonda dəfn edilmiş ilk şəxsin, qraf Mirabonun heykəli (1889-1920) və apsisdə düzəldilmiş iki vətənpərvərlik freskası aiddir. Bunlar Eduard Detaylın "Respublika ordusunu şöhrətə aparan Qələbə" və Mari-Dezire-Hektor d'Espuinin "Şairlərin, filosofların, alimlərin və döyüşçülərin müşayiəti ilə məbədə daxil olan Şöhrət" (1906) freskalarıdır.
1945-ci ildən bu günə kimi
İkinci Dünya müharibəsi zamanı Fransada fəaliyyət göstərmiş Müqavimət hərəkatının lideri Jan Mulenin Panteondakı məqbərəsi
Nobel Sülh mükafatı laureatı Rene Kassenin Parisdə, Panteondakı məqbərəsi
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaradıcısı Jan Monenin Panteondakı məqbərəsi
Brayl şriftinin yaradıcısı Lui Braylın Parsidə, Panteondakı məqbərəsi
Parisdəki Panteonda VI kriptin girişi, Burada Rene Kassen, Jan Mone, Simona Vayl, Antuan Vayl, Jan Mulen və Andre Malyo dəfn olunmuşlar
İkinci Dünya Müharibəsindən sonra qısamüddətli Dördüncü Respublika zamanı (1948-1958) iki tanınmış fizikaçı alim Panteonda dəfn olunmuşdur - Pol Lanqevin və Jan Perrin. Abolisionist hərəkatının ( Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat ) lideri Viktor Şelşer, Azad Fransa hərəkatının ilk liderlərindən biri və müstəmləkə administratoru Feliks Ebue, həmçinin Brayl şriftinin yaradıcısı Lui Brayl 1952-ci ildə Panteonda dəfn olunmuşlar.
Beşinci Respublika dövründə Prezident Şarl de Qolun Panteonda dəfn etdirdiyi ilk şəxs Müqavimət lideri sayılan Jan Mulen olmuşdur. Burada son illərdə dəfn edilmiş müasir şəxsiyyətlər arasında İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni hazırlayan, "Nobel" Sülh Mükafatı laureatı Rene Kasseni (1987) və Avropa İttifaqının sələfi olan Avropa Kömür və Polad Birliyi təşkilatının yaradılmasında başlıca rol oynamış Jan Monneni (1988) misal göstərmək olar. Jan Monne anadan olmasının 100-cü ildönümü ərəfəsində burada dəfn edilmişdir. Nobel mükafatı laureatları, fizika və kimyaçılar Mari Küri və Pyer Küri (1995) cütlükləri, yazıçı və Mədəniyyət naziri olmuş Andre Malraux (1996), hüquqşünas və siyasətçi Simona Vayl (2018), Josephine Baker (2021) Panteonda dəfn edilmişlər.
2024-cü ildə isə İkinci Dünya Müharibəsi zamanı Fransa müqavimət hərəkatının ən tanınmış nümayəndəsi Misak Manuşyan və onun həyat yoldaşı Meline Manuşyan Panteonda dəfn edilmişlər.
Memarlıq və İncəsənət nümunəsi kimi
Günbəz
Günbəz
Panteon zirvəsində təmsil olunmuş Şöhrət heykəli
Hazırda günbəzin üzərindəki xaç
Qrosun çəkdiyi günbəzin içindəki freska
Antuan Jan Qross, Müqəddəs Jenevyeva Apofeozu
Günbəzin son layihəsi 1777-ci ildə qəbul edilmişdir və 1790-cı ildə tamamlanmışdır. O, Romadakı Müqəddəs Pyotr Bazilikasının və Londondakı Müqəddəs Pavel Kafedral kilsəsinin günbəzləri ilə rəqabət aparmaq üçün hazırlanmışdır. Parisdəki “Les Invalides”in taxta çərçivəli günbəzindən fərqli olaraq, buradakı tamamilə daşdan hazırlanmışdır. O, əslində biri digərinin içərisində olan üç günbəzdən ibarətdir, aşağıdan görünən boyalı tavan ikinci günbəzin üzərində yerləşir. Dünyanın ən hündür günbəzi sayılan Müqəddəs Pyotr kilsəsinin günbəzi (136,57 metr (448,1 fut)) ilə müqayisədə bunun hündürlüyü 83 metrdir (272 fut).
Günbəzin üstü xaçla örtülmüşdür. Bununla belə, əvvəllər günbəzin yuxarı hissəsində Müqəddəs Jenevyevanın heykəlinin yerləşəcəyi nəzərdə tutulmuşdur. 1790-cı ildə günbəzin başında müvəqqəti olaraq xaç quraşdırılmışdır. 1791-ci ildə kilsə məqbərəyə çevrildikdən sonra xaçın yerinə Şöhrəti simvolizə edən heykəl qoyulması planlaşdırılmışdır, lakin sonradan bu layihədən imtina edilmişdir. 1830-1851-ci illərdə xaçın yerinə bayraq qoyulmuşdur. Lui Napoleon Bonapart binanı kilsənin istifadəsinə qaytardıqdan sonra xaç bərpa edilmişdir. 1871-ci ildə Paris Kommunası zamanı xaç qırmızı bayraqla əvəz olunmuşdur. Sonradan xaç yenidən bərpa edilmişdir.
Aşağıdan günbəzə baxdıqda, transeptlə günbəzin altındakı kəsişmədə, ən aşağıda yerləşən günbəzdə Jan-Antuan Qrosun çəkdiyi "Müqəddəs Jenevyevanın Apofeozu" (1811-34) tablosunu görmək mümkündür. Mərkəzdəki üçbucaq nura qərq olaraq Üçlüyü simvolizə edir. İvrit əlifbasının hərfləri ilə yazılmış söz Allahın adını tərənnüm edir. Rəsmdə tam şəkildə görünən yeganə personaj qayalıq bir yerdə oturmuş Müqəddəs Jenevyevanın özüdür. Monarxiyanın bərpası zamanı yaradılan tablonun ətrafında əks olunmuş təsvirlər kilsənin müdafiəsində mühüm rol oynamış Fransa krallarını təmsil edir. Müqəddəs Jenevyevanın solunda xristianlığı qəbul etmiş ilk kral Xlodviqin yanında bir qrup adam təsvir ounub. İkinci qrup isə ilk universitetlərin banisi Böyük Karla həsr olunub. Üçüncü qrup Fransanın kralı IX Lüdoviqə və onun Müqəddəs Torpaqdan gətirdiyi və Sen Şapel kilsəsində qorunan Tikanlı Taca həsr edilmişdir. Sonuncu qrup isə kilsədə sonuncu bərpa işlərini apartdıran kral XVIII Lüdoviqə və onun qardaşı qızına, hansı ki, buludlar arasında təsvir olunmuş qurbanlar, kral XVI Lüdoviqə və onun həyat yoldaşı Mariya Antuanettaya baxdığı həsr olunmuşdur. Bu səhnədə təsvir edilmiş mələklər XVIII Lüdoviqin Fransa İnqilabından sonra kilsəni bərpa etmək üçün imzaladığı Xartiyanı (sənəd) daşıyırlar.
Günbəzi saxlayan dörd parus və ya tağ Fransua Jerarın eyni dövrə aid olan “Şöhrət”, “Ölüm”, “Xalq” və “Ədalət”i (1821-37) təsvir edən rəsmləri ilə bəzədilmişdir.
Fasad, peristil və giriş
Əsas fasad
Pedimentdə Millət və Azadlıq mövzusundakı mərkəzi fiqurlar: solda dövlət xadimləri və alimlər, sağda əsgərlər
Korinf orderi
Peristilin altındakı barelyeflər
Panteonun girişi
Kilsənin Şərq tərəfdəki fasadı və peristili yunan məbədi nümunəsində korinf sütunları və David d'Angers tərəfindən 1837-ci ildə tamamlanmış pediment heykəli ilə bəzədilmişdir. Əvvəlki pedimentdə təsvir olunmuş dini motivlərlə əvəz edilən bu pedimentdəki heykəl "Tarix böyük insanların, mülki və hərbçilərin adlarını yazarkən millət ona bəxş olunan azadlıq vasitəsilə onlara taclar paylayır" adlanır. Solda Russo, Volter, Lafayet və Bişa daxil olmaqla görkəmli elm adamları, filosoflar və dövlət xadimlərinin simaları yer alıb. Sağda Napoleon Bonapart, eləcə də silahlı qüvvələrin bütün növlərinin əsgərləri və Politexnik Məktəbinin uniformasında olan tələbələr təsvir olunublar. Aşağıda belə bir yazı var: "Müqəddəs millətdən olan böyük adamlara" ("Aux grands hommes la patrie reconnaissante"). Bu yazı 1791-ci ildə Panteon yaradılarkən əlavə edilmişdir. Monarxiyanın bərpası zamanı onu sökmüşlər və 1830-cu ildə yenidən bərpa etmişlər.
Peristilin altında beş heykəltəraşlıq barelyef yer alıb. İnqilab zamanı istifadəyə verilmiş əsas qapıların üstündə yerləşdirilmiş iki ədəd relyef binanın iki başlıca məqsədini simvollaşdırır. Bunlar solda “Xalq Maarifi” və sağdakı “Vətənpərvərlik” relyefləridir.
Binanın fasadında əvvəllər böyük pəncərələr olmuşdur, lakin kilsə binası məqbərəyə çevrildikdən sonra içərini daha qaranlıq və təmtəraqlı etmək üçün onlar kərpiclə hörülmüşlər.
Narteks (vestibül) və neflər (mərkəzi dəhliz)
İnteryerin panoraması
Müqəddəs Jenevyeva uşaq ikən dua edərkən. Püvi de Şavann, 1876
Janna d'Ark Orleanda. Jül Ejen Lenepve
Panteonda Milli Konvensiya heykəlinə daxil olan bəzi heykəllər qrupu
Parisdəki Panteonun vestibülündə yerləşən Milli Konvensiya heykəlinə daxil olan heykəllər qrupu
Qərb nefinin əsas bəzəyi narteksdən başlayan Müqəddəs Denis və Parisin himayədarı sayılan Müqəddəs Jenevyevanın həyatından bəhs edən bir sıra rəsmlər, həmçinin Püvi de Şavanın, Aleksandr Kabanelin, Jül Ejen Lenepvenin və XIX əsrin digər görkəmli tarixi rəssamları tərəfindən çəkilmiş Saint Geneviève haqqında daha geniş rəsmlərdir. Cənub və şimal neflərindəki rəsmlər Fransanın xristian qəhrəmanlarına həsr olunmuş bu seriyanı davam etdirir, o cümlədən Böyük Karlın, Xlodviqin, IX Lüdoviqin və Jana d'Arkın həyatından bəhs edən səhnələr yer almışdır. 1906-1922-ci illərdə Panteonda Ogüst Rodenin məşhur əsəri "Mütəfəkkir" adlanan heykəli olmuşdur.
Fukonun kəfkirli saatı
1851-ci ildə fizikaçı Léon Foucault (Leon Fuko) mərkəzi günbəzin altında 67 metrlik (220 fut) kəfkirli saat düzəldərək Yerin fırlanmasını nümayiş etdirmişdir. Kəfkirin orijinal sferası 1995-ci ildən İncəsənət və Sənətkarlıq Muzeyinin bərpası zamanı müvəqqəti olaraq Panteonda nümayiş etdirilmişdir. Orijinal kəfkir sonradan İncəsənət və Sənətkarlıq Muzeyinə qaytarılmış və bir nüsxəsi hazırda Panteonda nümayiş etdirilir. 1920-ci ildən o, Fransa Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi siyahıya alınmışdır.
Kriptdə dəfn olunanlar
Kriptin dəhlizi
Lui Breylin məqbərəsi
Solda Viktor Hüqonun, ortada Aleksandr Dümanın, sağda Emil Zolyanın məqbərəsi
Parsidə Panteonda dəfn edilmiş kimya və fizika üzrə Nobel mükafatı laureatları Mari Küri Sladovodskaya və Pyer Kürinin məqbərələri
İkinci Dünya müharibəsi zamanı Fransada Müqavimət Hərəkatını yaratmış Misak Manuşyanın və onun həyat yoldaşı Meline Manuşyanın Panteondakı məqbərələri
Panteonun məbədində dəfn olunma ciddi şəkildə məhdudlaşdırılmışdır. Burada yalnız Parlamentin aktı ilə təsdiqlənmiş "Milli Qəhrəmanlara" icazə verilir. Buna bənzər yüksək mükafatlar “Les Invalides”də Napoleon, Türenn və Voban kimi tarixi hərbi liderlərə verilmişdir.
Nekropolda dəfn edilənlər arasında Volter, Russo, Viktor Hüqo, Emil Zolya, Jan Mulen, Lui Brayl, Jan Jaures və memar Sufflo da vardır. 1907-ci ildə burada Marselen Bertlo həyat yoldaşı Madam Sofi Bertlo ilə birlikdə dəfn edilmişlər. Mariya Küri göstərdiyi xidmətə görə ilk qadın olaraq 1995-ci ildə Panteonda dəfn edilmişdir. Fransız Müqavimət hərəkatının qəhrəmanlarından olan Geneviève de Gaulle-Anthonioz və Germaine Tillon 2015-ci ildə burada dəfn edilmişlər. Simona Vayl və onun həyat yoldaşı Antuan Vayl 2018-ci ildə burada dəfn edilmişlər.
1814-cü ildə Volterin qalıqlarının dini fanatiklər tərəfindən oğurlanaraq poliqona atıldığına dair geniş xəbərlər yayıldığından, 1897-ci ildə onun tabutunu açmaq məcburiyyətində qalmışlar və böyük mütəfəkkirin qalıqlarının orada olduğu təsdiqlənmişdir.
30 noyabr 2002-ci ildə Respublika Qvardiyasının altı əsgəri “Üç muşketyor” və digər məşhur romanların müəllifi Aleksandr Dümanın (1802-1870) tabutunu təntənəli yürüşlə Panteona gətirmişlər. Müşketyorların "Un pour tous, tous pour un" ("Biri hamı üçün, hamı biri üçün") şüarı yazılmış mavi məxmər parçaya bükülmüş ədibin qalıqları ilkin dəfn olunduğu yerdən, Fransanın Ena departamentindəki Villers-Kotterets qəbiristanlığından köçürülmüşdür. Prezident Jak Şirak çıxışında haqsızlığın aradan qaldırılacağını və Fransanın ən böyük yazıçılarından birinə öz haqqının veriləcəyini bildirmişdir.

2007-ci ilin yanvarında Prezident Jak Şirak İsraildə “Yad Vaşem” tərəfindən təsdiq olunmuş “Millətlər Arasında Ən Yaxşı İnsan” kimi tanınan 2600-dən çox insanın şərəfinə Panteonda xatirə lövhəsi açmışdır. Bu insanların köməyi olmasaydı, əks halda minlərlə Fransa yəhudisi ölüm düşərgələrinə deportasiya olunaraq məhv ediləcəkdilər. Panteona ehtiram əlaməti olaraq bu lövhədə çox vaxt yardım göstərmək üçün öz həyatlarını riskə atmış adi insanların səyi sayəsində ölkənin yəhudi əhalisinin təxminən dörddə üçünün müharibədən sağ çıxması faktı vurğulanır. Lövhədə deyilir:
| İşğal zamanı Fransanı bürüyən nifrət və zülmət pərdəsi altında minlərlə işıq sönməkdən imtina etdi. “Millətlər arasında ən yaxşı insan” və ya anonim qalmaq istəyənlər, millətindən və mənşəyidən asılı olmayaraq bütün qadınlar və kişilər yəhudiləri antisemitizm təqiblərindən və ölüm düşərgələrindən xilas etdilər. Təhlükəli riskləri aradan qaldıraraq, onlar Fransanın şərəfini, onun ədalət, tolerantlıq və humanizm dəyərlərini təcəssüm etdirdilər. |
Dəfn olunmuşlar və adları əbədiləşdirilmişlər
| № | Ad | Yaşadığı illər | Dəfn olunduğu il | Foto | Qeydlər | |
|---|---|---|---|---|---|---|
| 1 | Onore Qabriel Riketi | 1749-1791 | 1791 | ![]() | İnqlabçı, 4 aprel 1791-ci ildə Panteonda ilk dəfn olunmuş şəxs. 1794-cü ilin 25 noyabrında qəbri açılmış və adsız məzarda dəfn edilmişdir. Onun qalıqları indiyə kimi tapılmamışdır | |
| 2 | Volter | 1694-1778 | 1791 | ![]() | Yazıçı, filosof | |
| 3 | Nikolya Jozef Boreper | 1740-1792 | 1792 | Hərbçi, zabit. Qalıqları sonradan itmişdir | ||
| 4 | Lui Mişel le Peletye de Sen-Farjo | 1760-1793 | 1793 | Qətlə yetirilmiş deputat. Ailəsinin xahişi ilə 14 fevral 1795-ci ildə sümükləri Panteondakı məzardan çıxarılaraq aparılmışdır | ||
| 5 | Oqüst Mari Anri Piko de Dampyer | 1756-1793 | 1793 | Hərbçi, zabit. Qalıqları sonradan itmişdir | ||
| 6 | Jan Pol Marat | 1743-1793 | 1794 | Siyasətçi. Qalıqları Panteondan çıxarılmışdır | ||
| 7 | Jan-Jak Russo | 1712-1778 | 1794 | ![]() | Yazıçı və filosof | |
| 8 | Fransuz Deni Tronşe | 1726-1806 | 1806 | ![]() | Siyasətçi və hüquqşünas. Qəbri Panteonda V Sərdabədə yerləşir | |
| 9 | Klod–Lui Petye | 1749-1806 | 1806 | ![]() | Siyasətçi. V Sərdabə | |
| 10 | Jan-Etyen-Mari Portalis | 1746-1807 | 1807 | ![]() | Siyasətçi. V Sərdabə | |
| 11 | Lui-Pyer-Pantaleon Renye | 1759-1807 | 1807 | ![]() | Siyasətçi. V Sərdabə | |
| 12 | Lui-Jozef-Şarl-Amabl d’Alber, Lyüin hersoqu | 1748-1807 | 1807 | Siyasətçi. Ailəsinin xahişi ilə qalıqları 1862-ci ildə Panteondan çıxarılmışdır | ||
| 13 | Jan-Batist-Pyer Bevyer | 1723-1807 | 1807 | ![]() | Siyasətçi. V Sərdabə | |
| 14 | Fransua Bartelemi, Begino qrafı | 1747-1808 | 1808 | ![]() | Zabit. V Sərdabə | |
| 15 | Pyer Jan Jorj Kabanis | 1757-1808 | 1808 | ![]() | Alim və filosof. V Sərdabə | |
| 16 | Qabrile-Lui, markiz de Kolenkur | 1741-1808 | 1808 | ![]() | Zabit. V Sərdabə | |
| 17 | Jan-Frederik Perreqo | 1744-1808 | Bankir. IV Sərdabə | |||
| 18 | Antuan-Sezar de Şuazel, Praslen hersoqu | 1756-1808 | 1808 | ![]() | Hərbçi zabit və siyasətçi. V Sərdabə | |
| 19 | Jan-Pyer Firmen Maler | 1761-1808 | 1808 | ![]() | Zabit. Ürəyi V Sərdabədə qabda saxlanılır | |
| 20 | Jan Batist Papen, qraf Sen-Kristo | 1756-1809 | 1809 | ![]() | Siyasətçi və hüquqşünas. V Sərdabə | |
| 21 | Jozef-Mari Vyen | 1716-1809 | 1809 | Rəssam. III Sərdabə | ||
| 22 | Pyer Qarnye de Labuasyer | 1755-1809 | 1809 | Zabit. III Sərdabə | ||
| 23 | Jan Pyer, qraf Ser | 1746-1809 | 1809 | Siyasətçi. Ürəyi III Sərdabədə qabda saxlanılır | ||
| 24 | Cirolamo Luidci Duratsso | 1739-1809 | 1809 | ![]() | Siyasətçi. Ürəyi V Sərdabədə qabda saxlanılır | |
| 25 | Jüstyen Bonaventura Morar de Qalles | 1761-1809 | 1809 | Hərbçi. Ürəyi III Sərdabədə qabda saxlanılır | ||
| 26 | Emanuel Krete de Şampmol | 1747-1809 | 1809 | Siyasətçi. III Sərdabə | ||
| 27 | Kardinal Covanni Batista Kaprara | 1733-1810 | 1810 | Keşiş. III Sərdabə. Ürəyi 1810-cu ildə Milan kilsəsində basdırılmışdır. 1861-ci ildə ailəsinin xahişi ilə qalıqları Panteondan çıxarılmışdır. Qalıqları 1861-ci ilin 22 avqustunda Parisdən Romaya aparılmışdır. | ||
| 28 | Lui Şarl Vensan Leblon de Sent-İler | 1766-1809 | 1810 | Hərbçi, zabit. III Sərdabə | ||
| 29 | Jan- Batist Treyar | 1742-1810 | 1810 | Vəkil. III Sərdabə | ||
| 30 | Jan Lann de Montebello | 1769-1809 | 1810 | ![]() | Hərbçi, zabit. XXII Sərdabədə dəfn olunmuşdur | |
| 31 | Şarl Pyer Klare de Flerye | 1738-1810 | 1810 | Siyasətçi. III Sərdabə | ||
| 32 | Lui Antuan de Buqenvil | 1729-1811 | 1811 | ![]() | Dənizçi, naviqator. III Sərdabə | |
| 33 | Kardinal Şarl Erskin de Kelli | 1739-1811 | 1811 | Keşiş. III Sərdabə | ||
| 34 | Aleksandr-Antuan Yuro de Senarmon | 1769-1811 | 1811 | Zabit. Ürəyi II Sərdabədə qabda saxlanılır | ||
| 35 | Kardinal İppolito Antonio Vinçetti Mareri | 1738-1811 | 1811 | Keşiş. III Sərdabə. 1861-ci ildə qalıqları Panteondan çıxarılaraq İtaliyaya, Rieti şəhərinə aparılmış və ailə məzarlığında dəfn edilmişdir | ||
| 36 | Nikola Mari Sonji de Kurbon | 1761-1811 | 1811 | Zabit. III Sərdabə | ||
| 37 | Mişel Ordener, I qraf Ordener | 1755-1811 | 1811 | Zabit. II Sərdabə | ||
| 38 | Jan Mari Pyer Dorsen | 1773-1812 | 1812 | Zabit. II Sərdabə | ||
| 39 | Yan Villem de Vinter | 1761-1812 | 1812 | Zabit. IV Sərdabə. Sonradan qalıqları çıxarılaraq Niderlanda, Kampeneyə (Overeysel) aparılmışdır. | ||
| 40 | Qiasint-Yuq-Timoleon de Kosse, qraf de Brissak | 1746-1813 | 1813 | Zabit. II Sərdabə | ||
| 41 | Jan İqnas Jakmino, qraf de Xam | 1758-1813 | 1813 | Vəkil. II Sərdabə | ||
| 42 | Jozef-Lui Laqranj | 1736-1813 | 1813 | ![]() | Riyaziyyatçı. II Sərdabə | |
| 43 | Jan Russo | 1738-1813 | 1813 | Siyasətçi. II Sərdabə | ||
| 44 | Jüstin de-Viri | 1737-1813 | 1813 | Siyasətçi. II Sərdabə | ||
| 45 | Frederik Anri Valter | 1761-1813 | 1814 | Zabit. IV Sərdabə | ||
| 46 | Jan-Nikolya Demenye | 1751-1814 | 1814 | Siyasətçi. II Sərdabə | ||
| 47 | Jan-Lui-Ebenezer Reynye | 1771-1814 | 1814 | Zabit. IV Sərdabə | ||
| 48 | Klod Ambruaz Renye de Massa di Karrara | 1746-1814 | 1814 | Siyasətçi və hüquqşünas. II Sərdabə | ||
| 49 | Antuan-Jan-Mari Tevenar | 1733-1815 | 1815 | Zabit. II Sərdabə | ||
| 50 | Klod-Jüst-Aleksandr Leqran | 1762-1815 | 1815 | Zabit. II Sərdabə | ||
| 51 | Jak-Jermen Suflo | 1713-1780 | 1829 | Panteonun girişində dəfn olunub | ||
| 52 | Viktor Hüqo | 1802-1885 | 1885 | ![]() | Yazıçı. XXIV Sərdabə | |
| 53 | Lazar Karno | 1753-1823 | 1889 | ![]() | Siyasətçi və alim. XXIII Sərdabə. Fransa inqlabının 100 illiyi ərəfəsində qalıqları Panteona gətirilib dəfn edilmişdir | |
| 54 | Jan-Batist Boden | 1811-1851 | 1889 | Siyasətçi və həkim. XXIII Sərdabə. Fransa inqlabının 100 illiyi ərəfəsində qalıqları Panteona gətirilib dəfn edilmişdir | ||
| 55 | Teofil Korre de la Tur d̰’Overn | 1743-1800 | 1889 | Hərbçi. XXIII Sərdabə. Fransa inqlabının 100 illiyi ərəfəsində qalıqları Panteona gətirilib dəfn edilmişdir | ||
| 56 | Fransua Severen Marso | 1769-1796 | 1889 | ![]() | Ordu zabiti. Külü XXIII Sərdabədə qabda saxlanılır. Külünü Almaniyanın Koblens şəhərindən Fransa inqlabının 100 illiyi ərəfəsində Panteona gətirmişlər. | |
| 57 | Mari Fransua Sadi Karno | 1837-1894 | 1894 | Fransanın Prezidenti. XXIII Sərdabə. Qətlə yetiriləndən sonra Panteonda dəfn olunub | ||
| 58 | Marselen Bertelo | 1827-1907 | 1907 | ![]() | Alim. XXV Sərdabə. Həyat yoldaşı ilə bir yerdə dəfn olunub, çünki ondan ayrı dəfn edilməsinin əleyhinə olub. | |
| 59 | Sofi Bertelo | 1837-1907 | 1907 | ![]() | Marsellena Bertelonun həyat yoldaşı. XXV Sərdabə. Panteonda dəfn olunan ilk qadındır | |
| 60 | Emil Zolya | 1840-1902 | 1908 | ![]() | Yazıçı. XXIV Sərdabə. Qalıqları Monmantr qəbiristanlığından Panteona gətirilmişdir. | |
| 61 | Leon Qambetta | 1838-1882 | 1920 | ![]() | Siyasətçi. Ürəyi Panteonun pilləkənindəki divarda qabda saxlanılır | |
| 62 | Jan Jores | 1859-1914 | 1924 | ![]() | Siyasətçi. XXVI Sərdabə. Qalıqları qətlindən 10 il sonra Panteona gətirilmişdir | |
| 63 | Penleve | 1863-1933 | 1933 | ![]() | Riyaziyyatçı və siyasətçi. XXV Sərdabə | |
| 64 | Lanjeven | 1872-1946 | 1948 | ![]() | Alim. XXV Sərdabə. Jan Perenlə eyni gündə nəşi Panteona gətirilmişdir | |
| 65 | Perren | 1870-1942 | 1948 | ![]() | Alim, Nobel mükafatı Laureatı. XXV Sərdabə. Pol Lanjevenlə eyni gündə nəşi Panteona gətirilmişdir | |
| 66 | Viktor Şelxer | 1804-1893 | 1949 | Abolisionist. XXVI Sərdabə. Feliks Ebue ilə eyni gündə nəşi Panteona gətirilmişdir. Məzarı əvvəllər Per-Laşez qəbiristanlığında olmuşdur. Atası ilə eyni yerdə dəfn olunmaq istədiyindən atasının da qəbri sonradan Panteona köçürülmüşdür. | ||
| 67 | Mark Şelxer | 1766-1832 | 1949 | Viktor Şelxerin atası. XXVI Sərdabə. Məzarı əvvəllər Per-Laşez qəbiristanlığında olmuşdur | ||
| 68 | Feliks Ebue | 1884-1944 | 1949 | ![]() | Siyasətçi. XXVI Sərdabə | |
| 69 | Lui Brayl | 1809-1852 | 1952 | ![]() | Müəllim. XXV Sərdabə. Vəfatının 100 illiyində məzarı Panteona köçürülmüşdür. | |
| 70 | Jan Mulen | 1899-1943 | 1964 | ![]() | Müqavimət hərəkatının iştirakçısı. VI Sərdabə. Nəşi 1964-cü ilin 19 dekabrında Per-Laşez qəbiristanlığından Panteona köçürülmüşdür. | |
| 71 | Antuan de Sent-Eqzüperi | 1900-1944 | 1967 | ![]() | Yazıçı. Aralıq dənizi üzərində Marsel yaxınlığında it döyüşündən sonra hava qəzası zamanı həlak olduğundan və cəsədi tapılmadığından 1967-ci ilin noyabr ayında Panteonda adına xatirə lövhəsi yerləşdirilmişdir | |
| 72 | Rene Kassen | 1887-1976 | 1987 | ![]() | İnsan hüquqları müdafiəçisi, Nobel Mükafatı Laureatı. VI Sərdabə. Anadan olmasının 100 illiyi münasibətilə nəşi Monparnas qəbiristanlığından Panteona gətirilmişdir | |
| 73 | Jan Monne | 1888-1979 | 1988 | ![]() | İqtisadçı. VI Sərdabə. Anadan olmasının 100 illiyi münasibətilə qəbri Panteona köçürülmüşdür | |
| 74 | Abbat Anri Qrequar | 1750-1831 | 1989 | ![]() | Keşiş. VII Sərdabə. | Fransa inqlabının 200 illiyi münasibətilə qəbri Panteona köçürülmüşdür |
| 75 | Qaspar Monj | 1746-1818 | 1989 | ![]() | Riyaziyyatçı. VII Sərdabə. Fransa inqlabının 200 illiyi münasibətilə qəbri Panteona köçürülmüşdür | |
| 76 | Nikola de Kondorse | 1743-1794 | 1989 | ![]() | Siyasətçi. VII Sərdabə. Fransa inqlabının 200 illiyi münasibətilə Panteonda dəfn edilmişdir, lakin qəbri boşdur, çünki qalıqları itmişdir | |
| 77 | Pyer Küri | 1859-1906 | 1995 | ![]() | Alim, Nobel Mükafatı Laureatı. VIII Sərdabə. Qəbri 1995-ci ildə həyat yoldaşı Mari Küri ilə birlikdə Panteona köçürülmüşdür | |
| 78 | Mariya Sklovodskaya-Küri | 1867-1934 | 1995 | ![]() | İki dəfə Kimya üzrə Nobel Mükafatı Laureatı adına layiq görülmüşdür (1903 və 1911). VIII Sərdabə. Panteonda dəfn olunan ikinci qadındır, lakin göstərdiyi xidmətə görə burada dəfn olunan ilk qadındır | |
| 79 | Andre Malro | 1901-1976 | 1996 | ![]() | Yazıçı və siyasətçi. VI Sərdabə. Vəfatının 20 illiyində, 1996-cı ilin 23 noyabrında Veryer-le-Byüsson (Esson) qəbiristanlığından məzarı Panteona köçürülmüşdür | |
| 80 | Tussen-Luvertyür | 1743-1803 | 1998 | Lui Delqreslə bir gündə Panteonda adına xatirə lövhəsi vurulmuşdur | ||
| 81 | Lui Delqres | 1766-1802 | 1998 | ![]() | Siyasətçi. Tussen–Luvertyürlə bir gündə Panteonda adına lövhə vurulmuşdur | |
| 82 | Aleksandr Düma | 1802-1870 | 2002 | ![]() | Yazıçı. XXIV Sərdabə. Vəfatından 132 il sonra məzarı Panteona köçürülmüşdür | |
| 83 | Eme Sezar | 1913-2008 | 2011 | ![]() | Yazıçı və siyasətçi. 6 aprel 2011-ci ildə Panteonda adına xatirə lövhəsi vurulmuşdur, qəbri Martinikadadır | |
| 84 | Jan Zey | 1904-1944 | 2015 | ![]() | Siyasətçi. IX Sərdabə. Alyedə (Molle) qətlə yetirildikdən sonra 1948-ci ildə Orleanda dəfn olunmuşdur | |
| 85 | Pyer Brossolet | 1903-1944 | 2015 | ![]() | Jurnalist. Müqavimət hərəkatının üzvü. IX Sərdabə. Məzarı 2015-ci ilin 27 mayında Per-Laşez qəbiristanlığından Panteona köçürülmüşdür | |
| 86 | Jermen Tillion | 1907-2008 | 2015 | ![]() | Müqavimət hərəkatının üzvü, etnoloq. IX Sərdabə. Panteonda onun qalıqlarının yerində məzarından götürülmüş torpaq yerləşir, çünki ailəsi mərhumun sümüklərini vermək istəməyib | |
| 87 | Jenevyeva de Qoll-Antonioz | 1920-2002 | 2015 | ![]() | Müqavimətçi. IX Sərdabə. Panteonda onun simvolik qəbri yerləşir. Burada onun qalıqlarının yerinə məzarından götürülmüş torpaq tökülmüşdür, çünki ailəsi mərhumun sümüklərini vermək istəməyib | |
| 88 | Simona Veyl | 1927-2017 | 2018 | Siyasətçi, Holokostu yaşamış qadın. VI Sərdabə. 2017-ci ildə vəfat etdikdən sonra Monparnas qəbiristanlığında dəfn olunsa da, sonradan məzarı həyat yoldaşı ilə birlikdə Panteona köçürülmüşdür | ||
| 89 | Antuan Veyl | 1926-2013 | 2018 | Simona Veylin həyat yoldaşı. VI Sərdabə. Məzarı Monparnas qəbiristanlığından Panteona köçürülmüşdür | ||
| 90 | Moris Jenevua | 1890-1980 | 2020 | ![]() | Yazıçı. XIII Sərdabə. 1980-ci ildə vəfat etdikdən sonra Passi qəbiristanlığında dəfn olunmuşdur. Sonradan məzarı Panteona köçürülmüşdür | |
| 91 | Jozefina Beyker | 1906-1975 | 2021 | ![]() | İnsan hüquqları üzrə mübarizə aparmış aktrisa. XIII Sərdabə. Panteondakı qəbri simvolikdir. Kenotafda onun doğulduğu yerdən, Missuri ştatı, torpaq yerləşdirilmişdir. Həmçinin, onun Monakodakı qəbrindən torpaq yerləşdirilmişdir. | |
| 92 | Misak Manuşyan | 1906-1944 | 2024 | ![]() | İkinci Dünya müharibəzi zamanı faşistlərə qarşı müqavimət göstərmiş təşkilatın yaradıcısı. XIII Sərdabə. 21 fevral 2024 tarixində həyat yoldaşı ilə birlikdə Panteonda dəfn olunmuşdur | |
| 93 | Meline Manuşyan | 1913-1989 | 2024 | ![]() | Müqavimət hərəkatının üzvü. Misak Manuşyanın həyat yoldaşı. XIII Sərdabə |
Ədəbiyyat
- Antoine-Laurent-Thomas Vaudoyer. Projet de restauration des piliers du dôme du Panthéon français. Imprimerie de P. Didot l'aîné. Paris. Pluviôse An VI. Pages 12. https://gallica.bnf.fr/ark:/12148/bd6t5381020g
- Charles Ouin-Lacroix, Histoire de l'église Sainte-Geneviève, patronne de Paris et de la France, ancien Panthéon français, 1852, Paris, Sagnier & Bray, 152 pages.
- Eugène Viollet Le Duc - Edgar Quinet, Les Églises de Paris - Le Panthéon, 1883, Paris, Marpon & Flammarion, 294 pages. https://gallica.bnf.fr/ark:/12148/bpt6k6469743s
- Mona Ozouf, « Le Panthéon », dans Les lieux de mémoire, t. I : La République, Gallimard, Paris, 1984.
- François Macé de Lépinay. Peintures et sculptures du Panthéon, Éditions du Patrimoine, 1997.
- Jean-Claude Bonnet, Naissance du Panthéon. Essai sur le culte des grands hommes, Fayard, 1998.
- Sous la direction d'Olivier Le Naire, Entrez au Panthéon ! À la redécouverte de notre histoire, éditions Omnibus, 2015.
- Édouard Leduc, Dictionnaire du Panthéon de Paris, Éditions Publibook, 2013.
- Bruno Fuligni, L'Affreux du Panthéon, Gallimard, Paris, 2018. ISBN 9782710379041
- Maurice Ricolleau, Histoire du Panthéon. De l'église Sainte-Geneviève au mausolée des grands hommes, éditions Beauchesne, Paris, 2019.
- Jean-François Boudet (dir.), « La panthéonisation des Grands Hommes (et des Grandes femmes) », in Les rites et usages funéraires : essais d’anthropologie juridique, Aix-Marseille, PUAM, coll. droits & religions, 2019, p.123-144.
- Lebeurre Alexia. The Pantheon: Temple of the Nation. Éditions du Patrimoine. Paris. 2000. ISBN 978-2858223435 https://archive.org/details/pantheontempleof0000lebe
- Oudin Bernard. Dictionnaire des Architectes. Seghers, 1994. ISBN 2232103986
- Gilks, David (2024). Quatremère de Quincy: Art and Politics during the French Revolution. Oxford University Press. ISBN 978-0198745563
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, panteon (paris) sözünün mənası, panteon (paris) haqqında məlumat. panteon (paris) nədir? panteon (paris) nə deməkdir?
