Kitabus-səba (ərəb. كتاب السبعة) — İbn Mücahidin yeddi qiraətlə bağlı əsəri.
| Kitabus-səba | |
|---|---|
| ərəb. كتاب السبعة في القراءات | |
| Müəllif | Əbu Bəkr ibn Mücahid |
| Mövzu | qiraət |
| Orijinalın dili | ərəb dili |
Əsər
Əsərin tam adı "Kitabus-səba fil-qiraət"dir.
Əsərin müqəddiməsində İbn Mücahid əvvəlcə qiraətlərlə bağlı mövcud olan qarışıqlıqlara diqqəti cəlb etmiş; Əbu Əmr ibn Əlanın "Əgər necə oxunmuşdursa elə oxumağımız vacib olmasaydı, mən bu-bu hərfləri belə-belə oxuyardım" dediyini qeyd etmiş, həmçinin qiraətin sonrakı nəsillərin əvvəlkilərdən aldıqları bir sünnə olduğunu bildirən müxtəlif rəvayətləri nəql etmişdir. Bununla yanaşı, səhih olmayan və müshəfin yazısına (xəttinə) uyğun gəlməyən oxunuşların düzgün olmadığını vurğulamışdır. Daha sonra əsərdə Nafi ibn Əbdürrəhmandan başlanmaqla yeddi qiraət imamının qısa bioqrafiyaları verilmiş, onların müəllimləri və tələbələri tanıdılmış, bu imamların qiraətlərini müəllifə çatdıran sənəd zəncirləri qeyd edilmişdir.
"Kitabus-səba"da Nafinin qiraəti üçün 20-dən çox sənəd təqdim edilmişdir. Bu sənədlərin yalnız üçündə Qaluna, yalnız ikinsində isə Vərşə yer verilmişdir. Kitabda digər imamlardan İbn Kəsirin qiraəti üçün 7, Asimin qiraəti üçün 14, Həmzə ibn Həbibin qiraəti üçün 6, əl-Kisainin qiraəti üçün 5, Əbu Əmrin qiraəti üçün isə 4 sənədə yer verilmişdir.
Əsərdə Fatihə surəsindən başlayaraq və müshəfdəki sıraya uyğun olaraq ayələr üzərindəki oxunuş fərqliliklərinə işarə edilmişdir. İdğam, sakin nun, tənvin, mədd və qəsr, həmzənin bir və ya yan-yana iki kəlmədə olması, fəth və imalə kimi mövzularla bağlı izahlar və ümumi qaydalar ilk dəfə keçdikləri yerdə nəzərdən keçirilmiş, yəni bu mövzulara dair ixtilaflar surələrin içində və ya sonunda araşdırılmışdır. Əsərdə qiraət vəcihləri müzakirə edilərkən yeddi qiraətçi üçün sonrakı dövrlərdə adətən seçilən iki ravinin ixtilafları ilə məhdudlaşılmamış, onların adlarının göstərilmədiyi sənədlərlə gələn ixtilaflara da toxunulmuşdur.
Əsərə şərhlər də yazılmışdır. Bunlardan biri İbn Mücahidin tələbəsi Əbu Əli əl-Farisiyə məxsusdur. Bu şərh Bədrəddin Qəhvəci və Bəşir Cüvəycəti tərəfindən nəşr edilmişdir.
"Kitabus-səba"nın Süleymaniyyə (İbrahim Əfəndi, № 69) və Tunisin Zeytunə (№ 40) kitabxanalarında əlyazma nüsxələri mövcuddur. Şövqi Deyf bu əlyazmaların əsasında əsərini nəşr etdirmişdir (Qahirə: 1972, 1980).
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kitabus-səba haqqında məlumat. Kitabus-səba nədir? Kitabus-səba nə deməkdir?