Analitika, verilənlər analitikası və ya məlumat analitikası — məlumatların, verilənlərin və ya statistikanın sistemli hesablamalı analizi. Məlumatlardakı mənalı qanunamüvafiqliklərin kəşfi, şərhi və ötürülməsi üçün istifadə olunur. O, həmçinin effektiv qərarların qəbul edilməsi məqsədilə məlumat modellərinin tətbiqini tələb edir. Analitika qeydə alınmış informasiya ilə zəngin olan sahələrdə xüsusilə dəyərli ola bilər. Analitika məhsuldarlığı ölçmək üçün statistika, kompüter proqramlaşdırması və əməliyyatların tədqiqinin eyni vaxtda tətbiqinə əsaslanır.
Təşkilatlar biznes göstəricilərini təsvir etmək, proqnozlaşdırmaq və təkmilləşdirmək üçün biznes məlumatlarına analiz tətbiq edə bilərlər. Analitika sahələri arasında aşağıdakılar geniş yayılmışdır:
- Proqnozlaşdırıcı analitika (predictive analytics)
- Preskriptiv analitika (normativ analitika)
- Korporativ qərarların idarə edilməsi
- Təsviri analitika (ing. descriptive analytics)
- Koqnitiv analitika
- Böyük verilənlər (ing. big data) analitikası
- Pərakəndə satış analitikası
- Təchizat zənciri analitikası
- SKU optimallaşdırılması
- Marketinq optimallaşdırılması və marketinq miks modelləşdirməsi
- Veb-analitika
- Zəng analitikası və nitq analitikası
- Satış gücünün ölçülməsi və optimallaşdırılması
- Qiymət və promo modelləşdirməsi
- Proqnozlaşdırma elmi
- Qrafik analitika
- Risk analizi
- Vizual analiz
- Bulud analitikası
- Fırıldaqçılıq analitikası (ing. fraud analytics).
Tarixi
Hələ eramızdan əvvəl IV əsrdə Platonun şagirdi, qədim yunan filosofu Aristotel özünün "Orqanon" əsərində məntiqlə bağlı iki məşhur traktatını "Analitika" adlandırmışdı ("Birinci Analitika" və "İkinci Analitika"). Bunun səbəbi həmin əsərlərdə məntiqi təfəkkürün ən sadə elementlərə parçalanması və daha sonra onlardan mürəkkəb təfəkkür formalarına keçid edilməsidir. Elm kimi formal məntiqlə əsasını qoyan Aristotel onu "analitika" adlandırırdı; "məntiq" termini isə yalnız onun ölümündən sonra, eramızdan əvvəl III əsrdə gündəlik istifadəyə daxil olmuşdur.
XVIII əsrdə alman klassik fəlsəfəsinin banisi İmmanuil Kant insanın idrak qabiliyyətinin parçalanaraq tədqiqini "analitika" adlandırmışdı.
Xüsusiyyətləri
Analitika fənlərarası sahədir. Bəzən maşın öyrənməsi, neyron şəbəkələri və reqressiya analizi metodlarından istifadə edilən "təkmilləşmiş analitika" (ing. advanced analytics) termini işlədilir. Bura həmçinin klaster analizi, seqmentasiya profilinin əsas komponentlər analizi və assosiasiya analizi kimi nəzarətsiz maşın öyrənməsi metodları da daxildir.
Tətbiq sahələri
Marketinq
Demoqrafik tədqiqatlar, müştəri seqmentasiyası, müştərək analiz və digər metodlar marketoloqlara satınalmalar haqqında böyük həcmli informasiyadan və müştəri sorğularından əldə edilən məlumatlardan marketinq strategiyasının formalaşdırılması üçün istifadə etməyə imkan verir.
Marketinq analitikası brend və gəlirlər haqqında strateji qərarların qəbulu üçün istifadə olunan həm keyfiyyət, həm də kəmiyyət (strukturlaşdırılmış və strukturlaşdırılmamış) məlumatlarından ibarətdir. Bu prosesə proqnozlaşdırıcı modelləşdirmə, marketinq eksperimentləri, avtomatlaşdırma və real vaxt rejimində kommunikasiyalar daxildir. Belə məlumatlar şirkətlərə proqnozlar verməyə və maksimum nəticə əldə etmək üçün strategiya qurmağa kömək edir.
Veb-analitika marketoloqlara Seans adlanan əməliyyat vasitəsilə veb-saytdakı hərəkətlər haqqında məlumat yığmağa imkan verir. Google Analytics populyar və pulsuz veb-analitika alətinə nümunədir. Bu informasiyanın köməyi ilə marketoloq marketinq kampaniyalarını, veb-saytın məzmununu və arxitekturasını optimallaşdıra bilər.
İnsan resurslarının idarə edilməsi
Analitikanın bu bölməsi həmçinin "HR-analitika", "talant analitikası" və ya "insan kapitalı analitikası" (Abr: HRIS — ing. Human Resource Information System) kimi tanınır. HR-analitika, analitika metodlarının insan resurslarının idarə edilməsinə tətbiqidir. HR-analitika dəyişən əmək bazarlarında kadrlarla bağlı meylləri analiz və proqnozlaşdırmaq üçün strateji alətə çevrilmişdir. Müvafiq alətlər sinfi "Career Analytics tools" kimi tanınır. Həmçinin avtomatlaşdırılmış İnsan resurslarının idarə edilməsi sistemləri (HRMS) geniş tətbiq olunur. XXI əsrin "məlumatlar və HR-analitika dövrü" olduğu barədə geniş yayılmış fikirlər mövcuddur.
İnvestisiyalar
Biznes analitikasının geniş yayılmış tətbiqlərindən biri Markovitsin portfel nəzəriyyəsi olan portfel analizidir. Bir qayda olaraq, bank və ya kredit agentliyi müxtəlif dəyər və risk dərəcəsinə malik müştəri hesabları məcmusuna sahib olur. Hesablar sahibinin sosial statusuna, coğrafi mövqeyinə, xalis dəyərinə və digər parametrlərə görə fərqlənə bilər. Kreditor kredit üzrə gəlirlə defolt (borcun qaytarılmaması) riski arasında balans yaratmalıdır. Bu zaman portfelin bütövlükdə necə qiymətləndirilməsi sualı yaranır.
Risklər
Bank sahəsində fərdi müştərilər üçün risk qiymətləndirməsini təmin etmək məqsədilə proqnozlaşdırıcı modellər hazırlanır. Müraciət edənlərin kredit qabiliyyətini qiymətləndirmək üçün kredit skorinqi və ya kredit ballarından geniş istifadə olunur. Bundan əlavə, risk analizi sığorta sənayesində də tətbiq edilir.
Təhlükəsizlik
Təhlükəsizlik sahəsində analitika, ən böyük risk yaradan hadisələri aşkar etmək məqsədilə təhlükəsizlik təhdidləri haqqında məlumatların əldə edilməsi üçün informasiya texnologiyalarına aiddir. Bu sahədəki məhsullara təhlükəsizlik məlumatları və hadisələrin idarə edilməsi (SIEM) və istifadəçi davranışı analitikası daxildir.
Problemlər
Analitika tapşırıqlarında xüsusi diqqət böyük verilənlərin analizinə yetirilir. Keçmişdə böyük verilənlərə yalnız elm sahəsində rast gəlinirdi. Hazırda isə bu cür məlumatlar həm sənayedə, həm də biznesdə yaranır.
Analitiklərin diqqətini çəkən digər bir problem strukturlaşdırılmamış məlumat növlərinin analizidir. Strukturlaşdırılmamış verilənlər strukturlaşdırılmış olanlardan onunla fərqlənir ki, onların formatı çox müxtəlifdir və əhəmiyyətli transformasiya olmadan ənənəvi relyasiyalı verilənlər bazalarında saxlanıla bilməz. Elektron poçt, mətn prosessorlarının sənədləri, PDF faylları, geoməkan məlumatları və s. kimi strukturlaşdırılmamış məlumat mənbələri müəssisələr, hökumətlər və universitetlər üçün sürətlə vacib biznes analitikası (ing. Business Intelligence) mənbəyinə çevrilir.
Yuxarıda göstərilən tapşırıqlar hadisələrin emalı (ing. complex event processing), tam mətnli axtarış və s. kimi maşın analizinin yeni konsepsiyalarının yaranmasına səbəb olmuşdur. Belə yeniliklərdən biri də kütləvi-paralel arxitektura əsasında kütləvi-paralel məlumat emalı hesabına məhsuldarlığı artırmağa imkan verən hesablama şəbəkələrinin tətbiqidir.
Risklər
Analitikanın tətbiqi ilə bağlı əsas risk qiymət diskriminasiyası və ya statistik diskriminasiya kimi diskriminasiya hallarının yaranmasıdır.
Ədəbiyyat siyahısı
- Дэйв Миллнер, Надим Хан. HR-аналитика. Практическое руководство по работе с персоналом на основе больших данных. М.: Альпина Паблишер . 2022 [Introduction to People Analytics: A practical guide to data-driven HR]. ISBN 978-5-9614-7831-0.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Analitika haqqında məlumat. Analitika nədir? Analitika nə deməkdir?