Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.
| Azərbaycan Sovet Ensiklopediyası | |
|---|---|
| azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ) | |
![]() Kitabın üz qabığı | |
| Janr | Ensiklopediya |
| Orijinalın dili | Azərbaycanca |
| Ölkə | |
| Orijinalın nəşr ili | 1976–1987 |
| Nəşriyyat | Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası |
| Cild | 10 |
| Səhifə | 6265 |
Tarixi

Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə ilk dəfə 1930-cu illərdə cəhd edilmişdi. Həmin dövrdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Şura Ensiklopediyası (AŞE) Komitəsi yaradılmış, İsmayıl İsmayılov komitəyə baş redaktor, Vəli Xuluflu isə elmi katib seçilmiş və 1935-ci ildə Azərbaycan Şura Ensiklopediyasının birinci cildinin lüğəti nəşr olunmuşdu. 1936-cı il martın 3-də Mir Cəfər Bağırov tərəfindən "Azərbaycan Şura Ensiklopediyasının nəşri haqqında" Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı imzalanmışdır. AŞE-nin nəşrinə dair materiallar SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında Ruhulla Axundovun rəhbərliyi ilə hazırlanırdı. Onun şöbə müdirləri arasında Bəkir Çobanzadə, Əli Nazim, Mustafa Vəkilov, Müseyib Şahbazov, Hadı Əliyev, İsmayıl İsmayılov, habelə Üzeyir Hacıbəyov da var idi. Buna baxmayaraq, bir il sonra, 1937-ci ildə siyasi repressiyaların güclənməsi ilə layihə yarımçıq qalmışdı.
Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi.
Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.
Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib. 1988-ci ildən ömrünün axırına qədər, yəni 1990-cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsində əməkdar elm xadimi Araz Dadaşzadə olub.
"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.
Ensiklopediyanın bütün cildləri 2020-ci ildə "Elmi Spektr" açıq elmi platformasının "Habitat" layihəsi çərçivəsində elektronlaşdırılıb. Bütün cildlər optik işarə tanıma sistemindən (OCR) keçirdildiyinə görə, kitab daxilində axtarış aparmaq da mümkündür.
Redaksiya heyəti
Rəsul Rza (1966–75), Cəmil Quliyev (1976–1987) və Araz Dadaşzadə (1988–1990) fərqli dövrlərdə ensiklopediyanın baş redaktoru vəzifəsini icra etmişdirlər. Rüstəm Hüseynov isə baş redaktorun müavini vəzifəsində çalışmışdır. Ensiklopediyanın baş redaksiya heyətində aşağıda adları göstərilmiş alimlər yer alırdı:
- Mikayıl Abdullayev
- Həsən Abdullayev
- Müzəffər Abutalıbov
- Ziya Bünyadov
- Əli Quliyev
- Məmmədpaşa Quluzadə
- Araz Dadaşzadə
- Əfrand Daşdəmirov
- Vahab Əliyev
- Həsən Əliyev
- Cəlal Əliyev
- Azad Əfəndizadə
- Fikrət Əhmədov
- Mirzə İbrahimov
- Nazim İbrahimov
- Firudin Köçərli
- Mehdi Mehdizadə
- Şəfaət Mehdiyev
- Musa Musayev
- İmam Mustafayev
- Eldar Salayev
- Mikayıl Useynov
- Məmməd Cəfər Cəfərov
- Çingiz Cuvarlı
- Məmmədağa Şirəliyev
Cildlərin çap olunması xronologiyası
Digər sovet ensiklopediyaları
| Orijinalda adı (yazılışı) | Azərbaycanca adı | Cildlərinin sayı | Nəşr tarixi |
|---|---|---|---|
| Українська радянська енциклопедія | Ukrayna Sovet Ensiklopediyası | 17 | 1927–1934 ; 1959–1965 ; 1978–1985 |
| Ўзбек совет энциклопедияси | Özbək Sovet Ensiklopediyası | 14 | 1971–1980 |
| Հայկական սովետական հանրագիտարան | Erməni Sovet Ensiklopediyası | 13 | 1974–1987 |
| Беларуская савецкая энцыклапедыя | Belarus Sovet Ensiklopediyası | 12 | 1969–1975 |
| ქართული საბჭოთა ენციკლოპედია | Gürcü Sovet Ensiklopediyası | 12 | 1975–1987 |
| Latvijas padomju enciklopēdija | Latviya Sovet Ensiklopediyası | 11 | 1981–1988 |
| Азәрбајҹан Совет Енсиклопедијасы | Azərbaycan Sovet Ensiklopediyası | 10 | 1976–1987 |
| Қазақ кеңес энциклопедиясы | Qazax Sovet Ensiklopediyası | 10 | 1972–1978 |
| Lietuviškoji tarybinė enciklopedija | Litva Sovet Ensiklopediyası | 13 | 1976–1985 |
| Түркмен совет энциклопедиясы | Türkmən Sovet Ensiklopediyası | 10 | 1974–1989 |
| Енчиклопедия советикэ молдовеняскэ | Moldova Sovet Ensiklopediyası | 8 | 1970–1981 |
| Энциклопедияи советии тоҷик | Tacik Sovet Ensiklopediyası | 8 | 1978–1988 |
| Eesti nõukogude entsüklopeedia | Eston Sovet Ensiklopediyası | 8 ; 10+5 | 1968–1976 ; 1985–2006 |
| Кыргыз Совет Энциклопедиясы | Qırğız Sovet Ensiklopediyası | 6 | 1976–1980 |
| Сибирская советская энциклопедия | Sibir Sovet Ensiklopediyası | 4 | 1929–1933 |
Həmçinin bax
- Azərbaycan Milli Ensiklopediyası
- Böyük Sovet Ensiklopediyası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ASE haqqında məlumat. ASE nədir? ASE nə deməkdir?
