Əbu Həfs Siracəddin ibn Ömər ibn Əli ibn Əhməd əl-Ənsari əl-Misri (ərəb. ابن الملقّن; 31 mart 1323, Qahirə – 21 oktyabr 1401, Qahirə) — Şafii fəqihi, mühəddis və bioqraf.
| İbn əl-Müləqqin | |
|---|---|
| ərəb. ابن الملقن | |
| Doğum tarixi | 31 mart 1323 |
| Doğum yeri | |
| Vəfat tarixi | 21 oktyabr 1401 (78 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | islamşünas |
Həyatı
Hicri 723-cü (1323) ildə Qahirədə dünyaya gəlmişdir. O, mədinəli ənsar nəslindəndir. Atası Nurəddin nəhiv alimi olub. Atasının ölümündən sonra atasının dostu İsa əl-Məğribinin himayəsində böyüyüb. İbn əl-Müləqqinin anası ilə də evlənən İsa əl-Məğribi, İbn Tolun məscidində təcvidlə Quran oxumağı (təlqin) öyrətdiyi üçün Ömər ona nisbətlə "İbn əl-Müləqqin" adlandırılmışdır. Lakin özü bu ləqəbi sevməz, özünü İbn ən-Nəhvi adlandırardı. Belə ki, o Yəməndə məhz bu ləqəblə məşhurlaşmışdır.
İbn əl-Müləqqin ögəy atasından Quranı əzbərləmiş, Maliki fiqhini öyrənmişdir. Daha sonra da İzzəddin ibn Cəmaanın təlqini ilə Şafii məzhəbinə yönəlmiş və Nəvəvinin "Minhəcut-Talibin"ini əzbərləmişdir. O, həmçinin Qahirənin tanınmış alimlərindən ərəbcə, fiqh və qiraət dərsləri almışdır. Özünün bildirdiyinə görə 1000 hədis cüzü dinləmişdir. İskəndəriyyə, Qüds, Dəməşq və həcc ziyarəti ilə bağlı iki dəfə getdiyi Məkkə və Mədinədə təhsili davam etdirmişdir. Fəthəddin ibn Seyyid ən-Nəs, Xəlil ibn Keykəldi əl-Əlai, Moğultay ibn Qılıç və Qütbəddin əl-Hələbidən hədis elmini; Təqiyyüddin əs-Sübki, Cəmaləddin əl-İsnəvi, İzzəddin ibn Cəmaa və Şəmsəddin İbn Ədləndən fiqh və üsul elmlərini; Əbu Həyyan əl-Əndəlüsi və Cəmaləddin ibn Hişam ən-Nəhvidən isə ərəb dili öyrənmişdir. Həmçinin Yusif ibn Əbdürrəhman əl-Mizzi və Zəhəbidən icazət (diplom) almışdır.
Ögey atası ona xeyli miqdarda sərvət miras qoyduğu üçün dolanışıq çətinliyi çəkməyən İbn əl-Müləqqin bütünlüklə elmə yönəlmiş, fiqh, hədis, təfsir, tarix, bioqrafiya, qiraət və ərəb dili sahələrində özünü yetişdirmişdir. Darül-hədisil-Kamiliyyə, Qübbətüs-Saleh, Sabiqiyyə və Hüsamiyyə mədrəsələrində dərs demişdir. Onun tələbələri arasında İbn Həcər əl-Əsqəlani, Vəliyyəddin əl-İraqi, Sibt İbn əl-Əcəmi, Təqiyyəddin əl-Məqrizi, Təqiyyəddin əl-Fasi, İbn əd-Dəmamini, İbn Nəsirəddin əd-Dəməşqi, İbn Hicci və Cəmaləddin ibn Zahirə kimi alimlər vardır.
Bir müddət qazı naibliyi də etmiş İbn əl-Müləqqin hicri 780-ci (1378) ildə Qahirə Şafii qazılığına təyin olunmağı istəmiş, lakin rəqiblərinin bu vəzifə üçün bir əmirə rüşvət vəd etdiklərini iddia etmələri nəticəsində o vaxta qədər onu dəstəkləyən Sultan Bərkukun gözündən düşmüş və həbs edilmişdir. Ancaq bəzi alimlərin vasitəçiliyi ilə həbsdən azad olunmuşdur. Bundan sonra bütün vaxtını müəlliflik və tədris işlərinə həsr etmişdir.
İbn əl-Müləqqin Rəbiül-əvvəl ayının 26-sı hicri 804-cü (1401) ildə Qahirədə vəfat etmişdir. Səxavi və İbn Fəhd isə ölüm tarixini 16 Rəbiül-əvvəl olaraq qeyd edirlər.
Əsərləri
İbn əl-Müləqqin müxtəlif mövzularda təxminən 300-ə yaxın əsər qələmə almışdır. Onlardan bəziləri bunlardır:
- Hədis
- Şəvahidüt-təvzih fi şərhil-Cəmiis-səhih.
- Müxtəsəru İstidrəkil-Hafiz əz-Zəhəbi alə Müstədrəki-Əbi Abdillah əl-Hakim.
- əl-Bədrül-münir fi təxrici əhadisiş-Şərhil-kəbir.
- əl-İlam bi-fəvaidi-Umdətil-əhkam.
- Tühfətül-möhtac ilə ədillətil-Minhəc.
- Fiqh
- Umdətül-möhtac ilə Kitabil-Minhəc.
- Ucalətül-möhtac ilə tövcihil-Minhəc.
- əl-İşarət ilə mə vəqaa fil-Minhəc minəl-əsma vəl-əmakin vəl-lüğət.
- ət-Təzkirə fil-fiqhiş-Şafii.
- əl-Əşbəh vən-nəzair fil-fiqh.
- Bioqrafiya
- əl-İqdül-müzhəb fi təbəqati-həmələtil-məzhəb.
- Təbəqatül-övliya.
- Nüzhətün-nüzzar fi qudətil-əmsar.
- İkməlü Təhzibil-Kəmal.
- Dürərül-cəvahir fi mənaqibiş-Şeyx Əbdilqadir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn əl-Müləqqin haqqında məlumat. İbn əl-Müləqqin nədir? İbn əl-Müləqqin nə deməkdir?