Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Yusif, Əli Yusif Rai, Əli Yusifzadə və ya Ağaəli Yusifzadə (1 yanvar 1900, Şuşa – 18 avqust 1937, Daşkənd) — azərbaycanlı şair, siyasətçi, Cümhuriyyət tələb

Əli Yusif

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Yusif

Əli Yusif, Əli Yusif Rai, Əli Yusifzadə və ya Ağaəli Yusifzadə (1 yanvar 1900, Şuşa – 18 avqust 1937, Daşkənd) — azərbaycanlı şair, siyasətçi, Cümhuriyyət tələbəsi, Gizli Müsavatın Mərkəzi Komitəsinin üzvü, repressiya qurbanı.

Əli Yusif
Təxəllüsü Ali Yusif Rai
Doğum tarixi 1 yanvar 1900(1900-01-01)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 avqust 1937(1937-08-18) (37 yaşında)
Vəfat yeri
  • Daşkənd, Özbəkistan SSR, SSRİ
Dəfn yeri
  • bilinmir[d]
Atası Mirzə Cəlal Yusifzadə
Təhsili
  • Şuşa real məktəbi (1913–1917),
  • Siyasi Araşdırmalar İnstitutu (1920–1923)
Fəaliyyəti alim, şair, siyasətçi
Fəaliyyət illəri 1911-ci ildən
Vikimənbənin loqosu Əli Yusif Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

11 yaşından etibarən mətbuatda tərcümələri və şeirləri ilə çıxış edib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumətin İşlər İdarəsində draqoman kimi işləməyə başlayıb. "Yaşıl Qələm" cəmiyyətinin idarə heyətinin və Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Parisdə yerləşən Siyasi Elmlər Məktəbində ali təhsili alıb.

Təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb. Azərbaycan SSR Maarif Nazirliyinin mətbuat orqanı olan "Maarif və mədəniyyət" jurnalına məsul katib təyin olunub, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində, Azərbaycan Terminologiya Komitəsində fəaliyyət göstərib. Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 21 qurucu üzvündən biri olub. Bundan başqa Bakıda gizli fəaliyyət göstərən Müsavat partiyasına qoşulub. 1923-cü ildə Gizli Müsavatın Mərkəzi Komitəsinə üzv seçilib.

İlk dəfə 1924-cü ildə həbs olunsa da bir neçə ay sonra azad edilib. 1926-cı ildə ikinci dəfə həbs olunub və 10 il azadlıqdan məhrum edilərək Solovetski adalarına sürgün olunub. Sürgündə olduğu müddətdə müsavatçı dustaqlar arasında təbliğat işi aparıb onların təşkilatlanmasında iştirak edib. 1935-ci ildə həbsdən azad olunsa da Bakıya qayıtmağına icazə verilməyib və o Daşkəndə sürgün olunub. Bir neçə müddət Daşkənddə Qida ticarəti şöbəsində mühasib kimi fəaliyyət göstərib. 1937-ci ildə yenidən XDİK tərəfindən həbs olunub. XDİK üçlüyünün qərarı ilə yoldaşları ilə birlikdə güllələnib.

Şair, yazıçı, Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü, 1928-ci ildə qurulmuş gizli antisovet "Müstəqil Azərbaycan" təşkilatının qurucu üzvlərindən biri olan Mirzə Cəlal Yusifzadənin oğludur.

Mündəricat

Həyatı

İlk illəri

Ağaəli Cəlal oğlu Yusifzadə 1900-cü il yanvarın 1-də Şuşa şəhərində anadan olub. 1911-ci ildən etibarən yaradıcılıqla məşğul olub. İlk dəfə İvan Krılovun "İki kotan" şeirini Azərbaycan türkcəsinə tərcümə edib və bu tərcüməsi 1911-ci ildə İşıq qəzetinin 3-cü sayında çap olunub. Qəzetin sonrakı saylarında Əli Yusifzadənin öz yazdığı "Balıq və pişik", "Anaların təfavütü" kimi əsərlər də çap olunub. Yazdıqlarını qəzet və jurnallarda çap etdirməklə yanaşı bir sıra ədəbi müsabiqələrdə də iştirak edib. 1915-ci ildə Bakıda "Qurtuluş" jurnalı "Qürub çağı bir yetimin məhkumluğu" mövzusunda müsabiqə elan edib. Əli Yusifzadə də müsabiqədə iştirak edib. İlk dəfər burada "Əli Yusif Rai" imzası ilə çıxış edib. Qaliblər sırasında Cəfər Cabbarlı, Ümmgülsüm və Əli Yusifzadə də olub. 1917-ci ildə Şuşa real məktəbində orta təhsilini başa vurub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. Oktyabr inqilabından sonra Şuşada yaradılmış Şuşa Milli Komitəsinin üzvü olub. 1918-ci ilin əvvəlində Milli Komitənin tapşırığı ilə Batuma gedib və Ənvər paşa ilə görüşüb.

Azərbaycan Cümhuriyyətində

28 may 1920-ci il, Paris.

1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Bakıya gələn Əli Yusif bəy ingilis, fransız və rus dillərini bildiyi üçün Azərbaycan Cümhuriyyəti hökumətinin İşlər İdarəsində draqoman kimi işləməyə başlayıb. Bundan başqa "Yaşıl Qələm" cəmiyyətinin idarə heyətinin üzvü olub. "Azərbaycan", "İstiqlal", "Bəsirət" qəzetlərində və "Qurtuluş yolu" jurnalında məqalələr və şeirlərlə çıxış edib. Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub.

Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. Əli Yusif də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk 24 nəfərlik dəstəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalında tələbələri yolasalma mərasimi keçirilib. Bu 24 nəfərdən biri də Əli Yusif olub. Mərasimin sonunda Əli Yusif tələbələrin adından çıxış edib və daha sonra onlar Batuma yola düşüblər. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Əli Yusif Parisdə yerləşən Siyasi Elmlər Məktəbinə daxil olub. 1923-cü ildə təhsilini bitirib və Parisdən Bakıya qayıdıb.

SSRİ-də

Əli Yusif Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR Maarif Nazirliyinin mətbuat orqanı olan "Maarif və mədəniyyət" jurnalına məsul katib təyin olunub. Bakıda gizli fəaliyyət göstərən Müsavat partiyasında fəaliyyət göstərməyə başlayıb. 1923-cü ilin noyabr ayında Dadaş Həsənzadə, Əhməd Hacınski, Əbülfəz Babayev və Abdulla Abdulzadə ilə birıikdə Gizli Müsavatın Mərkəzi Komitəsinə üzv seçilib. AzSSR-də fəaliyyət göstərən rəsmi qurumlarda da təmsil olunub. Maarifçi İttifaqına üzv seçilib, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində, Azərbaycan Terminologiya Komitəsində fəaliyyət göstərib.

1924-cü il fevralın 6-da həbs olunub. Bir neçə ay Azərbaycan Fövqəladə Komissiyasının həbs evində saxlanıldıqdan sonra 1924-cü ilin may ayında həbsdən buraxılıb. 1925-ci ilin fevral ayında qurulmuş Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 21 qurucu üzvündən biri olub.

1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Əli Yusif katib, atası Mirzə Cəlal isə tərcüməçi kimi iştirak edib. Qurultay başa çatdıqdan üç gün sonra, martın ayının 11-də Azərbaycan Fovqəladə Komissiyasının əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınski, Dadaş Həsənzadə və Əli Yusifin evlərində axtarış aparılmaqla həbs olunublar. Əli Yusifin istintaqı 1927-ci il fevralın 28-ə qədər davam edib. Bu müddət ərzində o, 12 dəfə dindirilib. Fevralın 28-də 10 il azadlıqdan məhrum edilərək Solovki adalarına sürgün olunub. Əli Yusif, İsfəndiyar Vəkilli, Əbdül Müin Niyazi, Mehdi Sultanzadə, Sadıq İmanə, Nəsrulla İsrafilzadə, Muhsin bəy Bəkdəmirzadə ilə birlikdə 1927-ci ilin mart ayında Solovkiyə çatıblar. O, əsir düşərgəsində olan müsavatçılar arasında təbliğat işi aparıb onların təşkilatlanmasında iştirak edib. Daha sonra düşərgədə keçirilmiş bir neçə aclıq aksiyasının əsas təşkilatçılarından biri olub.

1935-ci ilin yanvarında Əli Yusif sürgündən azad olunub. Lakin onun Azərbaycana qayıtmağına icazə verilməyib və o, Özbəkistana sürgün olunub. Bir neçə müddət Daşkənd şəhərində Qida ticarəti şöbəsində mühasib kimi işləyib. 1937-ci il iyulun 10-da Özbəkistan SSR XDİK tərəfindən həbs olunub. Onu 1917-ci ildən etibarən əks-inqilabi fəaliyyət göstərməkdə, sürgün müddətində də bu mübarizəni dayandırmamaqda, həbs düşərgələrində yaradılmış Müsavat Mərkəzi Komitəsinə üzv olmaqda, düşərgələrdə aclıq və etiraz aksiyalarının təşkilatçılarından biri olmaqda ittiham ediblər. Bundan başqa o həm də həbsdən azad olunduqdan sonra düşərgələrdə qalan müsavatçılarla eləcə də Daşkənddə yaşayan müsavatçılarla əlaqə saxlamaqda və Daşkənddə azərbaycanlılardan ibarət millətçi təşkilat yaratmaq istəyində ittiham olunub. Əli Yusif bəy bu ittihamları rədd edib. XDİK üçlüyünün qərarı ilə Əli Yusif bəy və onunla həbs olunan Cəlilbəy Sultanov, Əliş Xanbudaqov və İsa Ağayev 1937-ci il avqustun 18-də güllələniblər. Əli Yusif bəyin dəfn olunduğu yer məlum deyil.

Əli Yusif bəy Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci il may ayının 22-də bəraət alıb.

Ailəsi

Yusifzadələr nəsli öz adını Qarabağ xanı İbrahimxəlil xanın dövründə Şuşada yaşayan və saraya yaxın olan şair, alim Mirzə Ağa Yusifdən alıb. Onun oğlu Hacı Mirzə Ələkbər də Şuşada doğulub. İlk təhsilini atasından aldıqdan sonra təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə gedib. Nəcəfdən qayıtdıqdan sonra Şuşada müəllimlik edib. Bir neçə kitabın müəllifidir.

Hacı Mirzə Ələkbərin oğlu eləcə də Əli Yusif bəyin atası Mirzə Cəlal Yusifzadə şair və yazıçı olub. Tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri, Azərbaycan Cümhuriyyəti Milli Şurasının 44 üzvündən biri olub. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda tərcüməçi kimi iştirak edib. 1928-ci ildə qurulmuş gizli antisovet "Müstəqil Azərbaycan" təşkilatının qurucu üzvlərindən biridir. 1931-ci ildə Bakıda vəfat edib.

Mirzə Cəlal Yusifzadə iki dəfə ailə qurub. Birinci evliliyi Leyla xanımla olub. Bu evlilikdən Səhba, Əli, Şəhla adlı övladları dünyaya gəlib. Leyla xanım vəfat etdikdən sonra Mirzə Cəlal əmisi Əbdüləlinin qızı Ziba xanımla ailə qurub. Bu evlilikdən isə 1908-ci ildə Dilguşə, 1917-ci ildə isə Alim adlı övladları dünyaya gəlib.

Əli Yusifin qardaşı Alim Yusifzadə 1917-ci ildə anadan olub. 1938-ci ildə hərbi xidmətdə olub. Burada zabitlər məktəbini bitirib və 1940-cı ildə ehtiyata buraxılıb. II Dünya Müharibəsi dövründə 1941-ci ildə orduya çağırılıb və oxumaq üçün Əks-kəşfiyyat məktəbinə göndərilib. Oradakı təhsilini başa vurduqdan sonra 219-cu atıcı diviziyanın tərkibində döyüşlərə qatılıb. Stalinqrad, Oryol-Kursk döyüşlərində, Xarkovun, Kiyevin və Praqanın azad olunmasında iştirak edib. Daha sonra Monqolustana göndərilib Yaponiya imperiyasına keçirilmiş qarşı döyüşlərdə iştirak edib. İkinci Dünya müharibəsi bitdikdən sonra 1948-ci ildə Çində Çançun şəhərinin alınmasında iştirak edib. Göstərdiyi şücaətə görə "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni, "Yaponiya üzərində qələbəyə görə" medalı kimi ümumilikdə 3 orden və 14 medalla təltif olunub. 1950-ci illərdən etibarən Xarici Dillər İnstitutunda müxtəlif illərdə kafedra müdiri, dekan və prorektor işləyib. 2001-ci il martın 23-də Bakıda vəfat edib.

Həmçinin bax

  • Gizli Müsavat
  • Azərbaycan Cümhuriyyəti tələbələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Yusif haqqında məlumat. Əli Yusif nədir? Əli Yusif nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muntiacus

  • Fevral 27, 2026

    Üçbucaqlı

  • Fevral 27, 2026

    Çandiqarh

  • Fevral 27, 2026

    Əminə Ərdoğan

  • Fevral 27, 2026

    Adıge bayrağı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst