Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamaxı — Azərbaycan Respublikasında şəhər, Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun mərkəzi, rayonun Şamaxı şəhər inzibati ərazi dairəsinin mərkəzi. Şə

Şamaxı

  • Ana Səhifə
  • Vikipediya
  • Şamaxı
Bu məqalə Şamaxı şəhəri haqqındadır. Rayon üçün Şamaxı rayonu səhifəsinə baxın.

Şamaxı — Azərbaycan Respublikasında şəhər, Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun mərkəzi, rayonun Şamaxı şəhər inzibati ərazi dairəsinin mərkəzi. Şəhər Şamaxı bələdiyyəsinə aiddir.

Şəhər
Şamaxı
40°38′02″ şm. e. 48°38′21″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon Şamaxı rayonu
Bələdiyyə Şamaxı bələdiyyəsi
Tarixi və coğrafiyası
İlk məlumat II əsr
Sahəsi
  • 6 km²
Mərkəzin hündürlüyü 709 ± 0 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 39.600 nəf. (2023)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 994176
Şamaxı xəritədə
Şamaxı
Şamaxı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir.

Mündəricat

Etimologiyası

Xınıslı yaşayış yerindən aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid gümüş sini (Azərbaycan Tarix Muzeyi)

S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə əlaqələndirir. Həmçinin, 1896-cı ildə S. P. Zelinskinin məlumatına əsasən, Şamaxı fars dilindəki "şamakə" sözündən götürülmüşdür və bu, qatran deməkdir. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Buna baxmayaraq, e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində Abbasqulu ağa Bakıxanovun Şamaxı ilə eyniləşdirdiyi Kamexiya, yaxud Mamexiyanın adını çəkir. Son onilliklərdə Şamaxının həndəvərində, müasir Şamaxı şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m 2 sahədə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Şamaxı olduğu ehtimal edilən çoxtəbəqəli qədim yaşayış məskəni aşkara çıxarılmışdır. Bu məskən, demək olar ki, minillik bir dövr ərzində bir neçə dəfə dağılmış və yenidən bərpa olunmuşdur. Dağılmış yerdə qəbiristanlıq əmələ gəlmiş və o, yenidən abadlaşdırılmışdır.

Engelbert Kempferin 1630-cu ildə çəkdiyi Şamaxı qravürü
Nürnberqdən olan nəşriyyatçı İohan Bapist Xomanın (1663–1724 гг.) tərtib etdiyi xəritədə Şamaxının qravürası.

Yaqutun verdiyi məlumata görə əl-Mənsuriyyə Şirvan vilayətində şəhər adıdır. Qədim zamanlarda o, Şamaxı kimi də tanınmışdı. "Dərbəndnamə"də Ərməniyyənin ərəb canişini Yəzid ibn Usaydın saldırdığı göstərilir. Yəzid ibn Usaydın hakimiyyət illəri əl-Yəzidiyyədə kəsilmiş sikkələrin tarixinə uyğun gəlir. Y. A. Paxomov və H. Ə. Ciddinin fərziyyəsinə görə, bu şəhər Gülüstan qalasının xarabalıqlarının həndəvərində, indiki Şamaxının 15 kilometrliyində olmuşdur.

XI əsrin son rübünün əvvəlində nəmalum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə şəhər Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən salınmış və onun şərəfinə Yezidiyyə adlandırılmışdır.

Əl-Bəlazuri yazır ki, qocaların söylədiklərinə əsaslanan Bərdə sakini Məhəmməd ibn İsmayılın dediyinə görə, guya Şirvan vilayətindəki Şəmaxiyyə şəhərinin adı Ərminiyyə valisi Səid ibn Səlim (Səlma) əl-Bəhalinin (h.180 (796) yaxud h 182 (798)-ci il) vaxtında Şirvanın məliki olmuş əş-Şəmmax ibn Şücanın adından götürülmüşdür.

V əsr müəllifi Favstos Buzand IV əsrin birinci yarısında baş vermiş hadisələrdən bəhs edərkən Maskut hökmdarının "müxtəlif köçəri tayfalardan" ibarət qoşunları arasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasiçilərin və başqalarının adını çəkir. Bu tayfalar Cənubi Dağıstanda və Şirvan ərazisində yaşayırdılar. Onlardan biri – ijmaxlar daha sonrakı digər bir müəllif tərəfindən xatırlanır. "VII əsr erməni coğrafiyası"nda (610-cu il) Şirvan ərazisində ijmaxlar – ijmachi, yəni şamaxlar etnotoponiminin adı çəkilir ki, bu da həmin adın qədimdən – Şəmmax ibn Şücanın Şirvanda hakimiyyətindən çox-çox qabaqlar, demək olar ki, beş yüz il əvvəl mövcud olduğunu göstərir. Yunan dilində fışıltılı "ş" səsi olmadığına görə Şamaxı Samexiya, yaxud Kamexiya (Ptolomey) şəklində tələffüz edilə bildiyi kimi, ermənicə də həmin sözdəki eyni "ş" səsi "ij" kimi səslənə bilərdi. IX əsrdə Bərdə əhalisi Şamaxının adını VIII əsrin lap sonlarında yaşamış Şəmmax ibn Şücanın tanış olan adı ilə bağlayırdılar.

Q. Qapançyan belə güman edir ki, Şamaxı adı erməni, gürcü və Akkad dillərində mövcud olmuş yerli "şam" (qamış) sözünə "ha" suffiksi artırılmaqla yaranmış düzəltmə sözdür, beləliklə, Şamaxı "Qamışlı" deməkdir. A. Q Həsənov Şamaxı adını dağ yaxınlığındakı Çayqırağı zolağın relyefi ilə əlaqələndirir. Şamaxının adı, ehtimal ki, Favstos Buzandın və "VII əsr erməni coğrafiyası"nın IV əsrdə adların çəkdikləri əvvəllərdən Cənubi Dağıstanda yaşayan ijmaxlar – şamaxlar tayfasına gedib çıxır.

"Tarix əl-Babl"da göstərilir ki, Yəzidiyyə şəhərini h.306 (918)-cı ildə Şirvanşah Əbu Tahir Yəzid saldırmışdır, lakin h. 140 (757/8), 149 (766/7) və 150 (767/8)-ci illərdə kəsilmiş "əl-Yəzidiyyə" möhürlü sikkələr Ərminiyyənin ərəb valisi Yəzid ibn Üseydin hakimiyyət vaxtına aid olub, hələ o zaman ərəb əmirinin oturduğu Yəzidiyyə şəhərinin mövcudluğuna dəlalət edir. Ehtimal ki, qədim Şəmaxiyyə şəhəri Yəzidin hakimiyyəti dövründə onun adı ilə adlandırılmışdır; ola bilər ki, o, şəhərin tikintisini başa çatdırmışdır. "Tarix-i əl-Bab" xəbər verir ki, h.437 (1045)-cı ildə "Şirvanşah Qubad türk-quzların qorxusundan Yəzidiyyə şəhərinin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və qapısını dəmirdən düzəltdirdi", "Tarix-i əl- Bab"da Yəzidiyyənin adına Şirvanın paytaxtı kimi h.464 (1072)-ci ilə qədər rast gəlinir.

Şamaxı Cümə məscidi 1918-ci ildə daşnak ermənilər tərəfindən yandırıldıqdan sonra.
Kornelis de Bryunun Şamaxı qravürü, 1703

Y. A. Paxomovun ehtimalına görə, şəhər Gülüstan qalasının xarabalıqları yaxınlığında, müasir Şamaxının 1,5 kilometrliyində olmuşdur. Ancaq "Tarix-i əl-Bab"da deyilir ki, h.416 (1025)-cı ildə Şirvanşahın Yəzidiyyədə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasına qarşı baş tutmayan qiyamdan sonra sığınacaq üçün Gülüstan qalasına qaçmış, lakin vəzir onu təqib edərək ələ keçirmiş və atasına vermişdi. Bu məlumat ehtimal etməyə imkan verir ki, Yəzidiyyə Gülüstandan bir qədər aralı olmuşdur. Həmin mənbədə, həmçinin, 1067-ci ildə Şirvanşah Fəribürzün bibisi, Yəzidin qızı Şəmkuyyənin öldüyü xəbər verilir. O, Culistanda (Gülüstanda) ölmüş, cənazəsi isə Şəbərana aparılmışdı. Göründüyü kimi, həmin vaxt Şirvanşahın ailəsi Gülüstan qalasında yaşayırdı. Bu mətn də göstərir ki, Yəzidiyyə Gülüstanın ərazisində deyil, ehtimal ki, indiki Şamaxının yerində olmuşdur. "Tarix-i əl-Bab"dan başqa bütün IX, X və XI əsr ərəb mənbələrində Şəmaxiyyə şəhərinin adı çəkilir. Göründüyü kimi, bu şəhər həm Yəzidiyyə, həm də qədim adı ilə Şəmaxiyyə adlanırdı. Bunu Yaqut da təsdiq edir. Şəmaxiyyə adı XI əsrdən sonra Yəzidiyyə adını sıxışdırıb aradan çıxarmışdır. Sonralar bu ada rast gəlinmir.

Şəhərin 1843-cü il gerbi

Numizmatik dəlillər göstərir ki, Şamaxı – Yəzidiyyə ərəblərin zamanında, VIII əsrin əvvəlindən gec olmayaraq mövcud olmuşdur. Şamaxıdakı Cümə məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə aşkara çıxarılmışdır. Onlardan alt təbəqə IX–X əsrlər üçün səciyyəvidir. Həmin məscid bir neçə dəfə bərpa edilsə də, qədim plan quruluşunu saxlamışdır. Məscid plan quruluşu etibarilə ölçüsü 38×12,8 m olan və üç kvadrata ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilmişdir. Arxeoloji materiallar VIII–IX əsrlərdə Cümə məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o, X əsrdə zəlzələdən dağılmışdır.

Tarix

Şamaxı şəhərinin dəqiq mənşəyi etibarlı tarixi sənədlərin olmaması səbəbindən sənədsiz olaraq qalır. Buna baxmayaraq, erməni tarixçisi Gəncəli Kirakos şəhərin əsasını Xəzər padşahı Şat tərəfindən qoyulmasını nəzərdə tutan birmənalı olmayan istinad vermişdir. İlkin tarixi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, tarixi mənbələrdə bu ad altında açıq şəkildə qeyd edilməsə də, Şamaxı Cənubi Qafqazın qədim şəhərlərindən biri kimi tanınır.

Şamaxıda kəsilmiş ilk sikkə VIII əsrə aiddir. Bu, h. 140 (757/8)- ci ildə xəlifə əl-Mənsurun (754–755-ci illər) hakimiyyəti dövründə əl- Yəzidiyyədə zərb olunmuş ərəb mis sikkəsi fəlsdir. Sikkənin üzərindəki yazıda deyilir: "Bu fəls Allahın şərəfinə yüz qırxıncı ildə əl- Yəzidiyyədə vurulmuşdur". Əl-Yəzidiyyədə h.149 (766)-cu və h.150 (767)-ci illərdə zərb olunmuş fəlslər də vardır.

Müasir Şamaxının ərazisindəki şəhristanda aparılan arxeoloji qazıntılar VIII–XI əsrlərdə Şəmaxiyyə şəhərinin mövcudluğunu təsdiq etmişdir. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 m qalınlığında olan alt təbəqə VIII–IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılmışdır. Divarların qalınlığı 2,5 metrdir. Divar qalıqlarının aşkar olunmasi onun h.437 (1045)-ci ildə Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin məlumatını təsdiq edir. Onun ətrafında qrafik rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik qablar tapılmışdır. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulmuşdur. Şirli keramika parçaları arasında IX–XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılmışdır. Qazıntılar təsdiq edir ki, Şəmaxiyyə VIII–XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olmuşdur. Ehtimal ki, X əsrin birinci yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Şirvanın mühüm şəhərlərindən birinə çevrilmişdir.

Orta əsrlər Şamaxısında aparılan arxeoloji qazıntılar nəticəsində bürc və ona bitişik qala divarları ilə birlikdə şəhər içqalasının qalıqları aşkar edilmişdir. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş qala divarlarının qalınlığı 2,5 metrə çatır. Şamaxı şəhəristanının mədəniyyət qahqları ilə ən zəngin təbəqəsi XII–XIII əsrlərə aiddir. Onun qalığı 2 metrdir. Burada yaşayış evlərinin qalıqları, otaq və həyət döşəmələrinin hissələri aşkar edilmiş, çoxlu miqdarda şirli və şirsiz saxsı və şüşə qab qırıqları tapılmışdır. Şirli keramikanın əksəriyyəti bir və çox rəngli, qrafik və həndəsi naxışlardır.

Qabların bəzilərində orta əsrlər Şirvan və Arran şəhərlərinin keramika məmulatlarında rast gəlinən dulusçuluq emalatxanasının möhürü vardır. Onların bir qismi isə Şamaxı keramika emalatxanaları üçün səciyyəvidir. Şamaxı şəhəristanında yaxşı yonulmuş daşdan tikilmiş XII əsrə aid böyük ictimai bina aşkar edilmişdir. O, beş otaqdan və böyük zaldan ibarətdir. Həmin böyük ictimai bina monqol hücumu zamanı dağıdılmış, XIV əsrin ortalarında bərpa edilmişdir. XII əsr təbəqəsində şirsiz və şirli keramika, habelə, Rey, Kaşan tipli zərnaxışlı saxsı və şüşə qab qırıqları tapılmışdır. Şamaxının Şimal ucqarındakı sahədə aparılan qazıntılar zamanı beş bina qalığı üzə çıxarılmışdır. Onlarda böyük təsərrüfat küpləri, səhənglər sferokonus qırıqları və digər məişət əşyaları, habelə XII–XIII əsrlərə aid çoxlu sikkə tapılmışdır.

Şamaxı şəhərindən şimal-qərbdə sıldırım dağın zirvəsində Gülüstan qalası ucalırdı. O, XII–XIII əsrlərdə Şirvanın Şamaxını müdafiə edən ən əlçatmaz və əzəmətli qalalarından olmuşdur. Şamaxıda aşkara çıxarılmış XI–XIII əsrlərə aid arxeoloji və numizmatik materiallar, burada zərb edilmiş çoxlu miqdarda sikkələr, bir sıra memarlıq abidələri, keramika qalıqları – bütün bunlar inkişaf etmiş orta əsr feodal şəhərində, Şirvanın ipəkçilik sənayesinin mərkəzində intensiv həyat getdiyini, müxtəlif sənət sahələrinin inkişaf etdiyini, həmin dövrdə Şamaxının iqtisadi və mədəni yüksəliş keçirdiyini göstərir.

İbn əl-Əsir 1221-ci ildə Şamaxının zəbt edilib dağıdılmasını, şəhər əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini təsvir edir. Şamaxı şəhristanında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxının dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.

Şamaxı 1500–1501-ci illərdə Səfəvilər sülaləsi tərəfindən alındı. İlk Səfəvi hökmdarı Şah İsmayıl tərəfindən fəth edildikdən sonra Fərrux Yassarın davamçılarına Şamaxı və Şirvanın qalan hissəsini Səfəvilərin suverenliyi altında idarə etməyə icazə verildi. Bu 1538-ci ilə qədər davam etdi, onun oğlu və varisi hökmdar Təhmasib I (1524–1576) ərazini tam bir Səfəvilər vilayətinə çevirdi və bura ilk Səfəvi valisi təyin etdi. Bundan sonra Şamaxı şəhəri Şirvan vilayətinin paytaxtı kimi fəaliyyət göstərirdi. 1562-ci ildə İngilis Antoni Cenkinson şəhəri belə təsvir etdi: "Bu şəhər dənizdən dəvə ilə beş günlük məsafədədir, indi də çox düşmüşdür; əsasən ermənilər tərəfindən məskunlaşmışdır". 1637-ci ildə Şamaxıya səfər edən Adam Olearius yazırdı: "Sakinləri qismən erməni və gürcülərdir, onların xüsusi dili var; yalnız Şirvanda deyil, həm də Persiyanın hər yerində ümumi və çox işlədilən türk dilindən istifadə etmədikdə bir-birlərini anlamırdılar". Osmanlı səyyahı Evliya Çələbi 1647-ci ildə şəhərə gələrək onu belə təsvir etdi

" burada təxminən 7000 yaxşı tikilmiş ev ... 26 dörddə ... yetmiş məscid ... oğlanlar üçün qırx məktəb, yeddi xoş hamam ... qırx karvansara var ... sakinlərin ən böyük hissəsi namazlarını gizli yerinə yetirən sünnilərdir. "
Şamaxı şəhəri 19-cu əsrdə

1703-cü ildə Şamaxı şəhərində olmuş Niderlandlı səyyah Kornelis De Bryun, həmin dövrdə Şamaxı bəylərbəyinin Allahverdi Xan olduğunu qeyd edir

" Xanın 60 yaşı var, yaxşı bədən quruluşu var, yaraşıqlıdır, çox arıqdır və uzun bir bığı var. Adı Allahverdi Xandır və “Bəylərbəyi” (Xanlar Xanı) statusu daşıyır. Gürcüstanda doğulub və xristiandır uşaq ikən Fars padşahının sarayında yaxşı tərbiyə alıb. "


1721-ci ildə Səfəvilər vilayətləri Şirvan və Dağıstanın ləzgiləri şəhərin sünni sakinləri tərəfindən dəstəklənərək şəhərə basqın etdilər. Onlar şəhərin minlərlə şiə əhalisini qətlə yetirdilər, bundan başqa şəhərin xristian sakinlərinin və xaricilərin əmlakını taladılar, onların bir çoxu rus tacirləri idi. Öz vətəndaşlarına ləzgilərin hücumunu bəhanə kimi istifadə edən Rusiya imperiyası Səfəvilər dövlətinə müharibə elan etdi. Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü çərçivəsində rus ordusu Şimali Qafqaz ərazisindən hücum edərək Şamaxını 1723-cü ildə ələ keçirdi, lakin onu Osmanlılara təhvil verməklə geri çəkildi. Osmanlılar şəhərə 1723–1735-ci illərdə nəzarət etdilər, hakimiyyətə Nadir şah gəldikdən sonra Səfəvilər Şamaxını yenidən geri qaytardılar. 1742-ci ildə Şamaxı Nadir Şah tərəfindən ələ keçirilərək İrana qaytarıldı, sakinləri öz sünni inanclarına qarşı cəzalandırmaq üçün məhv etdi və eyni ad altında 26 kilometr qərbdə, Böyük Qafqaz dağlarının ətəyində yeni şəhər quruldu. Yeni Şamaxı fərqli zamanlarda Şirvan xanlığının yarı müstəqil xanların rəhbərliyi altında idi, lakin sonradan tərk edilmişdi və qədim şəhər yenidən tikilmişdir. 1700-cü illərin ortalarında Şamaxı əhalisi təxminən 60 min idi, əksəriyyəti ermənilər və digər gəlmələr idi. Şirvan xanlığı 1805-ci ildə Rusiya-İran müharibəsi zamanı Rusiyanın tərkibinə daxil edilmiş və Qəcər şahın İranı 1813-cü il Gülüstan müqaviləsi ilə xanlıq üzərində Rusiyanın suverenliyini qətiyyətlə tanımağa məcbur olmuşdur. Şamaxı şəhəri 1859-cu ildəki dağıdıcı zəlzələ sonrası vilayətin paytaxtı Bakıya köçürülməsinə qədər Rusiya imperiyasının Şamaxı quberniyasının paytaxtı idi.

Şamaxı zəlzələləri

  • 1191-ci il zəlzələsi elə güclü idi ki, Şirvanın paytaxtı Bakıya köçürüldü.
  • 1667-ci il zəlzələsi zamanı 80 000 adamın həlak oldugu və şəhərin üçdən birinin dağılması ilə ən pis zəlzələ kimi yadda qalmışdır.
  • 1856-cı il zəlzələsi böyük dağıntı və tələfat törədib
  • 2 dekabr, 1859-cu il zəlzələsi zamanı quberniya mərkəzi Bakıya köçürüldü.
  • 1861-ci il zəlzələsi böyük dağıntı və tələfat törədib
  • 1872-ci il zəlzələsi böyük dağıntı və tələfat törədib
  • 1902-ci il zəlzələsi zamanı X əsrdə inşa edilmiş Cümə məscidi də zədələnmişdi.

Təbiət

Şamaxı süni meşəlik

Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaxtlardan insanlar cəlb edirdi. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, minqeral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox adda dərman bitkiləri yetişir.

Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40–80 gün qar yağır. Qarın orta qaranlığı 30–50 sm-dir.

Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir. Qaraçay, Vələvliçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.

Təsərrüfat

Qədim dövrdən bu yana Azərbaycanda xalçaçılıq mərkəzlərindən biri kimi məşhur olan Şamaxıda xalça toxuculuq fabriki hələ də fəaliyyət göstərir. Buranın xalçaları turistlərin də diqqətini cəlb edirdi. Üzümçülüyə əlverişli olan iqlimi nəzərə alaraq, şərabçılıq sənayesi inkişaf edir, şərabçılığın tam bərpası gözlənilir.1703-cü ildə Şamaxıda olmuş Niderlandlı səyyah Kornelis De Bryun öz əsərində, Şamaxının həm ağ, həm də qırmızı şərabının məşhur olduğunu qeyd edir. Kornelis De Bryun həmçinin Şamaxının bütün növ meyvələrlə, xüsusilə də, alma, armud və çox dadlı şabalıdı ilə zəngin olduğunu və bu meyvələrin ən çox Gürcüstana ixrac edildiyini qeyd edir. "Star" LTD şirkəti 2004-cü ildən bəri Şamaxıda bir neçə istehsal müəssisəsi açıb. Televizor istehsalı üzrə ixtisaslaşan "Star" zavodunda 2015-ci ildə cəmi 788 televizor istehsal olunub. Həmin zavodun illik istehsal gücü 1 milyon 200 min televizordur. Rayonun digər mühüm sənaye obyekti kimi "Azərelektronika" məişət cihazları istehsalı zavodu göstərilir. Ancaq zavodun işə salınıb-salınmadığı bilinmir. Statistika Komitəsinin rəqəmlərində görmək olar ki, Şamaxıda 2013-cü ildə 9 min 500 civarında kondisioner hazırlanıb, ancaq iki il sonra rəqəm 180-ə düşüb. Soyuducu ilə də bağlı istehsal göstəriciləri sonrakı illərdə kəskin azalıb: 2013-cü ildə 3.500-dən çox soyuducu istehsal edilmişdisə, iki il sonra bu rəqəm 80 olub. Buraxılan televizorların da sayı 2012-də 24 mini aşırdısa, 2015-ci il 800-ə enib.

Əhali

Lüdviq Knit - Orta əsr Şamaxı bazarı. Azərbaycan Tarix Muzeyində saxlanılır.

XVII əsrin 20-ci illərində Şamaxıda 4 min nəfər yaşayırdı. Əsrin 40-cı illərində isə baş vermiş zəlzələlər şəhəri viran etmişdi. Həmin dövrdə Şamaxıda 23 məhəllə və buna müvafiq olaraq 23 məscid olmuşdur. Şəhərin memarlıq simasını təmsil edən bu obyektlərin az hissəsi XVII əsrdə tikilmişdi.

1607-ci ildə şəhərə baş çəkmiş rahib-karmelitlərə əsasən əhali farslar və ermənilərdən ibarət idi. Ermənilər tam küçələrdə məskən salırdılar və aktiv ticarətlə məşğul olurdular. Adi vergidən əlavə, erməni əhalisi həmçinin başqa dindən olanlar üçün olan xərac vergisi də ödəyirdi . 1670-ci illərdə ispaniyalı səyyah Pedro Kubero Sebestyan yazır ki, Şamaxının sakinləri farslar, ermənilər və gürcülər idi. Ancaq bu dövrdə "fars" termini altında həmçinin türkdillilər də nəzərdə tutulurdu. 1703-cü ildə Niderlandlı səyyah Kornelis De Bryun şəhər əhalisinin türklərdən və ermənilərdən ibarət olduğunu qeyd edir. İngilis səyahətçisi Con Bellin xəbərlərinə əsasən, 1715-ci ildə şəhər əhalisinin ortaq dili türk dili idi, ancaq şəhər elitası farsca danışırdı, şəhərdə çox sayda gürcü və erməni var idi. Brockhaus və Efron Ensiklopedik Lüğətinə əsasən, 19-cu əsrin sonunda Şamaxıda 20,008 nəfər yaşayırdı (10.450 kişi və 9.558 qadın): Azərbaycanlılar (lüğətdə "Azərbaycan tatarları") — 79%, ermənilər 18%, ruslar 3%. 79% -i müsəlmanlardır, onlardan təxminən 22% -i sünni, qalanları isə şiələrdir; qalan 21% -i xristianlar (erməni və pravoslav). Yerli əhali əsasən şərabçılıq, heyvandarlıq, xalçaçılıqla məşğul olmuşdur.

  • 1 yanvar 1885-ci il tarixində Şamaxı şəhərində hər iki cinsdən toplam əhalinin sayı 28.312 nəfər olmuşdur.
  • 13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Şamaxı şəhərində 35.619 nəfər (17.031 nəfəri kişilər, 18.588 nəfəri qadınlar) əhali yaşayırdı.
  • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şamaxı şəhərinin 36.8 min nəfər əhalisi vardır.
İlSayı
1897 20.007
1926 3.631
1939 8.568
1959 13.066
İlSayı
1970 17.986
1979 21.171
1989 24.681
1999 27.847
İlSayı
2005 32.800
2009 35.619
2010 35.704
2012 36.800
İlSayı
2015 38.400
2017 39.400
2020 40.600
2023 39.600

Milli tərkibi

Venesiyalı diplomat İosafat Barbaroya görə Şamaxının 1476-cı ildəki əhalisinin əsasını azərbaycanlılar təşkil edirdi. 1562-ci ildə Şamaxıya səyahət edən ingilis səyyah Antoni Cenkinson Şamaxının dənizdən 7 günlük dəvə yolu ilə aralı olduğunu və əhalisinin çoxunu azərbaycanlılar təşkil etdiyini bildirir. İngilis səyyahı Con Bellə əsasən, 1715-ci ildə şəhərin sakinləri üçün ortaq dil türk dili idi, lakin şəhərin elitası farsca danışırdı, şəhərdə həmçinin xeyli sayda gürcülər və ermənilər də var idi.

Şamaxı şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1886 sa. Nisbəti, 1886 sa. Sayı, 1897 sa. Nisbəti, 1897 sa. Sayı, 1926 sa. Nisbəti, 1926 sa.
toplam22 139100 %20 007100 %3 665100 %
azərbaycanlı17 50979.09%16 16080.8 %2 83677.4 %
rus6683.02%7283.6 %45112.3 %
erməni3 96217.89%7564.2 %7143.3 %
digər……6043 %1865.1 %
Etnik qrupSayı, 1939 sa.Nisbəti, 1939 sa.Sayı, 1970 sa.Nisbəti, 1970 sa.Sayı, 1979 sa.Nisbəti, 1979 sa.
toplam8 568100 %17 986100 %21 536100 %
azərbaycanlı5 05359 %15 62686.9 %20 07593.2 %
rus və ukraynalı2 29226.7 %1 2627 %6322.9 %
erməni8439.8 %2 51512.6 %1925.2 %
digər3804.5 %1 4176.5 %6371.3 %

İdman

2020-ci ildə AFFA ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb. 2.200 tamaşaçı tutumuna malik stadionda əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb. Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq. Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın "Hat-Trick" layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçirilir.

Şəhərin xəritəsi

İfadə xətası: Gözlənilməz "<" operatoru.px;margin: 0 auto;background-color:#FDF5E6;">

İfadə xətası: Gözlənilməz "/" operatoru.px; overflow:hidden;">
Şamaxı (Şamaxı)
Nöqtə
Cümə məscidi
Nöqtə
İmamzadə türbəsi
Nöqtə
Yeddigünbəz
Nöqtə
Şaxəndan
Nöqtə
Laləzar
Nöqtə
Şəhidlər
Xiyabanı
Nöqtə
Gülüstan
Nöqtə
Zoğalavaçay su anbarı
Nöqtə
Böyük Xınıslı
Nöqtə
Pirdirəyi
Nöqtə
M.Ə.Sabirin ev muzeyi
Nöqtə
H. Əliyev muzeyi
Nöqtə
Nöqtə
Avtovağzal
Nöqtə
Stadion
Nöqtə
Mehmanxana
Şamaxıda obyektlərin yerləşdiyi yer xəritə
— Məscid; — xarabalıq; — muzeylər; — qəbiristanlıq; — dağ; — kəndlər

Tanınmış sakinləri

  • III Böyük Mənuçöhr — Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı
  • Xaqani Şirvani — şair
  • İmadəddin Nəsimi — şair
  • Seyid Yəhya Bakuvi — alim
  • Hacı Zeynalabdin Şirvani coğrafiyaçı
  • Hacı Məhəmmədəli Şirvani tarixçi
  • Qasım bəy Hacıbababəyov — memar
  • Mahmud ağa — mesenat
  • Seyid Əzim Şirvani — şair və maarifçi
  • Məmmədtağı Əliyev — Rusiyada I Dövlət dumasının üzvü
  • Mirzə Ələkbər Sabir — şair
  • Həbib bəy Mahmudbəyov — pedaqoq
  • Mahmud bəy Mahmudbəyov — pedaqoq
  • Sultan Məcid Qənizadə — maarif xadimi
  • Məmmədhəsən Əfəndizadə — pedaqoq
  • Abbas Səhhət — şair
  • Məhəmməd Hadi — şair
  • Ağa Axundov — mühəndis
  • Əbdülxalıq Axundov — həkim
  • Sultanməcid Əfəndiyev — həkim
  • Qafur Rəşad Mirzəzadə — pedaqoq
  • Cəmo bəy Cəbrayılbəyli — pedaqoq
  • Abbas Mirzə Şərifzadə — teatr aktyoru
  • Zivər bəy Əhmədbəyov — memar
  • İsmayıl Axundov — epidemioloq
  • Sona Axundova — oftamoloq
  • Ağasadıq Gəraybəyli — teatr və kino aktyoru
  • Yavər Kələntərli — xanəndə
  • Rəmzi Yüzbaşov — coğrafiyaçı
  • Yusif Səfərov — neftçi
  • Mahmud Əliyev — Azərbaycan SSR xarici işlər naziri
  • Qasım Gül — coğrafiyaşünas
  • İsmayıl Əfəndiyev — aktyor
  • Ələşrəf Əlizadə — geoloq
  • Hacı Məmmədov — tarzən
  • Xosrov Abdullayev — sirk artisti
  • Alim Qasımov — xanəndə

Mədəniyyət

  • Səttar Bəhlulzadənin Şamaxıya həsr edilmiş əsərləri
  • Qədim Şamaxı
    Qədim Şamaxı
  • Şamaxı üzümlükləri
    Şamaxı üzümlükləri

Qardaş şəhərlər

  • İğdır, Türkiyə
  • Tirat-Karmel, İsrail

Qalereya

  • Şahxəndan türbəsi
    Şahxəndan türbəsi
  • Şirvan şərabçılıq zavodu
    Şirvan şərabçılıq zavodu
  • Tarix-Diyarşünaslıq muzeyi
    Tarix-Diyarşünaslıq muzeyi
  • Yeddigünbəz türbələr kompleksi
    Yeddigünbəz türbələr kompleksi
  • Nəsiminin büstü
    Nəsiminin büstü
  • Şamaxının uzaqdan görünüşü
    Şamaxının uzaqdan görünüşü
  • Cümə məscidi (Şamaxı)
    Cümə məscidi (Şamaxı)
  • Azərbaycan bayrağı
    Azərbaycan bayrağı
  • Şamaxı Palace otelindən açılan görüntü
    Şamaxı Palace otelindən açılan görüntü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamaxı haqqında məlumat. Şamaxı nədir? Şamaxı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Fanerozoy

  • Fevral 10, 2026

    NATO

  • Fevral 24, 2026

    Manna

  • Fevral 23, 2026

    Astara rayonu

  • Fevral 10, 2026

    Aralıq dənizi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst