əs-Sünən (ərəb. السنن) və ya Sünəni-Dərimi (ərəb. سنن الدارمي) — məlum olan bütün sünənlərin ən qədimi. Əsər digər sünənlər ilə səhv salınmasın deyə "Sünəni-Dərimi" adlandırılmışdır.
| Sünəni-Dərimi | |
|---|---|
| ərəb. السنن | |
| Müəllif | əd-Dərimi |
| Janr | hədis |
| Orijinalın dili | ərəb dili |
| Ölkə | |
Müəllif
"əs-Sünən"in müəllifi Abdullah ibn Əbdürrəhman əd-Dərimidir. Əsəri əd-Dərimidən tələbəsi İsa ibn Ömər rəvayət etmişdir.
Əsər
Möhtəviyyatına və forma xüsusiyyətlərinə görə əsəri, "əl-Müsənnəf", "əl-Camius-səhih", "əl-Müsnəd" də adlandırırlar. Əsər giriş ilə birlikdə 3 kitabdan və 1373 babdan ibarətdir. Əsər özündə 304 mükərrər rəvayətlə birlikdə 3506 hədis ehtiva edir. Bu hədislərin 1319-u məvkuf və məqtu, 1883-ü isə mərfudur. Mərfu hədislərin 242-sinə "Kütubi-sittə"də yer verilmişdir. Bu hədislər ümumilikdə məqbul hesab edilmişdir. Lakin bəzi alimlərə görə, bu hədislərdən bəziləri zəif, hətta az miqdar mövzu (uydurma) hədislərdir. Müəllif isə rəvayət etdiyi hədislərdən bəzilərinin zəif olduğu qeyd etmişdir. Əsərdəki hədislərin az tənqid edilməsi və əsərdəki ali rəvayətlərin çoxluğu səbəbi ilə İbnüs-Salah, Əlai və İbn Həcər əl-Əsqəlani, bu əsəri İbn Macənin "əs-Sünən"inin yerinə "Kütubi-sittə"nin altıncı kitabı olmağa daha layiq hesab etmişlər.
Əsər Məhəmməd peyğəmbərin bəzi xüsusiyyətləri haqqında rəvayətlər, sünnəyə əməl etməyin vacibliyi, fətva verməyin çətinliyi, elmin və alimin mühümlüyü, hədis öyrənimənin və öyrətmənin həssaslığı və hədislərin yazılması kimi mövzuları əhatə edən rəvayətlərdən ibarətdir. Əsərdə, təharət, namaz, zəkat, oruc, həcc mövzularında və hissələrdə mərfu, məvkuf və məqtu hədislər nəql edilmişdir. Əsərdə eyni və ya oxşar başlıqlarından istifadə edilmiş, eyni hissələrdə eyni hədislərə yer verilmişdir. Bu da əsəri, Buxarinin, Müslümün və Tirmizinin "əl-Camius-səhih"ləri ilə bənzər etmişdir.
"əs-Sünən" əsəri tarix boyu elmi dəyərinə uyğun lazımi diqqət görməmişdir. Bunun səbəbi, əsərdə hədislərin sayının az olması, son hissələrində müəyyən nizamsızlıqların mövcudluğu və (ehtimal ki,) tam şəkildə tərtib edilə bilməməsidir. Bununla belə, əsər hər dövrdə oxunmuş, bir çox hədis məcmuəsinə daxil edilmiş və haqqında müstəqil əsərlər qələmə alınmışdır. Əsərlə bağlı İbn Həcər əl-Əsqəlani "əl-Əfradül-hisan min Müsnədid-Dərimi" və "əl-Əbdəlül-əvali vəl-müvəfəqətül-hisan" adlı tədqiqatlar aparmış, həmçinin "İthəfül-mehərə bi-ətrafil-əşara" əsərində də "əs-Sünən"ə yer vermişdir.
Nəşr
Əsərin müxtəlif şərhləri, digər dillərə tərcümələri mövcuddur. Əsərlə bağlı doktorluq dissertasiyaları ilə yanaşı müxtəlif tədqiqatlar mövcuddur. Əsərin təhqiqsiz və təhqiqli nəşrləri vardır. Əsərin təhqiqli nəşrlərinin həyata keçirildiyi yerlər və tarixlər bunlardır:
- Məhəmməd Siddiq Həsən tərəfindən, Kanpur h.q. 1293.
- Məhəmməd Əhməd Dəhman tərəfindən (nəşr yeri yoxdur) h.q. 1349.
- Abdullah Haşim Yəmani əl-Mədəni tərəfindən, I–II cild, Qahirə 1962; Faysalabad 1984.
- Fəvvaz Əhməd Zəmərli və Xalid əs-Səb əl-Aləmi tərəfindən, I–II cild, Beyrut 1987.
- Mustafa Dib əl-Buğa tərəfindən, I–II cild, Dəməşq 1991.
- Hüseyn Səlim Əsəd əd-Dərani tərəfindən I–IV cild, Beyrut 2000.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sünəni-Dərimi haqqında məlumat. Sünəni-Dərimi nədir? Sünəni-Dərimi nə deməkdir?